Moskvada mini-futbol üzrə «Heydər Əliyev Kuboku» illik turniri keçirilmişdir

 

Mayın 4-də Moskvada "Lujniki" stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə "Heydər Əliyev Kuboku" turniri keçirilmişdir. Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olmuşlar.

Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilmişdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuşdur. Builki turnirdə 32 komanda - RAGT-nin Moskva, Vladimir, Kaluqa, TulaDomodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak etmişlər. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçirmişlər. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxmışlar. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olmuşlar.

Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirmişturnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik etmişdir. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim etmişdir.

Turnirin qalibi və "Heydər Əliyev Kuboku"nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olmuşdur. İkinci yerimüvafiq olaraq "gümüş" mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanmışdır. Yarımfinal oyunlarının yekunlarına görə Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülmüşlər.

Turnirin "Ən yaxşı qapıçısı" nominasiyasında mükafatı MDHİİ-nin tələbəsi Vladimir Zakolodin qazanmışdır. "Ən yaxşı bombardir" RDBTİGTU-nun tələbəsi Denis Bazovoy olmuşdur. "Ən yaxşı oyunçu" adına isə RDBTİGTU-nun tələbəsi Yuri Kerşner layiq görülmüşdür.

Turnirin oyunlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri izləmişlər. 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 5 may.- S.4.