Zaqatala zəlzələsindən bir il ötür

 

Ölkənin şimal-qərb bölgəsində 2012-ci ilin mayında baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.

Düz bir il əvvəl, 2012-ci ail mayın 7-də bölgə əhalisi baş verəcək təhlükədən xəbərsiz adi günlərdən birini yaşayırdı. Bazar ertəsi idi. Məktəblərdə, idarə və müəssisələrdə iş günü yenicə başlamışdı. Kənd yerlərində isə insanlar öz gündəlik təsərrüfat qayğıları ilə məşğul idilər.

Əhalinin ciddi təşvişinə və narahatlığına səbəb olan ilk yeraltı təkan yerli vaxtla saat 09.40-da baş verdi. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, Zaqatala şəhərindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində 7,0 bal gücündə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanlar Zaqatala və Balakən rayonlarında 12 ballıq cədvəl üzrə 7,0 bal, Qax, Şəki, Oğuz və digər rayonlarda isə 5,0 - 2,0 bal gücündə hiss edilmişdir. Rayonların fövqəladə hallar komissiyalarından AzərTAc-a daxil olan ilkin məlumatlarda bildirilirdi ki, xoşbəxtlikdən insanlar arasında tələfat olmamış, lakin fərdi evlərə, sosial təyinatlı obyektlərə müxtəlif dərəcədə ziyan dəymiş, evlərin, binaların divarlarında çatlar əmələ gəlmişdir. Gün ərzində 4,3-4,5 bal gücündə daha bir neçə yeraltı təkan qeydə alınmışdır.

Həmin gün axşam, yerli vaxtla saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə baş vermiş 7,0 bal gücündə növbəti zəlzələ isə daha ciddi dağıntılar törətmiş, əvvəlki təkanlar zamanı qəzalı vəziyyətə düşmüş evlərin böyük əksəriyyəti uçmuş, sosial obyektlərə, infrastruktura ciddi ziyan dəymişdir. Xoşbəxtlikdən bu zəlzələ də tələfatsız ötüşmüş, insanlar arasında ciddi xəsarət alanlar olmamışdır.

Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) - Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri dərhal təbii fəlakət zonasına cəlb edilmiş, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Mayın 8-də FHN-in Zaqatala şəhərində yaradılmış qərargahında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun, Zaqatala, Qax və Balakən rayonlarının icra hakimiyyətləri və müvafiq dövlət qurumları rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Zəlzələdən zərərçəkmiş ailələrin, insanların yerləşdirilməsi üçün təcili surətdə fəlakət bölgəsində çadırların qurulmasına, əhaliyə ərzaq və digər yardımların verilməsinə başlanmışdır.

Prezident İlham Əliyevin zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə mayın 9-da şimal-qərb bölgəsinə səfər etməsi, zəlzələdən zərərçəkmiş insanlarla görüşməsi, onlara ürək-dirək verməsi əhalinin çaşqınlığına, təlaşlara son qoymuş, insanlarda ruh yüksəkliyi və sabaha inam yaratmışdır. Helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edən dövlət başçısına məlumat verilmişdir ki, zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında ilkin məlumatlara görə, üç minədək ev uçmuş və ya qəzalı vəziyyətə düşmüş, çoxlu sayda sosial obyektə ciddi ziyan dəymişdir. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbarax, Mamrux, Zəyəm, Muxax, Çobankol, Bazar, Qımır, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndləri daha ciddi dağıntılara məruz qalmışdır.

Prezident İlham Əliyev Zaqatala rayonunun Gözbarax və Qax rayonunun Güllük kəndlərində zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış olmuş, sakinlərlə söhbət etmişdir. Əhaliyə narahat olmamağı, bir qədər gözləməyi, qısa müddət ərzində bundan da yaxşı evlərin tikiləcəyini bildirən dövlət başçısı demişdir: "İndi gördüyüm mənzərə, əlbəttə ki, çox acınacaqlıdır. İnsanlar zəhmət çəkib evlər tikiblər, indi isə evlər uçulub. Xoşbəxtlikdən heç bir itki olmamışdır, əsas məsələ budur. Azərbaycan dövləti güclü dövlətdir, biz bütün evləri bərpa edəcəyik. Əminəm ki, biz qısa müddət ərzində bu sınaqdan da şərəflə çıxacağıq. Bütün kəndlər bərpa ediləcəkdir. Evlər daha da yaxşı olacaqdır. Ən önəmlisi ondan ibarətdir ki, bu işlər üçün çəkiləcək bütün xərcləri Azərbaycan dövləti öz üzərinə götürür. Bu da nadir hallarda baş verən hadisədir. Çünki adətən, xüsusilə inkişaf etmiş ölkələrdə bütün evlər sığortalanır. Təbii fəlakət baş verdikdə dövlət heç bir xərc çəkmir, vətəndaş gedib sığorta şirkətindən vəsait alır. Bizdə isə vəziyyət fərqlidir. Nə vaxtsa bizdə də belə olacaqdır. Ancaq hələ ki, belə deyildir. Azərbaycan dövləti bu öhdəliyi öz üzərinə götürür və bütün evlər qısa müddət ərzində bərpa ediləcəkdir".

Prezident İlham Əliyev artıq göstəriş verdiyini, Nazirlər Kabinetinin ilkin olaraq 20 milyon manat vəsait ayırdığını, lakin dağıntılar çox böyük olduğundan bu vəsaitin kifayət etməyəcəyini, daha böyük həcmdə vəsaitin ayrılacağını bildirmişdir.

Daha sonra FHN-in Zaqatala şəhərində yaradılmış operativ qərargahında Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş, zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılması ilə əlaqədar müvafiq dövlət strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət başçısının göstərişinə uyğun olaraq zəlzələ bölgəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanmışdır. İlk növbədə, zərərçəkmiş əhalinin yerləşdirilməsi üçün zəruri tədbirlər görülmüş, qısa müddətdə fəlakət bölgəsində həyətlərdə və ya evlərə yaxın ərazilərdə 6 mindən artıq çadır qurulmuş, bəzi kəndlərdə çadır şəhərcikləri salınmışdır. Zərərçəkmiş əhalinin sağlamlığının qorunması, ərzaq və içməli su ilə təmin olunması üçün bütün zəruri tədbirlər görülmüşdür. Əhalinin sağlamlığı üçün yaranmış potensial təhlükənin, sanitariya-epidemioloji gərginliyin aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinin zəlzələ bölgəsinə ezam olunmuş həkim briqadaları insanlara gecə-gündüz tibbi xidmət göstərmişdir. Fərdi evlərə və sosial obyektlərə dəymiş ziyanın dəqiqləşdirilməsi üçün FHN-in işçi qrupları zərərçəkmiş ərazilərdə hər gün fasiləsiz olaraq monitorinqlər həyata keçirmişdir. Zəlzələdən 15 gün sonra, yəni mayın 22-nə olan məlumata görə, komissiyalar 6 minə yaxın fərdi evə və 180 sosial obyektə baxış keçirmiş, Zaqatala, Qax və Balakən rayonlarında 1500-ə yaxın fərdi evin, 60-dan artıq sosial obyektin tam qəzalı vəziyyətə düşdüyü, 1300-ə yaxın evin və 35 sosial obyektin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyənləşmişdir.

Yeraltı təkanlar davam etdiyindən qəzalı evlərin sayı da günbəgün artırdı. Zəlzələdən bir ay sonra, yəni iyunun 7-dək komissiyalar artıq 15 mindən çox fərdi evə baxış keçirmiş, 2600 evin tam qəzalı vəziyyətə düşdüyü, 2861 evin isə bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edilmişdir.

Dövlət başçısının tapşırığına əsasən, zəlzələdən bir neçə gün sonra fəlakət bölgəsində qəzalı evlərin, daha sonra isə məktəb binalarının sökülməsinə başlanıldı. Zəlzələ bölgəsində fəaliyyət göstərən podratçı tikinti təşkilatlarının bazalarına gün ərzində ölkənin müxtəlif yerlərindən lazımi tikinti materialları - sement, mişar daşı, taxta və sair daşınırdı. İyunun ortalarında söküntüsü başa çatmış qəzalı evlərin yerində artıq yeni evlərin bünövrəsi qoyuldu. Xüsusi layihələr əsasında 9 ballıq zəlzələyə davamlı bu evlər iki, üç, dörd və beş otaqdan ibarət idi.

Prezident İlham Əliyev təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq məqsədilə sentyabrın 9-da yenidən zəlzələ bölgəsinə səfər etmişdir. Səfər zamanı dövlət başçısı Zaqatala şəhərində 2 saylı tam orta məktəbin 750 şagird yerlik yeni binasının, rayonun Gözbarax kəndində yeni məktəb binası və uşaq bağçasının, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün tikilmiş ikimərtəbəli yeni fərdi evin, həmçinin Qax rayonunun Güllük kəndində zəlzələdən ziyançəkmiş Abdulla Məmmədovun ailəsi üçün inşa edilmiş yeni fərdi evin və kənddəki ümumi orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimlərində iştirak etmişdir.

Gözbarax kəndində keçirilən görüşdə Prezident İlham Əliyev demişdir: "Biz sizinlə təxminən dörd ay bundan əvvəl görüşmüşdük. Dəhşətli zəlzələ baş verdikdən sonra mən dərhal buraya gəldim, sizinlə görüşdüm. O günü, o həyəcanı xatırlayıram. O da təbii idi. Çünki bir gündə insanlar öz evlərini itirmişdilər, dağıntılar həddindən artıq çox idi. Ancaq onu da xatırlayıram ki, sizə demişdim, narahat olmayın, qısa müddət ərzində bütün evlər bərpa ediləcək, daha da gözəl evlər tikiləcəkdir. Dörd ay ərzində bu qədər işin görülməsi, doğrudan da, böyük hadisədir. Zəlzələ baş verdikdən sonra görülən bütün bu işlər, tədbirlər bir məqsəd güdürdü. Məqsəd insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq, onları düşdüyü ağır vəziyyətdən tezliklə çıxarmaq idi". Dövlət başçısı əlavə etmişdir ki, bu məktəblərin, evlərin qısa müddət ərzində tikilməsi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bir daha göstərir.

Güllük kəndində keçirilən mərasimdə Prezident İlham Əliyevə minnətdarlığını bildirən kənd sakini demişdir: "Mayın 9-da kəndimizə gəlməyiniz, bizimlə görüşməyiniz, bizə təsəlli verməyiniz arxamızda güclü bir dövlətin, öz vətəndaşlarına qayğıkeş bir münasibət bəsləyən güclü bir rəhbərin dayandığını göstərdi. Sizin həmin görüşdə verdiyiniz bütün tapşırıqlar yerinə yetirilmişdir. Zəlzələdə dağılmış evlərin, sosial obyektlərin yerində daha geniş, daha yaraşıqlı, daha keyfiyyətli evlər tikilmişdir və tikilir. Bütün bunlara görə Sizə kəndimizin ziyalıları, bütün kənd sakinləri adından "Çox sağ olun!" deyirik, minnətdarlığımızı bildiririk, Sizə uzun ömür, cansağlığı arzu edirik".

Həqiqətən də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bir il ərzində görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın nə qədər qüdrətli bir ölkə olduğunu, dövlətin sükanı arxasında xalqına böyük sevgi bəsləyən, sözü ilə əməli bir olan, vətəndaşlarına daim arxa duran güclü rəhbərin dayandığını bir daha sübut etdi. Dövlətimizin qüdrətini əyani şəkildə göstərmək üçün zəlzələdən sonrakı bir ildə aparılan tikinti və bərpa işlərinin miqyasına, sadəcə, nəzər yetirmək kifayətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabinetinin 2012-ci il 8 may tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat, ölkə ərazisində baş vermiş fövqəladə halların aradan qaldırılması üçün 2012-ci ilin dövlət büdcəsindən 300 milyon manat, Nazirlər Kabinetinin 2012-ci il 24 oktyabr tarixli sərəncamı ilə 100 milyon manat vəsait ayrılmışdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ümumi məbləği 420 milyon manat olmuşdur.

Baş vermiş zəlzələ ilə əlaqədar FHN-in müvafiq komissiyaları 2012-ci il mayın 8-dən 2013-cü il mayın 1-dək zəlzələ bölgəsində 55 mindən artıq fərdi evə baxış keçirmiş, 5825 evin qəzalı, 10652 evin bərpa və gücləndirməyə, 21937 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Bundan əlavə, yeraltı təkanlar nəticəsində 90 çoxmənzilli yaşayış evi və 127 ictimai sosial obyekt qəzalı vəziyyətə düşmüşdür.

Baxış aktlarına əsasən, qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş 6042 fərdi evdən indiyədək Zaqatala rayonunda 2843, Qax rayonunda 299, Balakəndə isə 199 olmaqla, cəmi 3341 ev tikilib istifadəyə verilmişdir. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam etdirilir. Zəlzələ bölgəsində 1751 fərdi evin, o cümlədən Zaqatalada 1031, Qaxda 267, Balakən rayonunda isə 452 evin tikintisi aparılır.

Eyni zamanda, zəlzələ bölgəsində 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə isə 2 məktəb binasının tikintisinə başlanmışdır. Bu günə kimi 6720 şagird yerlik 26 məktəb binası və 55 yerlik bir uşaq bağçası tikilib istifadəyə verilmişdir. Hazırda Zaqatala rayonunda 8 məktəb binası, habelə Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni binanın, Qax rayonunda və Şəki şəhərində 1 məktəb binasının tikintisi davam etdirilir. Bu təhsil obyektlərinin qısa müddətdə tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bundan əlavə, zəlzələdən ziyançəkmiş əhaliyə bərpa işlərinin aparılması üçün indiyədək 17 milyon 734 min manat vəsait ödənilmişdir.

Zəlzələ bölgəsində həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər ardıcıl davam etdirilir.

 

 

Mustafa Dadaşov,

AzərTAc-ın müxbiri

Zaqatala

 

Azərbaycan.-2013.- 7 may.- S.10.