Zamanla mübarizənin qalibi
Hər bir uğuru ilə qürur duyduğumuz Azərbaycan sürətli inkişafı ilə sanki zamanı qabaqlamaq iddiasındadır. Mümkündür ki, kimlər üçünsə bu adi, qanunauyğun hal olsun. İnsan bəzən öz taleyində prosesləri nəinki tam mahiyyəti üzrə qavramır, hətta yeniliklərə vərdiş edir. Bir zamanlar əlçatmaz, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri kimi bölgələrdə müntəzəm səfərlərdə olarkən bir zamanlar insanlarımızı narahat edən, onları nigaranlıq içində saxlayan, həlli çətin və əlçatmaz görünən problemlərin böyük qisminin aradan qalxdığını görmüşəm. Hər dəfə bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini, eləcə də rayonlarda böyük quruculuq, abadlıq, inşaat işlərini görəndə ürəyim dağa dönür. İnsanların maddi rifah halının yüksəlməsinə, işgüzar fəallığının artmasına, torpağı əkib-becərməsinə və ondan fayda götürməsinə qəlbən, ruhən sevinirəm. Müstəqilliyin ilk illərində başsız qalan, bir tikə çörəklə imtahana çəkilən, probemlər məngənəsində sıxılan əyalət sakinlərini bu gün özlərinə güvənli və şad-xürrəm görmək necə də xoşdur.
Görünür, bu uğurların fonunda müstəqilliyin ilk illərində üzləşdiyimiz acınacaqlı mənzərələri xatırlamaq belə istəmədiyimiz acı tarixə çevrilib. Lakin düşünürəm ki, müəyyən həqiqətləri unutmağa mənəvi haqqımız yoxdur. Çünki keçmişi unutsaq, bu günə qiymət verib gələcəyə doğru inamla addımlaya bilmərik. Bəli, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaos və anarxiya, özbaşınalıq mühitinin ağrı-acısını hər bir azərbaycanlı öz taleyində qabarıq hiss edir. O dövrdə bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, ölkəmizin siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Vəziyyət o həddə çatmışdı ki, imkansız valideynlər canlarından artıq sevdikləri övladlarını həyatın sərt sınağı qarşısında - bir tikə çörək ucbatından ağır fiziki işlərə cəlb edir, onları təhsildən, məktəbdən ayırırdılar. Diqqətə, qayğıya ehtiyacı olan uşaqların öz dünyalarından məhrum olaraq ailə qayğısı çəkmək məcburiyyətində qalması dəhşətli mənzərə idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, bütün sadaladığımız uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır - lider amili!
Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur.
Azərbaycan xalqının tarixində böyük sərkərdələr, liderlər, parlaq şəxsiyyətlər çox olub. Qədirbilən xalqımız bu gün də onların hər birini ehtiramla xatırlayır, milli tariximizdəki yerlərini uca tutur. Onlar məhz milli dövlət qurmaq, onu yaşatmaq, azad, müstəqil, qüdrətli, firavan görmək idealı ilə yaşayıb, fəaliyyət göstəriblər. Müəyyən zaman mərhələlərində buna nail olanlar da olub. Bu gün alban hökmdarı Cavanşirin, hürrəmilərin yadellilərə qarşı sonadək döyüşmüş lideri Babəkin, səfəvilərin vahid milli dövlət yaratmış qüdrətli hökmdarı Şah İsmayıl Xətainin, Gəncə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Cavad Xanın, eləcə də ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövləti - Azərbaycan Xalq Cümhuriyyətini yaratmış milli ziyalılarımızın tarixdəki yeri və rolu inkar oluna bilməz. İnkarolunmaz bir həqiqət də var: həmin şəxsiyyətlərin, liderlərin heç biri obyektiv, ya subyektiv səbəblərdən dayanıqlı milli dövlət qurmaq, onun mövcudluğu üçün möhkəm ideoloji, siyasi, iqtisadi zəmin yaratmaq imkanında olmayıblar. Bu və digər böyük şəxsiyyətlərin, sərkərdələrin, liderlərin həyata keçməyən, nisgilə çevrilən milli dövlətçilik idealını isə məhz Heydər Əliyev gerçəkliyə çevirib. Bu mənada, mübaliğəsiz o qənaətdəyəm ki, Heydər Əliyev fenomeninin milli tariximizdəki yeri tamam fərqlidir. Ümummilli lider məhz dayanıqlı, qüdrətli, müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyevin hələ sağlığında dediyi, artıq postulata çevrilmiş "Azərbaycanın müstəqilliyi daimidir, sarsılmazdır, dönməzdir" fikri onun çağdaş tariximizdə layiqli yerini müəyyən edir.
Hər bir xalq taleyində müstəsna rol oynayan belə liderlərin xatirəsini əziz tutur, onları milli fəxarət ünvanı sayır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutur, onun ədəbiləşdirilməsi istiqamətində zəruri addımlar atır. Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 10 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə xidmət edən ciddi addımlar həyata keçirib. Ölkə başçısının 2013-cü il 21 yanvar tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamı bir daha təsdiqləyir ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Sərəncamın preambula hissəsində göstərildiyi kimi, "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".
Əgər bu gün ulu öndərin Azərbaycan tarixi ilə bağlı 40 illik şərəfli ömür yolunu cəmi bir cümlə ilə ifadə etməli olsaq, düşünmədən deməliyik: xalqın tərəqqisinə xidmət edən cahanşümul işlər görmək bu fenomenal şəxsiyyətin həyat kredosu idi. Böyük strateqin dövlətçiliyi və millətçiliyi tarixi əhəmiyyət kəsb edən məqsədlərə doğru fasiləsiz, ən başlıcası, böyük nəticəli hərəkat idi.
1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə xalqın taleyində tamamilə yeni səhifə açıldı. Bu tarixi hadisə, əslində, Azərbaycanın müasirləşməsi prosesinin başlanğıcına çevrildi. Yaxşı xatırlayıram, xalqın öndəgedən ziyalıları, qabaqcılları bu seçimə sevinirdi. Çünki Heydər Əliyevin yeni düşüncəli, prinsipial, qətiyyətli, müasir idarəçilik keyfiyyətlərinə malik olduğu cəmiyyətdə çoxlarına bəlli idi. Ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı və yüksək rəhbər vəzifələrdə təmsil olunduğu illərdə milli ideallara bağlılığını tam sübuta yetirmişdi. Zəmanəsinin adlı-sanlı "çekist"ləri xatirələrində qeyd edirlər ki, Heydər Əliyev yüksək professionallığı, peşəsinə vurğunluğu, sadəliyi, müasirliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin rəğbətini qazanmışdı. Əməliyyat tədbirlərini müasir metodlar əsasında aparması uğurlarına ciddi təminat idi. Heydər Əliyev DTK rəhbərliyində olarkən hər cür riskə rəğmən, milli ruhlu ziyalıları da qorumağa çalışırdı. Bu məqamda ötən əsrin 60-cı illərinin sonlarına təsadüf edən bir hadisəni xatırlatmaq yerinə düşər. Həmin vaxt mərhum akademik Ziya Bünyadov və onun ətrafına yığışmış bir neçə vətənpərvər gənc alim Azərbaycanın Rusiyaya könüllü birləşməsi fikrini təkzib edən mülahizələr irəli sürmüş, bu hadisənin 150 illik yubileyinin qeyd olunmasına qarşı çıxmışdılar. Buna görə onları gözləyən böyük fəlakətdən yalnız DTK sədri Heydər Əliyev xilas edə bildi. Bu, vətənpərvər tarixçilərin təhlükəsizlik orqanlarının sərt təqibləri, repressiyaları ilə üzləşməsinə imkan vermədi. Ümummilli lider çox sonralar bu hadisəni belə xatırlayırdı: "...Universitetdə bir neçə adam Azərbaycan tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü girmişdi, yaxud məcburi girmişdi. Bunu o vaxtlar şişirtdilər. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənarda yaşayırlar. Mən bu məsələnin çox şişirdilməsinə imkan vermədim".
Müasirlik xarakterin əsas məziyyəti, göstəricisidir. Dövlətə rəhbərlik kimi çətin missiyanı üzərinə götürən liderin müasir düşüncəli olması, yeniliklərə can atması, zamanın nəbzini tutması xüsusilə vacibdir. Müasirliyə canatma ölkənin inkişafı ilə bağlı uğurlu layihələrin, proqramların gerçəkləşməsinə yol açır. Cəmiyyətdə müsbət ab-hava, pozitiv harmoniya qorunub saxlanılır. Düşünürəm ki, rəhbər vəzifələrdə çalışdığı bütün zamanlarda Heydər Əliyevin qazandığı möhtəşəm uğurların əsasında bir mühüm amil dayanırdı: müasirlik və yenilikçilik! Ulu öndər Heydər Əliyevin rəhbər kimi novatorluğu onun şəxsi xarakterindən irəli gəlirdi. Daim yeniliyə can atan, idarəçiliyə yeni ruh, yeni nəfəs gətirən böyük strateq 1969-1982-ci illərdə reallığın imkan verdiyindən də yüksək dərəcədə xalqının mənafeyi üçün çalışdı. Müdrik rəhbərin yenilikçi düşüncə tərzi Azərbaycanın o dövrdə ictimai həyatın bütün sahələri üzrə müasirləşməsində mühüm rol oynadı.
Ümummilli
lider Heydər Əliyev düşüncədə
müasirliyi, mənəviyyatda mühafizəkarlığı
təlqin edirdi. Xalqın milli xüsusiyyətlərinin,
özünəməxsusluğunun saxlanılması və gələcək
nəsillərə çatdırılması məsələsində
nə qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə,
inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən
proqram və konsepsiyaların həyata keçirilməsində,
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində
bir o qədər yenilikçi, islahatçı, novator idi. Ulu
öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq
keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda,
maarifpərvər şəxsiyyət olmasından irəli gəlirdi.
Məhz bu keyfiyyətləri sayəsində ulu öndər
Heydər Əliyev ötən əsrin 70-80-ci illərindən
Azərbaycanın iqtisadi müstəqilliyi üçün etibarlı
zəmin hazırlamağa müvəffəq oldu. Respublika əhalisinin
yaşayışını, məişətini, həyat tərzini
müasir səviyyəyə qaldırmaq üçün
ardıcıl tədbirlər həyata keçirdi.
Ulu
öndər iqtisadiyyatı yüksəltmək
üçün rüşvətxorluğa, oğurluğa, əliəyriliyə
və mənəviyyata zidd digər təzahürlərə
qarşı amansız mübarizə aparırdı. Heydər
Əliyev istehsal və satış obyektlərində reydlər
keçirir, işində səhlənkarlığa, məsuliyyətsizliyə,
qanundan kənar hallara yol verən məmurları sərt şəkildə
cəzalandırırdı. Ulu öndər son dərəcə
işgüzar olduğu kimi, həm də tələbkar rəhbər
idi. Rayonlara təyin etdiyi rəhbər şəxslərdən
ən böyük və israrlı tələbi səylə
işləmək, bütün sahələrdə inkişafa
nail olmaq, insanları razı salmaq idi. 70-ci illərdə
tez-tez bölgələrdə olan ümummilli lider sadə zəhmət
adamları ilə görüşür, onlarla söhbətləşirdi.
Qayğı və istəkləri ilə maraqlanır,
mövcud problem və çətinliklərin həlli
üçün yerindəcə
tapşırıqlarını verirdi... Belə bir tələbkar
rəhbərlə işləmək həqiqətən də
böyük məsuliyyət, modern iş təcrübəsi və
təşəbbüskarlıq tələb edirdi.
Həmin
illərdə milli təhsil sistemində şəffaflığın
təmin olunması da ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Böyük strateq ali məktəblərdə
hökm sürən acınacaqlı vəziyyəti aradan
qaldırdı, qəbul prosesində şəffaflığı
təmin etdi. Ötən əsrin 70-ci illərində yüksək
ixtisaslı kadr kimi yetişərək indi də dövlət
idarəçiliyində mühüm postlar tutan insanlar ulu
öndərin bu sahədəki prinsipial addımlarını
ehtiramla xatırlayırlar. Müasirləşməyə xidmət
edən mütərəqqi elm-təhsil islahatları Azərbaycan
üçün, eyni zamanda, respublikadan kənarda kadr
hazırlığına hesablanmışdı. Ulu öndər
Heydər Əliyev hər il ittifaq rəhbərliyi ilə
danışıqlar apararaq daha çox sayda azərbaycanlının
keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində
təhsil almasına nail olurdu. Bəzi müasir ixtisaslar
üzrə Azərbaycanda kadr hazırlığının
aparılmadığı bir şəraitdə bu addım son
dərəcə əhəmiyyətli idi. Bununla sanki müstəqil
Azərbaycanın yüksək ixtisaslı kadrlarla təminatı
işinə hazırlıq görülürdü...
Müstəqil
dövlətçiliyin qurulmasına aparan yol müstəqil
düşüncədən başlayır. Müstəqil
düşüncə müasirliyin və azadlığın
vacib meyarlarından biridir. Böyük strateq Heydər Əliyev
də müasir və müstəqil düşüncəli rəhbər
kimi Azərbaycana birinci rəhbərliyi dövründə, ilk
növbədə, milli genetik ruhu qorudu. Milli təfəkkürün
repressiyalara, təqiblərə məruz qalmasının
qarşısını aldı. Əlbəttə,
qırmızı imperiyanın "qılıncının hər
iki üzünün kəsdiyi" bir dönəmdə
müstəqil düşüncəli ziyalıları qorumaq,
onları rejimin təhdidlərindən hifz etmək heç də
asan məsələ deyildi. Bunu yalnız Heydər Əliyev
kimi bütün varlığı ilə milli ideallara
bağlı, vətənpərvər lider bacara bilərdi!
İnamla
demək olar ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə
hakimiyyətə gəlişi ədəbiyyat və incəsənətimizdə
milli cərəyanın yüksəlişinə səbəb
oldu. Ulu öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd
Araz, İsa Hüseynov, Anar kimi milli zəminə bağlı
və istedadlı sənətkarları daim himayə edirdi. Belə
sənətkarlar isə ədəbiyyatın milli
varlığımız, milli dəyərlərimizlə
bağlı mövzularını uğurla işləyib
inkişaf etdirirdilər. Heydər Əliyevin irsinin ayrılmaz
bir qanadı onun milli tariximizə və tarix elmimizə
qayğısı ilə bağlıdır. Milli
keçmişimizi dərindən mənimsəmiş ulu
öndər milli dövlət üçün milli tarixin və
tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi.
Məhz buna görə də həmin dövrdə Nizami Gəncəvinin
və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd
olunması üçün partiya qərarları
verilmişdi.
1978-ci
ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan
dilinin ana dili kimi göstərilməsi də ulu öndərin
tarixi xidmətlərindən biri kimi vurğulanmalıdır.
Ümummilli liderin bununla bağlı israrlı tələb və
təkliflərini rəsmi Moskva qulaqardına vura bilməmişdi.
Bu qeyddən sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi
və bədii yaradıcılığı genişləndirmək,
televiziya, mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini
gücləndirmək daha da asanlaşdı. Məhz Heydər Əliyevin
vaxtında və onun bilavasitə himayəsi ilə
xalqımızın tarixi qəhrəmanlıq
keçmişini əks etdirən filmlər kinomuzun əsas
mövzusu oldu. "Nəsimi", "Babək", "Dəli
Kür" kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində,
sonralar kütləvi surətdə müstəqillik hərəkatına
qoşulmasında böyük rol oynadı.
Heydər
Əliyevin mənəvi irsinin və milli konsepsiyasının
mühüm bir istiqaməti Azərbaycan Sovet Sosialist
Respublikasının tarixinin milli xəttini görməsi,
ardıcıl surətdə üzə çıxarması və
təbliğ etməsi idi. Hələ indiyə qədər bu
konsepsiyanın əhəmiyyətini dərk etməmək
hallarına təsadüf olunur. Ulu öndər çox
haqlı olaraq sayırdı ki, bütün səhv və əyintilərlə
yanaşı, 70 illik sovet hökuməti zamanında
xalqımız misilsiz tərəqqi yolu keçib və
başlıcası isə müstəqillik üçün
iqtisadi və dövləti əsaslar yaradıb. Bu əsaslar
olmadan indiki müstəqil dövlətimizin varlığı
da mümkün deyildi. Ulu öndər sonralar haqlı olaraq
deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər
biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır
ki, bu rejim altında olsa da sən xalqın, millətin
üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə
bilmirsənsə, onda onun imkanlarından istifadə edib
xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan
o illərdə çox yüksəklərə
qalxdı".
Azərbaycana
rəhbərlik etdiyi bir qərinədən artıq dövr ərzində
Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərini
sevərək öz varlığında yaşadan, bu dəyərləri
əməllərində toxunulmaz xəzinə tək qoruyan,
onun əbədiyaşarlığını təmin edən
unikal bir şəxsiyyət kimi tariximzə öz adını
əbədi həkk etdi. Fırtınalardan,
qasırğalardan keçən həyatında Heydər Əliyev
mütərəqqi insanların məhəbbəti,
ehtiramı, cılız, paxıl, riyakar, xalq, Vətən təəssübkeşliyindən
uzaq olanların isə təqibi, şəri, böhtanı ilə
üzləşdi.
Böyük
fransız mütəfəkkiri Jan Jak Russo yazırdı:
"Hər nə ki, əxlaqi cəhətdən yaxşı
deyil, siyasi cəhətdən də pisdir". Yüksək mənəvi-əxlaqi
keyfiyyətləri sayəsində ümummilli lider siyasətdə
məğlubiyyət sözünü heç zaman yaxına
buraxmadı. Bu gün əksəriyyət yaxşı
xatırlayır ki, hələ ötən əsrin 90-cı ilinin əvvəllərində
müəyyən qüvvələr, hətta
tanınmış şəxslər ulu öndər Heydər Əliyevə
qarşı qərəzli və ədalətsiz kampaniyalar təşkil
edir, fürsət düşdükcə dəstə-dəstə,
qrup-qrup onun üzərinə hücum çəkir,
hüquqlarını pozmağa
çalışırdılar. Amma zaman kiməsə ulu
öndər Heydər Əliyevi məğlub durumda görmək
fürsəti vermədi. Bəli, Heydər Əliyev məğlubedilməz
şəxsiyyət kimi, bu dünyaya sanki böyük qələbələr
üçün gəlmişdi. Azərbaycan xalqı ən
çətin, mürəkkəb
vəziyyətlərdə, ən çıxılmaz
anlarda belə arxayınlıq hissini itirmirdi. Çünki
bütün mürəkkəbliklər Heydər Əliyev
şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə
bəsit görünürdü.
Ulu
öndər Heydər Əliyev yüksək iman sahibi idi.
Böyük strateqin baxışlar sistemində din yalnız
ruhi, mənəvi dünyanın pəncərəsindən
boylanır. Ulu öndər dinin siyasi alətə çevrilməsinə,
insanların müqəddəs inanclarının siyasi proseslərin
təsiri ilə adiləşib dəyərini itirməsinə
heç zaman imkan vermədi. Heydər Əliyev dini
inancları bütün siyasi proseslərin fövqündə
saxladı və qorudu. Ölkədə mütərəqqi
islam dəyərlərinin inkişafına xüsusi diqqət
yetirməklə yanaşı, başqa dinlərin
inkişafına da tolerant mühitin yaradılmasını təmin
etdi. Dini konfessiyalar arasında qarşılıqlı hörmətə
söykənən münasibətlərin formalaşmasına
çalışdı. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq
üçün milli yiyəlik hissi aşıladı. Dini
tolerantlığın polietnik mövcudluğunun qarantı
kimi azərbaycançılıq ideologiyasını irəli
sürərək onun praktik nəzəriyyəyə
çevrilməsinə nail oldu.
Etiraf
edək ki, Azərbaycanın müstəqilliyinin ilk illərində
vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət
daşıyan problem idi. Bu vacib vəzifənin həyata
keçirilməsi üçün ölkə vətəndaşının
ideya-siyasi düşüncəsini formalaşdırmaq
lazım gəlirdi. Bu istiqamətdə xeyli iş
görmüş dövlət rəhbəri "Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi
tərbiyə keçmiş illərdən daha çox
lazımdır" deyirdi. Ulu öndərin tükənməz
enerjisinə, dərin zəkasına, müdrik ağlına,
dünya şöhrətinə, sarsılmaz nüfuzuna
qısqanclıqla yanaşanlara, haqsız hücumlara,
böhtançılara, paxıllara öz möhtəşəm
ağlı ilə cavab verirdi: "Paxıllıq, şər,
böhtan xam at kimidir - sahibini heç bir zaman mənzil
başına sağ-salamat çatdıra bilməz" -
deyirdi.
Ümummilli lider Heydər Əliyev xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu da daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni eyni zamanda ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi qiymətləndirir, xalqın mənəvi kamillik səviyyəsinin təmin olunmasında, genefondunun saflığının qorunmasında əhəmiyyətini daim önə çəkirdi. Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda minlərlə yeni qurulan ailənin müqəddəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda böyük rəğbət hissi doğurur. Bu ailənin xoşbəxtliyi isə onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət olmasındadır. Bəli, Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu ailə öz xoşbəxtliyini məhz xalqa layiqli xidmətdə görür!
Ümummilli lider Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomen şəxsiyyət olmaqla yanaşı, həm də mütərəqqi azərbaycanlı dəyərlərini parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılan ailə başçısı idi. Böyüyüb boya-başa çatdığı ocaqda şəxsiyyət kimi yetişən, xoşbəxtliyi əqli kamillikdə, təmizlikdə və halal zəhmətdə axtaran, ailənin saf sevgi üzərində qurulması vacibliyini erkən yaşlarından dərk edən Heydər Əliyev cəmiyyətdə öz layiqli yerini tutmuş, saf təməl üzərində qurduğu ailənin bütün qayğılarını öz üzərinə çəkmişdi.
Bəzən özümüzdən də xəbərsiz yaranışımızdan bizimlə birgə ali bir duyğu doğulub, köksümüzün altında göyərib boy atır. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Nə vaxtsa bu duyğunu sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, akademik Zərifə Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafı ilə bütöv nəsillərə örnək ola biləcək bir sevgi pritçası da yaratdı.
Saf sevgiyə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq üçün sıralarında çalışdığı keçmiş Dövlət Təhlükəsizlik Komitəsi ilə uzun müddət mübarizə aparmalı olan, bu müqəddəs amal uğrunda hətta tutduğu vəzifəni və gələcək karyerasını itirməkdən belə çəkinməyən Heydər Əliyev yüksək mənəvi keyfiyyətləri ilə həm də milli ideallara bağlılığını sübuta yetirdi. Keçmiş rejimin ideoloji-siyasi buxovları, yazılmamış "qanunları" onun görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqının nicatına sərf etmiş professor Əziz Əliyevin qızı, yüksək intellekti, savadı, nəcib, humanist keyfiyyətləri, geniş dünyagörüşü ilə seçilən Zərifə xanım Əliyeva ilə müqəddəs ittifaqa - nikaha girməsinə heç vəchlə mane ola bilmədi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu son 10 ildə əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı statusu təkcə onun siyasi portretini zənginləşdirən əlavə ştrix deyil, həm də siyasi kontekstdə İlham Əliyevin siyasi çəkisini artıran amil kimi nəzərə çarpır. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi qismində görürük. Azərbaycan Prezidenti total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən etnik-milli dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Eyni zamanda, dövlət funksional imkanlarını işə salaraq xalqın milli-mənəvi, dini dəyərlərinin, mədəniyyətinin qorunmasının təminatçısı qismində çıxış etməlidir. Ölkə rəhbəri bu ali dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz, təhrifsiz gələcək nəsillərimizə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Azərbaycan Respublikasının Prezidenti hər addımda öz andına sadiqdir.
Bu
gün ulu öndərin qarşıya qoyduğu ali
idealların gerçəkləşməsində cənab
İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva da yaxından
iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri
parlaq şəxsiyyətində cəmləyən Azərbaycan
qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf,
hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək
sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin
həyatına birinci xanım ənənəsini də gətirmişdir.
Əslində, nə vaxtsa çağdaş dünyanın
bizim dövlətçilik irsimizdən mənimsədiyi,
tarixin hansısa mərhələsindəsə unutduğumuz
bu ənənələrin müstəqil Azərbaycan dövlətində
yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın
adı ilə bağlıdır.
Mehriban
xanım Əliyevanın üzərinə
götürdüyü xeyirxah missiya tarixi bir qanunauyğunluq,
həyatın diktə etdiyi İlahi harmoniyadır. Mehriban
xanım Əliyeva görkəmli alim, yazıçı Mir Cəlal
Paşayevin və milli mətbuatımızın patriarxı,
minlərlə Azərbaycan jurnalistinin ustadı olan qüdrətli
qələm sahibi Nəsir İmanquliyevin ocağından nur
alıb. Onun həyat müəllimləri isə,
özünün də qeyd etdiyi kimi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan
qadınının şərəf mücəssəməsi Zərifə
xanım Əliyeva olub. Düşünürəm ki,
ömrünün gənclik illərini Heydər Əliyevin
ocağında keçirən, onun ali mənəvi, milli-mental
dəyərlərindən bəhrələnən, Mir Cəlal
Paşayevin ocağının nəcib ənənələrini
əxz edən, Heydər Əliyevin və Zərifə
xanım Əliyevanın mənəvi xəttini örnək
götürən bu nəcib insan - Azərbaycanın birinci
xanımı məhz belə də olmalı idi: Heydər Əliyev
mənəvi dəyərlərinə, ideallarına sədaqətli!
...Tale
sanki bir millətin nicatı naminə Heydər Əliyevi siyasət
meydanına gətirmişdi. Uşaqlıq
arzusunu gerçəkləşdirə, rəssam ola bilməsə
də, xəyallarını, təxəyyülünü,
ürəyindən keçən arzuları reallıqda Azərbaycan
boyda bir tablonun üzərinə köçürdü.
Müstəqil Azərbaycan dövlətinin timsalında xəyallarındakı
ən ülvi, xoş arzuları reallığa qovuşdurdu.
Heydər Əliyev yolunda olan hər kəs böyük öndərin
ən layiqli davamçısının rəhbərliyi
altında gələcəyə nikbin baxır.
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.-2013.- 7 may.- S.8.