Litvanın sabiq Prezidenti Heydər Əliyev
Fondunu ziyarət etmişdir
Bakıda işə başlayan Birinci Cənubi Qafqaz Forumunda iştirak edən Litvanın sabiq Prezidenti Valdas Adamkus mayın 7-də Heydər Əliyev Fondunu ziyarət etmişdir.
AzərTAc xəbər verir ki, qonağa xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən fond müxtəlif sosial-iqtisadi və humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Qonaq ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşdur.
Fondla tanışlıq zamanı Litvanın sabiq prezidentinə məlumat verilmişdir ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Valdas Adamkus fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır.
Sabiq Prezident müəllifi olduğu kitabı öz imzası ilə fonda hədiyyə etmişdir.
Valdas Adamkus fonddan zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2013.- 8 may.- S.6.