Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında milli ziyalılığın, orta və ali təhsilin böyük inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvü surətdə bağlıdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin ümumi inkişafı naminə elm və təhsil məsələləri dövlətin və cəmiyyət həyatının ön mövqeyinə çəkilmişdir. Müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanı bütün yönləri ilə inkişaf etdirmək işində dərin bilikli, yüksək ixtisaslı, vətənpərvər mütəxəssislərin hazırlanmasını zəruri şərtlərdən biri saymışdır. Bu məqsədlə, ilk növbədə, respublikamızda mövcud olan ali məktəblərin maddi-texniki və tədris bazası daha da möhkəmləndirilmiş, hətta ölkədə bir sıra yeni ali təhsil müəssisələri yaradılmışdır.

Beləliklə, Azərbaycanda Heydər Əliyev epoxası həm də milli təhsilin, ali məktəblərin genişləndirilməsi və sürətli inkişafı ilə səciyyələnir. Heydər Əliyev Azərbaycan universitetlərinin quruculuq epoxasının da qüdrətli yaradıcısıdır.

Azərbaycan ali məktəblər ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərdəki bütün inkişaf və tərəqqisi üçün məhz dahi öndər Heydər Əliyevə borclu və minnətdardır.

Hazırkı Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Az sonra Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin 1972-ci 12 iyun il tarixli fərmanı ilə həmin filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Müstəqil ali məktəbin yaradılması regionun elmi-mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərmişdir. Pedaqoji İnstitut sonralar 1990-cı il 29 dekabrda Naxçıvan Dövlət Universitetinin təşkili üçün münbit elmi-pedaqoji baza funksiyasını yerinə yetirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Naxçıvan Dövlət Universitetində olmuşdur. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar bu qədim diyara gələn ulu öndər 1974-cü il 4 oktyabrda Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri və tələbə heyəti ilə görüşmüşdür. Dövlət əhəmiyyətli bu görüş universitetin tarixi salnaməsində çox mühüm yer tutur. Məhz Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kollektivi ilə olan həmin tarixi görüşdə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun mahiyyəti və əhəmiyyəti barədə dövlət siyasətinin əsasları məsələsini diqqət mərkəzinə çəkmişdir. Məsələnin bu formada qoyuluşu Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinin Azərbaycan Respublikası üçün zəruriliyinin cəmiyyətə çatdırılması ilə bağlı idi. Uzaqgörən dövlət xadimi bu böyük proqramın ana maddələrindən biri kimi Naxçıvanda ali məktəbin daha da inkişaf etdirilməsini, regionda ziyalı mərkəzinin formalaşdırılmasının vacibliyini və əhəmiyyətini diqqət mərkəzinə çatdırmışdır. Görüşdən sonra respublikamızın rəhbər orqanlarının, muxtar respublika rəhbərliyinin diqqəti gənc Naxçıvan Dövlət Pedaqoji İnstitutuna daha geniş miqyasda yönəldilmişdir. Artan qayğı və diqqət Pedaqoji İnstitutun maddi-texniki bazasının möhkəmləndirilməsi, burada yeni ixtisasların açılması, tələbə kontingentinin genişləndirilməsi ilə nəticələnmişdir. Hətta Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetinin yaranması zərurəti haqqında ilk fikirlər də həmin tarixi görüşdə Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Regionda universitet yaratmaq ideyasını Heydər Əliyev Naxçıvanın Muxtar Respublika statusu daşıması, diyarın özünəməxsus coğrafi mövqeyi, strateji əhəmiyyəti kimi inkarolunmaz amillərlə əsaslandırmışdır. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda müstəqil universitet yaratmaq ideyasının müəllifidir.

Böyük öndər Heydər Əliyevin Naxçıvan Dövlət Universiteti ilə münasibətlərində XX əsrin doxsanıncı illərinin əvvəllərindəki əlaqələr xüsusi yer tutur. Bu illərdə (1990-1993-cü illər) Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin nümayəndələri taleyin hökmü ilə Moskvadan Naxçıvana gəlib burada fəaliyyət göstərən Heydər Əliyevin ətrafında olmuş, onun həyata keçirdiyi çoxcəhətli tədbirlərdə yaxından iştirak etmişlər. Çətin blokada şəraitinin və o zamankı Azərbaycan iqtidarının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin problemlərinin həllinə, ali məktəb müəllimləri ilə, ziyalılarla əlaqələrə xüsusi diqqət yetirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi o, bu çətin illərdə süni vasitələrlə gözdən salınmış alimləri və müəllimləri onları əhatə edən siyasi və mənəvi böhrandan çıxarmağa nail olmuşdur. Az qala unudulmuş, bir çox hallarda isə düşünülmüş şəkildə əsas hadisələrdən uzaqlaşdırılmış yerli ziyalılar məhz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Naxçıvanda qısa müddətdə ön mövqeyə çəkilmişdir. Alimlərin və müəllimlərin səsi tədricən ictimai-mədəni mühitin ən qaynar nöqtələrindən eşidilməyə başlamış, milli ziyalılıq dirçəldilmişdir.

Naxçıvan Dövlət Universitetində "Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili" mövzusunda 1992-ci il 11 oktyabr tarixdə keçirilmiş beynəlxalq simpoziumda ulu öndər Heydər Əliyevin iştirakı və çıxış etməsi ictimai və elmi mühitdə mühüm hadisəyə çevrilmişdir. Əvvəla, bu fakt uzaqgörən böyük siyasətçi Heydər Əliyevin Naxçıvan Dövlət Universitetini bir daha ictimaiyyətin diqqət mərkəzinə çəkməsinə şərait yaratmışdır. İkincisi, Heydər Əliyevin simpoziumda iştirakı qonşu ölkələrdən - Türkiyə Cümhuriyyətindən və İran İslam Respublikasından dəvət olunmuş alimlərin də iştirak etdiyi beynəlxalq elmi tədbirin daha yüksək səviyyədə keçirilməsini təmin etmişdir. Nəhayət, Heydər Əliyevin simpoziumdakı dərin məzmunlu nitqi həmin elmi forumun qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Belə ki, Heydər Əliyevin beynəlxalq simpoziumdakı nitqində irəli sürülən dəyərli mülahizələr ölkədə bazar iqtisadiyyatının, sərhədyanı ticarətin mahiyyəti, təşkili və gedişatı, məqsəd və vəzifələri haqqında ilk əsaslı, proqram xarakterli fikirlər idi.

Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində görkəmli dövlət xadimi Heydər Əliyevin iştirak etməsi bu ali təhsil ocağının tarixi salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Ulu öndər Heydər Əliyev 1992-ci il 12 noyabrda yubileyin keçirildiyi bütün günü Naxçıvan Dövlət Universitetinə həsr etmişdir. Universitetin ərazisini gəzmiş, kollektivin ayrı-ayrı üzvləri ilə söhbətlər aparmış, mövcud problemləri öyrənmiş, çıxış yolları haqqında dəyərli tövsiyələr vermiş, universitetin inkişafına əməli kömək göstərmişdir.

Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu geniş nitqi, sözün geniş mənasında, o vaxtkı çətin şəraitdə respublikamızda ali təhsilin inkişaf etdirilməsi yollarına həsr olunmuş ciddi bir məramnamədir. Bu tarixi nitqdə dövlət müstəqilliyi şəraitində təhsilin keçmiş sovet ideologiyasından ayrılması, millilik və bəşərilik istiqamətində idarə olunması, ölkənin maraqlarına uyğun şəraitdə qurulması, universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinin zəruriliyi, bütövlükdə ali təhsilin yeni epoxada ciddi islahatlara ehtiyacının olması ideyaları Heydər Əliyev tərəfindən qətiyyətlə və uzaqgörənliklə irəli sürülmüşdür. Naxçıvan Dövlət Universitetində səslənən müdrik və uzaqgörən fikirlər bütövlükdə müstəqillik dövrü Azərbaycan ali məktəbinin yeni tarixi epoxadakı inkişaf proqramı idi.

Görkəmli dövlət xadimi Heydər Əliyev  1992-ci il 12 noyabr tarixli yubiley yığıncağındakı nitqində Naxçıvan Dövlət Universitetinin xidmətlərini və fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu öndərin Naxçıvan Dövlət Universitetinə dair aşağıdakı mülahizələri bu ali təhsil ocağının tarixinin ən parlaq səhifələrini təşkil edir: "Böyük məmnuniyyət hissi ilə deməliyik ki, bu ali məktəbin yaranması və fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında, onun inkişaf etməsində böyük rol oynamış və Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir.

...Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Naxçıvan Muxtar Respublikasında nüfuzlu bir kollektivdir və biz çalışacağıq ki, bu kollektivin bundan sonra da nüfuzu və Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi mühitinə təsiri daha artıq olsun.

...Naxçıvan Muxtar Respublikasının Dövlət Universitetində toplanmış elmi potensialı, ali məktəb işi təcrübəsi böyük bir məktəbdir.

...İndi dünya bizim qarşımızda açıqdır və ...bəşər elmindən, bəşəri ali təhsil təcrübəsindən biz gərək səmərəli istifadə edək. Bu sahədə Naxçıvan Dövlət Universiteti ...öz vəzifələrini çox dəqiq müəyyən etməlidir".

Ümumiyyətlə, Naxçıvan Dövlət Universitetinin yubileyində 21 il bundan əvvəl Heydər Əliyev tərəfindən irəli sürülmüş ideyalar və tövsiyələr yeni dövrdə Azərbaycan ali təhsilinin tərəqqisi üçün də mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin 1997-ci il 30 oktyabr tarixdə keçirilən 30 illik yubileyi hadisəsinə də ulu öndər Heydər Əliyev diqqət göstərmiş, münasibətini bildirmişdir. Ölkə Prezidentinin yubiley münasibətilə universitetin kollektivinə ünvanladığı təbrik məktubu qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzi sayılan Naxçıvan Dövlət Universitetinə verilmiş yüksək qiymətin, göstərilən etimadın və bəslənilən böyük ümidlərin parlaq ifadəsindən ibarətdir. Azərbaycan dövlətinin ali təhsilə münasibətini, qiymətini və dəstəyini ifadə edən təbriknamə Naxçıvan Dövlət Universitetinin sonrakı inkişaf yollarını da işıqlandırır. Mühüm tarixi əhəmiyyətə malik olan 1997-ci il 29 oktyabr tarixli həmin təbriknamədə deyilirdi: "Sizi - Azərbaycanın mötəbər təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətini və tələbələrini universitetinizin 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xöşbəxtlik və nəcib fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və böyük xidmətləri vardır. Zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet muxtar respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvanın dövlət müstəqilliyimizin əldə olunması və möhkəmləndirilməsi uğrunda mübarizəsində universitetin göstərdiyi xidmətlər xüsusilə qeyd olunmalıdır. Bu ali məktəb qonşu ölkələrin elm və təhsil mərkəzləri ilə geniş əlaqələr yaratmaqla bir daha Naxçıvanın Şərqin qapısı olduğunu nümayiş etdirir.

Bugünkü iqtisadi sıxıntılara baxmayaraq, həyatını gənc nəslin yetişdirilməsinə həsr edən, ömrünün mənasını xalqına layiqli vətəndaş tərbiyə etməkdə görən Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin fədakar əməyindən məmnun olduğumu bildirirəm. Əminəm ki, universitet xalqımızın görkəmli şəxsiyyətinin irsinin öyrənilməsində, bu qədim diyarın zəngin ənənələrinə layiq kadrlar yetişdirilməsi işində bundan sonra da var qüvvəsini sərf edəcəkdir.

Bu yubiley münasibətilə bütün təhsil işçilərini, bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Azərbaycanımızın çiçəklənməsi və tərəqqisi naminə yeni nəslin tərbiyəsi işində Naxçıvan Dövlət Universitetinin köllektivinə böyük nailiyyətlər arzulayıram".

Azərbaycanın digər ali məktəbləri kimi, Naxçıvan Dövlət Universitetinin yenidən qurulmasına və daha da inkişaf etdirilməsinə Heydər Əliyev daim böyük qayğı göstərmişdir. Qədim diyarın dövlət universiteti özünün yeni həyatı və indiki yüksək inkişaf səviyyəsi üçün ümummilli liderimizə borcludur. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məqsədyönlü rəhbərliyi və böyük qayğısı ilə Naxçıvan Dövlət Universitetində illərdən bəri aparılan genişmiqyaslı işlər regionda möhkəm maddi-texniki bazaya, güclü kadr potensialına malik olan inkişaf etmiş ali təhsil ocağının yaradılması ilə nəticələnmişdir.

Ali Məclisin Sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin inkişafına ardıcıl olaraq qayğı göstərməsi ölkənin və xalqın daha da inkişaf etdirilməsi işi kimi əhəmiyyətli və məsuliyyətli bir problemin həllində mühüm rolu olan təhsil məsələsinin həyata keçirilməsinə dövlət səviyyəsində ifadə olunan yüksək münasibəti bütün dolğunluğu ilə əks etdirir. Bu, müstəqillik dövrü Azərbaycan gəncliyinin geniş dünyagörüşə malik, yeni, vətənpərvər nəslinin formalaşdırılmasına hesablanmış mühüm strateji vəzifələri də nəzərə çarpdırır. Bütün bunların sayəsində hazırda Naxçıvan Dövlət Universitetinin bakalavr pilləsi üzrə 10 fakültəsində, magistraturasında və doktoranturasında ali təhsil alan 5 min nəfərdən çox gənc müstəqil Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsi istiqamətində köklənmiş layiqli vətənpərvər nəsil kimi formalaşır. Məhz dövlətimizin böyük qayğısı sayəsində 108 hektar ərazini əhatə edən universitetin 12 tədris korpusu, Elektron kitabxanası, Olimpiya İdman bazası, Konservatoriyası, tibb fakültəsi və xəstəxanası, kompyuter sinifləri, internet mərkəzləri, çoxsaylı fənn kabinetləri və laboratoriyaları, Botanika bağı, muzeyləri və sərgi salonları regionda elmi, təhsili və mədəniyyəti, habelə milli ictimai fikri inkişaf etdirməyə münbit şərait yaradır. Amerika, Avropa, Asiya və Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Afrikanın, Türkiyə və İranın universitetləri ilə yaradılmış geniş əlaqələr Naxçıvanı və universitetimizi dünyada tanıtmağa və inkişaf etdirməyə öz töhfələrini verir.

İnşası 1999-cu ildə başa çatdırılıb tələbələrin istifadəsinə verilmiş 1600 yerlik yeni tədris korpusu Heydər Əliyevin Azərbaycan ali təhsilinə, konkret olaraq Naxçıvan Dövlət Universitetinə böyük töhfəsi idi. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi günlərində Naxçıvan Dövlət Universitetində 5 mərtəbəli, 1600 yerlik yeni tədris korpusunun açılışı mərasimində iştirak və çıxış edən Heydər Əliyev çətin şəraitdə gerçəkləşdirilmiş bu hadisənin regionda ali təhsilin inkişafında yeni üfüqlər açacağına özünün böyük ümid və inamını ifadə etmişdir. Dövlət başçısının  1999-cu il 11 oktyabrda Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı mərasimindəki nitqində deyilirdi: "Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir".

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək: "Fikrimizcə, 1982-ci ildə başlanan, lakin müəyyən səbəblər ucbatından yarımçıq qalan bu tədris korpusu bu gündən möhtərəm Heydər Əliyevin himayəsi ilə özünün ikinci ömrünü yaşamağa başlayır".

Naxçıvan Dövlət Universitetində çalışan alimlərin elmi-pedaqoji fəaliyyəti dövlət başçısı Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin fərmanları ilə universitetin əməkdaşlarına əməkdar elm xadimi, xalq rəssamı, əməkdar müəllim, əməkdar incəsənət xadimi fəxri adlarının verilməsi burada fəaliyyət göstərən professor-müəllim heyətinin daha məsuliyyətlə və inamla işləmələrinə təkan vermişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin fəxri doktoru idi. Universitet Elmi Şurası 1999-cu il  9 oktyabr tarixli qərarı ilə ölkə Prezidentinə fəxri doktorluq elmi adı verməklə onun bütövlükdə milli ali təhsilin, o cümlədən, Naxçıvan Dövlət Universitetinin inkişafındakı misilsiz xidmətləri qarşısında özünün mənəvi borcunu yerinə yetirmişdir.

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Universiteti" əsl milli dövlətçilik, yetkin siyasi düşüncə və idarəetmə mədəniyyəti məktəbi kimi yeni nəslin tərbiyəsində mühüm rol oynayır. "Heydər Əliyev Universiteti"nin indiyədək keçirilmiş 169 məşğələsi görkəmli dövlət xadiminin çətin və mənalı həyatının, keçdiyi şərəfli mübarizə yolunun, Azərbaycanın son 35 ilə yaxın bir dövrdəki inkişaf mərhələlərinin, hazırkı müstəqillik dövrünün dərindən öyrənilməsinə və mənimsənilməsinə şərait yaradır.

Naxçıvan Dövlət Universitetində "Heydər Əliyev Universiteti"nin yaradılması müstəqil dövlətçilik ideologiyasının formalaşdırılması və möhkəmləndirilməsi uğrunda ölkəmizdə gedən məqsədyönlü proseslərin nəticəsi kimi meydana çıxmışdır. Universitet Elmi Şurasının 1997-ci il 6 mart tarixli qərarı ilə təsis olunmuş "Heydər Əliyev Universiteti"nin ilkin zəruri hazırlıqdan sonra 1997-ci il 5 aprel trixdə keçirilən ilk məşğələsində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov "Heydər Əliyevin həyatı və fəaliyyəti universitetdir" mövzusunda dərin məzmunlu məruzə ilə çıxış etmiş, müstəqil Azərbaycanın yeni nəsillərinin formalaşdırılması və inkişafında bu universitetin roluna, əhəmiyyətinə və vəzifələrinə ciddi diqqət yetirilməsini zəruri saymışdır. Ali Məclisin Sədrinin məruzəsində haqlı olaraq ictimaiyyətə və gənc nəslə çatdırılmışdır ki, xalqımızın qüdrətli oğlu Heydər Əliyevin keşməkeşli, mənalı və ibrətamiz həyat yolu, çoxcəhətli və məqsədyönlü fəaliyyəti, qətiyyətli və düşünülmüş mübarizəsi, uzaqgörən və müdrik siyasəti özünəməxsus qeyri-adi bir universitetdir.

"Heydər Əliyev Universiteti"nin dərslərini keçmək müstəqil Azərbaycanın yeni nəsillərinin əsl vətənpərvər gənclər kimi yetişməsi üçün böyük əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetindəki "Heydər Əliyev Universiteti" artıq 16 ildən çoxdur ki, bu böyük siyasət universitetinin dəsrlərini yeni nəsillərə çatdırır.

Universitet içində universitet statusu qazanmış "Heydər Əliyev Universiteti"nin məşğələlərində Azərbaycanın tanınmış rəsmi dövlət nümayəndələri, görkəmli elm, təhsil adamları, o cümlədən Naxçıvan Dövlət Universitetinin alimləri, habelə xarici qonaqlar qüdrətli dövlət xadiminin çoxcəhətli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair mövzulara həsr olunmuş məruzələrlə çıxış edərək müasir tələbə gəncliyin siyasi dünyagörüşünün formalaşmasına, vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərmişdir. "Heydər Əliyev Universiteti"ndə ilk növbədə dünyada qəbul olunmuş Heydər Əliyev fenomeninin təqdimatına, elmi şəkildə şərhinə və təbliğinə diqqət yetirilir.

Azərbaycan dövlətçiliyi məsələləri "Heydər Əliyev Universiteti"nin məşğələlərinin geniş müzakirə obyektinə çevrilir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda mübarizəsinin ayrı-ayrı istiqamətlərinə həsr olunmuş məşğələlərdə əhatə olunan faktlar və hadisələr, habelə siyasi və elmi-nəzəri mülahizələr böyük öndərin həmin sahədəki çoxillik və məqsədyönlü fəaliyyətinə gur işıq salır. Bu istiqamətdə oxunmuş mühazirələrdə Azərbaycanda müstəqillik şəraitində hüquqi dövlət quruculuğu problemlərinə xüsusi diqqət yetirilməsi məşğələlərin dinləyiciləri olan tələbələr, gənc müəllimlər, doktorant və dissertantlar, magistrlər üçün ciddi maraq doğurur. Bir çox xarici ölkələrin, o cümlədən Türkiyənin, Rusiyanın, Yaponiyanın, Almaniyanın, Polşanın, Macarıstanın və başqa dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin öz ölkələri ilə çoxcəhətli əlaqələrin yaradılmasında görkəmli dövlət xadiminin rolu haqqındakı çıxışları "Heydər Əliyev Universiteti"nin unudulmaz dərsləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyatı və fəaliyyətinin öyrənilməsi və təbliği də "Heydər Əliyev Universiteti"nin proqramında özünəməxsus yer tutur. "Heydər Əliyev Universiteti"ndə "İlham Əliyev Azərbaycan neft strategiyasının həyata keçirilməsində Heydər Əliyev siyasi kursunun uğurlu davamçısıdır", "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr", "Heydər Əliyev və Azərbaycanda olimpiya hərəkatı", "Yeni Azərbaycan Partiyası yeni mərhələdə" kimi mövzularda dinlənilmiş məruzələrdə dövlət başçısının fəaliyyətinin müxtəlif aspektlərindən geniş söz açılmışdır.

"Heydər Əliyev Universiteti"ndə həmçinin ümummilli liderimizin həyatı və fəaliyyətinə həsr olunmuş kitabların müzakirəsinə və təqdimatına da geniş yer ayrılmışdır. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi və qayğısı ilə hazırlanmış "Qayıdış" sənədlər toplusunun və "Ömrün üç günü" albomunun müzakirələrində iştirak edən müəllimlər və tələbələr bu kitabların gökəmli dövlət xadiminin həyatının Naxçıvan dövrünün müxtəlif mərhələlərinin layiqli salnaməsi olduğunu qeyd etməklə bərabər, həm də müstəqillik dövrü Azərbaycan tarixinin öyrənilməsi üçün etibarlı mənbələrə çevrildiyini də bildirmişlər.

Ümummilli lider Heydər Əliyev haqqında çap olunmuş kitab, jurnal və albomların böyük əksəriyyəti "Heydər Əliyev Universiteti"ndə toplanmış, burada zəngin "Heydər Əliyev kitabxanası" təşkil olunmuşdur. Həmin kitabxanadan yeni dövr Azərbaycan tarixini öyrənənlər geniş şəkildə faydalanırlar. "Heydər Əliyev kitabxanası" müəllimlər və tələbələr, magistrantlar və doktorantlar, habelə gənc tədqiqatçılar üçün qiymətli xəzinədir. "Heydər Əliyev Universiteti"ndə həmçinin görkəmli dövlət xadiminin həyatı və fəaliyyətinin bütün yönlərini əks etdirən zəngin fotomateriallar və nadir sənədlər nümayiş etdirilir. Bu qiymətli materialların içərisində Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarına dair nadir şəkillər və sənədlər də vardır. "Heydər Əliyev Universiteti"nin videotekasında ümummilli liderin həyatı və fəaliyyətinin 35 illik dövrünü əhatə edən qiytmətli videolentlər toplanılmışdır. Bundan başqa, "Heydər Əliyev Universiteti" üçün ayrılmış geniş və yaxşı tərtib olunmuş salon Naxçıvan Dövlət Universitetində dövlətçilik ideologiyasının əsas mərkəzinə çevrilmişdir. Bütün bunlara görə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən "Heydər Əliyev Universiteti" ötən illər ərzində əsl dövlətçilik və siyasi mədəniyyət məktəbi, müstəqillik, vətənpərvərlik düşüncəsi məktəbi olduğunu təsdiq etmişdir. Bu universitet görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin nümunəsində müstəqil Azərbaycanın yeni nəsillərinin milli dövlətçilik və müstəqillik, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tələbə gəncliyin siyasi dünyagörüşü və mədəniyyətinin formalaşmasına geniş imkanlar açır. Bütün bunlar isə XXI əsrin müstəqil dövlətçilik təfəkkürünə yiyələnmiş vətənpərvər və hazırlıqlı vətəndaşının hazırlanmasında mühüm əhəmiyyətə malikdir.

XXI əsrdə Azərbaycan ali məktəbi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırkı yeni tarixi şəraitdə Azərbaycan universitetləri, o cümlədən Naxçıvan Dövlət Universiteti Heydər Əliyev siyasi kursunun, dövlətçilik təliminin işığında təhsil islahatlarını məqsədyönlü şəkildə həyata keçirir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar əldə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ali məktəbi, o sırada Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsində maddi-texniki bazanın möhkəmləndirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin daha da artırılması, nəhayət, Avropa universitetlərinə inteqrasiya baxımından özünün yeni həyatını yaşayır. Ölkə Prezidenti İlham Əliyevin 2004-cü il 12 may tarixdə Naxçıvan Dövlət Universitetinin yeni Elektron kitabxanasının açılışı mərasimində iştirakı, müəllimlər və tələbələrlə apardığı işgüzar söhbətlər, universitetdə yeni informasiya texnologiyalarından istifadəyə dair verdiyi dəyərli tövsiyələr regionda universitet quruculuğunu yeni inkişaf səviyyəsinə çatdırmağa şərait yaratmışdır.

Prezident İlham Əliyevin Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqındakı 2007-ci il 31 mart tarixli sərəncamı Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən dövlət qayğısının yeni tarixi şəraitdəki əməli ifadəsidir.

Ölkə Prezidenti İlham Əliyevin  2007-ci il 17 oktyabr tarixdə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyində iştirakı və təntənəli yubiley mərasimindəki dərin məzmunlu nitqi bu ali təhsil ocağının ulu öndər Heydər Əliyev ideyalarının işığında keçdiyi uğurlu inkişaf yolunun, burada qazanılan mühüm nailiyyətlərin qiymətləndirilib ümumiləşdirilməsi ilə yanaşı, həm də universitetin fəaliyyətinin yeni istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyətə malikdir. Prezidentin nitqində deyilirdi: "Universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Bu gün açılışına toplaşdığımız yeni Konservatoriya binası deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir... Universitetin xarici əlaqələri də çox genişdir. Mən bilirəm ki, universitet dünyanın aparıcı universitetləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur və bu da özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir".

Hazırda Naxçıvan Dövlət Universiteti dünyanın dörd qitəsində - Amerikada, Avropada, Asiyada və Afrikadakı səksəndən çox universitetlə geniş və çoxcəhətli əlaqələrə malikdir. Universitetdə TEMPUS, ERASMUS-MUNDUS proqramları üzrə böyük layihələr həyata keçirilir. Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar klubunun, Asiya Universitetlər Cəmiyyətinin, Avrasiya Universitetlər Assosiasiyasının, Qara Dəniz, İpək yolu və Qafqaz Universitetlər Birliklərinin üzvü kimi dünya miqyasında tanınır və qəbul olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev təlimini düşünülmüş və məqsədyönlü şəkildə davam etdirərək regionda elm və təhsilin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafına böyük qayğı göstərir. Müəyyən olunmuş dövlət siyasətinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan Dövlət Universiteti üçün inşa olunmuş Memarlıq və mühəndislik, İqtisad-Hüquq, Tibb, Təbiətşünaslıq və kənd təsərrüfatı, Pedaqoji fakültələri üçün korpuslar, Konservatoriya, müasir tipli Olimpiya idman kompleksi, Tələbə evi, Sosial xidmət mərkəzi, mini-futbol meydançası, müəllimlərin və tələbələrin istifadəsinə verilmiş Tələbə televiziya studiyası Heydər Əliyev siyasi kursunun yeni mərhələdəki real bəhrələridir, konkret göstəriciləridir. Naxçıvan Dövlət Universitetində yeni informasiya texnologiyalarından istifadəyə geniş yer verilməsi, Wi-Fi simsiz internet xidmətinin ali məktəbin bütün ərazisini əhatə etməsi, Elektron Kitabxananın yaradılması, G-4 sürətli internet şəbəkəsinin tətbiqi regionda ali məktəbin müasirləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin bəhrələrindəndir. Boloniya prosesinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Türkiyə, Fransa, İspaniya, Cənubi Koreya, Gürcüstan və Litva ali məktəbləri ilə tələbə mübadiləsi proqramlarını həyata keçirməsi də bu ali təhsil ocağının üfüqlərinin genişləndirilməsi sayəsində aparılan siyasətin əməli göstəriciləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin 45 illiyi günündə, 2012-ci il 15 sentyabr tarixdə Təbiətşünaslıq-kənd təsərrüfatı və Pedaqoji fakültələr üçün inşa olunmuş müasir tipli 5 mərtəbəli tədris korpusunun açılışı mərasimindəki aşağıdakı sözləri ümummilli lider Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan Dövlət Universitetinin keçdiyi böyük inkişaf yolunun, bu ali məktəbdə əldə olunmuş mühüm nəticələrin mahiyyətini aydın şəkildə ifadə edir: "Özünün yeni inkişaf mərhələsini yaşayan Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvanda yüksək ixtisaslı kadrların yetişdirilməsində, elmi mühitin formalaşdırılmasında və bununla yanaşı muxtar respublikamızın inkişafında mühüm rola malikdir... Bu ali təhsil ocağının məzunları Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının genişləndirilməsinə layiqli töhfələr verirlər... Universitetin maddi-texniki bazası gücləndirilir, tədrisin səviyyəsi yüksəldilir".

Göründüyü kimi, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsinin mühüm nəticələrindən biridir. Yaradılmasının əllinci ilinə doğru inamla gedən Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edir.

 

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının

 vitse-prezidenti, Milli Məclisin deputatı,

akademik

 

Azərbaycan.-2013.- 7 may.- S.7.