«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 43-cü cildi
çapdan çıxmışdır
"Əziz
dostlar, siz bilirsiniz, məni yaşadan, məni siyasi
uzunömürlü edən ən əsas amil odur ki, mən həmişə
xalqın dəstəyinə arxalanmışam. Bəli, əgər
1993-cü ildə, o ağır dövrdə xalqın dəstəyi
olmasaydı, mən Naxçıvandan Bakıya gələ
bilməzdim. Əgər o vaxt xalqın dəstəyi
olmasaydı, mən silahsız, heç nəsiz onların -
azğınlaşmış terrorçu qrupların,
silahlı dəstələrin, separatçıların, Azərbaycanı
dağıdanların öhdəsindən gələ bilməzdim.
Siz
1994-cü ilin oktyabr ayının 4-nü xatırlayın. Bəli,
artıq ayağa qalxmışdılar, bizim hakimiyyəti
boğurdular. Televiziya ilə mənim xalqa müraciətim gecə
vaxtı iki saat içərisində yüz minlərlə
insanı Prezident sarayının qarşısına
topladı. Bax o xalqın dəstəyi ilə mən
çevriliş cəhdinin qarşısını aldım. O
xalqın dəstəyi ilə 1995-ci ilin mart ayında mən o
çevriliş cəhdinin qarşısını aldım. O
xalqın dəstəyi ilə terroristlərin
qarşısını ala bildim. Mən bu gün də xalqla
bir yerdəyəm. Mənim həyatımın mənası
xalqa xidmət etməkdir. Mən çox xoşbəxtəm
ki, xalq da bunu qiymətləndirir, mənə lazımi qədər
dəstək verir".
AzərTAc
xəbər verir ki, bu sətirlər
ulu öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin "Azərnəşr" tərəfindən
yenicə çapdan buraxılmış 43-cü cildindən -
ümummilli lider Heydər Əliyevin 2002-ci il noyabrın 26-da
Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr
olunmuş yubiley mərasimindəki nitqindən
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu cildində Yeni Azərbaycan
Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində
nitqi, dövlət və
hökumət başçıları ilə
danışıqları, Azərbaycana gələn bir sıra
xarici dövlət və hökumət nümayəndələri,
tanınmış ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların
rəhbərləri ilə yüksək səviyyəli
görüşlərinə dair materiallar, KİV-lərə
verdiyi bəyanat və müsahibələr dərc
edilmişdir.
Kitabda,
həmçinin ulu öndərin Ramazan bayramı münasibətilə
müsəlman ölkələrinin ölkəmizdəki səfirləri
ilə görüşündə, dünya şöhrətli
dirijor və bəstəkar Niyazinin anadan olmasının 90
illiyinə həsr olunmuş yubiley gecəsində, Amerika Birləşmiş
Ştatlarının "McDonalds" şirkətinə məxsus
"McDrayv" restoranının
açılışında, Azərbaycan musiqi mədəniyyətinin
görkəmli nümayəndələri - Fidan və Xuraman
Qasımovaların yaradıcılığının 25
illiyinə həsr olunmuş təntənəli mərasimdə,
Bakının uşaq evlərində tərbiyə alan
uşaqlar üçün Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən təşkil edilmiş Yeni
il şənliyində nitq və çıxışları,
ölkəmizə səfər etmiş ABŞ, Rusiya,
Türkiyə, İran, Ukrayna dövlət və hökumət
nümayəndələri ilə söhbətləri, eyni
zamanda Kiyevdə MDB-nin üzvü olan ölkələrin zirvə
toplantısında ATƏT-in Minsk qrupunun həmsədrləri
və "Qafqaz dördlüyü" ölkələrinin
prezidentləri ilə görüşlərinə,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
beynəlxalq hüquq normalarına uyğun nizama
salınmasına dair materiallar öz əksini
tapmışdır.
Kitabda
əks olunan rəsmi sənədlər,
çıxışlar, müsahibələr, fərmanlar,
müraciətlər, bəyanatlar, məktublar, məruzələr
2002-ci ilin noyabrından 2003-cü ilin fevralınadək olan
dövrü əhatə edir.
"Azərnəşr"
tərəfindən çap olunan çoxcildliyin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə
edilmişdir.
Azərbaycan.-2013.- 8 may.- S.6.