Liderlik qüdrəti
2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi dövlət səviyyəsində geniş qeyd ediləcəkdir. Yubileylə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il yanvarın 21-də imzaladığı sərəncamda deyilir: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur."
Ulu öndər Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər hər zaman yetişmir. Belə şəxsiyyətlər öz xalqlarının həyatının böhranlı və ağır dövrlərində tarix səhnəsinə çıxıb daşıdıqları missiyanı yerinə yetirirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycan xalqının tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu.
Azərbaycan dövləti və xalqı yaşadıqca Heydər Əliyev xalqımızın yaddaşında və qəlbində yaşayacaqdır. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Heydər Əliyevin böyüklüyünü və əzəmətini biz zaman keçdikcə daha dərindən dərk edirik.
İstər sovetlər dövründə, istərsə də Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunandan sonrakı dövrdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş və bu ideologiyaya daim sadiq qalmışdır. O, böyük qürur hissi ilə deyirdi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam." Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri o idi ki, dilindən, dinindən, etnik mənsubiyyətindən və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların vətənidir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ana dilimizə olan qayğı, Azərbaycan dilinin qorunub saxlanması, inkişaf etdirilməsi və dövlət dili səviyyəsinə qaldırılması sahəsində böyük işlər görülmüşdür. Son dərəcə yüksək intellektə, dünyagörüşünə və geniş biliyə malik olan Heydər Əliyev elmin, ədəbiyyatın və mədəniyyətin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasıdır. Artıq bütün dünyada Azərbaycan diaspor təşkilatları yaranır, inkişaf edir və azərbaycanlılar öz tarixi vətəni olan Azərbaycanla fəxr edirlər. Ümummilli liderin şəxsi təşəbbüsü ilə hər il dekabr ayının 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkə iqtisadiyyatının inkişafına xüsusi əhəmiyyət vermişdir. 1970-1980-ci illərdə Azərbaycan geridə qalmış aqrar ölkədən sənaye cəhətdən inkişaf etmiş qabaqcıl ölkəyə çevrilmişdir. Həmin dövrdə kənd təsərrüfatı ilə yanaşı, ayrı-ayrı sənaye sahələri, xüsusən neft və neft-kimya sənayesi, neft maşınqayırması sənayesi çox böyük sürətlə inkişaf etdirilmişdir. O illərdə Azərbaycan iqtisadi inkişaf baxımından bir çox müttəfiq respublikalardan irəlidə idi. İqtisadiyyatın sürətli və dinamik inkişafı ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradırdı.
Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələrkən Azərbaycan çox ağır sosial-iqtisadi böhran vəziyyətində idi. 1992-1993-cü illərdə siyasi böhranla yanaşı, iqtisadi tənəzzül ölkəmizi çox ağır fəlakətlərə gətirib çıxara bilərdi. Ulu öndər ölkədə yaranmış vəziyyəti dərindən təhlil edərək, çıxış yollarını da müəyyənləşdirdi. Bu barədə fikir və mülahizələrini o, belə ifadə etmişdi: "Respublika iqtisadiyyatı, demək olar ki, dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır vəziyyətdən çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik."
Ulu öndər Heydər Əliyev belə bir ağır vəziyyətdə ölkə daxilində siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin vəzifənin öhdəsindən məharətlə gəldi. Bununla da əsaslı sosial-iqtisadi dəyişikliklərə start verildi. İqtisadiyyatda liberallaşmanı təmin etmək üçün addımlar atıldı, xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin formalaşdırılmasına başlandı. Bununla da ölkəmizə investisiya qoymaq istəyən ölkələr üçün əlverişli şərait yarandı və Azərbaycanın dinamik inkişafının əsası qoyuldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamda deyilir: "Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür."
Azadlıq, müstəqillik hər bir xalqın ən müqəddəs amalıdır. Bu azadlığı əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər ağır məsuliyyət tələb edir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə qana susamış sovet imperiyası 60 minlik qoşunla Bakıya hücum etdi. 137 nəfər qətlə yetirildi, yüzlərcə insan yaralandı və itkin düşdü, bir çox insanlar dəlil-sübutsuz, məhkəməsiz həbsxanalara atıldı. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, xalqımızın dərdinə şərik oldu, Azərbaycanda törədilmiş qanlı cinayətlərə görə etiraz səsini ucaltdı, imperiya rəhbərliyinin siyasətini qətiyyətlə pislədi. Bu cəsarətli çıxışdan sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təqib və təzyiqlər daha da artmağa başladı. Belə bir şəraitdə onun Moskvada qalması təhlükəli idi. Buna görə də Heydər Əliyev vətənə qayıtmalı oldu. Lakin o dövrdə hakimiyyətdə olan respublika rəhbərliyi imperiya mərkəzinin buyruğu ilə hərəkət edərək, Heydər Əliyevin Bakıda qalmasına əngəllər törətməyə başladı. Ulu öndər məcburiyyət qarşısında qalaraq, Naxçıvana getməli oldu. Naxçıvan camaatı onu çox böyük sevgi və mehribanlıqla qarşıladı. Bu böyük sevgi və mehribanlıq, şübhəsiz ki, Heydər Əliyevi daha da ruhlandırırdı. Çox keçmədən ulu öndər Naxçıvan Ali Məclisinin sədri oldu və muxtar respublikadan Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi.
1992-ci ildə və 1993-cü ilin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi proseslər cərəyan edirdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməsi, digər tərəfdən isə vətəndaş müharibəsinin ilk qığılcımlarının alovlanması vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Ölkəmizin və xalqımızın bu ağır günlərində Azərbaycanın taleyini düşünən bütün vətənpərvər qüvvələrin nəzəri Naxçıvana dikilmişdi. Ölkəni böhranlı vəziyyətdən yalnız Heydər Əliyev şəxsiyyəti xilas edə bilərdi. Belə bir şəraitdə Azərbaycanın bütün sağlam qüvvələrini birləşdirən qurtuluş hərəkatı meydana gəldi və Heydər Əliyev şəxsiyyəti ətrafında sıx birləşməyə başladı. 1993-cü ilin iyun ayının əvvəllərində xalqın istəyi və tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Azərbaycanı son dərəcə böyük məhəbbətlə sevən, onun taleyini dərindən düşünən ulu öndər ölkədə baş verən proseslərə biganə qala bilməzdi. Öz xilaskarlıq missiyasını yerinə yetirərkən həyatını belə təhlükə altına qoyaraq Heydər Əliyev Gəncə şəhərinə getdi və Azərbaycanda vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısını aldı. 1993-cü il iyun ayının 15-də ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyevin müdrikliyi və əzmkarlığı sayəsində Azərbaycan parçalanmaq və yox olmaq təhlükəsindən xilas oldu. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildikdən sonra Heydər Əliyev bütün qüvvə və bacarığını ölkənin sosial-iqtisadi inkişafına, silahlı qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi.
1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoydu. Ulu öndər həmin dövrdə çox yaxşı bilirdi ki, ölkəyə investisiyaların qoyulmasını təmin etmədən və iqtisadiyyatı inkişaf etdirmədən iqtisadi geriliyi aradan qaldırmaq mümkün olmayacaq. "Əsrin müqaviləsi"nin imzalanması və ölkənin neft sənayesinə investisiyaların cəlb olunması Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul olunması sahəsində gördüyü işlərdir. Dövlətin əsas qanunu olan Konstitusiya ictimai münasibətləri tənzimləyən, dövlət hakimiyyətinin təşkilini təsbit edən ali sənəddir. Yeni konstitusiyanın işlənib hazırlanması və qəbul olunması prosesi bir neçə mərhələdə həyata keçirilmişdir. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev Prezident kimi andiçmə mərasimindən bir qədər əvvəl yeni konstitusiyanın qəbul olunması təşəbbüsünü irəli sürdü. Ulu öndər Konstitusiya komissiyasının ilk iclasında qəbul ediləcək yeni konstitusiyanın əsas müddəalarını açıqladı: "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünə məxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq..."
1995-ci il noyabr ayının 10-da komissiyanın 9-cu iclasında Heydər Əliyev komissiyanın referenduma qədərki fəaliyyətinə yekun vuraraq komissiya və işçi qrupun üzvlərinə öz təşəkkürünü bildirdi: "Üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza, Vətənimizə sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə fəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var. Yəni biz tarixi bir sənədin yaradılmasının iştirakçılarıyıq və bununla fəxr edə bilərik."
Beləliklə, 1995-ci ilin noyabr ayının 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Heydər Əliyev dühasının təntənəsi olan Azərbaycan Respublikasının yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən, 158 maddədən və 12 keçid müddəasından ibarətdir. Azərbaycan Respublikasının yeni Konstitusiyasının əsas üstünlüklərindən biri də budur ki, onun müddəalarının üçdəbir hissəsi insan hüquqlarına və azadlıqlarına həsr edilmişdir.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu məsələləri ilə yaxından məşğul olmuşdur. Hələ ötən əsrin 70-ci illərində o, milli hərbi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirirdi. Sovetlər dövründə Azərbaycanda bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, həmin məktəblərdə çox az sayda azərbaycanlı kursantlara rast gəlmək olardı. Şübhəsiz, bu vəziyyət Heydər Əliyevi narahat etməyə bilməzdi. Onun şəxsi təşəbbüsü ilə o zaman Bakıdakı ali hərbi məktəblərə azərbaycanlıların qəbulu artırıldı. Ötən əsrin 90-cı illərində Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi lisey açıldı və hərbi kadrların hazırlanması bazası genişləndirildi.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edərkən Azərbaycan Ermənistanla müharibə vəziyyətində idi. O zamankı siyasi rəhbərliyin qətiyyətsizliyi və səriştəsizliyi üzündən ölkədə vahid komandanlığa tabe olan peşəkar ordu yaranmamışdı. Heydər Əliyevin dövlət başçısı kimi gördüyü ilk tədbirlərdən biri Silahlı Qüvvələrdə əsaslı islahatların başlanması oldu. Orduda mövcud olan silahlı qruplaşmalar vahid komandanlığa tabe etdirildi.
Ordu quruculuğu, Silahlı Qüvvələrin möhkəmləndirilməsi və hər hansı hərbi silahlı təcavüzə cavab verə biləcək peşəkar ordunun formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də daim diqqət mərkəzindədir. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir. Hər il büdcədən ordu quruculuğuna ayrılan vəsaitin həcmi artırılır. 2013-cü ildə büdcədə hərbi xərclərin həcmi 3,7 milyard manata çatdırılmışdır. Azərbaycanın peşəkar ordusunun güclənməsi, onun ən müasir silahlarla təchiz edilməsi bu gün nəinki Ermənistanı, həm də bizi istəməyən digər dövlətləri də narahat edir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun neft və qaz sənayesinin modernləşdirilməsi sahəsində gördüyü irimiqyaslı işlərdir. Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində neft və qaz sənayesinin inkişafına çox böyük diqqət yetirmişdir. Bakı Neftayırma zavodunun əsaslı surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi, Dərin Özüllər zavodunun tikilməsi, Xəzər dəniz neft donanmasının genişləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. İkinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ulu öndər yeni neft strategiyasını işləyib hazırlamaqla ölkəmizin iqtisadi inkişafına çox böyük təkan verdi. Bu məsələyə münasibətini bildirən Heydər Əliyev demişdir: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır."
1997-ci ilin mart ayında neftin Qara dənizə çıxmaq şərti ilə Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalandı və bu kəmər 1999-cu ilin aprel ayında işə düşdü. 1999-cu il noyabr ayının 18-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən xam neftin Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunmasına dair hökumətlərarası saziş imzalandı. 2002-ci ilin avqust ayında Londonda kəmərin tikilməsi və gələcəkdə istismar edilməsi üçün BTC CO şirkəti təsis olundu. 2002-ci il sentyabr ayının 18-də üç ölkənin prezidentlərinin və ABŞ-ın energetika nazirinin iştirakı ilə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu.
Nəhayət, çox böyük çətinliklərə və maneələrə baxmayaraq, bu böyük layihə reallaşdı. 2006-cı il iyun ayının 13-də Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi ilə əlaqədar təntənəli mərasim keçirildi. Təqribən bir il sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin rəsmi açılışı oldu.
Ümummilli liderin əzmkarlığı və uzaqgörənliyi sayəsində həyata keçirilən neft-qaz layihələri Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etməklə yanaşı, regionun siyasi-iqtisadi mənzərəsinin dəyişməsinə təkan verdi, dövlətimizin regionda geostrateji mövqelərinin mökəmlənməsinə şərait yaratdı. Hazırda Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması sahəsində Avropanın etibarlı tərəfdaşıdır.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının qarşısında duran ən mühüm və vacib məsələlərdən biri də elmi cəhətdən əsaslandırılan və milli maraqlara söykənən xarici siyasətin müəyyən edilməsi idi. Əslində, həmin dövrdə milli maraqlara əsaslanan xarici siyasət kursunun əsas hədəflərini müəyyən etmək o qədər də asan iş deyildi. Dünyada və regionda gedən siyasi proseslərə dərindən bələd olan ulu öndər Heydər Əliyev Azərbaycanın geosiyasi mövqeyini, ölkənin zəngin enerji resurslarına malik olmasını, böyük güc mərkəzlərinin və region dövlətlərinin iqtisadi və geosiyasi maraqlarını nəzərə alaraq, ölkənin milli maraqlara söykənən xarici siyasət kursunu müəyyən etdi.
Azərbaycanın əlverişli geosiyasi mövqeyini nəzərə alaraq ulu öndər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi layihələrinin reallaşmasına xüsusi əhəmiyyət vermişdir. Belə layihələrdən biri də TRASEKA layihəsi idi. Heydər Əliyevin təşəbbüsü ilə TRASEKA layihəsinə dair ilk beynəlxalq konfrans 1998-ci ilin sentyabr ayında Bakıda keçirildi. Həmin konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdi. Konfransda layihənin reallaşdırılmasının iqtisadi və texniki tərəflərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında Çoxtərəfli Əsas Saziş" adlanan çox mühüm bir sənəd qəbul olundu. Heydər Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə başlandı. 2007-ci ilin fevralında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin imzaladıqları yekun razılaşmasından sonra dəmir yolunun tikintisinə başlandı. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2013-cü ilin sonlarında başa çatmalıdır.
Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev əvvəlki iqtidar dövründə qonşu dövlətlərlə, o cümlədən Rusiya və İranla pozulmuş münasibətlərin normallaşmasına nail oldu. Sonrakı illərdə isə Azərbaycanın dünyanın əksər dövlətləri ilə diplomatik əlaqələri quruldu. Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan bir çox beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri yarada bildi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət kursu bu gün onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 10 il müddətində İlham Əliyev dünyada və regionda baş verən geosiyasi və iqtisadi dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Respublikasını daim dəyişən reallıqlara uyğunlaşdırmaqla, ölkəmizin bütün dünyada nüfuzunun artmasını təmin etmişdir. Bu gün cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və şəxsi təşəbbüsləri sayəsində nəhəng transmilli layihələr reallaşır, ölkəmizin iqtisadi və hərbi gücü daha da artır. Hazırda Azərbaycan bütün dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da möhkəmləndirmək, dünyada Azərbaycanın mövqeyini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq".
Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci
müavini,
YAP Siyasi
Şurasının üzvü
Azərbaycan.-2013.- 8 may.- S.7.