Azərbaycan Texniki Universitetində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 150 illiyi qeyd olunmuşdur

 

Mayın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQXQAH) 150 illiyinə və Azərbaycanda Qızıl Aypara Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AzTU-nun rus dili və pedaqogika kafedrasının təşkil etdiyi tədbirdə BQXQAH-ın yaranmasından, dünyanın müxtəlif ölkələrində gördüyü işlərdən danışılmış, bu beynəlxalq humanitar təşkilatın fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır.

AzTU-nun prorektoru İsa Xəlilov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən, universitet Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindən, tələbələrin  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) tədbirlərində fəal iştirakından danışmışdır.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bakı nümayəndəliyinin rəhbəri xanım Denis Düran təmsil etdiyi qurumun yaranmasından, strukturundan söz açmışdır. Bildirilmişdir ki, dünyada BQXK-nın 187 təşkilatı vardır və onlar çalışdıqları ölkələrdə sosial problemlərin həlli istiqamətində fəaliyyət göstərirlər. Bu təşkilatlar əhalinin ən çox etibar etdiyi, ümid bəslədiyi qurumlar olaraq böyük rəğbət qazanmışlar.

D.Düran münaqişə zonasında yaranan mübahisəli məsələlərin həlli, əsirlərin dəyişdirilməsi ilə bağlı görülən işlərdən də danışmışdır.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səbinə Məhbubi təmsil etdiyi qurumun əsas məqsədlərindən danışmışdır. Bildirmişdir ki, mayın 8-də yaranmasının 150 illiyi tamam olacaq federasiyanın əsas məqsədi insanların ehtiyaclarını öyrənmək və onlara yardım göstərməkdir. Hər il təxminən 150 milyon insan bu qurumun xidmətlərindən istifadə edir. Federasiya milli mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, ehtiyacı olan  hər kəsə kömək edir və ətrafında 13 milyon könüllünü birləşdirir.

S.Məhbubi görüləcək işlər, həyata keçiriləcək beynəlxalq proqramlar haqqında məlumat vermişdir.

AQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslan rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan ilə yanaşı, bir sıra xarici ölkələrdə yardıma ehtiyacı olanlara kömək göstərilməsindən danışmışdır.

Tədbirdə AQAC-ın fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi və videosüjet nümayiş olunmuş, bu qurumun himni səslənmişdir.

Sonda tələbələrin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.-2013.- 7 may.- S.13.