Qazax bəstəkarının operasının Bakı səhnəsində uğurla tamaşaya qoyulması böyük hadisədir

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycana səfəri çərçivəsində mayın 6-da Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Əbülfəs Qarayev ölkəmizin TÜRKSOY ilə əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmiş, türkdilli ölkələrlə qarşılıqlı əlaqələrin önəmini vurğulamışdır.

Azərbaycan opera sənətinin şah əsəri olan "Koroğlu" operasının türkdilli ölkələrdə səhnəyə qoyulmasının əhəmiyyətini qeyd edən nazir, dahi Üzeyir Hacıbəylinin bu ölməz əsərinin İtaliya səhnəsində də oynanılması üçün təşəbbüs göstərildiyini diqqətə çatdırmışdır.

Nazir bütün bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında mədəni layihələrin uğurla həyata keçirilməsi ilə yanaşı, turizm əlaqələrini də inkişaf etdirməyin vacibliyini qeyd etmişdir.

May ayının sonunda Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verən Əbülfəs Qarayev onu tədbirdə iştiraka dəvət etmişdir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qazax bəstəkarı, Qazaxıstanın Dövlət mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin "Alpamıs" operasının premyerası münasibətilə paytaxtımıza gəldiyini bildirmişdir. Qeyd edilmişdir ki, opera Azərbaycan paytaxtında türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində təqdim olunmuşdur.

Qonaq qazax bəstəkarının operasının Bakı premyerasının uğurla gerçəkləşməsindən məmnunluğunu ifadə edərək demişdir: "Operanın premyerasının Bakıda keçirilməsi böyük bir hadisədir. Təəssüf ki, əsərin müəllifi bu yaxınlarda dünyasını dəyişdi və belə beynəlxalq səviyyəyə layiq təşkil olunan tamaşanı görməyə ömrü vəfa etmədi. Premyeranın uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, Opera və Balet Teatrının rəhbərliyinə Qazaxıstan rəhbərliyinin və TÜRKSOY-un adından dərin minnətdarlığımı bildirirəm. Belə layihələr xalqlarımızı yaxınlaşdırır və bizləri bir-birimizin mədəniyyəti, musiqisi ilə yaxından tanış edir".

TÜRKSOY-un baş katibi ümidvar olduğunu bildirmişdir  ki, bu yöndə əlaqələrimiz daha da inkişaf edəcək və türkdilli ölkələrin mədəniyyəti qardaş ölkələrdə daim təmsil olunacaqdır.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.13.