Azərbaycan Respublikasının nümayəndə heyəti Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı illik toplantısında iştirak etmişdir

 

Mayın 2-dən 5-dək Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı illik toplantısı keçirilmişdir. "İnkişafa təkan verək" devizi altında keçirilən illik toplantıda inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaq yolları müzakirə edilmişdir.

Azərbaycanı toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

Mayın 4-də illik toplantının rəsmi açılış mərasimində Hindistan Respublikasının Baş naziri Manmohan Sinqh və AİB-in yeni prezidenti Takehiko Nakao çıxış etmişdir.

Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan natiqlər, davamlı iqtisadi inkişaf, sosial məsələlərin həlli, yoxsulluğun aradan qaldırılması istiqamətində atılan addımlardan bəhs etmişlər. Qeyd olunmuşdur ki, son bir neçə onilliklər ərzində nəzərəçarpan tərəqqiyə nail olunsa da, bütövlükdə Asiya ölkələrində  hələ də həlli vacib bir sıra məsələlər vardır. Region ölkələrində ümumilikdə mütləq yoxsulluq içində milyonlarla çox insan yaşayır.

İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrə dəstək, gender bərabərliyi, regional inteqrasiya kimi mövzulara da toxunan Takehiko Nakao region ölkələrində hərtərəfli tərəqqi və artımın təmini üçün vacib olan özəl sektorun inkişafı, ekologiya, əməkdaşlıq və inteqrasiyanın AİB-in 2020-ci il üçün Strategiyasının əsas çağırışı olduğunu vurğulamışdır. AİB prezidenti kimi hədəflərini də açıqlayan T.Nakao bildirmişdir ki, fəaliyyəti boyunca xüsusilə qlobal iqtisadi məsələlərə diqqət artırılacaq və region ölkələrinin tərəqqisinə bankın verdiyi töhfələr davam edəcəkdir.

Bankın Rəhbərlər Şurası AİB-in 2012-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2013-cü il üçün büdcənin təsdiqi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması ilə və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul etmişdir.

Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2012-ci ildə görülən işləri yüksək qiymətləndirərək inkişaf etməkdə olan ölkələrə bundan sonra da kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulamışlar.

İllik toplantı çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirmişdir. AİB-in prezidenti Takehiko Nakao, bankın vitse-prezidenti Siaoyu Jao, Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser ilə keçirilən görüşlərdə AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Tərəflər Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamış, mövcud kredit portfelinin qiymətləndirilməsi, ölkəmizin bank ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparmışlar. Eyni zamanda, görüşdə AİB-in Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakı şəhərində keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati məsələlər barədə fikir mübadiləsi aparılmışdır. AİB rəsmiləri Bakı şəhərinin bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək Azərbaycanın AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübuta yetirəcəyinə əminliklərini ifadə etmişlər.

S.Şərifov Azərbaycan hökumətinin AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkili üçün müvafiq işlər gördüyünü diqqətə çatdırmışdır. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirən nazir demişdir ki, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Bundan başqa, nazir S.Şərifov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran, Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə işgüzar görüşlər keçirmişdir.

Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə, birgə layihələrin həyata keçirilməsi imkanlarına, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Şahin Cəfəörov,

AzərTAc-ın xüsusi müxbiri

Dehli

 

Azərbaycan.-2013.- 7 may.- S.10.