“Azərbaycanda Heydər Əliyevin aqrar
siyasəti” kitabı çapdan çıxmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qərib Məmmədovun "Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti" kitabı "Elm" nəşriyyatında nəfis tərtibatda çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, ulu öndər
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
edilmiş yeni nəşrin ümummilli liderin
aşağıdakı son dərəcə qiymətli fikirləri
ilə açılması bu kitabın dərin məna və
məzmununu tam dolğunluğu ilə ortaya qoyur: "Aqrar sahədə
aparılan islahatlar daha da çox nəticələr verir.
1996-cı ildə "Torpaq islahatı haqqında" qəbul
etdiyimiz qanun ardıcıl surətdə həyata
keçirilir. Torpağın çox hissəsi artıq şəxsi
mülkiyyətə verilibdir. Məmnuniyyətlə qeyd edirəm
ki, şəxsi mülkiyyətə verilən torpaqlardan daha
çox məhsul götürülür, daha səmərəli
istifadə olunur. Aqrar sektorda heyvandarlıq sahəsi özəlləşdirilib
və bunun müsbət nəticələri göz
qabağındadır. Azərbaycanda ət-süd məhsullarının,
bütün heyvandarlıq məhsullarının bu qədər
bol olması məhz özəlləşdirmənin nəticəsidir.
Bu proses də davam edir və
bundan sonra da davam edəcəkdir. Bir sözlə, Azərbaycan
bazar iqtisadiyyatı yolu tutubdur, bu yolla gedir və gedəcəkdir".
"Azərbaycanda
Heydər Əliyevin aqrar siyasəti" kitabında ulu öndərin
1969-1982-ci illərdə ölkənin kənd təsərrüfatının
dirçəldilməsi istiqamətində gördüyü
işlər, eləcə də bu dahi şəxsiyyətin
1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyəti
dövründə bilavasitə onun rəhbərliyi altında
respublikada aparılan aqrar islahatların, xüsusilə torpaq
islahatının uğurla başa çatdırılması
nəticəsində əldə olunan nailiyyətlər tam
dolğunluğu ilə əksini tapmışdır.
Yeni nəşrdə,
həmçinin ulu öndərin siyasi kursunun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2003-cü ildən sonra aqrar sektorun
inkişafı istiqamətində həyata keçirdiyi
dövlət əhəmiyyətli proqram və layihələr
sayəsində baş vermiş böyük kəmiyyət və
keyfiyyət dəyişikliklərindən ətraflı bəhs
olunmuşdur.
Akademik Qərib
Məmmədovun yeni kitabını oxuduqca bir daha məlum olur
ki, Azərbaycan xalqının ümummilli liderinin istər
1969-1982-ci, istərsə də 1993-2003-cü illəri əhatə
edən hakimiyyəti dövründə ulu öndərin daim
diqqət mərkəzində saxladığı sahələrdən
biri də aqrar sektor olmuşdur. Aqrar sahədə
islahatların, xüsusilə onun mühüm tərkib hissəsi
olan torpaq islahatlarının
aparılması, yeni əkinçi-torpaq münasibətlərinin
formalaşdırılması ümummilli lider Heydər Əliyevin
hakimiyyətinin bütün dövrlərində günün ən
vacib tələblərindən birinə çevrilmişdir.
Müəllif
dərin elmi araşdırmalar və təhlillər əsasında
belə bir qəti nəticəyə gəlir ki, Azərbaycanda
kənd təsərrüfatının inkişafı, bu məqsədlə aqrar sahədə həyata
keçirilən islahatlar, xüsusən onun tərkib hissəsi
olan torpaq islahatlarının aparılması, bu istiqamətdə
qazanılan uğurlar bilavasitə müdrik dövlət
başçısı və dahi siyasi xadim Heydər Əliyevin
tarixi xidmətləri ilə bağlıdır.
"Azərbaycanda
Heydər Əliyevin aqrar siyasəti" kitabı
islahatların gedişini əks etdirən faktlar və sənədlər
və bir çox illərin arxiv materialları ilə zəngindir.
Ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişaf
etdirilməsi sahəsində gördüyü nəhəng
işləri əks etdirən bu sənədlərin hər
biri respublikamızın aqrar tarixində iz qoyan və yaddaqalan
mühüm hadisələrin əks sədasıdır.
Ulu
öndərin əlamətdar yubileyi ərəfəsində
işıq üzü görmüş yeni kitab "Ulu
öndər Heydər Əliyevin 1969-1982-ci illərdə aqrar
sahədə apardığı işlərin ümumi səciyyəsi",
"Torpaq islahatının həyata keçirilməsini təmin
edən hüquqi bazanın yaradılması", "Ulu
öndər Heydər Əliyevin Azərbaycanda torpaq
islahatının aparılmasında rolu", "Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi Heydər Əliyevin torpaq islahatlarının
icraçısıdır", "Regionların sosial-iqtisadi
inkişafının daha da yüksəlməsi və torpaq-əkinçi
münasibətlərində yeni mərhələ",
"Qanunvericilikdəki dəyişikliklər torpaq üzərində
hüquqi münasibətlərin şəffaflığını
təmin edir" adı altında 6 fəsildən ibarətdir.
"Azərbaycanda
Heydər Əliyevin aqrar siyasəti" kitabı, həmçinin
ingilis və rus dillərində də nəşr
olunmuşdur. Əminliklə demək olar ki, yeni kitab
aqrar sektor üzrə qiymətli məlumat mənbəyi
olmaqla bərabər, ulu öndər Heydər Əliyevin 90
illik yubileyinə layiqli töhfədir.
Azərbaycan.-2013.- 7 may.- S.12.