Heydər Əliyev və sosial quruculuq

 

Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin etmiş, ölkəmizin müasir inkişaf modelini formalaşdırmışdır. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır.

Müstəqil Azərbaycanın sosial müdafiə sisteminin formalaşmasının tarixi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və düzgün qurulmuş çoxşaxəli fəaliyyətin ətraflı təhlili ölkəmizin sosial rifah dövləti olaraq inkişafının vahid konsepsiya çərçivəsində təqdimi üçün mühüm əhəmiyyət daşıyır.

Hər bir ölkənin sosial təhlükəsizliyi - əhalinin layiqli həyat səviyyəsinə zəmanət verən, onun vətəndaşlarının, cəmiyyətin və dövlətin vacib maraqlarının daxili və xarici təhlükələrdən müdafiə vəziyyəti olduğunu nəzərə alsaq, müstəqilliyinin ilk illərində Azərbaycanda əsas sosial təhlükəsizlik problemləri və ya birbaşa sosial təhlükə halları kimi bunları göstərmək olar:

 

Sosial-siyasi sahədə:

 

- Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı;

 

- müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi;

 

- müdafiə vəhdətinin pozulması, separatçı meyillərin güclənməsi nəticəsində ölkənin ərazi bütövlüyünün zəifləməsi;

 

- xarici dövlətlər tərəfindən Azərbaycanın daxili proseslərinə artan müdaxilələr;

 

- ölkənin beynəlxalq aləmdən təcrid olunması.

 

Sosial-iqtisadi sahədə:

 

- Keçmiş SSRİ ərazisində iqtisadi məkanın dezinteqrasiyası, keçmiş ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması;

 

- maliyyə-pul sisteminin destabilizasiyası və kifayət qədər valyuta vəsaitlərinin olmaması, manatın kursunun aşağı düşməsi;

 

- nəzarət edilməyən iqtisadi böhran və strukturun yenidən təşkili üçün vəsaitlərin olmaması;

 

- xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran;

 

- kənd təsərrüfatında, sənayedə istehsalın aşağı düşməsi;

 

- ərzaq idxalından asılılıq səbəbindən potensial zəiflik;

 

- yanacaq-enerji kompleksinin böhran vəziyyəti.

 

Sosial sahədə:

 

- əhalinin yoxsullaşması;

 

- əhalinin sosial müdafiəsinin əsas institutlarının dağılması;

 

- əhalinin geniş dairələrində, o cümlədən gənclər arasında sosial çarəsizlik əhvali-ruhiyyəsinin artması.

 

Müstəqilliyin ilk illərində Azərbaycanda qeyd olunan təhlükə mənbələrinin dərk edilməməsi və təhlükəsizlik təminatı sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməməsi, şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati vacib maraqlarına adekvat olan tədbirlər sisteminin tətbiqinə nail olunmaması vəziyyəti daha da ağırlaşdırmış, sosial təhlükə mənbələrini tam nəzarətdən çıxarmışdı.

Belə bir dövrdə yalnız xalqımızın tarixinə xilaskar kimi daxil olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin müstəqilliyi ilə bağlı arzuların, ümidlərin gerçəkləşdirilməsi yolunda məqsədyönlü addımların atılmasının, uğurlu daxili və xarici siyasətin aparılmasının başlanğıcı qoyulmuş və bu xətt davam etdirilmişdir.

Həmin illərdə respublikamızın sosial-iqtisadi həyatını çətinləşdirən və bu mərhələdə tədbirlərin müvəffəqiyyətlə icrasına mane olan ciddi sosial təhlükələr ölkəmizdə yeni iqtisadi sistemə keçid dövrünün MDB və ya dünya dövlətləri ilə müqayisəsinə fərqli yanaşmağı zəruri edir. Bu zərurət ümummilli lider Heydər Əliyevin "...ayrı-ayrı respublikalarda və regionlarda insan inkişafına dair məsələlər təhlil olunarkən və bu barədə nəticələr çıxarılarkən Azərbaycanın belə bir ekstremal, fövqəladə şəraitdə olması mütləq nəzərə alınmalıdır" fikrində aydın ifadə olunmuşdur.

"Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!" deyən Heydər Əliyev həmin dövrdə ölkə iqtisadiyyatının böhrandan çıxarılması, xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. O illər həyata keçirilən tədbirləri ümummilli lider "Bu çətin şəraitdə biz respublika vətəndaşlarının sosial müdafiəsi sahəsində mümkün olan bütün tədbirləri görürük" deyə dəqiq ifadə etmişdir. Halbuki həmin dövrdə Azərbaycanın qarşısında bir sıra ölkələrdən tamamilə fərqli olaraq bir dövlət kimi yox olmaqdan və vətəndaş qarşıdurmasından qurtarmaq, xarici hərbi təsirlərin qarşısını almaq kimi daha vacib problemlər dururdu.

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyən edə bilir, öz xalqının rifahı naminə qərarlar qəbul edilən zaman əsl qətiyyət nümayiş etdirirdi. Digər tərəfdən, keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyni, mövcüd sosial müdafiə modelinin quruluşunu və dünya sistemləri ilə müqayisəsini daha dərindən müşahidə etmək imkanına malik olan bu böyük şəxsiyyətdə siyasi iqtisad və sosiologiya sahəsində güclü intellektual baza formalaşmışdı.

Həmin dövrdə ölkə iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılmasının əsas strategiyası ümummilli lider Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimindəki nitqində aydın ifadə olunmuşdur: "Bu yol çətin və ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik və çalışmalıyıq ki, bu potensial Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın".

Heydər Əliyev ölkənin sürətli inkişafı üçün bazar iqtisadiyyatının yeganə yol olduğunu görür, bütün bunlarla yanaşı, yeni sistemə keçidin mənfi təsirinin azaldılmasına da xüsusi diqqət yetirilməsini vacib bilirdi. Ölkə başçısı - "Keçid dövründə iqtisadiyyatda çətinliklər çoxdur. Bunlar məlumdur. Ancaq bu çətinliklərin təsirini azaltmaq olar, eyni zamanda bu çətinliklərin qarşısını alaraq mövcud imkanları daha sürətlə hərəkətə gətirmək mümkündür" - deyərək öz strateji xəttini aydın göstərirdi.

Həmin dövrdə ümummilli lider ölkədə bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirmiş və xalqın sosial rifahının artırılmasını öz fəaliyyətinin başlıca məqsədi elan etmişdi: "Hesab edirik ki, bu, respublikamızın müstəqilliyini möhkəmləndirmək və əhalinin rifah halını get-gedə yaxşılaşdırmaq üçün strateji xətdir, yoldur. Bu yol sərbəst bazar iqtisadiyyatı, sərbəstləşdirmə proseslərinin davam etdirilməsi, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaradılması yoludur. Həmin tədbirlərin hamısı ilk növbədə əhalinin, xalqın mənafeyinə xidmət edir. Ona görə də bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik".

Bu dövrdə sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması təmin edilənədək, çox çətinliklə başa gəlsə belə, əvvəlki dövlət təminatı sisteminə əsaslanmaq əsas taktiki addımlar kimi seçilmişdi. Qeyd olunanlar 11 avqust 1994-cü ildə respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş müşavirədə ümummilli lider Heydər Əliyev tərəfindən belə şərh olunmuşdur: "Həyatımızda, iqtisadiyyatımızda davam edən dəyişikliklər prosesi, şübhəsiz ki, iqtisadiyyatın yeni formalarının tətbiq olunmasını tələb edir və biz bu yolla gedirik. İqtisadiyyatımızın əksər hissəsində hələ ki iqtisadi münasibətlər, idarəetmə formaları əvvəlki kimi qalmaqdadır. Hələ ki keçmiş metodlardan, üsullardan istifadə edirik və yəqin ki, hələ bundan sonra da istifadə edəcəyik".

Məhz bu səbəbdən də digər dövlətlərdən fərqli olaraq Azərbaycanda müstəqilliyimizin ilk illərindən başlayaraq, ümummilli lider Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir.

Ümummilli lider bu məsələnin həlli yolunu aydın göstərirdi: "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır".

Qeyd olunan seçim nəticəsində həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır.

 Bu dövrdə tədricən iqtisadi islahatlara start verilir, həmin islahatların cəmiyyətə mənfi təsirlərini tənzimləmək üçün əhalinin ehtiyacı olan təbəqələrinin sosial müdafiəsini təmin etmək dövlətin əsas vəzifəsi kimi müəyyənləşdirilirdi. Məsələn, qiymətlərin sərbəstləşdirilməsi haqqında qərarların qəbul olunması ilə yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi tədbirləri də görülürdü. "İşləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında", "Çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 1993-cü il 22 noyabr tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanları buna misaldır.

Həmin vaxt Heydər Əliyevin siyasi və ictimai həyatın bütün sahələrində həyata keçirdiyi planlarda əhalinin sosial müdafiəsinin mühüm meyar olduğu aydın görünür.

Bu mərhələdə xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar şəhidi" fəxri adı təsis edildi və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürüldü. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi qanunlar qəbul olundu. Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi imkanının yaxşılaşdırılması, Azərbaycan Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları ilə hüquqi normaya çevrildi.

Ermənistanın təcavüzünə qarşı aparmağa məcbur olduğumuz müharibə bizə böyük itkilər vermiş, eyni zamanda yaralananların, xəsarət alanların, əlillərin sayı çoxalmışdı. Bununla bağlı müharibə məhrumiyyətlərinə məruz qalmış bütün insanlara, xüsusən əlillərə kömək etmək, onların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması üçün şərait yaratmaq başlıca vəzifə elan edildi. Eləcə də bu qayğı ilə 20 Yanvar faciəsi zamanı əlil olanlar, təbii fəlakət nəticəsində xəsarət alanlar, bəzi xəstəliklər üzündən çətinliklərə məruz qalmış adamlar, anadangəlmə fiziki, ruhi çatışmazlıqları olan insanların da əhatə edilməsi ölkə başçısının xüsusi diqqətində saxlanılırdı.

Həyata keçirilən tədbirlərin davamı kimi 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləği əhəmiyyətli şəkildə artırıldı, pensiya, təqaüd və müavinətlərin məbləği əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı. 1994-cü il dekabrın 1-dən sosial və işləməyən pensiyaçılara, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdə 16 yaşınadək uşaqların hər birinə yeni məbləğlərlə pul kompensasiyası təyin edildi.

 Xüsusilə qeyd olunmalıdır ki, sadalanan bu tədbirlər inflyasiyanın artdığı və istehsalın həcminin kəskin azaldığı, qiymət siyasətinin həyata keçirilmədiyi, əməkhaqqının və valyuta bazarının tənzimlənməsinin dəqiq mexanizminin olmadığı, büdcə vəsaitlərinin çatışmadığı bir şəraitdə həyata keçirilirdi.

Azərbaycanın Heydər Əliyev strategiyasını gerçəkləşdirərək qurduğu sosial dövlət modeli, bu sahədə əldə etdiyi zəngin təcrubə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də örnək rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin mənafeyi mütləq nəzərə alınır və ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.

Azərbaycanın sosialyönümlü milli iqtisadiyyatının qurulması strategiyasının müəyyənləşdirilməsində nəzərə alınan mühüm amillərdən biri də bütün dünyada baş verən sosial müdafiəyə yeni kollektiv yanaşma tərzi idi. Bu sahədə 12 mart 1995-ci ildə Kopenhagendə keçirilən sosial inkişaf naminə yüksək səviyyədə ümumdünya görüşü və burada ümummilli lider Heydər Əliyevin tarixi çıxışı xüsusilə qeyd olunmalıdır. Ümummilli lider Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli məclisinin tribunasından "Dövlət tərəfindən vətəndaşların sosial müdafiəsinə təminat verilməsi dövlətlərin özlərinin suverenliyinin, ərazi bütövlüyünün kənardan təhlükəyə məruz qalmayacağına beynəlxalq təminatlar verilməsi ilə tamamlanmalıdır" - tezisini irəli sürmüş, insanın sosial müdafiəsi üçün siyasi, iqtisadi və humanitar cəhətdən vəhdət şəklində beynəlxalq təminat normalarının işlənib hazırlanması zəruriliyini təsbit etmişdir.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası bu prinsipi dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt olmaqla yanaşı, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan bu ali sənəddə sosial dövlət konsepsiyası öz əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilmişdir. Bu ali sənədin qəbulu xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması ilə yanaşı sosial sistemdə sabit özülün yaradılması işində mühüm hüquqi addım olmuşdur.

Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ili olan 1995-ci il ciddi islahatların həyata keçirilməsinin başlanğıc dövrü də adlandırılır. Əsas Qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını müəyyən edən fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məqsədyönlü xarici və daxili siyasəti nəticəsində müstəqilliyin ilk illərini dərinləşən sosial-iqtisadi böhran vəziyyətində yaşamış Azərbaycan Respublikasında 1995-ci ildə geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olunmuşdur. Bu dövrdə ölkə iqtisadiyyatının və sosial müdafiə institutlarının yenidən qurulması məsələlərinin hər birinə ümummilli lider Heydər Əliyev tərəfindən ayrı-ayrılıqda real yanaşma ortaya qoyulmuşdur. Yəni sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün etibarlı iqtisadi baza yaradılması və yalnız bundan sonra beynəlxalq standartlara cavab verən zəruri dəyişikliklərə başlanılması müəyyənləşdirilmişdir.

Azərbaycanın sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün etibarlı iqtisadi baza yaradılması dövrü əhalinin sosial müdafiəsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Bu dövrdə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi üzrə nəzərdə tutulan proqram-məqsədlər uğurla reallaşdırılmış, xüsusilə, əhaliyə ödənilən pensiya və digər sosial ödənişlər üzrə xərclərin hər il artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdir.

Ölkədəki iqtisadi inkişaf nəticəsində artıq 1996-cı ildən etibarən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımların müsbət təsiri əhəmiyyətli şəkildə hiss olunmağa başlamışdı. Ümummilli lider Heydər Əliyev 1997-ci ildə Azərbaycan xalqına yeni il təbrikində bu sahəyə xüsusi yer ayırmışdı: "Bütün bunlar respublikamızda iqtisadiyyat sahəsində aparılan tədbirlərin və iqtisadi islahatların əyani nəticəsidir və bunların sayəsində əhalinin rifah halını yaxşılaşdırmaq üçün müəyyən tədbirləri həyata keçirmək mümkün olmuşdur. 1996-cı ildə respublikamızda... pensiyalar, müavinətlər ümumən 50 faiz... artmışdır".

Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.

Qeyd olunanlar sübut edirdi ki, ölkədəki sabit və ardıcıl inkişafın sosial müdafiə sisteminin yenidən qurulması prosesində etibarlı təminata çevrilməsi uğurla reallaşdırılmışdır. Bu baxımdan həmin tədbirlərə paralel olaraq sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdi.

Ölkəmizdə bu sahədə köklü dəyişikliklərə 2001-ci ilin iyul ayından etibarən, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının icrası ilə başlanılmışdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlər 2001-2005-ci illərə aid edilmişdi, çünki həmin dövr pensiya sisteminin köklü dəyişdirilməsi üçün demoqrafik baxımdan ən sərfəli dövr kimi qiymətləndirilmişdi.

Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya sistemi ilə sosial müavinət və yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi. Bu dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan sığorta-pensiya sisteminin yaradılması idi. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd kimi ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsi müəyyənləşdirilmişdi.

Ümummilli liderin Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. İslahat pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdi. Qeyd olunan məqsədlərə çatmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya sisteminin idarə olunması üzrə prinsipial tələblər, pensiya islahatının həyata keçirilməsi mərhələləri böyük öndərimiz tərəfindən dəqiq müəyyən olunmuşdu.

Sosial sığorta və pensiya təminatı sahəsində aparılacaq islahatlar hər bir iştirakçının ödədiyi məcburi dövlət sosial haqqının məbləğinə uyğun pensiyanın təyin olunması sisteminin tətbiqini nəzərdə tuturdu ki, bu da məcburi pensiya sığortası ilə sosial yardım funksiyalarının bir-birindən ayrılmasını tələb edirdi. Pensiya islahatını həyata keçirmək üçün hökumətin yerinə yetirməli olduğu tədbirlər sırasına yeni sığorta-pensiya sisteminin qurulması, pensiya sisteminin səmərəli idarə olunmasının və pensiyaların çatdırılmasının effektli təşkilinin təmin edilməsi, fərdi uçot sisteminə əsaslanan avtomatlaşdırılmış sosial sığorta və pensiya sisteminin qurulması daxil idi. Məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan pensiya sistemi üzrə təkmilləşdirilmiş qanunvericilik bazası pensiya yaşını, məcburi sosial sığorta haqqının ödənilməsi müddətini, işəgötürənlər və işçilər tərəfindən ödəniləcək sosial sığorta ödəmələrinin payını optimallaşdırmalı, pensiya məbləğinin hesablanmasını sadələşdirməli və indeksləşdirmə qaydalarını müəyyən etməli idi. Sosial pensiyalar və sosial sığorta haqlarına əsaslanmayan ödənişlər isə bu sistemdən ayrılmaqla dövlət büdcəsi hesabına həyata keçirilməli, sosial müavinət sistemi isə əmək pensiyası almaq hüququ əldə edə bilməyən vətəndaşların sosial müdafiəsi məqsədi daşımalı idi.

 Pensiya İslahatı Konsepsiyanın icrasının təşkilati-idarəetmə bazasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin 3 fərmanı xüsusilə qeyd olunmalıdır. Bunlardan "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 26 dekabr 2001-ci il tarixli 616 nömrəli fərmanla ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 31 avqust 2002-ci il tarixli 781 nömrəli fərmanla məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən orqana mərkəzi icra hakimiyyəti orqanı statusu verilmiş, "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" 4 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanla isə vahid sığorta-pensiya qurumunun yaradılması və sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sisteminin bir-birindən ayrılması əsasən müəyyənləşdirilmişdir.

 Sonrakı dövrdə respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmışdır. Ümummilli liderin Pensiya İslahatı Konsepsiyası ilə nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsi 2005-ci ilin sorunadək yekunlaşdırılmış və ölkəmizdə 2006-cı ildən əhalinin sosial müdafiəsi sahəsində müasir tələblərə cavab verən sığorta-pensiya və dövlət sosial yardımı sistemləri ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlamışdır.

Yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı il  yanvarın 1-dən sonra əldə olunan uğurların statistik göstəricilərinə əsasən əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği 3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 24,1 faizdən 42,3 faizə çatdırılmışdır. Sosial sığorta haqqının dərəcəsinin 29 faizdən 25 faizə endirildiyi şəraitdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 4,4 dəfə artmış, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 2530 min nəfərə yüksəlmişdir.

Bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur.

20 il ərzində Azərbaycanda Heydər Əliyev ideyalarının uğurla reallaşdırılması nəticəsində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, məcburi dövlət sosial sığortası və pensiya təminatı sistemində də effektiv və müasir avtomatlaşdırılmış idarəetmə sistemi formalaşmışdır. Başqa sözlə, dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin onun varisi tərəfindən vaxtında və mövcud reallıqları nəzərə almaqla gerçəkləşdirilməsi Azərbaycan xalqının sosial rifahına xidmət edəcək bir sistemin qurulmasını təmin etmişdir.

Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, xalqımızın ümummilli liderinin "Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir" arzusu möhtərəm Prezident İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilmişdir.

 

 

Səlim MÜSLÜMOV,

iqtisad elmləri doktoru, professor,

Azərbaycan Respublikası Dövlət

Sosial Müdafiə Fondunun sədri

 

Azərbaycan.-2013.- 8 may.- S.9.