Şuşa Azərbaycanın mədəniyyət rəmzidir

 

Şuşanın işğalından 21 il ötür

 

Azərbaycanlı ruhunun ən parlaq və ən təkrarsız nümunəsi olan Şuşanın yaranması, inkişafı və yüksəlişi XVIII əsrdə Qarabağ xanlığının əsasını qoyan Pənah xanın (1747-1759) adı ilə bağlıdır. Əlçatmaz bir yüksəklikdə salınan şəhərin ətrafında ilk dəfə onun təşəbbüsü ilə möhkəm divarlar çəkilib və Şuşa alınmaz bir qalaya çevrilib. Onun el arasında həm də "Qala" adlandırılması bununla əlaqədardır. Qarabağ silsiləsində dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerəşən Şuşada 17 məhəllə, 17 hamam, 17 bulaq, 17 məscid vardı. Yuxarı məhəllə 8, Aşağı məhəllə 9 yerə ayrılırdı.

Şuşa yeganə şəhərdi ki, əsası qoyulandan, bütün mədəni aləmdə olduğu kimi,  küçələrinə daş döşənib, kürəbəndlər salınıb. Şəhərdəki tarixi abidələrin isə sayı-hesabı yoxdur - Qala divarları və Qala qapısı, zindanlar, karvansaralar, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Hacıquluların, Zöhrabbəyovların, Mehmandarovların, Xanbikə xanımın, Əsəd bəyin malikanələri, Xan qızının evi və böyük ürəklə tikdirdiy bulaq...

Şəhərin siyasi, iqtisadi və mədəni mərkəz kimi təşəkkülündə Qarabağ xanlığı hansı rolu oynayırdısa, xanlığın həyatını da Şuşasız təsəvvür etmək mümkün deyildi. Eyni zamanda Şuşanın coğrafi mövqeyi elə idi ki, beynəlxalq ticarət yollarının üstündə idi və arasıkəsilmədən gələn qonaqlar bu gözəl şəhərin şöhrətini özlərilə dünyanın hər tərəfinə aparırdılar. Hələ o vaxtlar Şuşanın gümüşdən açarları və öz pul vahidi vardı. Qarabağ xanlığında - Şuşada dövlət müstəqilliyinin əsas rəmzlərindən olan pənahabadi adlanan gümüş pullar zərb olunurdu.

1763-1806-cı illərdə -  İbrahim xanın dövründə şəhər çox sürətlə inkişaf elədi, genişləndi və daha möhkəm qala divarlarına sahib oldu. Ancaq bu möhtəşəm qala divarları da İbrahim xanı, Şuşanı və bütövlükdə Qarabağ xanlığını gələcək bəlalardan və təhlükələrdən qoruya bilmədi. Belə ki, o vaxtlar Rusiyanın Qafqazda işğalçılıq siyasəti get-gedə güclənirdi və 1804-cü ildə Gəncənin süqutundan, Cavad xanın qətlindən sonra Şuşanın göylərində də qara buludlar dolanmağa başladı. Qarabağ erməniləri işğalçılarla gizli əməkdaşlıq edir, xanlığa sarsıdıcı zərbələr vururdular. Belə bir mürəkkəb şəraitdə - 1805-ci ilin 14 mayında İbrahim xan Rusiya ilə Kürəkçay müqaviləsini bağlamağa məcbur oldu. Müqaviləyə əsasən, Qarabağ xanlığı məhz Azərbaycan torpağı kimi Rusiya imperiyasına ilhaq olunurdu və onun idarəçiliyinə heç vaxt heç kəsin müdaxilə etmək səlahiyyəti yox idi.

Lakin 1806-cı ildə İbrahim xan ailəsilə birlikdə xaincəsinə qətlə yetirildi. O qanlı hadisəni rus ictimaiyyəti sükutla qarşıladı. Romanovlar nəslinin İbrahim xana qarşı etdiyi cinayətin bədəlini isə sonuncu rus imperatoru özünün və ailə üzvlərinin həyatı ilə ödəməli oldu...

Hadisələr sürətlə inkişaf edirdi və az sonra İbrahim xanın yerinə çarın xüsusi fərmanı ilə, Kürəkçay müqaviləsində də nəzərdə tutulduğu kimi, oğlu Mehdiqulu xan (1806-1822)  təyin olundu. Ancaq çox keçmədi çar hökuməti yenə müqavilə şərtlərini kobud şəkildə pozdu və 1822-ci ildə ümumiyyətlə Qarabağ xanlığını ləğv etdi. Sonrakı illərdə xanlığın ərazisi dəfələrlə dəyişdirildi, ayrı-ayrı qəzalara parçalandı, amma bütün bunlar Qarabağın şanlı tarixini, onun dövlətçilik ənənələrini unutdura bilmədi. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edən kimi Şuşa yenə əvvəlki ərazilərilə Qarabağ general-qubernatorluğunun mərkəzinə çevrildi.

Yüzlərlə, minlərlə yetirməsi olan Şuşa məktəblərinin sayı da, sanbalı da dünyaya bəxş etdiyi ziyalıları ilə ölçülməkdədir. O dövrdə Qarabağın mərkəzi kimi, şəhərdə teatrla, musiqi ilə yanaşı elm, maarif də sürətlə inkişaf edirdi. Vaxtilə Şərq dillərinin və mədəniyyətinin öyrənilməsində müstəsna rolu olan mədrəsələri XIX əsrin əvvəllərində tədricən Avropa tipli məktəblər əvəz etməyə başladı. Şuşada ilk belə məktəb 1826-cı ildə yaradıldı. Onun ardınca 1830-cu ildə qəza məktəbi, 1849-cu ildə müsəlman-şiə məktəbi, 1874-cü ildə şəhər məktəbi, 1882-ci ildə Realnı məktəb, 1883-cü ildə Marinski Qız məktəbi, 1893-cü ildə  rus-Azərbaycan məktəbi, 1895-ci ildə 3-cü dərəcəli xüsusi məktəb və 1896-cı ildə isə Nikolayevski rus-tatar məktəbi fəaliyyətə başlayıb. Şuşada eyni zamanda Gövhər ağa, Səməd bəy Ağayev və Camal bəy Fətəlibəyovun şəxsi məktəbləri də fəaliyyət göstərirdi. Bu məktəblərdə Moskva, Peterburq, hətta Berlin, Paris universitetlərini bitirən müəllimlər dərs deyirdi. Onların, eləcə də Firidun bəy Köçərli, Fərhad Ağazadə, Azad Əmirov, Süleyman Sani Axundov, Zəkəriyyə Aslanov, Ağalar bəy Əliverdibəyov, Səfərəli bəy Vəlibəyov və Abbas bəy İsmayılbəyov  kimi  müəllimlərin,  Fərrux bəy Vəzirov, Həmidə xanım Cavanşir və Bədəl bəy Bədəlbəyli kimi maarifpərvər insanların səyi nəticəsində Şuşa həm də dünyada elm-təhsil mərkəzi kimi şöhrət tapır, orada böyük xəttatlar, astronomlar, memarlar, həkimlər nəsli formalaşırdı.

Bir faktı da qeyd etmək lazımdır: məhz belə məktəblərin sayəsində o vaxt Qori Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti Qarabağdan, xüsusilə Şuşadan idi. Həkimlərdən Əbdülkərim bəy Mehmandarov, Bəşir Axundov, Böyük bəy Ağayev, Şəmsi Behbudov və Qızbəs Əsədova, rəssamlardan Mir Möhsün Nəvvab ənənələrini ləyaqətlə davam etdirən, bu gün təsviri sənətdə hadisə sayılan Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Altay Hacıyev, məşhur xalçaçı rəssam Lətif Kərimov, heykəltəraşlardan Cəlal Qaryağdı, Hüseyn Əhmədov və Həyat Abdullayeva, "Azərbaycan" qəzetinin ilk baş redaktorlarından Xəlil İbrahim və Ceyhun Hacıbəyli, Haşım bəy Vəzirov, "Difai" təşkilatının yaradıcısı, məşhur publisist, sonralar Mustafa Kamal Atatürkün müşaviri kimi fəaliyyət göstərən Əhməd bəy Ağaoğlu, akademiklərdən Səttar Əsədov, Lətif İmanov, Cəmil Quliyev, Cəlal Allahverdiyev, Kamal Abdulla, Nikolay Zinin, Mixail Tuşinski,  Qabil İsmayılov, Paşa Rüstəmov, Nadir Əlişov, Vaqif Fərzəliyev, ilk qadın akademiklərdən Validə xanım Tutayuq, professorlardan məşhur ədəbiyyatşünas Əkbər Ağayev, Fatma Süleymanova, Əmir Həbibzadə, Sayalı Tağıyeva, İbad Ələkbərov və başqaları, teatr və kinomuzun unudulmaz simalarından rejissor və aktyor Şəmsi Bədəlbəyli, Üzeyir bəy əsərlərinin mahir ifaçılarından Əhməd Ağdamski, SSRİ xalq artisti Mehdi Məmmədov, xalq artistləri Barat Şəkinskaya, Məhluqə Sadıqova, "Koroğlu" filmindən hamının yaxşı xatırladığı aktrisa Tamilla Ağamirova, təkrarsız filmləri ilə yaddaşlarda qalan rejissor Lətif Səfərov da vaxtilə bu ulu şəhərin ab-havası ilə bərabər məktəblərindəki işığı, nuru da daima özlərində yaşadan insanlardı.

XIX əsrdə Şuşada sənətin bütün sahələri sürətlə inkişaf etməkdəydi. Mir Möhsün Nəvvab, Kor Xəlifə, Hacı Hüsü, Xarrat Qulu və Molla İbrahimin təşkil etdikləri məşhur "Məclisi-üns", "Məclisi-fəramuşan" və "Şərq gecələri" adlı ədəbi-musiqili  məclislərilə yanaşı Şuşada həm də Kərbəlayi Səfərəlinin nəqqaşlar, Məşədi Əkbərin nüsxəbəndlər, Kərbəlayi Səfixanın memarlardan ibarət məclisləri də fəaliyyət göstərirdi. Belə bir mühitdə istedadlı gənclərin üzə çıxması və parlaması daha asan idi. Azərbaycan ədəbiyyatının dünənini və bugününü həmin ab-havada pərvəriş tapan Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Teymur Elçin kimi yazıçılar olmadan təsəvvür etmək mümkün deyil. Bir sözlə, Şuşada hamı sənəti sevirdi və hamı sənətlə məşğul olmasa da, ondan zövq almağı bacarırdı.E

Böyük rus şairi Sergey Yesenin deyərdi: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Tədqiqatçıların fikrincə, İtaliya vokal məktəbi Avropada hansı mərtəbədədirsə, Şuşa vokal məktəbi də Şərqdə eyni səviyyədə idi. Bu mənada xanəndələrdən qeyri-adi səs sahibi Cabbar Qaryağdıoğlu, "Segah İslam" adı ilə tanınan İslam Abdullayev, "Zabul Qasım" adını daşıyan Qasım Abdullayev, adı dillər əzbəri olan Bülbülcan, Məşədi İsi, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Dəli İsmayıl, Mirzə Muxtar, Xan Şuşinski və  Məcid Behbudov, aşıqlardan Abbasqulu və Nəcəfqulu, ifaçılardan Azərbaycan tarına yeni bir həyat verən Sadıqcan, Qurban Pirimov, Məşədi Cəmil Əmirov, dünya şöhrətli Çingiz Sadıqov, Sərvər İbrahimov və Fərhad Bədəlbəyli, müğənnilərdən Bülbül, Rəşid Behbudov və  Polad Bülbüloğlu, son illərə qədər musiqi tariximizin yorulmaz tədqiqatçısı olan Firudin Şuşinski, Nazim Əliverdibəyov və Fərhəng Hüseynov, bir də heç vaxt unudulmayacaq kədərli təbəssümü ilə Anar Məmmədxanov... Onlar hələ yüz illər sonra da tariximizi bəzəyəcək, bir sarvan kimi ömür-gün yolunda həmişə yanımızda olan insanlardır...

Şuşanın, ümumən Qarabağın bəstəkarlıq məktəbi həmişə insanları heyrətləndirib və özünə məftun edib. Bir sözlə, o, dünya incəsənət tarixində nadir bir hadisədir. Təsəvvür edin -  Üzeyir bəy Hacıbəyli, Zülfüqar və Soltan Hacıbəyovlar, Niyazi, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov kimi sənətkarlar olmadan dünya necə adi, həyat necə solğun görünərdi...

Təəssüf ki, neçə vaxtdır onların nigaran, didərgin ruhları Qarabağ səmalarında dolaşmaqda, özlərinə əbədi bir sükut və rahatlıq axtarmaqdadır. Xatirəsinə və abidəsinə güllə atılan bu dahilərin sözündəki, səsindəki, musiqisindəki həqiqətləri biz vaxtında, həm də axıracan anlasaydıq, kim bilir, bəlkə indi başqa bir reallıqda, başqa bir dünyada idik...

Şuşa həm də mərd, mübariz insanları, şanlı hərbçiləri, müxtəlif illərdə ölkəmizdə dövlət quruculuğunda xüsusi fəallıq göstərən övladları ilə məşhurdur. Feldmarşal Bəhmən Mirzə, general-leytenant Fərəc bəy Ağayev, Cəfərqulu xan Cavanşir, general-mayor Əmənulla xan Mirzə, general-mayor Əmir Kazım Mirzə, general-mayor Rzaqulu Mirzə Qacar, Fəzlullah Mirzə Qacar, ADR-in ilk hərbi naziri Səməd bəy Mehmandarov, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, qardaşı Sultan bəy Paşa bəy oğlu, Xurşudbanu Natəvanın həyat yoldaşı  general-mayor Xasay xan Usmiyev, general-mayor Yaqub Quliyev,  Böyük Vətən müharibəsi qəhrəmanları  Aslan Vəzirov, Aslan Qaraşarov, Xanlar Babanlı, Mirzəxan Məmmədov, Aliyyə Rüstəmbəyova və Gəray Vəlibəyov, ictimai-siyasi xadimlərdən Nəriman bəy Nərimanbəyov, Azərbaycan istiqlalına ilk imza atanlardan Xudadat bəy Məlikaslanov, Cavad bəy Məlikyeqanov, Cəmil bəy Vəzirov və Behbud xan Cavanşir, yaxın keçmişimizdə məşhur neftçi Süleyman Vəzirov, daxili işlər nazirləri Əli Kərimov və Xəlil Məmmədov, Xosrov Ağayev, İdris Məhərrəmov, eləcə də son dövrlər Şuşanın müdafiəsində canından keçən yüzlərlə gənc tariximizin ayrılmaz hissəsi olmaqla həm də nəsillərin qürur mənbəyidir.

Qarabağ həyatının daha bir əlamətdar hadisəsini xatırlamağa dəyər: xəttatlarla, nəqqaşlarla, rəssamlarla, memarlarla yanaşı tariximizi yaşadanlardan biri -  Azərbaycanın ilk peşəkar fotoqrafı, məşhur Qacarlar nəslindən olan polkovnik Əliqulu Mirzə də bu şəhərdə anadan olub, çar ordusunda yüksək vəzifələrdə çalışıb, son döyüşdən -  rus-yapon müharibəsindən isə qayıtmayıb. Əliqulu Mirzə hərbi də sevirdi, sənəti də və hər ikisini yüksəklərə qaldırmağı bacarırdı. O dövrü canlandıran fotolarına görə indi həm də ona minnətdarıq.

Birincilərdən söz düşmüşkən Azərbaycanın ilk pianoçu qadınları da Şuşadandır. Fortepiano üzrə ilk ali təhsil alan Firuzə xanım Qacar və Nəzirə xanım Şah Mirzənin çıxışları o dövrdə Qafqazın mədəni həyatında əsl hadisə idi. Bir sözlə, bu şəhərdə tarixi yaradanlar da vardı, bu tarixi yazanlar da, onu böyük bir sevgi ilə şəkillərə çevirib gələcək nəsillərə çatdıranlar da.

Bu yurdun qədim və dəyişməyən tarixini indi də Şuşa mağarası, Cıdır düzü, Topxana, Bağırqan, Dovtələb, Yeddiqat, Qırxpilləkən, Xəzinə qayası, Kirs və Qırxqız dağları öz sirli qoynunda gizlətməkdə, gözüyaşlı İsa bulağı, Turşsu, Meydan bulağı, Qarqar çayı dünyaya bəyan etməkdədir. Bu, tarixinə sığınan bir yurdun, bir şəhərin, onun minlərlə övladının harayıdır, səsidir. Sizcə, onu eşitməmək, o səsə, o çağrışa getməmək mümkünmü?

Bu şəhər indi də hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir, paytaxt Bakıdan 400 km məsafədə olsa da, yenə hər birimizin vuran nəbzində, döyünən ürəyindədir, həmişə olduğu kimi, yenə Qarabağın və Azərbaycanın azadlıq, toxunulmazlıq və sədaqət rəmzidir. Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dediyi kimi: "Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevriliblər. Onların adını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə bir şəhər Şuşadır. Bu gün o həm də bizim torpaqlarımızın işğalının rəmzidir. Nə qədər ki Şuşa erməni qoşunlarının işğalı altındadır, hər birimiz şuşalıyıq".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 8 may.- S.14.