Yaponiyanın «Rainbow Town FM 79.2 Tokyo» radiosunda Azərbaycan haqqında veriliş səsləndirilmiş, onun videogörüntüləri radionun veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir

 

Mayın 5-də Yaponiyanın "Rainbow Town FM 79.2 Tokyo" radiosunda Azərbaycan haqqında xüsusi veriliş səsləndirilmiş, onun videogörüntüləri http://www.ustream.tv/user/Rainbowtown FM veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, verilişdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, səfirliyin birinci katibi Nərminə Aslanova, konsul Rövşən Mirzəyev və AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev iştirak etmiş, dinləyicilərin suallarını cavablandırmışlar. Veriliş boyunca tanınmış caz ifaçısı Sevda Ələkbərzadənin ifasında Azərbaycan mahnıları səsləndirilmiş, Bakıdan onunla birbaşa radio bağlantısı yaradılmışdır.

Bir saat davam edən verilişin əvvəlində aparıcılar Soişi İki və xanım Naomi Oki 21 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumat vermişlər.

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsində hazırda anadan olmasının 90 illiyi həm Azərbaycanda, həm də onun hüdudlarından uzaqlarda geniş şəkildə qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi rolu vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmiş, ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar barədə məlumat verilmişdir.

Veriliş zamanı Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının ötən il qeyd edilmiş 20-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbirlər barədə geniş danışılmış, yapon dilində nəşrlər təqdim olunmuşdur.

Yaponiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmiş, GUAM+Yaponiya layihəsi çərçivəsində əməkdaşlıq barədə də məlumat verilmişdir. Yaponiyanın aparıcı şirkətlərindən biri olan "İtoçu"nun "Əsrin müqaviləsi"nə qoşulması, bunun nəticəsində Azərbaycan ilə Yaponiya arasında neft hasilatı sahəsində əməkdaşlığa başlanıldığı qeyd edilmişdir. Yaponiyanın digər şirkətlərinin də Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdikləri bildirilmişdir.

Verilişdə son illər yapon turistlərinin Azərbaycana axınının artmasının müşahidə edildiyi vurğulanmış, ölkəmizin görməli yerləri, ləziz milli mətbəx nümunələri, eləcə də şərabları barədə məlumat verilmişdir.

Hər iki ölkənin təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycanın Yaponiyadakı səfirliyinin həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətləri daxilində olduğu qeyd edilmişdir.

Azərbaycanın bir sıra böyük, beynəlxalq səviyyəli layihələrə imza atdığı və hazırda dünyanın ən hündür televiziya qülləsini inşa etmək iddiasında olduğu bildirilmişdir. Azərbaycan hökumətinin ölkədə mətbuat və fikir azadlığına xüsusi diqqət yetirdiyi qeyd edilmiş, hazırda 600-dən artıq KİV-in dövlət qeydiyyatına alındığı, altı respublikabir çox regional səviyyəli televiziya kanallarının fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 1920-ci ildən fəaliyyət göstərən AzərTAc artıq beynəlxalq səviyyəli informasiya agentliyinə çevrilmişdir və dünyanın müvafiq qurumları, o cümlədən Yaponiyanın Kyodo News agentliyi ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Agentliyin 2011-ci ildə Tokioda xüsusi müxbir məntəqəsinin yaradıldığı qeyd edilmişdir.

Veriliş zamanı dinləyicilərin suallarını cavablandıran Sevda Ələkbərzadə göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, yapon dinləyiciləri Azərbaycana səfərə dəvət etmişdir.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.13.