«Dövlət idarəçiliyi: nəzəriyyə
və təcrübə» jurnalının xüsusi buraxılışının
təqdimatı keçirilmişdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) bu ali təhsil müəssisəsinin
nəşri olan "Dövlət idarəçiliyi: nəzəriyyə
və təcrübə" jurnalının ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
edilmiş xüsusi buraxılışının təqdimatı
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mərasimi açan DİA-nın rektoru,
akademik Urxan Ələkbərov bu günlərdə
dünyanın müxtəlif yerlərində müstəqil
dövlətimizin qurucusu, Azərbaycanın XX əsrdə
yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinin böyük ruh yüksəkliyi
ilə qeyd edildiyini, ulu öndərin xalq, Vətən
qarşısındakı xidmətlərinin bir daha xatırlandığını,
əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə
çatdırmışdır.
Ümummilli
liderin irsini Azərbaycan xalqının milli sərvəti kimi
qiymətləndirən U.Ələkbərov Heydər Əliyevin
zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin
zəruriliyini, onun böyük əhəmiyyətə malik
olduğunu qeyd etmiş, bu siyasi kursun
layiqli davamçısı Prezident İlham Əliyevin
gördüyü işlər nəticəsində Azərbaycanın
bu gün sürətlə inkişaf etdiyini söyləmişdir.
Bildirilmişdir
ki, DİA-nın nəşri
olan "Dövlət idarəçiliyi: nəzəriyyə və
təcrübə" jurnalında əsasən dövlət
idarəçiliyinin səmərəliliyi,
idarəetmə sistemində elm
və inkişafın planlaşdırılması, davamlı
inkişaf, ekoloji sivilizasiya və s. bu kimi mövzular prioritet təşkil
etməkdədir.
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov "Dövlət idarəçiliyi:
nəzəriyyə və təcrübə"
jurnalının xüsusi buraxılışının
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir.
Əli
Həsənov ümummilli liderin
əvəzolunmaz xidmətlərindən söz açaraq Azərbaycanın
dövlətçilik tarixinə adı qızıl hərflərlə
həkk olunan Heydər Əliyev irsinin hər bir azərbaycanlı
üçün daim öyrəniləsi bir məktəb
olduğunu bildirmişdir.
Prezident
Administrasiyasının şöbə müdiri bu gün ulu
öndərin layiqli davamçısı Prezident İlham Əliyevin
apardığı daxili və xarici siyasət nəticəsində
ölkəmizin dünyanın diqqət mərkəzində
olduğunu vurğulamış, Azərbaycanın beynəlxalq
aləmdə sabit və qüdrətli bir dövlət kimi yer
tutduğunu demişdir.
Mərasimdə
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov, İordaniya Haşimilər Krallığının Azərbaycan
Respublikasındakı səfiri Adel Mohammad Adaileh və digər
çıxış edənlər də bütün dünyada tanınan
görkəmli siyasətçi, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, həyatını
xalqına, Vətəninə həsr etmiş ulu öndər
Heydər Əliyevin Azərbaycan tarixində, müasir müstəqil
dövlətimizin yaranmasında, inkişafında və
dünyaya tanınmasında misilsiz xidmətlərindən
danışmış, böyük xilaskarlıq rolunu
vurğulamışlar. Ulu öndərin 90 illiyi ərəfəsində
jurnalda ümummilli liderin həyat və fəaliyyətinə
həsr edilmiş məqalələrin elmi əsaslanmalarının
əhəmiyyəti vurğulanmış, elmi-akademik dairələr,
tədqiqatçılar, dövlət idarəçiliyi sahəsində
ixtisaslaşan gənc kadrlar üçün dəyərli mənbə
olduğu bildirilmişdir.
Azərbaycan.-2013.- 8 may.- S.12.