Milli Məclisdə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş yubiley iclası keçirilmişdir
Mayın
7-də Milli Məclisin növbəti iclası
keçirilmişdir. İclas Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr olunmuşdur. İclasda Milli Məclisin
Sədri Oqtay Əsədov məruzə ilə
çıxış etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri Oqtay Əsədovun çıxışı
Hörmətli
deputatlar!
Xanımlar
və cənablar!
Milli
liderlər dünyasını dəyişəndən sonra da
onların şəxsiyyətinin sönməz nuru mənsub
olduqları xalqın həyatına və tale yoluna
işıq salır.
Hər
tarixi inkişaf dövrü özünün görkəmli
şəxsiyyətlərini yetişdirir.
Amma
elə şəxsiyyətlər də var ki, zamanın
fövqünə yüksələrək,
yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən
edirlər.
Azərbaycan
tarixinin otuz ildən artıq bir dövrü dünya
miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin
fəaliyyəti ilə qırılmaz surətdə
bağlıdır.
Onun
xidmətləri sayəsində
xalqımız əvvəlcə siyasi və iqtisadi
müstəqilliyinin möhkəm təməlini
yaratmış, daha sonra isə müstəqil dövlətini
qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi
imkanı reallaşdıra bilmişdir.
Bugünkü
qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin,
Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.
Ötən
əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin
əvvəllərində Heydər Əliyevin hakimiyyətə
hər iki gəlişi ölkəmizin və
xalqımızın həyatında çox ağır
sınaqlar dövrünə təsadüf etmişdir.
Daha
doğrusu, tarixi məqamın özü qeyri-adi şəxsi
keyfiyyətlərə malik olan bu xarizmatik insanın hakimiyyətə
gəlməsini zərurət kimi irəli
sürmüşdür.
1969-cu
ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə
başlaması ölkəmizin dərin tənəzzüldən
çıxmasına şərait yaratdı.
Sovet
İttifaqının ən geridə qalmış respublikalarından
biri kimi tanınan Azərbaycan çox keçmədən
ardıcıl inkişaf yoluna qədəm qoydu.
Ölkə
həyatının bütün sahələrində quruculuq
işləri vüsət aldı.
Kənd
təsərrüfatı istehsalı dəfələrlə
artırıldı, minlərcə yeni sənaye müəssisəsi
inşa edildi.
Azərbaycan
aqrar ölkədən aqrar-sənaye ölkəsinə
çevrildi.
Azərbaycanın
gələcək siyasi müstəqilliyinin möhkəm
iqtisadi təməli yaradıldı.
Bunu
belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında
İttifaq büdcəsindən heç bir dotasiya almayan iki
respublikadan biri Azərbaycan idi.
Bu
illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni
yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik
şüurunun oyanışına güclü təkan verdi,
tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdı.
Azərbaycanın
suveren hüquqlarının pozulmasına yönələn
bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə
alınırdı.
SSRİ-nin
1977-ci ildə qəbul olunmuş Konstitusiyası hazırlanarkən
ermənilərin belə cəhdləri xüsusən
artmışdı.
Onlar
İttifaq rəhbərliyindəki havadarlarının köməyi
ilə Dağlıq
Qarabağın statusu məsələsini ortaya atmağa
çalışırdılar.
Yalnız
Heydər Əliyevin qəti mövqeyi Azərbaycana
qarşı növbəti düşmənçilik hərəkətinin
qarşısını almağa imkan yaratdı.
1978-ci
ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan
Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə
dövlət dili statusu verildi.
Mövcud
imkanlar daxilində xalqın mənəvi sərvətlərinin,
xüsusən, dilinin qorunub saxlanması və inkişaf
etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.
Bir
çox vacib sahələrdə, o cümlədən hərbi
sahədə milli kadr potensialının yaradılması
istiqamətində zəruri tədbirlər görüldü.
Ulu
öndər Azərbaycanın müstəqillik yollarında
qarşılaşacağı problemləri qabaqcadan
görür, bu günümüz üçün vacib olacaq problemləri həll
edirdi.
Məhz
onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi
kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi
- C.Naxçıvanski adına hərbi
məktəb yaradıldı.
Hərbi
mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə
yerli əhali nümayəndələrinin qəbulu
artırıldı.
Minlərcə
azərbaycanlı gənc Rusiyanın, digər
respublikaların hərbi məktəblərinə təhsil almağa göndərildi.
O
dövrdə hazırlanan kadrlar sonralar milli ordumuzun özəyini
təşkil etdilər.
1982-1987-ci
illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini vəzifəsində çalışarkən
Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində
saxlayırdı.
Onun
təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın
iqtisadi inkişafı üçün böyük əhəmiyyətə
malik bir sıra qərarlar qəbul etmişdi.
Heydər
Əliyevin Moskvada hakimiyyətin
ən yüksək zirvəsində olması Azərbaycana
qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin
qarşısında ən böyük sipər idi.
1987-ci
ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində
yüksək vəzifələrdən
uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal
hərəkətə keçmək üçün fürsət
qazandılar.
Məhz
həmin istefa Azərbaycana qarşı məkrli planların
reallaşdırılması yolunda ilk addım oldu.
...Mən
burada bir məqama diqqəti cəlb etmək istəyirəm.
Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü
özündən əvvəlki dövrlə müqayisə edəndə
tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər
bir cəmiyyət və dövlət üçün nə qədər
böyük həyati əhəmiyyətə malikdir.
1948-1950-ci
illərdə azərbaycanlıların Ermənistandan
deportasiya edilməsini,
1960-cı illərin ortalarından başlayaraq respublikada
ictimai-siyasi, sosial-iqtisadi və mənəvi böhranın dərinləşməsini,
cəmiyyətdə düşkünlüyün hökm
sürməsini, erməni millətçilərinin Azərbaycana
qarşı ərazi iddiaları irəli sürməsini, digər
hadisələri yada salaq.
Bu həqiqəti
biz 1988-1993-cü illərdə yenidən görüb yəqin
etdik.
Respublika
rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif
qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik,
xaos Azərbaycanı fəlakət həddinə gətirib
çıxardı.
Ermənistandan
qaçqınların axını, Sumqayıt fitnəkarlığı,
Qanlı Yanvar qırğını, xalqımızın maddi
və mənəvi sərvətlərinin talan edilməsi,
Xocalı soyqırımı, digər faciələr,
Şuşanın, Laçının, digər
torpaqlarımızın işğal edilməsi,
insanlarımızın yerindən-yurdundan didərgin
salınması bütün bunlar Azərbaycanı diz
çökdürməyə yönələn böyük
planın mərhələ-mərhələ həyata
keçirilməsinin nəticələri idi.
O
vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər
böyük təhlükələrdən qurtula biləcək
və müstəqilliyini qoruyub saxlayacaqdır.
Amma
bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş
hünəri, siyasətçi qəhrəmanlığı
tarixin gedişini dəyişdi, Azərbaycan üçün
yazılmış ssenariləri alt-üst etdi.
1993-cü
ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə
qayıdışı sayəsində Azərbaycan
uçurumun bir addımlığından geri döndü,
itirmək üzrə olduğu siyasi və dövlət
müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi
və ləyaqəti müdafiə olundu.
Tam
inamla söyləmək olar ki, əgər o vaxt ölkədə
cərəyan edən proseslərə Heydər Əliyevin
şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil
Azərbaycan dövləti haqqında danışmaq
mümkün olmazdı.
Ulu
öndərimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti
onun belə bir kəlamında
çox dəqiq ifadə olunmuşdur:
"Tarix
dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz
milli sərvəti olan müstəqilliyin qorunması onun əldə
edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Qeyd
etmək lazımdır ki, Heydər
Əliyevin böyük siyasətə qayıdışı
yolunda ilk addım onun Azərbaycan Respublikası Ali Sovetinin Sədri
vəzifəsinə seçilməsi olmuşdur.
Ümummilli
liderimiz Prezident seçilənədək dörd aya yaxın
parlamentə rəhbərlik etmişdir.
Heydər
Əliyevin Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti
ölkəmizdə qanunvericilik orqanının nüfuzunu
yüksək səviyyəyə qaldırdı və onun
peşəkar nümayəndəli orqan kimi formalaşması
istiqamətlərini müəyyənləşdirməyə
imkan verdi.
Milli
Məclis xalqı narahat edən problemlərin açıq və
demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət
orqanına çevrildi.
Azərbaycan
dövlətini tarixi burulğanlardan xətərsiz
çıxarıb xilas etmək, sabit və ardıcıl
inkişaf yoluna çıxarmaq üçün böyük
siyasi iradə və qətiyyət, çevik və dərin
ağıl, zəngin təcrübə, başlıcası isə
xalqa tükənməz məhəbbət tələb olunurdu.
Mübaliğəsiz
söyləmək olar ki, ümummilli liderimizin dünyanın
qolu zorlularının iradəsinə qarşı
çıxması onun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi.
Tamamilə
təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı
xalqın arzu və istəklərini nəzərə alaraq
Heydər Əliyevin hakimiyyətə qayıtdığı
15 iyun gününü "Milli qurtuluş günü"
kimi dəyərləndirdi.
Heydər
Əliyevin siyasi və dövlətçilik fəaliyyəti
xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər
cür məhrumiyyətlərə dözmək timsalına
çevrilmişdir.
1993-cü
ildən 2003-cü ilədək olan on il ərzində onun həyata
keçirdiyi nəhəng işlər öz miqyasına
görə insanı heyrətə gətirir.
Ulu
öndərin xilaskarlıq missiyasında ilk tədbiri
xalqımızın siyasi varlığı üçün
böyük təhlükə törədən, ölkəni
dağılmaq və parçalanmaq həddinə gətirib
çıxarmış dövlət və hakimiyyət
böhranını aradan qaldırmaq, vətəndaş
müharibəsi təhlükəsinin
qarşısını almaq
oldu.
Müstəqilliyimizin
ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik
ölkəni və xalqı xarici hərbi təcavüzdən
müdafiə etməyə qadir olan silahlı qüvvələrin
yaranmasına imkan verməmişdi.
Silahlı
qüvvələr vahid komandanlığa tabe olmayan
intizamsız, pərakəndə dəstələrdən ibarət
idi.
Ulu
öndər torpaqlarımızı müdafiə etməyi
bacaran milli ordunun formalaşdırılmasını ən
böyük vəzifələrdən biri kimi irəli
sürdü.
Bu
istiqamətdə qəti tədbirlərin həyata
keçirilməsi döyüş əməliyyatları
zonasında dönüşün əsasını qoydu.
Azərbaycan
ordusu tezliklə özünü toplayıb düşmənə
ağır zərbələr endirdi.
Sürətlə
möhkəmlənən silahlı qüvvələrimizdən
aldığı zərbələr Ermənistan
Respublikasını Azərbaycanla silah gücünə
danışmağın mümkün olmadığına
inandırdı.
1994-cü
ilin may ayında cəbhə xəttində atəşkəs
elan olundu, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları və
prinsipləri əsasında sülh yolu ilə nizama
salınmasına dair danışıqlara başlandı.
Ölkə
daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi.
Bu isə
Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata
keçirilməsinə imkan yaratdı.
Xəzər
dənizinin Azərbaycan sektorundakı neft yataqlarının
işlənilməsinə dair xarici neft şirkətləri ilə
onlarca saziş imzalandı.
Azərbaycan
iqtisadiyyatına milyardlarla dollar məbləğində
investisiya cəlb edildi.
Neftdən
götürülən gəlirdən xalqın mənafeyi
üçün daha səmərəli istifadə edilməsi
məqsədi ilə Neft Fondu yaradıldı.
Azərbaycanın
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxarılması üçün
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
çəkilişinə başlandı.
Neft
sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafına da şərait yaratdı.
Bazar
iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o
cümlədən torpaq islahatı, özəlləşdirmə
aparıldı.
Həyatın
bütün sahələrində tənəzzülə son
qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.
Azərbaycan
Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu
üzvü oldu.
Ölkəmizin
Avropa xalqları ailəsinə inteqrasiyası reallığa
çevrildi.
Azərbaycanı
dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi,
dünyanın əksər dövlətləri ilə dostluq
münasibətləri yaradıldı.
Azərbaycanda
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğuna, hakimiyyət bölgüsünə və
demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat
verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi
yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar
edildi.
Ölkədə
əsaslı siyasi, hüquqi və sosial islahatlara
başlanıldı.
Şərq
və müsəlman aləmində
ilk dəfə olaraq ölüm cəzasının ləğv
edilməsi və bir sıra digər tədbirlər dövlətimizin
beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.
Ölkədə
onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə
başladı.
Heydər
Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim
partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi
oldu.
Milli-mənəvi
dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın
və incəsənətin inkişafı üçün
lazımi tədbirlər görüldü.
Milli
dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi
formalaşdırıldı.
Azərbaycançılıq,
müstəqillik və dövlətçilik amalları naminə
milli həmrəyliyin yaradılması istiqamətində əməli
addımlar atıldı.
Dünyanın
müxtəlif qitələrində yaşayan
soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi,
diaspor təşkilatlarının yaranmasına kömək
göstərilməsi dövlət siyasətinin tərkib hissəsi
oldu.
Dünya
azərbaycanlılarının qurultaylarının
keçirilməsi ənənəyə çevrildi.
Bu
möhtəşəm işlərin gerçəkləşdirilməsində
Milli Məclis həmişə ümummilli liderimizin yanında
olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal
surətdə dəstəkləmişdir.
Yeri
gəlmişkən, qeyd edim ki, ulu öndər parlamentə
daim böyük diqqət və qayğı göstərmişdir.
1995-ci
il noyabrın 24-də Heydər Əliyev birinci
çağırış Milli Məclisin ilk iclasında
iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə
öz xeyir-duasını vermişdir.
Sonrakı
dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə
həsr olunan iclaslarında iştirak və
çıxış etmişdir.
Azərbaycanda
yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi
ilə Milli Məclis Heydər Əliyevin təşəbbüsü
ilə bir çox mühüm qanunvericilik aktları qəbul
etmişdir.
Ümumiyyətlə,
ölkədə siyasi, iqtisadi, sosial və hüquq
islahatlarının qanunvericilik
mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə
yönələn 1500-ə qədər qanun, qərar və
digər aktlar ümummilli
liderimizin imzası ilə parlamentə təqdim
edilmiş və Milli Məclis tərəfindən qəbul
olunmuşdur.
Beləliklə, Azərbaycanın demokratik
inkişafı, hüquqi dövlət quruculuğu
üçün bütün təminatlar
yaradılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ulu
öndərin hakimiyyətə qayıdışından sonra
göstərdiyi xidmətlər barədə belə
demişdir:
"1993-2003-cü
illər ərzində Azərbaycanın dövlətçiliyi
quruldu.
Azərbaycanın
inkişaf strategiyası müəyyən olundu.
Bütün
ölkələrlə xarici əlaqələrimiz
qarşılıqlı hörmət və maraqlar əsasında
qurulubdur və bu gün də bu belədir.
1993-cü
ildən başlanmış və bu günə qədər
davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin
dünya birliyinə layiqli üzv kimi daxil edilməsində
çox mühüm rol oynadı.
Azərbaycanda
güclü sosial siyasətin əsasları
da məhz o illərdə qoyulubdur.
Ona
görə ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır
və onlar tarixi əhəmiyyət
kəsb edir".
Xalqımızın
bütün müsbət keyfiyyətlərini öz şəxsiyyətində
təcəssüm etdirən Heydər Əliyev millətimizin
şərəf və ləyaqət rəmzinə
çevrilmişdir.
Onun
dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti
və əzmkarlığı üzvi vəhdət təşkil
edirdi.
Bütün
varlığı vətənə məhəbbətlə
yoğrulmuşdu, gücünü xalqdan alırdı.
Xalq
da Heydər Əliyevə sonsuz sevgisi və sədaqəti ilə
cavab verirdi.
Tale
Heydər Əliyevi xüsusi bir missiya üçün
seçmişdi.
O
özü də bunu hiss edirdi.
Bu hiss, bu
düşüncə ona güc verirdi, başqalarını
aciz edən maneələri aradan qaldırmaqda, xalqımız
üçün hazırlanmış buxovları qırmaqda
ona kömək edirdi.
Heydər Əliyevin ruhu şaddır, çünki zəhmətinin
bəhrəsi olan müstəqil Azərbaycan dövləti
etibarlı əllərdədir, başladığı işlər
bu gün eyni əzm və iradə ilə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət
sabit və ardıcıl yüksəlişi və yeniləşməni
gündəlik həyatımızın reallığına
çevirmişdir.
Müasir dövrün tələbləri səviyyəsində
qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün
yeni bəhrələr verir.
Bu gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik
Şurasının üzvü kimi geniş bir bölgədə
söz sahibi olan, dinamik inkişafı ilə dünyanın
diqqətini özünə cəlb edən güclü bir
dövlətdir.
Heydər Əliyevin qüdrətli zəkasından
güc almış inkişaf strategiyası İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın müstəqillik
yollarında ardıcıl surətdə irəliləməsini,
xalqımızın daha firavan günlərə
qovuşmasını təmin edir.
Bu gün Heydər Əliyevin siyasi və dövlətçilik
fəaliyyəti ciddi tədqiqatların mövzusudur.
Ulu öndərin zəngin irsinin öyrənilməsində
və təbliğində Azərbaycan parlamenti də
yaxından iştirak edir.
Milli Məclisdə Heydər Əliyevin adını
daşıyan xatirə zalı fəaliyyət göstərir.
Burada
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
stendlər, bədii kitablar və elmi- tədqiqat əsərləri,
digər eksponatlar Milli Məclisin qonağı olan dövlət
və hökumət başçılarının, parlament
nümayəndələrinin böyük marağına səbəb
olur.
Heydər Əliyev ömrünün hər günü
indiki və gələcək nəsillər üçün
bir örnəkdir.
Tamamilə məntiqlidir ki, onun həyatına və fəaliyyətinə
həsr edilən araşdırmalar zaman keçdikcə daha
geniş miqyas alır.
İndiyədək Milli Məclis ulu öndərin fəaliyyətinin
müxtəlif sahələrindən bəhs edən bir
neçə kitab hazırlayıb nəşr etmişdir.
Bu günlərdə "Parlament tariximizin Heydər Əliyev
dövrü" adlı yeni kitab işıq üzü
görmüşdür.
Bu kitab ümummilli liderimizin 90 illik yubileyinə Milli Məclisin
kiçik bir töhfəsidir.
Nəfis
tərtibatlı kitabın hazırlanması zamanı Heydər
Əliyevin
dövlətimiz və xalqımız
qarşısında misilsiz xidmətlərini, o cümlədən
parlament quruculuğu sahəsində fəaliyyətini əks
etdirmək arzusu əsas götürülmüşdür.
İnanıram ki, bu istiqamətdə görülən
işlər davam etdiriləcək və yeni-yeni kitablar
oxuculara təqdim ediləcəkdir.
...Azərbaycan
xalqı son yüz ildə 2 dəfə dövlət müstəqilliyi
əldə etmişdir - 1920-ci il mayın
28-də və 1991-ci il oktyabrın 18-də.
Hər iki dövlətin tarixi taleləri müəyyən
məqama qədər oxşar,
qarşılaşdığı problemlər təxminən
eyni olmuşdur.
Erməni
təcavüzü, xarici qüvvələrin təxribatları,
daxildə hakimiyyət uğrunda mübarizə...
Əsrin əvvəllərində qurulmuş Azərbaycan
Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər
üzündən cəmi 23 ay yaşaya bilmişdir.
Əsrin
sonlarında yenidən tarix səhnəsinə çıxan müstəqil dövlətimiz
üçün də əslində, eyni tale
yazılmışdı.
Amma bu dəfə
Heydər Əliyev şəxsiyyətinin mövcudluğu
dövlət müstəqilliyinin itirilməsinə səbəb
ola biləcək təhlükələrin
aradan qaldırılmasında müstəsna rol oynadı.
Böyük dövlət xadimlərindən biri
demişdir ki, "Siyasət mümkün olanı bacarmaq sənətidir".
Amma ümummilli liderimiz özünün bütün fəaliyyəti
ilə sübut etdi ki, siyasət həm də mümkün
olmayanı bacarmaq sənətidir.
Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə
məhkum olan dövləti qoruyub yaşatdı və
xalqımıza ərməğan etdi.
Əminəm ki, Heydər Əliyevin zəkasından
güc almış Azərbaycan dövləti daim var olacaq, ulu
öndərin dediyi kimi, "əbədiyyətə qədər
yaşayacaqdır".
* * *
Azərbaycan.-2013.- 8 may.- S.4.