Bakıda Birinci Cənubi Qafqaz Forumu işə
başlamışdır
Azərbaycan
Prezidenti İlham Əliyev Forumun rəsmi
açılış mərasimində iştirak etmişdir
Mayın
7-də Bakıda Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin birgə təşkilatçılığı
ilə Birinci Cənubi Qafqaz Forumu işə
başlamışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva forumun rəsmi
açılış mərasimində iştirak etmişlər.
Birinci
Cənubi Qafqaz Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail SERAGELDİN
açdı, müzakirə olunacaq məsələlər barədə
məlumat verərək dedi:
- Bu
gün biz buraya bir məqsədlə - "Birgə cəmiyyətlər"
mövzusunda Birinci Cənubi Qafqaz Forumunda iştirak etmək
üçün toplaşmışıq.
Qeyd
etmək istəyirəm ki, forumda sivilizasiyaların
toqquşması, müştərək dəyərlər, cəmiyyətlərimizi
idarə edən normalar haqqında söhbət
açılacaqdır. Əslində, istənilən
mövzular haqqında burada suallar verilə bilər.
İnsanlar öz aralarında olan mədəniyyət fərqlərinə,
gender bərabərliyinə, gələcəkdə davamlı
cəmiyyətin formalaşdırılmasına dair məsələləri
müzakirə edirlər.
Forumda
demək olar ki, bütün qitələrdən olan liderlər,
prezidentlər, baş nazirlər iştirak edirlər. O insanlar
öz ölkələrində keçid dövrünü
idarə ediblər, yaşayıblar və bu foruma gəliblər
ki, təcrübələrini bizimlə
bölüşsünlər. Təbii ki, onlar öz fikirlərini
forum çərçivəsində ifadə edəcəklər.
Bizi qəbul edən şəxs Zati-aliləri, doktor İlham Əliyev
Azərbaycan Respublikasının Prezidentidir. Sözü ona
veririk.
* * *
Prezident
İlham Əliyev forumun açılış mərasimində
nitq söylədi.
Azərbaycan Prezident İlham Əliyevin
nitqi
-
Hörmətli xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Sizin
hamınızı ölkəmizdə salamlamaq istəyirəm.
Belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim
üçün böyük şərəfdir. Regional
inkişaf, islahatlar, regional əməkdaşlıqla
bağlı məsələlərin müzakirə edilməsi
üçün Bakını seçdiklərinə görə
təşkilatçılara olduqca minnətdaram.
Azərbaycan
müstəqillik baxımından kifayət qədər gənc
ölkədir. Ölkəmizin müstəqil dövlət kimi
cəmi 21 yaşı vardır. Azərbaycan böyük tarixə,
adət-ənənələrə və mədəniyyətə
malik olan ölkədir. Forumun təşkilatçılarından
biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Bu, dahi Azərbaycan
şairi Nizaminin adını daşıyır. Dünən mənim
bəzi qonaqlarla görüşlərim olub. Onların bəziləri
ölkəmizə ilk dəfədir ki, səfər edirlər.
Hesab edirəm ki, ölkəmizi daha yaxından tanımaq onlar
üçün daha da maraqlı olardı.
İştirakçılar arasında çoxdankı
dostlarımız vardır. Bu forumu Bakıda keçirdiyinə
görə Madrid Klubuna xüsusi təşəkkürümü
bildirmək istəyirəm.
Azərbaycan
gənc müstəqil ölkədir. Lakin XX əsrin əvvəlində
dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan
Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini
qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz
Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci
ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki,
bu, kiçik bir dövr idi, lakin bir çox islahatları həyata
keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil
Azərbaycanın inkişafı üçün zəmin
yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək
hüququnun verilməsi oldu. Bu, həmçinin Azərbaycan cəmiyyətinin
inkişaf səviyyəsini göstərdi. Bundan sonra Sovet
İttifaqı dövrü başladı. Bu halda biz müstəqil
deyildik. Azərbaycan xalqı 70 il ərzində Sovet
İttifaqı daxilində yaşadı. Sovet
İttifaqının dağılmasından sonra bizə
dövləti yaratmaq üçün ikinci şans nəsib
oldu. Həmin vaxt bizim bu şansı itirməyə
haqqımız yox idi. Müstəqilliyin ilk illəri -
1991-1993-cü illər zorakılıq, iqtisadi durğunluq və
böhran xalqımız üçün böyük fəlakətə
çevrilən Ermənistanın Azərbaycana qarşı təcavüzü
və vətəndaş qarşıdurması ilə
müşayiət olunurdu.
Həmin
dövrün bir çox çətinliklərindən
çıxmağımıza və ölkəmiz
üçün keçid dövrünün başa
çatmasına baxmayaraq, Ermənistanla Azərbaycan
arasında həll olunmamış münaqişə nəinki
bizim üçün, həmçinin regional inkişaf,
sülh və sabitlik üçün ən böyük hədədir.
Biz münaqişənin beynəlxalq hüququn norma və
prinsipləri əsasında tezliklə həll edilməsini istəyirik.
Biz beynəlxalq ictimaiyyətin tanıdığı ərazi
bütövlüyümüzün bərpasını istəyirik.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi,
Azərbaycanın qədim torpağıdır. İyirmi ildən
artıqdır ki, nəinki Dağlıq Qarabağ, həmçinin
onun ətrafındakı 7 rayon da Ermənistanın
işğalı altındadır. Artıq iki on illikdən
çoxdur ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar
işğalçı qüvvələrin
çıxmasını tələb edən qətnamə və
qərarlar qəbul ediblər. Onların
arasında mən Azərbaycan ərazilərindən erməni
qoşunlarının qeyd-şərtsiz və dərhal
çıxmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini qeyd etmək istəyirəm.
Əfsuslar olsun ki, bu qətnamələr yerinə
yetirilməyib. Burada biz beynəlxalq təşkilatların
və qətnamələrin effektivliyi kimi mühüm məqama
gəlib çıxırıq. Təəssüflər
olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri
20 ildən çoxdur ki, yerinə yetirilməyib.
Biz ölkəmizi gücləndirməkdə davam edəcəyik. Siyasi və
iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik.
Nə qədər güclü olsaq,
münaqişəni bir o qədər tez həll edə bilərik.
Sülh bundan sonra regionda bərqərar ola
bilər. Bu gün Cənubi Qafqaz haqqında
danışdıqda deyə bilərik ki, Gürcüstan ilə
Azərbaycan arasında gözəl əməkdaşlıq
nümunəsi vardır. Lakin Cənubi
Qafqazın digər dövləti ilə çox mənfi
münasibətlərimiz mövcuddur. Buna
görə regionda davamlı inkişafı təmin etmək
üçün əlbəttə ki, Cənubi Qafqaz daha
çox inteqrasiya olunmalıdır. Dağlıq
Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycanın
beynəlxalq səviyyədə tanınan əraziləri azad
olunmadan bu, mümkün deyildir.
Bu çətinliyə və Ermənistanın təcavüzü
nəticəsində dəymiş ziyana baxmayaraq, biz
güclü ölkə qurmaq və insanlarımızın
rifahını yaxşılaşdırmaq kimi məqsədlərə
sadiq qalmışıq. Bir sözlə, 1990-cı illərin ortalarından biz
diqqətimizi siyasi və iqtisadi islahatlara yönəltdik. Bu proses davam
edir. Siyasi baxımdan Azərbaycan inkişaf edir,
çünki müstəqilliyimizi qazandıqdan əvvəl
heç bir siyasi sistem mövcud deyildi. Hazırda
bizim bütün siyasi təsisatlarımız vardır, beynəlxalq
ictimaiyyətin üzvüyük. Biz siyasi
islahatları həyata keçiririk və cəmiyyətimizin
daha da demokratikləşməsi bizim üçün əsas
prioritetdir.
Biz tam əminik ki, siyasi və iqtisadi islahatları paralel
şəkildə aparmalıyıq. Uzunmüddətli inkişafa nail
olmaq üçün bu islahatlar bir-birini dəstəkləməlidir.
İqtisadi islahatlara gəldikdə, biz müstəqillik
vaxtlarından böyük irəliləyişə nail
olmuşuq. Yalnız son 10 ildə ümumi
daxili məhsul 300 faiz artıb. Fikrimcə,
bu, dünya rekordudur. Eyni zamanda, biz
yoxsulluğu 50 faizdən 6 faizə qədər azalda bildik.
İşsizliyi 5 faizə qədər
azaltdıq. Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin,
iqtisadiyyatımızı şaxələndirdik. Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq
maliyyə təsisatlarının diqqətindən
yayınmamışdır.
Əsas beynəlxalq maliyyə təsisatlarının
verdiyi qiymət çox müsbətdir. Hətta iqtisadi və maliyyə
böhranı illərində "Fitch", "Standard and
Poor's", "Moody's" kimi beynəlxalq reytinq agentlikləri
Azərbaycanın kredit reytinqini
artırmışdır. Davos İqtisadi
Forumu qlobal rəqabət qabiliyyətliliyi indeksinə görə
Azərbaycanı 46-cı yerdə yerləşdirib. Bu, islahatların təcəssümüdür.
Biz əsas iqtisadi islahatları həyata
keçirə bildik və artıq qeyd etdiyim kimi, iqtisadi
inkişaf baxımından keçid dövrü başa
çatıb. Hazırda iqtisadiyyatımızın
83 faizi özəl sektor tərəfindən təmin edilir.
Özəl sektor çox güclüdür və
iqtisadi baxımdan Azərbaycanın gələcək
inkişafı çox cəlbedici görünür.
Hazırda əsas diqqətimizi qeyri-enerji sektoruna yönəldirik. Bildirdiyim kimi,
iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli
hədəfdir. Böyük məmnunluqla bəyan
edə bilərəm ki, 2013-cü ilin ilk 3 ayında qeyri-enerji
sektorunda inanılmaz artım müşahidə olunub. Bu artım 11 faizdən çoxdur. Bu, o deməkdir ki, kənardan və daxildən cəlb
etdiyimiz sərmayələr iqtisadiyyatın şaxələndirilməsinə
yönəldilib. Çünki şaxələndirmə
olmadan uğur qazana bilmərik. Biz
müasir texnologiyalara böyük investisiyalar
yatırırıq. Bu il mühüm
hadisə baş verdi. Azərbaycanın ilk
"Azərspace-1" peyki fəzaya buraxıldı. Bu, Azərbaycanda kosmos sənayesinin
başlanğıcıdır. "Azərspace-1"
o deməkdir ki, "Azərspace-2", "Azərspace-3"
və digərləri olacaqdır. Biz Azərbaycanda
güclü kosmos sənayesinin qurulması üçün
beynəlxalq tərəfdaşlarımızla işləyirik.
Enerji sektoru iqtisadiyyatımızın
mühüm hissəsi olaraq qalır.
Bu da təbiidir. Uzun illər və onilliklər ərzində
Azərbaycan neft ölkəsi kimi tanınıb. Hazırda isə Azərbaycan qaz
hasilatçısı kimi tanınır. Enerji sektoruna
qoyulan investisiyalar bizə Azərbaycanda olduqca müsbət sərmayə
mühitini yaratmağa imkan verdi. Adambaşına xarici sərmayələrin həcminə
görə Azərbaycan regionda ən yüksək göstəriciyə
malikdir.
Azərbaycana sərmayə yatıran şirkətlər
üçün çox güzəştli şərtlər
tətbiq olunur. Bütövlükdə investisiya
mühiti çox müsbətdir. Fikrimcə,
enerji hasilatından əldə etdiyimiz gəlirlərdən
düzgün şəkildə istifadə etdik ki, öz enerji
sektorunda işə başladıqdan sonra bəzi ölkələrin
üzləşdiyi çətinliklər bizdə
yaşanmasın. Buna görə Azərbaycanın
Dövlət Neft Fondu kimi maliyyə vəsaitlərinin idarə
edilməsi üzrə çox mühüm mexanizm
yaradıldı. Bu fond bütün
dünyada mövcud olan suveren fondlar arasında ən şəffaf
qurumlardan biridir.
Beləliklə, biz varlıların daha da varlanması,
yoxsulların isə daha da kasıblaşması ilə
xarakterizə olunan vəziyyətdən
sığortalandıq. Buna görə yoxsulluğun və
işsizliyin azaldılması qarşıya əsas məqsəd
kimi qoyulmuşdu.
Sərvətlərin ədalətli
bölüşdürülməsi, infrastruktura, insan
kapitalına, əsasən, təhsil sahəsinə sərmayələrin
qoyulması vacib vəzifə olaraq qalır. Təhsil
uğurun əsas şərtidir. Uğur
qazanan ölkələrin tarixi və təcrübəsi
göstərir ki, bu, enerji resursları ilə deyil, intellektual
potensialla bağlı olan məsələdir. Gələn illər ərzində intellektual potensial
bütün məsələlərin həllində, siyasi və
iqtisadi inkişafda daha mühüm rol oynayacaqdır. Qlobal xəritədə ölkələrin
oynadığı rol insanların intellektual potensialından
daha çox asılı olacaqdır. Buna
görə biz insan kapitalına böyük sərmayələr
yatırırıq. On il əvvəl
bəyan etdik ki, biz qara qızılı insan
qızılına - insan kapitalına çevirəcəyik.
İqtisadiyyatın şaxələndirilməsi, sosial və
infrastruktur layihələrin icrası və Azərbaycanda
gördüyümüz dəyişikliklər göstərir
ki, bizim keçid dövründə yaxşı təcrübəmiz
vardır. Yəni, totalitar cəmiyyətdən demokratik cəmiyyətə,
dövlətin planlı iqtisadiyyatından bazar
iqtisadiyyatına keçiddə yaxşı təcrübəmiz
vardır. Bu halda adi insanlar
üçün çətinliklər yaranmadı. Çünki radikal islahatlar hər zaman adi insanlar
üçün problemlər yaradır. Buna
görə biz çox səmərəli sosial siyasət həyata
keçirdik.
Bu gün Azərbaycan güclü maliyyə
potensialına və artıq şaxələndirilmiş
daşıma marşrutlarına, müasir infrastruktura malik
olan, tam öz gücünə arxalanan ölkədir. Böhran bizə
böyük təsir göstərmədi. Əlbəttə
ki, enerji amili gələcəkdə öz rolunu oynayacaq və
daha böyük inkişafa çatmaqda bizə
yardımçı olacaqdır. Hazırda
isə deyə bilərəm ki, Azərbaycanın enerji
resursları, həmçinin regional əməkdaşlıq
üçün mühüm rol oynayır. Yeri gəlmişkən, Azərbaycan neft hasil edən
ilk ölkə olub. Azərbaycan, həmçinin
dünya miqyasında dənizdə nefti hasil edən ilk ölkə
olub. Azərbaycan xarici şirkətləri
və sərmayələri Xəzər dənizinə cəlb
edən və bu dənizi beynəlxalq neft əməliyyatlarına
açıq edən yenə də ilk ölkə olub. Xəzər dənizindən gedən ilk boru kəmərlərini
Azərbaycan öz tərəfdaşları ilə tikib,
Gürcüstan və Türkiyəyə boru kəmərləri
çəkilib. Bu, nəinki Cənubi
Qafqazın, daha geniş regionun enerji xəritəsini tam dəyişir.
Bu gün enerji təhlükəsizliyi sahəsində
yüz ildən artıq dövrə kifayət edən
böyük enerji potensialımızı reallaşdırmaq məqsədi
ilə dostlarımız və tərəfdaşlarımızla,
xüsusən də, Avropa təsisatları və əlbəttə
ki, qonşularımızla çox fəal işləyirik.
Trans-Anadolu boru kəməri layihəsi kimi bu
yaxınlarda başladığımız layihə enerji
sektorunda əsl islahat deməkdir və o bizə hasil etdiyimiz qədər
nəql imkanı yaradacaqdır. Tranzit və
istehlakçılar bundan bəhrələnə biləcək
və şaxələndirilmiş təchizat mənbələrinə
malik olacaqlar. Buna görə
hasilatçı və istehlakçı ölkələrdə
şaxələndirmə uğuru təmin edən ilk şərtlərdən
biridir.
Biz olduqca məhsuldar regional əməkdaşlıq
formatını qurmuşuq və çalışırıq
ki, hasilatçıların, tranzit ölkələrin və
istehlakçıların maraqlarını tarazlaşdıraq. Çalışırıq
yersiz rəqabətə yol verməyək. Enerji siyasətimiz rəqabətə deyil, əməkdaşlığa,
hamının bəhrələndiyi vəziyyətə əsaslanır.
Hesab edirəm ki, son onillik tarix aydın şəkildə
göstərir ki, bu yanaşma çox səmərəlidir.
Buna görə bu potensialdan istifadə,
inkişaf proqramlarımız və olduqca fəal xarici siyasət,
fikrimcə, gələn illər ərzində Azərbaycanın
uğurlu inkişafını müəyyən edəcəkdir.
Bu gün qonaqlarımız arasında tanınmış
siyasətçilər, dövlət xadimləri vardır. Onlar beynəlxalq
münasibətlərdə mühüm rol oynayıblar və
bundan sonra da oynayacaqlar. Bu haqda bir neçə
söz demək istərdim. Bizim çox fəal
xarici siyasətimiz vardır. Azərbaycanın
yürütdüyü xarici siyasət hətta gözləniləndən
də artıq fəal siyasətdir. Bu fəaliyyətin
nəticəsi onunla izah olunur ki, biz beynəlxalq təşkilatlarda
mühüm rol oynayırıq. Biz
dünyada nadir ölkələrdən biriyik ki, eyni zamanda həm
İslam Əməkdaşlıq Təşkilatının, həm
də Avropa Şurasının üzvüyük. İki
ildən az müddət öncə Azərbaycan 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilib. Bu, çox
mühüm hadisə idi və müstəqilliyimizin 20-ci
ildönümü ilə üst-üstə düşdü.
İyirmi il ərzində
gördüyümüz işlər nəticəsində biz
155 ölkənin dəstəyini qazana bildik. Bu
da bizim qlobal arenada oynadığımız rolun təcəssümü
idi. Beynəlxalq təşkilatlara
üzvlük məsələsinə qayıtsaq, yəni,
Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatına
üzvlüyümüz haqqında danışsaq, mən
öz fikirlərimizi belə bir ideya ilə
yekunlaşdırmaq istərdim. Bu, sırf
coğrafi formatla, xarici siyasi fəaliyyətimizlə
bağlı deyildir. Bu, həmçinin
xalqımızın qədim tarixindən və köklərindən
gələn məsələdir. Əsrlər
boyu Azərbaycan dinlərin, etnik qrupların sülh şəraitində,
yan-yana yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik Azərbaycanın
ən böyük sərvətlərindən biridir. Hesab edirəm ki, uğuru təmin edən əsas səbəblərdən
biri Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin
olmasıdır. Biz multikulturalizmi çox
yüksək dəyərləndiririk. Çox
güman ki, bu məsələ bu gün sessiya zamanı
müzakirə ediləcəkdir. Mən sadəcə,
bildirmək istəyirəm: Azərbaycanın təcrübəsi
göstərir ki, multikulturalizmin böyük gələcəyi
var və onun alternativi yoxdur. Multikulturalizmin
alternativi özünü təcridetmə,
ayrı-seçkilik və irqçilikdir. XXI
əsrdə biz belə mənfi meyillərin baş
qaldırmasına imkan verə bilmərik. Bizi
narahat və məyus edən bəzi məsələlər
vardır. Lakin biz bu məsələdə
çox aydın davranmalıyıq, çox açıq və
aydın olmalıyıq. Sivilizasiyaların
dialoqu sadəcə, yaxşı şüar olmamalı, bu, bəşəriyyətin
inkişaf etmək, daha geniş beynəlxalq əməkdaşlığı
qurmaq, qarşılıqlı anlaşmanın və
tolerantlığın səviyyəsini artırmaq zərurətidir.
Fikrimcə, bu, bəşəriyyətin sülh
şəraitində inkişaf etməsi üçün ilkin
şərtlərdən biridir.
Hörmətli
dostlar, hörmətli qonaqlar! Sizin
hamınıza Azərbaycana gəldiyinizə görə bir
daha təşəkkürümü bildirirəm. Ümidvaram ki, ilk səfər edənlər
üçün ölkəmizi daha yaxşı tanımaq
fürsəti olacaqdır. Çoxdankı
dostlar isə bir-birləri ilə görüşə biləcək
və əməkdaşlığı davam etdirəcəklər.
Foruma uğurlar arzulayıram. Sağ olun.
* * *
İordaniya
Kraliçası Ülyahəzrət NUR Bakıda
olmağından son dərəcə məmnun
qaldığını bildirərək dedi:
- Cənab
Prezident, icazə verin Sizə dərin təşəkkürümü
bildirim.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və
Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm
ki, məni bu gün Bakıya dəvət ediblər. Məni bu çox gözəl
və möhtəşəm şəhərlə, deyərdim
ki, Şərqin Parisi ilə tanış
etdiyinizə görə dərin minnətdarlığımı
bildirirəm. İçərişəhərin
qədim memarlığı və müasir tikililər məni
valeh etmişdir.
Azərbaycan həm əhali, həm ərazi
baxımından İordaniyaya çox yaxındır. Ancaq sərvət
baxımından təbii ki, biz bu sərvətləri
yalnız arzu edə bilərik. Coğrafi,
fəlsəfi baxımdan ölkələrimiz mədəniyyətləri
bir-birinə qovuşdurmağa müvəffəq olmuşdur.
Bu səbəbdən özümü sanki evdə hiss edirəm.
Madrid
Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
fəaliyyətinin təqdirəlayiq olduğunu deyən
İordaniya Kraliçası Nur Nizami Gəncəvinin qeyri-adi
şair olduğunu, əsərlərinin bu gün də
aktuallığını itirmədiyini dedi. Nizami
Gəncəvi yaradıcılığının təkcə
Azərbaycanla yox, bütün dünya ədəbi fikir tarixi
ilə bütövləşdiyini qeyd edən Kraliça Nur
dahi şairin mədəniyyətlərarası anlaşmaya
böyük töhfələr verdiyini bildirdi.
Daha sonra İordaniya Kraliçası dünyanı
narahat edən qlobal məsələlərə nəzər
salaraq iqtisadi və maliyyə böhranı şəraitində
insanları narahat edən problemlərin həllinin vacibliyini
diqqətə çatdırdı. Hər il müxtəlif
münaqişələr nəticəsində dünyada minlərlə
insanın itkin düşdüyünü, onların
axtarılıb tapılmasının günümüzün
vacib məsələsi olduğunu vurğulayan Kraliça Nur
dedi:
- Zənnimcə,
biz bu haqda danışmalıyıq. Dağlıq
Qarabağ münaqişəsi nəticəsində 4600
insanın itkin düşməsindən də söhbət
açmalıyıq. Münaqişənin
nizamlanması itkin düşmüş həmin insanların
taleyinə aydınlıq gətirə bilər.
Dünyada
gender məsələlərinə toxunan İordaniya
Kraliçası Nur bir çox problemlərdən
çıxış yollarının tapılmasında
qadınların roluna diqqət çəkərək bildirdi:
-
Xanımlar cəmiyyətdən təcrid
olunmamalıdırlar. Xanımların müxtəlif
proseslərə cəlb olunması ancaq tərəqqiyə
xidmət edir. Qadınların cəmiyyətdəki
statusu cəmiyyətin inkişafına və tərəqqisinə
müstəsna xidmət edir. Azərbaycan
bunu çoxdan dərk etmişdir.
Cənab
Prezident bayaq qeyd etdiyi kimi, islam ölkəsi
olmasına baxmayaraq, Azərbaycan 1918-ci ildə qadınlara bərabər
hüquqlar şamil etmişdir. Bu gün
qadınların hüququ ən əhəmiyyətli məsələlərdən
biridir.
"Bu gün biz sülhməramlı fəaliyyətə
üstünlük verməliyik" - deyən Kraliça Nur
müasir dünyada qadınların və gənclərin
potensialından geniş istifadə edilməsinin əhəmiyyətinə
toxundu, bu məsələdə müasir texnologiyalardan istifadənin
zəruri olduğunu bildirdi.
* * *
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi idarə heyətinin həmsədri xanım Vayra
VİKE-FREYBERQA Sovet İttifaqının tərkibində
olmuş respublikaların müstəqillik əldə etdikdən
sonra demokratik dövlət quruculuğu yolunda
qarşılaşdıqları çətinliklərdən
danışdı. Bildirdi ki, həmin ölkələrin
keçmişin stereotiplərindən azad olmaları
üçün dövlət başçıları səylərini
artırmalıdırlar. "Hər bir ölkənin, hər
bir xalqın azad olmağa mənəvi haqqı vardır"
- deyən Freyberqa ölkələrin ərazi
bütövlüyünün müasir dünyada əsas məsələlərdən
olduğunu vurğulayaraq bildirdi:
- Bir xalq
digər xalqdan üstün tutulmalı deyildir. Xalqlar
arasında bərabər imkanlar, fürsətlər təmin
edilməlidir ki, biz dünyada olan böyük bir ailəni
formalaşdıra bilək. BMT-dəki kimi,
onun bütün üzvləri eyni, bərabər vəziyyətdə
olsunlar. Bu baxımdan bəzi belə fikirlər
irəli sürülür ki, peyk rolunu oynayan dövlətlər
vardır və onlar böyük dövlətlərin təsirindən
qurtulmağı arzulayırlar. Ona görə
biz bu barədə kollektiv şəkildə düşünməliyik
ki, milli sərhədlərə, ölkələrin ərazi
bütövlüyünə hörmətlə
yanaşılsın.
Eyni zamanda, hesab edirik ki, BMT sırf sülhməramlı əməliyyatları
aparmaqla kifayətlənməli deyil, qəbul edilmiş qətnamələr,
qərarlar həyata keçirilməlidir. Ərazi
bütövlüyü pozulmuş ölkələrin
suverenliyi bərpa edilməlidir.
Dünyanın istənilən yerində baş verən
münaqişələrdən insanlar əziyyət çəkirlər. Biz hesab edirik
ki, zorakılığa yol verilməməlidir. Zorakılığın qarşısını almaq
üçün müvafiq tədbirlər görülməlidir.
Bilirik ki, ümumiyyətlə, fərdin və
xalqın zorakılıqlardan zədələnmiş hisslərini
tam bərpa etmək o qədər asan məsələ
deyildir. Biz özümüzü beynəlxalq
birliyin bir hissəsi hesab etsək də, milli mənsubiyyətimizi,
milli mədəniyyətimizi itirməməliyik.
Dünyada
mövcud olan problemlərin, münaqişələrin həllində
mədəniyyətin
müstəsna roluna toxunan xanım Freyberqa gənc
nəslin də keçmişdən gələn ənənələrə
sadiq qalacağına əminliyini ifadə etdi.
Latviyanın
keçmiş Prezidenti bu mötəbər tədbirin təşkilinə
görə bir daha minnətdarlığını bildirərək
dedi:
- Bu
gün bu foruma mötəbər insanlar toplaşıbdır. Mən Prezident İlham Əliyevə bizə göstərilən
bu səmimi qonaqpərvərliyə görə təşəkkürümü
bildirirəm. Əslində, biz bunu
çoxdan hiss etmişik.
Biz ümid edirik ki, dəyişikliklər
üçün imkanlar vardır. Biz bundan istifadə etməliyik.
Ölkənizə gəldikdə, görürəm
ki, dəyişiklik mümkündür. Biz
bu dəyişikliklərə doğru daim irəliləməliyik.
Bu, sadə bir siyasi şüar deyildir. Hər hansı bir fərdin və ölkənin irəli
sürdüyü sadə bir bəyanat deyildir. Yəni, işlərimiz elə bu məcrada getməlidir.
Biz bu istiqamətdən kənara çıxa
bilmərik. Biz bunu gözəl şəkildə
anlamalıyıq və bu dəyişikliklərdə öz
rolumuzu görməliyik.
* * *
Niderlandın
keçmiş Baş naziri, Madrid Klubunun prezidenti Vim KOK
Bakıya gəlməkdən və dünyanın
tanınmış liderləri ilə bir arada olmaqdan məmnun
qaldığını dedi. Bildirdi ki, sabiq liderlərin
üzv olduğu Madrid Klubunun əsas məqsədi demokratik
ideyaları təbliğ etməkdir. Vim Kok ölkəmizin
Cənubi Qafqazda özünəməxsus yer tutduğunu
vurğulayaraq dedi:
- Biz
bilirik, bura elə bir məkandır ki, burada müxtəlif
dillərdə danışan qruplar, müxtəlif mədəniyyətlərə,
müxtəlif dinlərə mənsub olan şəxslər
bir yerdə yaşayırlar. Bu mənada Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə belə bir forumu burada
keçirmək barədə Azərbaycan hökumətinin təklifini
alqışlayırıq. Ona görə də
mən həm Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə,
həm də Azərbaycan hökumətinə belə bir
forumun keçirilməsinə verdikləri dəstəyə
görə minnətdarlığımı bildirirəm.
Mən bir məsələni də böyük məmnuniyyətlə
qeyd etmək istəyirəm. Cənab Prezident Əliyev,
Siz bildirdiniz ki, Azərbaycan hökuməti, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi və Madrid Klubu arasında əməkdaşlıq
daha intensiv davam etdiriləcəkdir.
Vim Kok gələcəkdə hansı ideyaların həyata
keçirilməsi ilə bağlı məsləhətləşmələrin
davam etdirilməsinin zəruriliyindən danışdı. "Hər
bir şəxs cəmiyyətdə öz rolunu görməlidir"
- deyən Niderlandın keçmiş Baş naziri cəmiyyətin
sağlam təməllər üzərində
formalaşmasında qadınların və gənclərin
roluna diqqəti yönəltdi.
Vim Kok bir
daha Cənubi Qafqaz Forumunun əhəmiyyətinə toxunaraq
dedi:
- Belə
bir forumun keçirilməsi aktual bir təşəbbüsdür.
Hesab edirik ki, gələcək fəaliyyətimiz
üçün biz ümumi məqamları da müəyyən
edə biləcəyik.
Sonda bir daha Azərbaycan tərəfinə bu forumu təşkil
etdiyinə görə təşəkkürümü bildirirəm. Hesab edirik ki,
biz bu yolla ümumi cəmiyyətin
formalaşdırılmasına nail olacağıq.
Mən sizə məhsuldar müzakirələr arzu edir və
diqqətinizə görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Çox sağ
olun.
* * *
Forum öz işini sessiyalarla davam etdirmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 8 may.- S.1-2.