Birləşdiricilik missiyası

 

Ulu öndər Heydər Əliyev türk xalqlarının birlik və həmrəliyinə sanballı  töhfələr vermişdir

 

Dünyanın ən qədim xalqlarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar taleyin sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya ətrafında dövlətçilik ənənələri formalaşdırmaq, ümummilli mənafelər ətrafında birləşmək imkanından məhrum olmuşlar. 1991-ci ilin 18 oktyabrında qanı bahasına müstəqilliyini bərpa etmiş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması  problem yaratmış, milli inkişafı əngəlləyən amilə çevrilmişdir.

Bu arzuolunmaz vəziyyət yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmış, ulu öndər müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən tədbirlər həyata keçirmişdir. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür.

Ümummilli lider Heydər Əliyevin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Ulu öndər zəngin və mənalı ömrünü Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır" - deyən ulu öndər Heydər Əliyev xaricdəki soydaşlarımızın vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin etmək üçün azərbaycançılıq ideyasını irəli sürmüş, onun ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur. Ulu öndər çıxışlarında hər zaman vurğulamışdır ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli diaspor quruculuğu və türkdilli xalqlar arasında münasibətlərin genişləndirilməsi prosesinə sanballı töhfə olmuşdur. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin olunmasına, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinə təkan vermişdir.

Ulu öndər Heydər Əliyev türkdilli xalqların diaspor və lobbi quruculuğu sahəsində fəaliyyətini əlaqələndirmək, fəaliyyətin koordinasiyasına nail olmaq istiqamətində də sistemli iş aparmışdır. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə böyük öndərin xüsusilə də Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində əldə etdiyi nəticələr bunu bir daha təsdiqləyir. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, həmin birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi kimi üç mühüm məqamı özündə birləşdirmişdir. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter almışdır.

Azərbaycan Respublikası Türkiyə ilə yanaşı, eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik digər türkdilli xalqlarla münasibətlərini də tamamilə yeni müstəvidə qurmaq şansı əldə etmişdir. Türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində hər zaman əzmlə dayanmış ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin ötən 10 illik fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, "ikili standartlar" fonunda türk xalqlarının birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsi vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə çalışır. Bunun nəticəsidir ki, hazırda Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin, sadəcə, iştirakçısı deyil, həm də fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini də diqqətdən kənarda qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir.

Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə "çəkici eyni nöqtəyə vurması", çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması prioritet məqsədlərdən biridir.

Cənab İlham Əliyev Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında erməni lobbisinin ifşa edilməsi üçün səylərin daha da artırılması vacibliyini önə çəkmişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamı olmuşdur. Türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü də Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır.

Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının məqsədi strateji tərəfdaşlıq münasibətlərinə əsaslanaraq diaspor quruculuğu sahəsində əməkdaşlığı dərinləşdirməkdən, hər iki xalqın tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaqdan, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyini artırmaq üçün onların imkanlarını vahid məqsədə doğru istiqamətləndirməkdən, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların və türklərin yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə iştirak imkanlarını artırmaqdan, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafına töhfə verməkdən ibarətdir.

Strategiyanın müddəaları iqtisadi, sosial, mədəniyyət, turizm, təbliğat, habelə ermənilərin "soyqırımı" iddialarının ifşa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm vəzifələrin yerinə yetirilməsi sahəsində qarşıda duran işləri özündə ehtiva etmişdir. Bu sənədin əhəmiyyəti Azərbaycan və Türkiyə respublikalarının, habelə bütün türkdilli xalqların milli maraqlarının müdafiəsi işinə diaspor təşkilatlarını cəlb etməyə yönəldilməsindən ibarət olmuşdur.

Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər iqtisadi-siyasi sahədə də uğurla inkişaf edir. Bu gün türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Bunun nəticəsi olaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi də ildən-ilə artır. 2003-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 2 milyard dolları ötmüşdür. Azərbaycan neftinin əsas alıcısı olan Qərbi Avropa ölkələrini istisna etsək, hazırda Türkiyə Azərbaycanın əsas ticarət partnyoru sayılır. Hazırda respublikada 250-dən çox türk şirkəti fəaliyyət göstərir və həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk iş adamları indiyədək ölkəmizə 4 milyard dollardan artıq sərmayə yatırmışlar. Ölkəmizdə fəaliyyət göstərən türk iş adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TUSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir. Eyni zamanda, TANAP layihəsi çərçivəsində Azərbaycan yaxın illərdə dost ölkənin iqtisadiyyatına 17 milyard dollar sərmayə yatırmaq niyyətindədir. Bununla da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran ölkəyə çevriləcəkdir.

Onu da xüsusi vurğulamaq istərdim ki, rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) İctimai Birliyi qondarma "erməni soyqırımı" kampaniyasına qarşı effektiv əks tədbirlər həyata keçirməklə yanaşı, cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış edir, türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Təşkilat türk dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti, eyni zamanda ulu öndər Heydər Əliyev daim uca tutduğu türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkilatımız mayın 3-də - "Türkçülük günü" ərəfəsində Salyan rayonunda Türkiyə, Fransa, Belçika, Kipr, Ukrayna və Dağıstandan olan nümayəndələrin iştirakı ilə beynəlxalq  konfrans təşkil etmişdir. Tədbirdə ulu öndərin türk dünyası qarşısındakı tarixi xidmətlərinə nəzər salınmış, onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə çıxış edən Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alınca, Azərbaycan-Türkiyə Dərnəyinin başqanı Safar Karaqoyunlu türk dünyasının mənəvi, iqtisadi, siyasi birliyinə xidmət edən bu siyasətin son 10 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.  Salyan rayonunun rəhbər şəxslərinin, ziyalılarının, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında keçirilmiş "Müasir Azərbaycanın inkişafında və türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirərək özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində türk dövlətlərinin birliyi istiqamətində daha sanballı nəticələr əldə olunacaqdır.

 

 

İlham İSMAYILOV,

"Azərbaycanlıların və digər

Türkdilli Xalqların

 Əməkdaşlıq Mərkəzi"

İctimai Birliyinin sədri

 

Azərbaycan.-2013.- 7 may.- S.9.