Milli Məclisdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir

 

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı

 

- Hörmətli həmkarlar, bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik.

Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsigördüyü nəhəng işlərlə yaşayacaqdır. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin insanların böyük əksəriyyətini bağışladı və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi.

Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində, bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.

Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub.

Diqqətinizə təqdim olunan qərarda təqribən 9000 şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir  gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar.

Mən, hörmətli həmkarlar sizi bu qərarı dəstəkləməyə çağırıram və diqqətinizə görə çox sağ olun.

 

*  *  *

 

Daha sonra Amnistiya aktı barədə danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli  Hüseynli  bildirmişdir ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, ümummilli liderin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi sizlərə təqdim edilmişdir. Sənədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmış, onun qanunvericilik texnikası baxımından mükəmməl hazırlandığı, bu növ, qərarların indiyədək mövcud olmuş təcrübəsinə əsaslandığı qeyd olunmuş və müzakirənizə təqdim olunmuşdur. Bu Amnistiya aktının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və təqdim olunması da cəmiyyətimiz tərəfindən alqışlanır. Çünki Heydər Əliyevin sosial, ictimai və mədəni irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyildir. Məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını bərpa etmişdir.

Komitə  sədri  qeyd etmişdir ki, Amnistiya aktının layihəsinə əsasən, 9000 nəfərin təxminən 2000 nəfəri azadlıqdan məhrumetmə cəzasından tamamilə azad olunacaqdır.

Təxminən 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaqdır. Bu amnistiya şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq olunacaqdır.

Çıxışının sonunda Əli Hüseynli bu Amnistiya aktının cəzadan azad olunmuş vətəndaşların Vətənə sədaqət və qanuna hörmət ruhuna müsbət təsir göstərəcəyinə inamını ifadə etmişdir.

Sonra Amnistiya aktı səsə qoyularaq yekdilliklə (114 səs) qəbul edildi.

Bununla da, Milli Məclisin iclası başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 may.- S.5.