Fransada nəşr olunan jurnal bir
nömrəsini bütünlükdə Azərbaycana
həsr etmişdir
Son illərdə müstəqillik əldə edən gənc Azərbaycan dövlətinin sürətli inkişafı dünya mətbuatının diqqət mərkəzindədir. Müxtəlif ölkələrin, o cümlədən Fransanın kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin Cənubi Qafqaz bölgəsində lider və aparıcı dövlət olması, beynəlxalq aləmdə imicinin yüksəlməsi, inkişaf etmiş nəhəng ölkələr arasında söz sahibinə çevrilməsi, eləcə də qədim tariximiz, zəngin mədəniyyət və incəsənətimiz ilə bağlı məqalələrə vaxtaşırı rast gəlinir.
Parisdə nəşr olunan "Diplomatiya" ("Diplomatie") jurnalının xüsusi nömrəsinin bütünlükdə Azərbaycana həsr olunması bunun bariz nümunəsidir.
Jurnalda Qafqazın mirvarisi olan Azərbaycanın tarixindən, geosiyasi mövqeyindən, diplomatiyasından, iqtisadiyyatından və digər sahələrindən bəhs edən materiallar dərc olunmuşdur.
Jurnalın ilk səhifələrində Fransa Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tədqiqatçıları Emil və Emin Kərimov qardaşlarının "Azərbaycan: tarixi eskizlər" yazısı yer almışdır. Məqalədə ölkəmizin eramızdan əvvəldən başlayaraq XX əsrə qədər olan dövrü əhatə edən tarixindən bəhs edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ilə müsahibə "Azərbaycanın geosiyasəti" başlığı altında verilmişdir. Məqalədə Azərbaycanın NATO ilə əməkdaşlığına, Xəzər dənizinin statusuna, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanan protokollara Azərbaycanın münasibəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun iştirakı ilə 2010-cu ildə müzakirə olunan "Madrid prinsipləri"nə, azərbaycanlı zabitin azadlığa buraxılmasına dair fikirlər öz əksini tapmışdır.
Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun "Ermənistan ilə Azərbaycan arasında müharibə" başlıqlı məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri və müxtəlif arqumentləri barədə fransız oxuculara ətraflı məlumat verilmişdir.
Fransalı tədqiqatçı Pyer Conesanın məqaləsində "böyük Ermənistan imperiyası" xülyasına qapılan ermənilərin və beynəlxalq ictimaiyyət tərəfindən terrorçu təşkilat kimi tanınan ASALA-nın azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından, xüsusilə XX əsrin qanlı səhifələrindən biri olan Xocalı faciəsindən bəhs edilmiş, Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək niyyəti güdən Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunun işğal edilməsi ətraflı təhlil olunmuşdur.
Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyovun "Azərbaycan,
Avropa və Fransa" sərlövhəli məqaləsində
Avropa və Asiya qitələri arasında yerləşən
Azərbaycanın zəngin mədəniyyətindən,
dünya elminə, mədəniyyətinə və ədəbiyyatına
bəxş etdiyi dühalardan, Prezident İlham Əliyevin
apardığı uğurlu xarici siyasətdən, Fransa-Azərbaycan əməkdaşlığının
inkişaf etdirilməsində Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü
ilə ölkəmizi Fransada tanıtmaq istiqamətində həyata
keçirilən tədbirlərdən, ölkəmizin
müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara üzv
olmasından, Azərbaycan iqtisadiyyatının
inkişafından,
Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və digər
məsələlərdən söhbət
açılmışdır.
Fransanın
Orn departamentinin Leql şəhərinin meri Tierri Pino ilə
müsahibə jurnalda "Leql-Naftalan"
başlığı ilə dərc olunmuşdur. Mer Fransa ilə
Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini, ölkəmizin
güclü iqtisadi potensiala malik olduğunu, Leql şəhəri ilə Azərbaycanın
Naftalan şəhərinin qardaşlaşmasının iki xalq
arasında dostluq əlaqələrinin daha da inkişaf etməsi
və möhkəmlənməsinə bir töhfə
olduğunu vurğulamışdır.
"Fransa-Azərbaycan
diplomatik əlaqələri" - Fransanın ölkəmizdəki
səfiri Paskal Mönye ilə müsahibə belə
adlandırılmışdır. Səfir Fransa ilə Azərbaycan
arasında diplomatik əlaqələrin
yaradılmasının 20 illiyinin təntənəli şəkildə
qeyd edilməsindən, Fransanın 1991-ci il dekabrın 30-da Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdən
olmasından, Azərbaycanın demokratik islahatlar yolu
tutmasından, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrdən
birinin Fransa olmasından, Azərbaycanda Fransanın bir çox
şirkətlərinin fəaliyyət göstərməsindən,
fransız müəssisələri ilə Azərbaycan müəssisələri
arasında müştərək layihələrin həyata
keçirilməsindən və
ölkələrimiz arasında digər əlaqələrdən
söhbət açmışdır.
Jurnalda
dərc olunan "Qafqazda strateji əməkdaşlıq "
yazısında keçmiş nəqliyyat
naziri, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri,
deputat Tierri Mariani Cənubi Qafqaz xalqları arasında spesifik
geosiyasi əməkdaşlıqdan danışmış,
enerji təhlükəsizliyi sahəsində 2006-cı il noyabrın
7-də Avropa İttifaqı ilə Azərbaycan arasında
Anlaşma Memorandumunun imzalandığını
xatırlatmış, iqtisadiyyatın müxtəlif sahələrində
iki ölkə arasında genişlənməkdə olan
mövcud əməkdaşlıqdan bəhs etmişdir.
Qrenobl
Universitetinin müəllimi Jak Fontanelin "Qloballaşan
dünyada Azərbaycan iqtisadiyyatı" məqaləsində dünyanı bürüyən
maliyyə böhranına baxmayaraq Azərbaycan
iqtisadiyyatının yüksəlişdə olduğu, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin iqtisadiyyatın
sürətli inkişafına maneəçilik törətdiyi,
neft amilinin milli iqtisadi tərəqqidə
mühüm rol oynadığı xüsusi
vurğulanmışdır.
Fransanın
Bakıdakı səfirliyinin iqtisadi məsələlər
üzrə əməkdaşı Danyel Pata ilə müsahibə
"Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr"
adı altında dərc olunmuşdur. Müsahibədə
ölkələrimiz arasında ayrı-ayrı sahələri
əhatə edən əlaqələrin inkişafından
söhbət açılmışdır.
"Total"
şirkətinin baş direktoru Kristian Giudelli "Total" və
Azərbaycan" sərlövhəli müsahibəsində rəhbərlik
etdiyi şirkətin ölkəmizdə 1996-cı ildən
etibarən fəaliyyət göstərdiyini
xatırlatmış, "Total"ın bir çox layihələrdə
layiqincə təmsil olduğundan, karbohidrogen
ehtiyatlarının istismarı sahəsində Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə əməkdaşlıqdan
məmnunluğunu bildirmişdir. Jurnalda müxtəlif sahələrlə
bağlı çoxlu sayda fotoşəkillər dərc
olunmuşdur.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 7 may.- S.15.