Məhkəmə hakimiyyətində mütərəqqi islahatlar strategiyası

 

Fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmişdir. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.

Bu gün 1991-1993-cü illlərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

1993-cü ildən böyük strateqin müdrikliklə irəli sürdüyü milli inkişaf  konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş və bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında deyildiyi kimi, "Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir".

Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual Məcəllənin, habelə məhkəmə-hüquqi sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların mükəmməl beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli, "Konstitusiya Məhkəməsi haqqında" 21 okttyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" və 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi məhkəmələrlə yanaşı, məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və təkmil mexanizmlər üzərində qurulmasından bilavasitə asılıdır. Ümummilli lider hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhkəmə sistemində aparılan islahatları hüquqi dövlət quruculuğunun mühüm şərti saymışdır. Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı, respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş bir sıra maddələr təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan müdafiə edən, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.

İnsan haqlarına dair Deklarasiyanın 8-11-ci maddələrində, habelə BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş "Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən "Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilər test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi xüsusi təsbit olunmuşdur. Məhkəmə-Hüquq Şurası qanuna müvafiq olaraq hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə ilk dəfə 2000-ci ildə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.

2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi ruhlu dəyişikliklərin mühüm bir qismi də məhkəmə hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

2003-cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.

19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Hakimlərin yüksək iş yükünün çoxluğunun məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Sonrakı illərdə ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Ümumiyyətlə, ötən illərdə ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır və bu da regionlarda yaşayan insanların mənafeyinə xidmət edir. Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır.

Xalqımız qanunun şah olduğu milli dövlətçilik modeli yarada biləcək güclü sərkərdəyə, liderə hər zaman böyük ehtiyac duymuş, fəqət bu istəyini yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. Nəcib arzuların gerçəkləşdiyi son ünvan kimi milyonlarla insan məhz ulu öndərin yaratdığı mükəmməl siyasi-hüquqi sistemdə ali ideallarının təntənəsini tapmış, sabitliyin, əmin-amanlığın, sosial ədalətin, ən başlıcası, qanunun aliliyinin mümkünlüyünə əmin olmuşdur. Bu siyasəti ötən 10 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə Azərbaycanda müstəqil, ədalətli, şəffaf məhkəmə və ədliyyə sisteminin formalaşdırılmasını təmin etmişdir. İnanırıq ki, bu islahatlar qarşıdakı illərdə də uğurla davam etdiriləcək, respublikamızda ədalət mühakiməsinin səmərəliliyini daha da yüksəldəcəkdir.

 

 

Xəqani TAĞIYEV,

Salyan Rayon Məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 7 may.- S.9.