Ulu öndər Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə qayıdışından sonra informasiya texnologiyaları sahəsində
böyük nailiyyətlər qazanılmışdır
Mayın
6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
münasibətilə tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər
Əliyevin mənalı və şərəfli həyat yoluna
həsr edilmiş sənədli film nümayiş
etdirilmişdir.
Tədbiri
giriş sözü ilə açan rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, ulu öndərin
90 illik yubileyi Azərbaycanın bütün bölgələrində
böyük təntənə ilə qeyd edilir, bu dahi
insanın respublikamızın tərəqqisi naminə
gördüyü nəhəng işlər bir daha
xatırlanır.
Vurğulanmışdır
ki, ötən əsrin 60-cı illərində Azərbaycan
İttifaq subyektləri sırasında iqtisadi cəhətdən
geridə qalmış respublika sayılırdı.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublikada
hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadi
dirçəliş dövrünə qədəm qoymuş,
ölkə iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, informasiya texnologiyaları sahəsində də
böyük nailiyyətlərə imza
atılmışdır.
Bildirilmişdir
ki, ulu öndər Heydər Əliyev əsl liderə məxsus
olan keyfiyyətlərdən bacarıqla istifadə edərək
respublikanın xalq təsərrüfatında bütün
imkan və vasitələri səfərbər edərək gələcək
inkişafla bağlı məqsəd və vəzifələr
müəyyənləşdirmişdir. Qısa zamanda
respublikamızda müasir sənaye müəssisələri,
istehsal sahələri istifadəyə verilmiş, sənayenin
ixrac potensialı artmışdır.
Bildirilmişdir
ki, güclü iradəyə və milli ruha malik olan ulu
öndər Heydər Əliyev Azərbaycan xalqının
azadlığının, müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi ən
ağır günlərdə öz xalqının iradəsinə
tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə
qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və
iqtisadi böhrandan çıxarılmasına və ən nəhayət,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə
uğurlar qazanmasına nail olmuşdur.
Ulu
öndərin bəşəri xidmətləri
sırasında milli neft strategiyasının işlənib
hazırlanması və tətbiqi olduqca mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə mərhələ-mərhələ
reallaşdırdığı milli neft strategiyası ölkəmizə
böyük uğurlar gətirmişdir. Neft amili müstəqilliyimizin
möhkəmlənməsi, iqtisadiyyatımızın digər
sahələrinin tərəqqisi, xalqın rifahının
yüksəldilməsində həlledici rol
oynamışdır.
Ümummilli
liderin Azərbaycanın elm, təhsil və texnoloji
inkişafına verdiyi töhfələr və bu sahədə
aparılan islahatları xüsusi qeyd edən nazir, Azərbaycanın
intellektual potensialının yüksəldilməsində Heydər
Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
Bütün
bunların nəticəsi kimi artıq Azərbaycanda
böyük texnoloji inkişafa başlanılmış, o
cümlədən güclü internet, "Elektron hökumət",
rəqəmsal televiziya yaradılmış, kosmik fəzanın
sülh məqsədilə istifadə olunması ilə
bağlı mühüm layihələr həyata
keçirilmişdir.
Sonra
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka"
şirkəti tərəfindən çap olunmuş "Heydər
Əliyev-90", həmçinin Azərbaycan Respublikası və
Rusiya Federasiyasının birgə buraxılışı olan
"Heydər Əliyev Müqəddəs Apostol Andrey
Pervozvannı Ordeninin Kavaleri" mövzusuna həsr olunmuş
poçt markalarının dövriyyəyə
buraxılması mərasimi olmuşdur.
Bundan
əlavə, nazirlik tərəfindən gözdən əlillər
üçün səslə idarə olunan mini kompyuterlər
5 nömrəli respublika xüsusi internat məktəbinin bir
qrup şagirdinə təqdim edilmişdir.
Tədbirdə
çıxış edən Milli Məclisin deputatı Asəf
Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov
və başqaları ulu öndərin XX əsrin sonlarında
Azərbaycanda dövlətçilik ənənələrinin
bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin
möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi
inkişaf yolu ilə inamla irəliləməsi, təhsil və
elm sahəsində, eləcə də onun azərbaycançılıq
ideologiyasının inkişafındakı rolu istiqamətində
misilsiz xidmətlərindən bəhs etmiş, xatirələrini
bölüşmüşlər.
Azərbaycan.-2013.- 7 may.- S.12.