Heydər Əliyev yolu
müstəqilliyin sınaqdan çıxmış yoludur
Azərbaycanlı milli düşüncəsində YOL həmişə müqəddəs məzmun kəsb edib. İnanclı adamlar hər zaman dualarında: "Allahım, məni düz yola yönəlt, məni düz yolla apar" - deyiblər. Cəmiyyət də belədir. Onu düz yola yönəltdikdə və o, doğru yolla getdikdə həmişə uğurlu olur.
Ən böyük azərbaycanlı
Şükürlər olsun ki, zamanın mürəkkəb dolambaclarında nəinki fərd və toplum, ümumilikdə, millət olaraq yolumuzu düzgün seçmişik. Gələcək tale yolumuzu məhz yaxşı olanı doğru-dürüst dəyərləndirmək, ağı qaradan, yaxşını pisdən seçmək qabiliyyətimiz müəyyənləşdirir. Hər bir uğuru ilə öyündüyümüz doğma Vətənimiz özünənəməxsus, həm də bənzərsiz inkişaf yolu ilə gündən-günə çiçəklənir, qüdrətlənir, dünya siyasət arenasında layiqli yerini möhkəmləndirir. Müstəqil Azərbaycanın son illərdə inanılmaz dərəcədə dəyişdiyini, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət etdiyini vicdanın səsinə qulaq asan hər kəs etiraf edir. Respublikamız böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələri daxili imkanları hesabına həyata keçirir, regionda tam müstəqil siyasət yürüdür.
Qürur yerimiz olan paytaxtımızla yanaşı, bölgələrimiz də sürətlə abadlaşır, rayonlarımız, kəndlərimiz, qəsəbələrimiz şəhər libası geyinir. İnsanların yaşayış səviyyəsi, sosial rifahı güclənir, bütövlükdə mənəvi-psixoloji ovqatı, həyata baxışı dəyişir.
Milli
Məclisin deputatı kimi bölgələrə səfərlərim
zamanı insanların gələcəklə bağlı necə
nikbin təəssüratda olduğunu görəndə qəlbim
fərəh və sevinc hissi ilə dolur. Deputatı olduğum
Qəbələ rayonunun timsalında bu nailiyyətləri
görəndə 10 il əvvəl söylədiyim - "Azərbaycanın
bu günü də, sabahı da Heydər Əliyev yolu ilə
bağlıdır" fikrinin nə qədər doğru və
həyati olduğuna bir daha əmin oluram. Əlbəttə, bu
fikir artıq mütləq əksəriyyətin isbata
ehtiyacı olmayan həyat həqiqətləridir. Dünya xəritəsində
öz yeri, mövqeyi, sözü olan Azərbaycanın
uğurunu simvolizə edən
inkişaf YOLunu məhz bu böyük şəxsiyyət -
Heydər Əliyev müəyyənləşdirib.
Xalqımız yalnız bu YOLa tapınaraq böyük
uğurlara, inkişafa, rifaha nail olub.
Heydər
Əliyevin müasiri olmuşam, onun komandasının mənsubu
kimi müxtəlif vəzifələrdə fəaliyyət
göstərmişəm. Bu dahi insanla bağlı
saysız-hesabsız xatirələrim var və onların hər
biri Heydər Əliyevin müdrikliyinin, Azərbaycana sonsuz
sevgisinin əyani təsdiqləridir. İndiyədək Heydər
Əliyev şəxsiyyəti və fəaliyyəti ilə
bağlı dəfələrlə yazılarım, qeydlərim
olub. Hər dəfə də bu işıqlı insan barədə
danışanda sözümün məsuliyyətini
anlamışam. Çünki mən kimin haqqında
danışdığımın fərqindəyəm.
Haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı
sayılan bir dahi barədə söz söyləmək,
mülahizə yürütmək xüsusi həssaslıq və
səmimiyyət tələb edir. Bu yazını ərsəyə
gətirərəkən də şahidi, bəzi hallarda isə
iştirakçısı olduğum hadisələri, Heydər
Əliyevin həmin dövrdə əhəmiyyətli, bu
gün isə fövqəladə saydığımız
addımlarını yada salıram.
Çağdaş
tariximizin görkəmli siması, korifey siyasətçisi
olan Heydər Əliyev dünən də, bu gün də, elə
sabah da liderlik mücəssəməsidir. Azərbaycanın
yeni tarixi məhz onun müəllifliyi ilə yaranıb. Ulu
öndər 80 illik ömrünün hər bir mərhələsində
Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət
hissi ilə yanaşıb. Azərbaycanın, bəlkə də
XX əsr dünyasının ən məşhur isimlərinin
malik olduğu ali keyfiyyətlər bütövlükdə
Heydər Əliyev dühasının kamil şəxsiyyətində
təcəssümünü tapır.
HAŞİYƏ: Sözsüz ki, xalqımızın tarixində böyük sərkərdələr, liderlər, parlaq şəxsiyyətlər çox olub. Qədirbilən insanlar bu gün də onların hər birini ehtiramla xatırlayır, tarixdəki yerlərini uca tuturlar. Bu gün Cavanşirin, Babəkin, Şah İsmayıl Səfəvinin, Xalq Cümhuriyyətini yaratmış milli ziyalılarımızın - Nəriman Nərimanovun və digərlərinin tarixdəki yeri və rolu məlumdur. Bunu heç kim inkar edə bilməz. Fəqət, inkarolunmaz bir həqiqət də var: həmin şəxsiyyətlərin, liderlərin heç biri oyektiv, ya subyektiv səbəblərdən dayanıqlı milli Azərbaycan dövləti qurmaq, onun mövcudluğu üçün möhkəm ideoloji, siyasi, iqtisadi zəmin yaratmaq imkanında olmayıblar.
Belə insanların həyata keçməyən, nisgilə, qubara çevrilən arzularını isə məhz Heydər Əliyev gerçəyə çevirib!
Məhz buna görə də mən o qənaətdəyəm ki, Heydər Əliyevin milli tariximizdəki yeri tamam fərqlidir və o, haqlı olaraq, dünyanın ən böyük azərbaycanlısıdır!
O, bugünkü dayanıqlı, qüdrətli, müstəqil Azərbaycan dövlətinin banisidir. Onun fəxrlə bəyan etdiyi "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir" fikri çağdaş tariximizdə möhtəşəm çağırışdır.
Prezident
İlham Əliyev ulu öndərin əsasını
qoyduğu strateji siyasi kursu son 10 ildə bütün sahələrdə
inamla davam etdirir, Heydər Əliyev YOLunun doğruluğunu bir
daha təsdiqləyir. Məhz bu günlərdə
xalqımız dövlətçilik ənənələrini,
millət kimi mövcudluğunu, dövlət qurmaq
haqqını, özünü idarə etmək
bacarığını nümayiş etdirir.
İstiqlala gedən Yol
Azərbaycanı müstəqil dövlət quruculuğuna gətirən Yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Bu Yolun başlanğıcı - 1969-cu il yaxşı yadımdadır. O il Azərbaycana rəhbər seçilən Heydər Əliyevin fəaliyyətinin ilk günlərindən etibarən respublikada böyük bir intibah başladı. Gənc, milli ruhlu, enerjili, qətiyyətli bir şəxs kimi böhran, tənəzzül içində yaşayan, SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyəti tezliklə dəyişdirdi. Heydər Əliyev çevik təşkilatçılıq, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissinə söykənən yeni bir Yol açdı.
Qayəsi Azərbaycan insanının maddi və mənəvi zənginliyinə xidmət edən böyük islahatlar həyata keçirdi. Azərbaycan vətəndaşına özünə müasir və rahat ev tikməyi, dayanıqlı təsərrüfat yaratmağı, abad kənd və şəhər salmağı öyrətdi. Mənalı düşüncələri və təklifləri ilə Azərbaycan torpağını barlı-bərəkətli etdi, onun üstündə yaşayan insanların bol ruzi mənbəyinə çevirdi. Yeni yaşayış məskənləri, Bakı ətrafında çoxsaylı qəsəbələr inşa etdirdi. Doğma paytaxtı əsl Azərbaycan şəhərinə çevirdi. İttifaqda olan ən qabaqcıl texnologiyaları ölkəmizə gətirdi. Azərbaycanı yeni tərəqqi yoluna çıxardı.
Azərbaycanı öz qüdrəti ilə zirvələrə qaldırıb, dünyaya tanıtdı: "Baxın, burada mənim məxsus olduğum xalqımın belə şanlı, şöhrətli Vətəni var!" O, işıqlı, yaradıcı insanları ucalara yüksəldərək "Bu xalq adi və geridə qalmış insan kütləsi deyil, böyük yaradıcılıq potensialına malik olan, ən ülvü ideyalarla yaşayan müdrik Azərbaycan xalqıdır" - bəyan etdi.
Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlılara öz tarixi ənənələrinə, köklərinə bağlılığını aşılamağa çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını verir, milli dilə, milli dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərk hissini gücləndirir, bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Heydər Əliyev sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı qorxunu, çəkingənliyi aradan qaldıra, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandıra bildi, ona qol-qanad verməyə nail oldu. Artıq dünya Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, C.Cabbarlının S.Vurğunun, Q.Qarayevin, F.Əmirovun və onlarla belə dühalarımızın timsalında Azərbaycanın əbədiyyatı, mədəniyyəti, musiqisi ilə tanış olurdu. İmzalar içində bizim də xəttimiz, nişanımız görünürdü. Çox-çox sonralar duyub başa düşəcəkdik ki, bu, Azərbaycanın milli-mənəvi dəyərlərinin, sadəcə, təbliği deyilmiş. Bu, həm də Azərbaycan milli-mənəvi dəyərlərinin qüdrəti ilə sovetlər imperiyasının vahid dil, vahid millət kimi siyasəti qarşında qurulan mənəvi sədd imiş.
1982-ci ildə ulu öndərin böyük qətiyyətinin, prinsipiallığının, millətə sevgisinin əyani təcəssümü olan, bu gün də böyük qürur, fəxarət hissi ilə xatırlanan bir hadisənin canlı şahidiyəm. Bəli, məhz Heydər Əliyevin böyük, əzmkar mübarizəsinin təntənəsi kimi 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Həmin vaxt Heydər Əliyevin bu addımının necə böyük rəğbətlə qarşılandığını görmüş, belə bir rəhbərimiz olmasına görə qürur hissi keçirmişdim. Fikrimcə, bu hadisəni yalnız ulu öndərin milli-mənəvi, ədəbi irsə qayğıkeş və həssas münasibəti kimi dar çərçivədə dəyərləndirmək yanlış olar. O dövr üçün son dərəcə qeyri-adi, təhlükəli, riskli görünən bu addım bütövlükdə ulu öndərin xalqda milli kimlik və özünüdərk hisslərinin güclənməsi istiqamətində apardığı siyasətin mahiyyəti Yolu idi.
Müstəqillik
Yolunun fatehi
Zaman-zaman müstəqil Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını yaradan ulu öndər 1982-ci ildən sonra fəaliyyətini Sov.İKP Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu Azərbaycanı heç vaxt unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni etdi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi. Heydər Əliyev Kremldə olduğu müddətdə ermənilərin topraq iddiaları bircə dəfə də olsa səslənmədi.
1987-ci ilin noyabrından 1993-cü ilin iyununadək Azərbaycan Heydər Əliyevsiz oldu.
Heydər Əliyevsiz Azərbaycan doğru yolunu itirdi! Faciələr, müsibətlər, insan və torpaq itkiləri xalqımızın ürəyinə sağalmaz yaralar vurdu. Azərbaycanın faciəli, sarsıntılı, yoxsulluq və səfalətlə müşayiət olunan ağır günləri başladı.
1990-cı
ilin qanlı Yanvarı göstərdi ki, Heydər Əliyevin məkrli
hücumlar üçün hədəf seçilməsinin əsas
səbəbi nəticə etibarilə Azərbaycanı
sarsıtmaq, xalqımızın başına faciələr gətirməkdən
ibarət idi. İmperiyanın bu qanlı əməlinə
etiraz bildirmək üçün oğlu ilə birlikdə Azərbaycanın
Moskvadakı nümayəndəliyinin qarşısına gələn
Heydər Əliyev daxilən milli ideallara bağlı şəxsiyyət
olduğunu təsdiqlədi. Ümummilli lider bütün maneələri
dəf edərək Vətənə, Azərbaycana
döndü. Heydər Əliyev dünyaya göz
açdığı məkana, qədim Naxçıvan
torpağına qayıtdı.
Məhz həmin dövrdə Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı vəziyyətdə yaşayırdı. Muxtar respublika demək olar ki, Bakıdakı rəhbərlik tərəfindən tamamilə unudulmuş, hər an mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu tarixi şəxsiyyətin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, dözülməz problemləri ilə yalqız qalan naxçıvanlılara ilahi bir ruh gətirdi. Ümidsizliyə qapılmış insanların ürəyində bir ümid çırağı yanmağa başladı. Şahidiyəm, hər gün muxtar respublikanın kəndlərindən yüzlərlə insan bu şəxsiyyətin ziyarətinə gələrək onunla ünsiyyətdən mənəvi təsəlli tapırdılar. Prezident İlham Əliyevin dediyi kimi, "Həmin illərdə Naxçıvan Heydər Əliyevi, Heydər Əliyev isə Naxçıvanı qorudu". 1990-cı ildə Azərbaycan Ali Sovetinə keçirilən seçkilər zamanı naxçıvanlılar Heydər Əliyevi həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçdilər.
Heydər Əliyev çıxılmaz və çətin vəziyyətdə olan Naxçıvan üçün yeni YOL açdı!
Naxçıvanın Erənistanla sərhəd bölgələrində hər gün atışmalar gedir, vaxtaşırı şəhər və kənd qəbiristanlıqlarına şəhid cənazələri gətirilirdi. Cənubda - İran sərhədində tikanlı məftillər qırılmış, məkrli ssenari əsasında blokadada olan Naxçıvan əhalisinin silahlı hücumlar qarşısında Arazdan o taya qaçması üçün işlər aparılırdı. Erməni hərbi dəstələrinin Naxçıvanı işğal etməsi təhlükəsi yaranmışdı. Ulu öndərin Ali Məclisə rəhbər gəlməsi gözlənilən bu ağır faciənin qarşısını aldı.
Naxçıvan qorundu, yaşadı və bu gün də yaşamaqda, inkişaf etməkdə davam edir!
Müdrik xalqımızın ümid və pənah yeri saydığı ulu öndər artıq yaşının 70-ci illərində parçalanmaq və yox olmaq təhlükəsi qarşısında qalan Azərbaycanda rəhbərliyə gəlməklə məhz Azərbaycan da Xilas Yoluna qədəm qoydu!
Bu yol həm də Qurtuluş Yolu idi!
Quruculuq və inkişaf
Yolu
1993-cü ilin iyunundan Heydər Əliyevin başladığı yeni yolun nəticəsində Azərbaycanda milli həmrəylik yarandı, ictimai konsensus əldə edildi, vətəndaşlar milli maraqlar ətrafında birləşdi, ölkədə sabitlik bərpa olundu. İqtisadi tənəzzülün qarşısı alındı, xalq yoxsulluğun və məhrumiyyətlərin məngənəsindən xilas oldu.
Bu çətin və ağır Yolun müəllifi olan Heydər Əliyev dövlətin qorunması və inkişafı ilə bağlı qarşısına qoyduğu bütün məqsədlərə nail oldu. Çətin və həyəcanlı günlər, yuxusuz gecələr yaşayan, terror təhlükəsi qarşısında qalan mətin iradə sahibi bu məhrumiyyətlərə də qalib gəldi! Açdığı yeni Yolu uğurla davam etdirdi! Azərbaycan öz Prezidentini seçdi, demokratik hakimiyyətini, parlamentini formalaşdırdı, Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Beləliklə, Azərbaycan Heydər Əliyevin yolu ilə inamla addımlamağa başladı!
Ulu öndər Heydər Əliyev özünün zəngin təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf Yolunu müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi yolunu seçdi.
Ulu öndər tarixdə misli görünməmiş bir cəsarətlə bütün torpaqları əvəzsiz olaraq Azərbaycan insanlarına bağışladı!
Dövlət mülkiyyətində olan əmlakı əvəzsiz olaraq insanlara hədiyyə etdi! Azərbaycan insanı torpaq və mülkiyyət sahibi oldu. Xalqımız məhz Heydər Əliyevin sayəsində yeraltı və yerüstü sərvətlərin mülkiyyətçisi oldu. Bu da məhz Heydər Əliyev Yolununun təzahürü idi!
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən ümummilli lider azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirərək özü də canlı və əbədi Azərbaycana çevrildi.
Azərbaycanın taleyində Heydər Əliyev Yolunun yeni başlanğıcı olan 2003-cü ilin
15 oktyabr seçkiləri cəmiyyətin kifayət qədər yetkinləşdiyinin təsdiqi oldu. Bu tarix respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoydu. Xalqın strateji seçiminin alternativsizliyini, dəyişməzliyini və Heydər Əliyev Yolunun doğruluğunu sübuta yetirdi.
Dövlət başçısı
İlham Əliyev ötən müddətdə müstəqil
Azərbaycan dövlətinin təhlükəsizliyinin və
inkişafının təminatçısı olduğunu təsdiq
etdi. Respublikamızın ən real inkişaf göstəricisi
- iqtisadi inkişaf tempinə görə
dünya liderlərindən birinə çevrilməsi
faktıdır.
-
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP,
Bakı-Tbilisi-Qars kimi enerji kommunikasiya layihələrinin əsas
iştirakçısı statusunda çıxış edən
ölkəmizin ümumilikdə Avropa regionunun gələcək
enerji təhlükəsizliyi missiyasını öz üzərinə
götürməsi reallığıdır.
- Azərbaycan
insanının dəyişən gün-güzəranı,
yüksələn rifahı, şəhər, kənd və qəsəbələrimizin
müasirliyi, abadlığıdır.
-
Respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlaların
artıq kabus kimi çəkilib gözdən itməsidir.
- Azərbaycanda
demokratiyanın təntənəsi, qanunların aliliyi,
haqqın-ədalətin zəfəridir.
-
Ölkəmizin beynəlxalq aləmdə gündən-günə
güclənən mövqeyidir, BMT-nin Təhlükəsizlik
Şurasının sədr kürsüsündən gələn
səsimizdir.
-
Mövcud iqtisadi potensialının insan kapitalına
çevrilməsi istiqamətində atılan
addımlardır.
- Azərbaycanın
beynəlxalq musiqi festivallarının, idman oyunlarının
keçirildiyi, bir sözlə, sivilizasiyalararası dialoqun
gerçəkləşdiyi məkana çevrilməsidir... və
s.
Bu
gün biz yalnız onunla təsəlli tapırıq ki, ulu
öndərin ideyaları xalqımız tərəfindən
alternativsiz istinad mənbəyi kimi qəbul olunur,
yaşadılır, birmənalı dəstəklənir!
Fəttah HEYDƏROV,
Milli Məclisin deputatı,
respublika Ağsaqqallar
Şurasının sədri
Azərbaycan.-2013.- 7 may.- S.6.