Xalqın milli sərvətinə çevrilmiş insan

 

Hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu emprik dəyərləndirmə mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından hətta zamandan istifadə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin misilsiz xidmətlərini ön plana çəkir. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi ağır missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər.

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. O, qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında deyilir: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Böyük strateqin müdrikliklə formalaşdırdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın sürətli inkişafını təmin edən, milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu inkişaf strategiyasının yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini diqqətə çəkmişdir. Heydər Əliyev böyük uzaqgörənliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. O, tətbiq olunan hər bir mütərəqqi yeniliyin xalqın milli xüsusiyyətləri, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib saymışdır: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".

Ümummilli lider Heydər Əliyev 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana ikili standartlardan yanaşmalara qarşı qətiyyətli mübarizə aparan Heydər Əliyev aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yürüdəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin mükəmməl şəkildə əksini tapması məhz ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Azərbaycan Konstitusiyasının 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi xarici siyasət də ümumən bu prinsiplərdən qaynaqlanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilmişdir. Böyük strateq Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin rəqabət və qarşıdurma meydanına çevrilməsini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə olmuşdur. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamda ulu öndərin xarici siyasət və diplomatiya sahəsində xidmətləri də önə çəkilmişdir: "Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır".

Cənubi Qafqaz xalqlarının iqtisadi və mədəni inteqrasiyasında maraqlı olan ulu öndər Heydər Əliyev Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal əhəmiyyətli beynəlxalq layihənin gerçəkləşməsi təşəbbüsünü irəli sürmüş, beləliklə, Azərbaycanın perspektivdə strateji əhəmiyyətli tranzit məkana çevrilməsinə nail olmuşdur. TRASEKA layihəsi Avropa İttifaqının 1993-cü ildə Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və həmin qurumla imzalanmış sazişə əsasən həyata keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlanmışdır. Məhz bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" layihəsi irəli sürülmüşdür. Müzakirələrin yekunu olaraq "Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd imzalanmış, qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Konfransın yekun sənədi olaraq "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm sənəd imzalanmışdır. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizin dünya dövlətləri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqavisi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Son 19 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu kontrakt, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

Zaman keçdikcə, ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətçiliyinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin polad əzmi, qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin siyasi və iqtisadi əhəmiyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayandığını daha dolğun şəkildə dərk edirlər. "Əsrin müqaviləsi"nin fövqəladə əhəmiyyəti həm də onunla şərtlənir ki, məhz bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın əsası qoyulmuş, region dövlətlərinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində müsbət presedent yaranmış, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə start verilmiş, ümumən regionun hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Müqavilə çərçivəsində Qərb şirkətlərinin respublikamıza 20 milyard dollardan artıq investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir.

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamda vurğulandığı kimi, respublikamızın Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını rəhbər tutmadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Eyni zamanda, ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm hökmü cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, vətəndaşlara Avropa Məhkəməsinə müraciət imkanlarının yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyev uzaqgörən lider kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ümummilli liderin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərini daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin lider kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Bütün zəngin və mənalı ömrünü Azərbaycana dərin məhəbbət hissi ilə yaşamış bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında  diqqəti çəkir.

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənə və milli dəyərlərin, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə də xüsusi diqqət yetirmişdir. Böyük strateq olaraq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənələlərə, saf duyğulara qarşı yönəlir. Məhz Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, fokloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Milli ənənə və dəyərlərə sadiqlik əsla Heydər Əliyevin daxili demokratizminin inkarına yönəlməmiş, bu dahi şəxsiyyət düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu sintezini yarada bilmişdir. Ulu öndər öz davranışı ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gedən, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.

Müstəqil Azərbaycanın regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınması da ulu öndərin tarixi xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəni daim diqqətdə saxlamışdır. Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin - azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin - Azərbaycanın qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edilmişdir. "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır" -deyən ümummilli lider ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli təəssüb hissini yaşaması tolerantlığın ən bariz nümunəsidir.

Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, ulu öndərin möhtərəm Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

"Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə  inamlı addımlar atır. Cənab İlham Əliyev son 10 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamları, habelə praqmatik qərarları, obyektiv reallıqdan irəli gələn addımları bütün dünyanı bürüyən qlobal böhrana qarşı respublikamızın effektiv müqavimət əzmini təmin etmiş, hətta iqtisadi inkişafa da nail olunmuşdur.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır. Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir. Azərbaycan Prezidentinin son illərdəki kadr dəyişiklikləri də məhz hakimiyyət komandasının xalqa daha layiqli xidmət göstərməsi məqsədindən irəli gəlmişdir.

İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 10 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi, hüquqi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin yüksəlməsi ilə paralel şəkildə həyata keçirilməlidir.

Prezidentlik dövründə xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirən, Azərbaycanın hücum diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən cənab İlham Əliyev bu sahədə də mühüm nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini dünya miqyasında müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətini yeritməyə nail olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə, Azərbaycanın heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yeritməsi, beynəlxalq mövqelərinin güclənməsi təmin edilmişdir.

Hazırda respublikamızın özündən asılı olmayan səbəblərdən həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəticədən asılı olmayaraq, hazırda Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi son nəticədən asılı olmayaraq, Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verir. Yəni danışıqlar prosesi sonadək nəticə verməsə, Azərbaycan hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaq, bu istiqamətdə real addımlar atacaqdır.

Ötən 10 ilə nəzər saldıqda əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə xitabən "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə qətiyyən yanılmamışdır. Heydər Əliyev siyasi kursunu davam etdirə biləcək yeganə şəxs məhz İlham Əliyev idi və ötən 10 illik zaman məsafəsində bu həqiqət bir daha təsdiqini tapmışdır. İrs-varislik əlaqələrinə əsaslanan bu bağlılıq Azərbaycana inamla rəhbərlik edən cənab İlham Əliyevin ictimai inamı doğrultmasında da bir daha özünü göstərir. Bəli, Prezident İlham Əliyev Heydər Əliyevin və milyonlarla azərbaycanlının inamını doğrultmağı bacarmışdır.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 8 may.- S.10.