Müasir Azərbaycanın memarı və
qurucusu
Müasir müstəqil Azərbaycan öz memarı və qurucusu - Böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd edir. Ulu öndərin Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Bu dövr Azərbaycanın inkişaf arxitekturasının ən şərəfli səhifələrindən biridir. Hazırda beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən daxili və xarici siyasət strategiyası, xüsusən sosial-iqtisadi inkişaf məhz ulu öndərin fəaliyyətinin bəhrələridir. Bu dövrün ən böyük uğuru odur ki, Azərbaycan son 21 ildə dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, onu möhkəmləndirmiş və inkişaf etdirmişdir. Qısa zaman kəsiyində Azərbaycan nəinki inkişafın ən düzgün istiqamətlərini müəyyən etmiş, hətta aparıcı ölkələrin böhran yaşadığı bir dövrdə böhranı qabaqlamağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf modelinin uzunömürlülüyünü təmin edən üç universal irs yaratmışdır - milli ideologiya, milli dövlətçilik və milli dövlət. Bunların hər biri ayrı-ayrılıqda Heydər Əliyevin ümummilli lider statusu üçün kifayət edərdi. Ancaq Heydər Əliyev xarizmatik lider, zəngin dövlətçilik təcrübəsinə malik siyasi xadim olduğuna görə hər bir məsələyə kompleks yanaşma onun fəaliyyətinin xarakterik cəhəti idi.
Siyasi təhlilçilər yazırlar ki, Azərbaycanın davamlı inkişafını təmin edən Heydər Əliyev ideologiyası ideyanı praktik fəaliyyətə transformasiya edərək, insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərləri özündə ehtiva edir. Məhz bunun nəticəsidir ki, cəmiyyətin hər bir üzvü bu ideologiya çərçivəsində özünün istək və arzularının ifadəsini tapır. Bu prizmadan yanaşdıqda aydın olur ki, ulu öndər Heydər Əliyev inkişaf strategiyasını üç fundamental dəyər üzərində qurmuşdur. Bunlar güclü müstəqil dövlət, şaxələndirilmiş dinamik iqtisadiyyat və azad insan amilidir. Hər üç dəyərin harmoniyası ölkənin hərtərəfli tərəqqisinə hədəflənən trenddir. Ulu öndər bu dəyərləri müəyyənləşdirərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi amilləri, eyni zamanda perspektivdə qarşıda duran vəzifələri nəzərə almışdır.
Ümummilli lider milli ideologiyanı yaradarkən dövlətçilik prinsiplərini əsas götürdüyünü bildirərək deyirdi: "Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır".
Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. Müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial inkişaf parametrlərindən danışılarkən çox vaxt Heydər Əliyevin müstəqillik illərindəki titanik fəaliyyətinin nəticələri diqqətə çatdırılır. Ancaq yaxın tarixi keçmiş Azərbaycanda dövlətçilik hissinin və milli mənlik şüurunun hələ 1970-ci illərin əvvəllərindən formalaşdığını və sürətlə inkişaf etdiyini göstərir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, dünya miqyasında tanınmağa başlamışdı. Sərt imperiya qadağalarına baxmayaraq, Heydər Əliyev o dövrdə müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirmiş, xalqımız və ölkəmiz üçün misilsiz işlər görmüş, tənəzzül girdabında boğulan Azərbaycanı ittifaqın qabaqcıl respublikaları sırasına çıxarmışdı.
Heydər Əliyevin hakimiyyətinin sovet dönəmi Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə - 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Heydər Əliyev istər Azərbaycanda, istərsə də keçmiş ittifaq dövlətində ali rəhbər vəzifələrdə çalışarkən erməni millətçilərinin torpaqlarımıza olan iddialarına sipər çəkmişdi. Onlar hər dəfə baş qaldıranda Heydər Əliyev bu fitnəkarlığa qarşı qətiyyətli, sərt və barışmaz mövqe nümayiş etdirmişdir.
Tarix təsdiq edir ki, məhz Heydər Əliyev 1987-ci ilin oktyabrında ali hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra erməni millətçiləri respublikamıza və xalqımıza qarşı təxribat planlarını həyata keçirməyə başlamışlar. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ilhaqı və işğalı planının ilk mərhələsi idi. Çünki onlar Heydər Əliyev fenomeninə bələd idilər və yaxşı bilirdilər ki, onu siyasi rəhbərlikdən uzaqlaşdırmadan özlərinin məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Bundan sonra isə Azərbaycanda yaradılmış güclü iqtisadi potensialın dağıdılmasından tutmuş, milli ləyaqət hissinin tapdalanmasına, düşmən qarşısında təslimçilik ruhunun aşılanmasına qədər hər cür çirkin üsullara rəvac verildi. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın sənayedə, aqrar sektorda və mədəni quruculuqda qazandığı böyük uğurlara kölgə salmaq məqsədi güdən təbliğat maşını işə salındı. Azərbaycanlıların Ermənistan ərazisi sayılan əzəli dədə-baba torpaqlarından zorla, vəhşiliklə qovulması həyata keçirildi. Azərbaycan öz tarixi ərazisi olan Dağlıq Qarabağa siyasi, iqtisadi nəzarəti itirdi. Bunun ardınca, 1990-cı ilin Qanlı Yanvar qırğını törədildi, Ermənistanın Azərbaycana açıq hərbi təcavüzü başlandı. Məhz o dövrdə səriştəsiz, milli təəssübkeşlikdən uzaq, dövlət işində naşı rəhbərlərin bir-birini əvəzləməsi, Heydər Əliyevi xalqdan və böyük siyasətdən təcrid etmək cəhdləri Azərbaycanı parçalanmaq təhlükəsi, vətəndaş müharibəsi ilə üz-üzə qoydu.
Hakimiyyət davası, cinayətkarlıq və terrorçuluq, qorxu və sabaha inamsızlıq, Qarabağın əliyalın azərbaycanlı əhalisinin silahlı Ermənistan ordusu qarşısında köməksizliyi, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, ordu quruculuğuna cinayətkarcasına biganə münasibət, iqtisadi təxribatlar, milli strateji sərvətlərin talan olunması, tayfabazlıq və dövlət mafiyası - o dövrdəki hakimiyyətlərin əsas cizgiləri idi. Belə bir ağır vaxtda Azərbaycan xalqı müdriklik göstərərək xilaskar oğlunu - Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi.
Bəs,
1969-1982-ci illərdə öz əlləri ilə qurduğu
abad, firavan Azərbaycandan 1993-cü ildə Heydər Əliyevə
nə miras qalmışdı? Səbatsız və təsadüfi
"rəhbərlərin" xalqa zidd siyasəti nəticəsində
daxili və xarici düşmən təxribatları
üçün poliqona çevrilmiş, xəyanət və
satqınlıqlar üzündən torpaqlarının bir hissəsi
işğal olunmuş, yüz minlərlə
soydaşımızın öz doğma yurdlarından didərgin
düşdüyü bir ölkə. Bütün bunlarla
yanaşı, hərbi-siyasi anarxiya, iqtisadi böhran,
talançılıq və terror Azərbaycanın
ictimai-siyasi həyatında düşkünlük və tənəzzül
əhval-ruhiyyəsi yaratmışdı. İnsanlar sabaha inam
hissini itirmişdilər.
Adı Azərbaycan
xalqının yaddaşına dövlət qurucusu kimi əbədi
həkk olunmuş ulu öndər Heydər Əliyev öz yeni
tarixi missiyasına məhz belə ağır, mürəkkəb
şəraitdə başlamışdı. Təsadüfi
deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək,
onun müstəqilliyini və suverenliyini qorumaq kimi çətin
və şərəfli vəzifəni məhz Heydər Əliyevin
qadir əllərinə tapşırdı. Yalnız 1993-cü
ilin yayından, Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra illərlə davam edən siyasi
hakimiyyət böhranına, anarxiya və
özbaşınalığa son qoyuldu, Azərbaycanda yeni
tarixi mərhələ - dövlət müstəqilliyinin
möhkəmləndirilməsi və real dövlət
quruculuğu dövrü başlandı.
Dövlətin
müqəddəratının sual altında olduğu bir
dövrdə Azərbaycan xalqının öz taleyini Heydər
Əliyevə etibar etməkdə
yanılmadığını ulu öndər
qayıdışının elə ilk aylarından sübuta
yetirdi. Ölkəni bir neçə il ərzində taqətdən
salan hərc-mərcliyə qısa müddətdə son
qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, siyasi və
iqtisadi böhran dayandırıldı, erməni təcavüzünün
Azərbaycanın içərilərinə irəliləməsinin
qarşısı alındı. Ən başlıcası isə
insanlarda ölkənin gələcəyinə inam yarandı.
Bu inamın fəlsəfəsini o dövrdə meydana gəlmiş
"Xalq-Heydər, Heydər-Xalq" deyimi çox aydın
şəkildə təcəssüm etdirirdi. Beləliklə,
1993-cü il Azərbaycanın müasir tarixinə yeni
dövrün başlanğıcı kimi daxil oldu. Qüdrətli
dövlət xadimi Heydər Əliyev çox böyük
müdrikliklə ölkənin inkişaf vektorunu müəyyənləşdirdi,
strateji hədəfləri dəqiqləşdirilmiş mükəmməl
xarici siyasət konsepsiyası işləyib hazırladı.
Ölkəmizin
xarici tərəfdaşları açıq etiraf edirlər
ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını
- Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu
birləşdirən körpü rolunu möhkəmləndirən,
modernləşmənin əsasını qoyan konsepsiyanı
son dərəcə tarazlaşdırılmış şəkildə
quraraq, onu beynəlxalq inkişafın qlobal meyilləri ilə
əlaqələndirmişdir. Müstəqil Azərbaycanda
modernləşmə prosesi 1994-cü ildə aparıcı
beynəlxalq neft şirkətləri ilə "Əsrin
müqaviləsi"nin imzalanmasından
başlanmışdır. Bu müqavilə milli
iqtisadiyyatın inkişafına güclü təkan
vermiş, onu keyfiyyətcə yeni çalarlarla zənginləşdirmişdir.
Qısa müddətdə 22 beynəlxalq neft sazişinin
imzalanmasına nail olan Heydər Əliyev dünyanın maliyyə
elitasını bu layihələrin təkcə Azərbaycan və
region üçün deyil, bütün Avropa
üçün real və zəruri olmasına inandıra
bilmişdi.
Heydər
Əliyev cəbhədə atəşkəsə nail olmaqla,
ölkədə möhkəm siyasi sabitlik təmin etməklə
müstəqil Azərbaycan dövlətinin böhrandan
çıxması və gələcək inkişafı
üçün zəmin yaratdı. Bunun ardınca 1995-ci ilin
noyabrında ümumxalq səsverməsi ilə qəbul
olunmuş müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası ölkənin modernləşdirilməsinin,
yeni iqtisadi sistemə keçidin hüquqi bazasını
yaratdı və həmin vaxtdan respublikanın iqtisadi həyatının
yeni mərhələsi başlandı.
Heydər
Əliyev bazar iqtisadiyyatına keçidi təmin edəcək
islahatların dərinləşdirilməsində özəlləşdirməyə
həlledici yer verirdi. İlkin olaraq kiçik özəlləşdirmə
adlanan proses - xidmət sahələrinin, ticarətin, tikinti və
nəqliyyatda bir sıra sahələrin özəlləşdirilməsi
bazar münasibətlərinə yumşaq keçidi təmin
etdi. Bu sahədəki təcrübə orta və iri müəssisələrin
özəlləşdirilməsi prosesini uğurla davam etdirməyə
imkan verdi.
Lakin
ölkə əhalisinin 40 faizdən çoxunun
yaşadığı kənd yerlərini bazar münasibətlərinə
cəlb etmədən yeni iqtisadiyyatın yaradılması təmin
oluna bilməzdi. Bu isə, ilk növbədə,
torpağın şəxsi mülkiyyətə verilməsi,
kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi
- yəni, aqrar islahatın aparılması nəticəsində
mümkün idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə respublikamızda çox cəsarətli,
keçmiş SSRİ məkanında bənzəri olmayan
torpaq islahatının həyata keçirilməsi, əslində,
Azərbaycan kəndində bütün təsərrüfat
ukladını, kəndin həyat tərzini kökündən
dəyişdi.
Heydər
Əliyevin iqtisadi strategiyasında ölkəyə xarici sərmayələrin
cəlb edilməsi xüsusi yer tuturdu. İlk vaxtlar əsasən
Azərbaycanın yeni neft strategiyasının
reallaşdırılması ilə bağlı qoyulan xarici sərmayələr
getdikcə iqtisadiyyatın digər sahələrinə,
infrastruktur layihələrinə də sirayət edirdi. Ölkədə
əlverişli sərmayə mühitinin yaradılması, o
cümlədən xarici sərmayələrin qorunması
üçün dövlət tərəfindən
bütün zəruri tədbirlər görülür,
müvafiq qanunvericilik bazası yaradılırdı.
1995-2003-cü illərdə ölkə iqtisadiyyatına
qoyulmuş 16 milyard dollardan artıq sərmayənin 12,3 milyard
dolları və ya 77 faizi xarici sərmayənin payına
düşürdü. Təkcə 2000-2003-cü illərdə
Azərbaycan iqtisadiyyatına 7,5 milyard dollardan çox xarici sərmayə
qoyulmuşdu ki, bu da adambaşına götürdükdə
bütün MDB məkanında ən yüksək göstərici
idi.
Mülkiyyət,
maliyyə-bank, valyuta, vergi, məhkəmə-hüquq sahələrində
qəbul olunmuş qanunlar iqtisadi münasibətlərin və
mexanizmlərin əhəmiyyətli dərəcədə
liberallaşmasına, təsərrüfat həyatının
dövlət tərəfindən tənzimlənməsinin
azalmasına gətirib çıxardı. Heydər Əliyevin
yeni iqtisadi strategiyasının reallaşdırılması
sahəsindəki uğurları Azərbaycanın intensiv
inkişafına yol açdı. Ölkəmiz iri transmilli
layihələrin həyata keçirilməsi üçün
mühüm geoiqtisadi və geosiyasi məkana çevrilməyə
başladı.
Ümummilli
lider müasir dövlət yaratmaqla bərabər, onun gələcək
illərə hesablanmış inkişaf strategiyasını da
müəyyən etmiş, öz zəmanəsini qabaqlayaraq,
Azərbaycanın qarşısında duran strateji vəzifələri
dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm
strateji meydan və dünya dövlətləri birliyinin layiqli
iqtisadi tərəfdaşı kimi görürdü.
Heydər
Əliyev Azərbaycan dövlətinin təməl prinsiplərində
qanunçuluğun bərqərar olmasına xüsusi əhəmiyyət
verirdi: dövlət varsa, qanun olmalıdır. Əgər
qanun yoxdursa, dövlət də olmayacaq. Ulu öndər deyirdi
ki, dövlət qanuna söykənməlidir. Dövlətin
söykəndiyi qanun onun idarə edilməsinin əsas xətlərini
və prinsiplərini müəyyən edir. Bu qanunlar olmasa,
idarəçilik olmayacaq, idarəçiliyi olmayan dövlətin
gələcəyi isə təhlükə
qarşısında qalar.
Müdrik
dövlət xadiminin müəyyən etdiyi təməl
prinsiplərindən biri də varislikdir. Varislik dövlətin
idarəçiliyində, siyasətdə, iqtisadiyyatda və
ideologiyada prinsipial olaraq əldə edilənlərin gələcək
nəsillərə ötürülməsidir. Varislik mexaniki
deyil, yaradıcı şəkildə, təkamül yolu ilə
baş verir. Yaradıcı varislik nəticəsidir ki, Azərbaycan
ümummilli liderin müəyyən etdiyi təməl üzərində
keçmişə söykənərək, gələcəyə
doğru inkişaf etməkdədir. Bəzən varislik deyəndə
kimlərsə hakimiyyət varisliyini önə çəkmək
istəyir. Ancaq bu, hakimiyyət varisliyi, fərdi şəkildə
varislik deyildir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi
baxımdan gələcək nəsillərə
ötürülməsidir.
Azərbaycan
dövlətinin çox vacib təməl prinsiplərindən
biri də vətəndaş həmrəyliyidir. Məhz Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə
Azərbaycanda vətəndaş sülhünə nail
olunmuşdur. Onun ölkədə vətəndaş
qarşıdurmasını aradan qaldırmaq istiqamətində
gördüyü tədbirlər, dövlət
çevrilişi cəhdlərinin qarşısını
alması, silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə
birdəfəlik son qoyması əmin-amanlığa yol
açmışdır. Vətəndaş həmrəyliyi
ölkəmiz üçün daimi prinsipdir. Çünki bu,
bizim hamımızı birləşdirən amillərdən
biridir.
Heydər
Əliyevin müəyyən etdiyi digər bir prinsip isə
sosial ədalətdir. Digər sahələrdə olduğu
kimi, sosial ədalət prinsipinin təmin olunmasının yolu
da islahatlardan keçir. Davamlı islahatlar, sürətli
inkişaf yolu, cəmiyyətdə insanların rifah
halının yaxşılaşdırılması fonunda
sosial ədalətin təmin olunması indi siyasi və iqtisadi
vasitələrlə uğurla gerçəkləşir.
Ümummilli
lider həmişə vurğulayırdı ki, milli
ideologiyamız tarixi keçmişimizə, adət-ənənələrimizə,
xalqımızın mentalitetinə söykənməlidir. Bu,
həqiqətən də belədir. Azərbaycan xalqı məhz
bu prinsiplərə söykənərək gələcəyə
doğru inamla addımlayır, dövlətimiz inkişaf edir.
Yeni cəmiyyət
quruculuğuna transformasiya prosesində ölkənin dəyərlər
sisteminin arxitekturasında da dəyişikliklər baş
verirdi. Bu amil humanitariyanın yeni platformasını
formalaşdırmaq zərurətini yaradırdı. Bu mənada
xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının,
mədəniyyətinin, incəsənətinin, tarixinin
özümüzə qaytarılması sahəsindəki xidmətlər
də məhz Heydər Əliyevə məxsusdur. Xilaskar
liderin hakimiyyətə qayıdışı respublikamızda
elmin və mədəniyyətin, ictimai və dövlət həyatının
ən müxtəlif sahələrinin tərəqqisi ilə əlamətdar
olmuşdur. Onun qayğı və diqqəti sayəsində
yüzlərlə görkəmli elm və mədəniyyət
xadimi, yaradıcı ziyalıların nümayəndələri
istedad və qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək,
öz potensiallarını maksimum reallaşdırmaq imkanı əldə
etmişdir. Heydər Əliyev elmi xalqın mənəvi həyatının
ən mühüm elementi hesab edirdi. O bilirdi ki, vaxtında tətbiq
edilmiş elmi-texniki nailiyyətlər və kəşflər
dövlətə çox böyük fayda gətirir, iqtisadi
və sosial həyat sahələrinin inkişafı
üçün güclü stimula çevrilir. Buna görə
o, qabaqcıl texnologiyaların tətbiqinə, elmin və
istehsalın modernləşdirilməsinə, onların
arasında əlaqələrin möhkəmləndirilməsinə
həmişə tükənməz qayğı göstərirdi.
Ümummilli
lider yüksək ixtisaslı kadr hazırlığına
çox böyük əhəmiyyət verirdi. Hələ sovet
dövründə yüzlərlə istedadlı gənc o
vaxtkı SSRİ-nin ən qabaqcıl tədris müəssisələrinə
təhsil almağa və təcrübə keçməyə
göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə
etdikləri bilikləri Vətənimizin naminə tətbiq
etsinlər. O istəyirdi ki, Azərbaycan elmi müasir
ideyaların, səmərəli axtarışların, elmi tədqiqatların
güclü generatoruna çevrilsin.
İnformasiya
blokadasının yarılmasında, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında da
ulu öndərin xidmətləri danılmazdır. O, hər dəfə
xarici ölkələrə səfərə gedəndə
Dağlıq Qarabağın tarixən Azərbaycan
torpağı olmasını sübut edən müxtəlif xəritələri
də özü ilə aparır, bu və ya digər ölkənin
hər bir dövlət xadimi ilə söhbətində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini
və nəticələrini açıqlayır, jurnalistlər
üçün bir növ ustad dərsləri keçir, hadisələri
necə işıqlandırmağı, yazılarda hansı məqamlara
xüsusi diqqət yetirməyi izah edirdi.
Heydər
Əliyev dövlətin daha bir təməl prinsipini - azərbaycançılıq
ideologiyasını yaratmışdır. Məhz bu ideologiya
sayəsində biz milli ideya, milli mənlik şüuru, millətin
mədəniyyəti və digər mühüm
anlayışları yeni tərzdə dərk etməyə
başladıq. Xalqımızın vahid qüvvə kimi birləşməsində
ulu öndərin xidmətləri ölçüyəgəlməzdir.
Azərbaycan xalqına qarşı soyqırımlar, onun
deportasiyalara məruz qalması haqqında həqiqətləri
ilk dəfə yüksək tribunalardan dünya ictimaiyyətinə
çatdıran məhz Heydər Əliyev olmuşdur.
Ümummilli liderin əzmkarlığı sayəsində Azərbaycan
haqqında tarixi həqiqətlərin bərpa edilməsi
üçün çox böyük elmi tədqiqat işləri
aparılmışdır və bunun nəticələri
göz qabağındadır.
Tam əminliklə
demək olar ki, XX əsrin ikinci yarısında və XXI əsrin
əvvəlində Azərbaycanın əldə etdiyi
bütün uğurlar Heydər Əliyevin adı ilə
qırılmaz surətdə bağlıdır. Bu həqiqəti
çıxışlarının birində çox dəqiq
ifadə edən Prezident İlham Əliyev demişdir: "XXI əsrdə
Azərbaycanın milli dövlətçiliyi elə bir
insanın həyat fəaliyyətinin bəhrəsidir ki, onun
amalları azərbaycançılıq ideyasının zəfər
çaldığı, fərdin hüquq və
azadlıqlarının təmin edildiyi, iqtisadiyyatın
ardıcıl surətdə yüksəldiyi və ictimai
inkişafa nail olunduğu məkan qurulmasına yönəlmişdir".
Heydər
Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac
duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi
və iqtisadi şəraitdə özünün çox
böyük fitri lider potensialını reallaşdıra
bilmiş bir şəxsiyyət idi. Bu, ötən əsrdə
ondan başqa heç kəsə nəsib
olmamışdır.
Artıq
Azərbaycan milli inkişaf strategiyasında keçid mərhələsini
uğurla adlayaraq, yüksəlişin keyfiyyətcə
növbəti fazasına qədəm qoymuşdur. Bu mərhələdəki
məqsədlərə nail olmağın yolu isə XXI əsrdə
ölkəmizin siyasi, iqtisadi və sosiomədəni həyatını
modernləşdirməkdən keçir. Son illərdə
daxili və xarici siyasətdə qazanılmış çox
böyük uğurlar indi inkişafın Azərbaycan modeli
haqqında danışmağa əsas verir. Ölkənin
mövcud reallıqları və perspektivləri sübut edir
ki, modernləşmənin Azərbaycanın timsalında
çox böyük inkişaf ehtiyatları vardır və
onların hərəkətə gətirilməsi ölkənin
sürətli tərəqqisinə birbaşa təsir göstərir.
Ötən illərdə Azərbaycan iqtisadiyyatının,
büdcə gəlirlərinin intensiv surətdə artması
düşünülmüş şəkildə, konkret
proqramlar əsasında həyata keçirilən iqtisadi və
infrastruktur layihələri nəticəsində
yaranmış yeni iqtisadi münasibətlərin səmərəli
fəaliyyətinin inkaredilməz reallığıdır.
İnkişafın
Azərbaycan modelindən bəhs edərkən regionların
sosial-iqtisadi inkişafı sahəsində
görülmüş nəhəng işləri xüsusi
vurğulamaq lazımdır. Bu sahədə həyata
keçirilən dövlət proqramları inkişaf səviyyəsi
baxımından təkcə paytaxtla bölgələr
arasında deyil, həm də ayrı-ayrı bölgələr
arasında fərqləri tədricən aradan
qaldırmış, yüz minlərlə yeni iş yeri
açılmışdır. Qeyri-neft sektorunun sürətli
inkişafına güclü təkan verən bu tədbirlər
Azərbaycan iqtisadiyyatının neft amilindən
asılılığının azaldılması, ölkənin
tarazlı şəkildə müasirləşdirilməsi
baxımından da çox böyük əhəmiyyət kəsb
edir. 2004-cü ildən bəri ölkədə 1 milyondan
çox yeni iş yeri açılmışdır ki, bunun da
əksəriyyəti bölgələrin payına
düşür. İqtisadiyyatda özəl bölmənin
payı 80 faizi keçmişdir.
Prezident
İlham Əliyev Azərbaycanın müasirləşdirilməsinin
başlıca məqsəd olduğunu dəfələrlə
qeyd edərək demişdir ki, biz ölkəmizi hər cəhətdən
müasirləşdirməliyik. Azərbaycan sözün əsl
mənasında inkişaf etmiş ölkəyə
çevrilməlidir, bu, bizim məqsədimizdir. Dünyada
inkişaf etmiş ölkələrin sayı çox deyil və
Azərbaycanın bütün meyarlar üzrə bu sıraya
daxil olmağa imkanları vardır.
Qlobal transformasiyaların baş verdiyi müasir dövrdə Azərbaycanın daxili və xarici siyasətinin gündəliyində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xətt - modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren dövlət qurmaq xətti dayanır. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur. Azərbaycanın bu yolda əldə etdiyi uğurların sırasına daha bir möhtəşəm nailiyyət də əlavə olunmuşdur. Bu il fevralın 9-da Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu tarixi hadisə ölkəmizdə iqtisadiyyatın daha bir trendinin - kosmik sənayenin yaranmasının təsdiqidir.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt qloballaşan dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin - dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti İlham Əliyev vardır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.
Aslan ASLANOV,
AzərTAc-ın baş direktoru
Azərbaycan.-2013.- 8 may.- S.11.