Ədliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbiyyat sərgisi

 

Milli dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda böyük ehtiram hissi ilə geniş qeyd olunur.

Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində mayın 6-da Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası (AMEA) ilə birgə Heydər Əliyev irsini əks etdirən ədəbiyyat sərgisi açılmışdır.

Nazirlik rəhbərliyinin iştirak etdiyi tədbiri açan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirmişdir ki, elmi fəaliyyətlərinin əsas istiqamətlərindən biri Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Bu məqsədlə atılan addımlar Heydər Əliyevin yüksək ideyalarının, Azərbaycanın tərəqqisində onun xidmətlərinin öyrənilməsinə, eləcə də gənc nəslin formalaşmasına xidmət edir.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 1000-dən çox kitabın nümayiş olunduğu diqqətə çatdırılmışdır. Həmçinin vurğulanmışdır ki, belə tədbirlərin təşkili respublikanın müxtəlif regionlarında, dövlət müəssisələrində, elm və təhsil ocaqlarında davam etdiriləcəkdir.

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan xalqına və dövlətçiliyinə daim sədaqətlə xidmət etmiş dahi şəxsiyyət Heydər Əliyevin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirmişdir. Nazir ulu öndərin siyasi uzaqgörənliyi, müdrikliyi, müasir hüquq sistemimizin inkişafındakı müstəsna rolundan və onun rəhbərliyi ilə aparılan hüquqi islahatlardan danışmış, açılan sərginin əbədiyaşar liderin çoxşaxəli fəaliyyətinin təbliği və öyrənilməsi baxımından böyük əhəmiyyətini qeyd etmişdir.

Sonra çoxsaylı ədliyyə işçiləri ulu öndərin hər kəsə nümunə sayılan həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə böyük maraqla tanış olmuşlar.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.11.