Cənubi Qafqaz Forumu işini sessiyalarla davam etdirmişdir

 

Mayın 7-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, "Mükəmməl cəmiyyətin" üzləşdiyi problemlər" mövzusunda keçirilən birinci sessiyanın moderatoru, UNESCO-nun sabiq icraçı direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Federiko Mayor Zaraqoza foruma ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, mükəmməl cəmiyyətin üzləşdiyi problemlərin aradan qaldırılmasında əsaslı iqtisadiyyatın yaradılması və bu məsələdə bütün ölkələrin resurslarının səfərbər edilməsi, BMT-nin fəaliyyətinin gücləndirilməsi və onun qərarlarına hörmətlə yanaşılmasının təmin edilməsi zəruridir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident əlaqələndiricisi Antonius Brok bütün dünyada müştərək cəmiyyətin yaradılması istiqamətində zəruri addımlardan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın fəaliyyətindən danışmışdır. Ölkəmizin iqtisadi artımına, ümumi inkişafına və digər məsələlərə nəzər yetirən A.Brok regionun önəminin getdikcə artdığını bildirmişdir. "Azərbaycan bir çox məqsədlərinə nail olmuşdurbu, çox müsbət vəziyyət yaratmışdır" - deyən qonaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və onun əhəmiyyətindən danışmışdır. A.Brok bu forumun Azərbaycanda, regionda və dünyanın istənilən yerində əməkdaşlığa töhfə olacağına əminliyini vurğulamışdır.

Finlandiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin və Madrid Klubunun üzvü Tarya Halonen Azərbaycana yenidən səfər etməkdən məmnunluğunu bildirmiş, ölkəmizdə güclü inkişafın şahidi olduğunu vurğulamışdır. "Dünyanın bu hissəsi çox maraqlıdır" - deyən Tarya Halonen qeyd etmişdir ki, Azərbaycandakı iqtisadi artım inkişaf üçün bir çox imkanlar yaradır. Qonaq dayanıqlı inkişafın aspektlərindən, ekoloji təsirin azaldılması istiqamətində görülən vacib işlərdən, alternativ və bərpa olunan enerji mənbələrindən, insan kapitalından, xüsusən də, gənclərin potensialından geniş istifadə edilməsinin önəminə toxunmuşdur.

Boliviyanın sabiq Prezidenti, Madrid Klubunun vitse-prezidenti Xorxe Quiroqa Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edərək neft-qaz ixracının ölkələrin inkişafındakı roluna diqqət yetirmişdir. Çıxışında səsvermə hüquqları, çoxmilli, çoxmədəniyyətli cəmiyyətlərdə təhsil sistemi məsələlərindən danışan X.Quiroqa Boliviya cəmiyyətində qarşıya çıxan problemlər və onların qarşısının alınması istiqamətində görülən işlərdən danışmışdır. Azərbaycanın çox böyük təbii sərvətlərə malik olduğunu vurğulayan natiq ölkə rəhbərliyinin bu mənbələrdən gələn gəlirin sosial sahəyə yönəldilməsi sahəsindəki uğurlu siyasətini yüksək qiymətləndirmişdir.

Nigeriyanın sabiq Prezidenti Olusegun Obosanjo çoxmüxtəlifli cəmiyyətlər, ölkəsinin vaxtilə üzləşdiyi çətinliklər, keçirilən islahatlar barədə məlumat vermişdir. Nigeriyada çoxlu etnik qrupların, çoxmillətli, çoxdinli, sosial statusu fərqli olan çoxşaxəli cəmiyyətin olduğunu diqqətə çatdıran O.Obosanjo ölkəsində hərbi sistemdən çoxpartiyalı siyasi sistemə keçildikdən sonra inkişafa nail olunduğunu vurğulamışdır.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku qarşıya qoyulan məqsədlərə çatmaq üçün həmrəyliyin vacibliyini qeyd etmişdir. Bəzi anlaşılmazlıqların zaman və reallıq anlayışının fərqliliyindən irəli gəldiyini deyən Emil Konstantinesku vəziyyəti dəyişmək üçün zəruri tədbirlərdən danışmışdır. İnkişaf üçün sabitliyin yaradılmasının vacibliyini vurğulayan qonaq bunun üçün birgə fəaliyyətin önəmini qeyd etmişdir.

Sonra forum iştirakçıları dünyada sülhün bərqərar olunmasına, yoxsulluqla mübarizə və digər məsələlərə dair təkliflərini səsləndirmiş, fikir mübadiləsi aparmışlar.

Cənubi Qafqaz Forumunun ikinci sessiyası "Mükəmməl cəmiyyətlər" çıxılmaz vəziyyətlərdə münaqişənin həlli üçün bir vasitə kimi" mövzusunda keçirilmişdir.

Sessiyaya moderatorluq edən Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Teodora Bakayanis Bakıda olmaqdan məmnunluğunu bildirmişdir. "Azərbaycanda olarkən bu regionun güclü, strateji önəmə malik bölgəsini görürük" - deyən Teodora Bakayanis bu baxımdan ölkəmizin hər zaman beynəlxalq miqyasda güclü dəstəyə layiq olduğunu vurğulamışdır.

Sessiyada çıxış edən Gürcüstan Prezidenti Mixeil Saakaşvili yenidən Bakıya gəlməkdən məmnunluğunu diqqətə çatdırmış, Azərbaycan paytaxtında gördüyü inkişaf proseslərindən şad olduğunu bildirmişdir. Ali qonaq münaqişə ilə üzləşən Azərbaycanın və Gürcüstanın bütün çətinliklərə baxmayaraq, regionda birgə əməkdaşlıq nümunəsi göstərdiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, öz təbii resurslarından istifadə edərək Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müasir inkişafının təməlini qoyan dahi siyasətçi Heydər Əliyevin yaratdığı irs bu günuğurla həyata keçirilir. "Biz Azərbaycanın xarici siyasətini dəstəkləyir, sabit, inkişaf edən, müstəqil xarici siyasət kursunu müdafiə edirik" - deyən Mixeil Saakaşvili ölkələrimizin birgə əməkdaşlığı sayəsində həyata keçirilən transmilli layihələrin əhəmiyyətindən danışmışdır. Gürcüstan Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun regionun gələcək inkişafında mühüm rol oynayacağını bildirmişdir.

İsrailin sabiq Baş naziri Ehud Barak münaqişələrin həllində cəmiyyətlərin roluna diqqət çəkərək İsrail-Fələstin münaqişəsində tezliklə sülhə nail olunmasının əhəmiyyətinə toxunmuşdur. "İnanıram ki, cəmiyyətlərimiz özündə qüvvə taparaq bu problemin həllinə nail olacaqdır" - deyən Ehud Barak sülh prosesinin regiondakı bütün insanlara lazım olduğunu vurğulamışdır.

Nobel sülh mükafatı laureatı Şirin Ebadi çıxışında etnik azlıqlara mənsub olan qadınların hüquqlarından, eləcə də dini şəraitdə demokratiyagender bərabərliyi məsələlərindən danışmışdır. O, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları kimi demokratiya, insan hüquqları, gender bərabərliyi, eləcə də digər dəyərlərin də qloballaşmasının vacibliyini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Litvanın sabiq Prezidenti Vitauskas Landsbergis bu problemin həllində Avropa İttifaqının da uzun müddət fəaliyyətsiz qaldığından sonra qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyini bildirmişdir. Avropa Parlamentinin müvafiq qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqların geri qaytarılması, qaçqınların doğma yurdlarına geri dönməsi, ətraf rayonların azad edilməsinin əksini tapdığını vurğulayan Litvanın sabiq Prezidenti münaqişənin həlli baxımından bu sənəddə mühüm mexanizmlərin qeyd olunduğunu diqqətə çatdırmışdır.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirmişdir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqların işğalını Azərbaycan üçün ən çətin problem olduğunu hesab edir. "Başa düşürük ki, status-kvo məqbul deyildir" - deyən Riçard Morninqstar həll variantının tapılması üçün Birləşmiş Ştatların Minsk qrupunun tərkibində fəal apardığını bildirmişdir.

Sessiyaya yekun vuran Teodora Bakayanis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun fəaliyyətsizliyindən və beynəlxalq ictimaiyyətin indiyədək bu problemi həll edilməməsinə biganə münasibətindən təəssüfləndiyini bildirmişdir. O, münaqişənin həlli prosesində Avropa İttifaqını daha fəal iştirak etməyə çağırmışdır.

 

 

Azərbaycan.-2013.- 8 may.- S.3.