«ASAN xidmət»də «YARAT!» Müasir
İncəsənət Məkanının sərgisi nümayiş olunmuşdur
Mayın
6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və "YARAT!" Müasir İncəsənət
Məkanının birgə təşkilatçılığı
ilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilmiş sərgi açılmışdır.
AzərTAc
xəbər verir ki, açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri İnam Kərimov rəhbərlik etdiyi
qurumun gördüyü işlərdən
danışmışdır. Bildirmişdir ki, "ASAN xidmət"
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü
ilə yaradılmışdır. "ASAN xidmət" mərkəzlərində
yaşayış yerindən asılı olmayaraq bütün
vətəndaşlara xidmət göstərilir.
Məqsədimiz
vətəndaşların gözlədiklərinə uyğun
xidmətləri onlara təqdim etmək və dövlət
qulluqçusu - vətəndaş münasibətlərini
keyfiyyətcə daha yüksək səviyyəyə
qaldırmaqdır. Burada nümayiş etdirilən sənət
əsərləri də vətəndaşlarımızın
mənəvi dünyasının zənginləşməsinə
xidmət göstərəcəkdir.
"YARAT!"
Müasir İncəsənət Məkanının rəhbəri
Aida Mahmudova qeyd etmişdir ki, 1 saylı Bakı "ASAN xidmət"
mərkəzinə çoxlu sayda insanlar gəlir. Belə bir
məkanda sərginin nümayişi daha çox insanın
müasir incəsənətlə tanış olmalarına
kömək edə bilər. Sərgidə üç rəssamın
- Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin
əsərləri nümayiş etdirilir. Belə bir sərginin
təşkili başqa təşkilatlara da müasir Azərbaycan
incəsənətini dəstəkləmək
baxımından nümunə ola bilər.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin
sədri Fuad Məmmədov sərginin əhəmiyyətindən
danışmış, "YARAT!" Müasir İncəsənət
Məkanının rəhbəri Aida Mahmudovaya təşəkkürünü
bildirmişdir.
Sonra
sərgiyə baxılmışdır. Nümayiş olunan əsərlər
tamaşaçılarda xoş təəssürat
oyatmışdır.
Azərbaycan.-2013.- 7 may.- S.15.