Lerikdə Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı konfrans

 

Lerikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə Heydər Əliyev meydanında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ümummilli liderin abidəsi ziyarət edilmiş, qarşısına tər gül-çiçək dəstələri qoyulmuşdur. Ardınca rayon mədəniyyət evində ulu öndərə həsr olunmuş kitab sərgisinə baxış keçirmişlər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov "Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi" mövzusunda geniş məruzə etmişdir. Bildirmişdir ki, Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Ulu öndər Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Qeyd edilmişdir ki, Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı vaxtlarda respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görmüşdü.

Sonra Milli Məclisin deputatı İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov və digərləri Heydər Əliyevin fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdilər. Vurğulandı ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd olundu ki, ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül aradan qaldırılmış və bununla da Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuşdu.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilmiş, ümummilli liderin 90 illik yubileyi münasibətilə keçirilmiş müsabiqə və idman yarışlarında qalib gəlmiş şəxslər mükafatlandırılmışlar. Tədbir rayonun mərkəzi meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.11.