Hərbi Prokurorluqda
«Heydər Əliyev müasir Azərbaycan
dövlətinin banisidir» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Mayın
6-da Azərbaycan Respublikası
Hərbi Prokurorluğunda
xalqımızın ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar "Heydər
Əliyev müasir Azərbaycan dövlətinin
banisidir" mövzusunda
elmi-praktiki konfrans keçirilmişdir.
Hərbi
Prokurorluğun mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, konfrans iştirakçıları
əvvəlcə Hərbi
Prokurorluğun inzibati
binasında ulu öndərin büstü
önünə əklil
və gül dəstələri qoymuş,
ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.
Azərbaycan Respublikası Baş
prokurorunun müavini -
hərbi prokuror, ədliyyə general-leytenantı
Xanlar Vəliyev konfransda məruzə ilə çıxış
edərək müasir
müstəqil dövlətimizin
memarı və qurucusu, xalqımızın
müdrik rəhbəri,
dünya şöhrətli
siyasi xadim, türk dünyasının
böyük oğlu, görkəmli dövlət
xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
həyata keçirdiyi
uğurlu islahatlar barədə ətraflı
məlumat vermişdir.
X.Vəliyev Vətən qarşısındakı
xidmətləri ilə
əbədiyaşarlıq qazanmış
ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində
respublika Hərbi Prokurorluğunda bir çox işlərin görüldüyünü bildirmişdir.
Qeyd etmişdir ki, bu günlərdə
istifadəyə verilən
respublika Hərbi Prokurorluğunun yeni inzibati binasının foyesində Heydər Əliyev irsinin araşdırılması məqsədi
ilə müasir elektron kitabxana yaradılmışdır.
Hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev
xüsusi vurğulamışdır ki, şərəfli və
mənalı ömür yolunu ölkəmizin tərəqqisinə
həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan
dövlətçiliyinin ideoloji-siyasi əsaslarını
yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq
ictimai şüurda əbədiyaşarlıq hüququ
qazanmışdır. Azərbaycan xalqının ən parlaq
simalarından biri olan qüdrətli şəxsiyyət Heydər
Əliyevin siyasi obrazı millətimizin dövlətçilik
şüurunun, tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən yüksək keyfiyyətlərinin
təcəssümüdür. Tarixin ən sərt və
çətin sınaqlarından keçməklə əxz
etdiyi milli dövlətçilik ənənələrini məhz
Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem
halına salaraq özünütəsdiq imkanı qazanmış
xalqımız həm də müstəqil dövlətdə
yaşamaq və özünüidarə etmək
haqqını qorumağı bacarmışdır.
Bildirilmişdir
ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində bu gün ölkəmiz
inkişaf etmiş dünya dövlətləri
sırasında öz xüsusi yeri olan bir dövlətə
çevrilmişdir.
Həyata
keçirilən mütərəqqi və beynəlxalq
standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə
demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi
müstəqilliyə nail olunmuş, xalqımızın
xoşbəxt gələcəyi üçün bütün
təminatlar yaradılmış, dönməz ictimai-siyasi
sabitlik və əmin-amanlıq bərqərar olmaqla,
qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş
cəmiyyəti formalaşdırılmışdır.
Məruzəçi
daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin
maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş
hüquqlarının müdafiəsinə xidmət edən
sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin
hərtərəfli təminatı üçün qanunverici,
maddi və sosial bazanın yaradılması ümummilli lider
Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.
Ulu
öndər Heydər Əliyevin siyasi xəttinin layiqli
davamçısı Prezident İlham Əliyevin
respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini
vurğulayan hərbi prokuror bu gün dövlət
başçısının Azərbaycanın iqtisadi və
sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin,
əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən
bəhs etmişdir. Xüsusilə vurğulanmışdır
ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik
siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji inkişaf konsepsiyasının
reallaşdırılmasını və doğma Azərbaycanımızın
hərtərəfli tərəqqisini təmin edir.
Azərbaycan
Prezidentinin müdafiə məsələləri üzrə
köməkçisi, Prezident Administrasiyası rəhbərinin
müavini Vahid Əliyev ulu öndərin müstəqil
dövlətimizin yaranmasında, möhkəmlənməsində,
eləcə də ordu quruculuğu sahəsində göstərdiyi
misilsiz xidmətlərdən danışmış,
bugünkü möhtəşəm
uğurlarımızın təməlində Heydər Əliyev
ideyalarının durduğunu bildirmiş, dahi rəhbərin
siyasətinin Prezident İlham Əliyev tərəfindən
çox uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır.
Konfransda
respublika Hərbi Prokurorluğunun Təşkilat-analitik
şöbəsinin prokuroru Pərviz Hacıyev ulu öndərin
gənclərə göstərdiyi diqqət və
qayğıdan danışmışdır.
Mərasimə
yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev
bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər
Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə
sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın
hər cür cinayətkar qəsdlərdən qorunması
istiqamətində Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən dövlətçilik tədbirlərində
yaxından iştirak edəcəkdir.
Azərbaycan.-2013.- 7 may.- S.12.