Evianlılar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgiyə və konsertə
böyük maraq göstərmişlər
Fransanın
cənubundakı Ron-Alp
regionunun liman şəhəri
olan Evian dünyada "Evian" mineral suyu və kosmetikası
ilə məşhurdur. Çox vaxt Cenevrə gölü kimi
tanınan Leman gölü sahilində yerləşən Evian
XI və XIV əsrlərdə sürətlə inkişaf
etmişdir.
XlX əsrin
20-ci illərində Evianda müalicə əhəmiyyətli
suların kəşf edilməsi böyrək xəstəliyindən
əziyyət çəkən insanların və turistlərin
buraya axınına səbəb olmuşdur. Müalicə əhəmiyyətli
bulaqlar sayəsində Evian XlX-XX əsrlərdə öz
qızıl dövrünə qədəm qoymuş, sürətlə
inkişaf etməyə başlamış, çoxlu sayda
mehmanxanalar və istirahət guşələri tikilib istifadəyə
verilmişdir. İkinci Dünya müharibəsindən sonra
öz simasını tam dəyişən şəhər
istirahət mərkəzinə çevrilmişdir.
Dünyanın 8 aparıcı dövlətinin ilk zirvə
toplantısı 2003-cü il iyunun 1-dən 3-dək Evianda keçirilmişdir.
Bu
baxımdan Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə ölkəmizi fransızlara yaxından tanıtmaq
istiqamətində "Qafqazın mirvarisi olan Azərbaycanın
mədəni dəyərləri" layihəsi çərçivəsində
keçirilən "Azərbaycan günləri" ilə
bağlı tədbirin bu şəhərdə təşkil
olunması heç də təsadüfü deyildir.
Səfirlik
hər dəfə olduğu kimi, Evianda keçiriləcək
tədbirlə bağlı
geniş reklam işi
aparmışdır. Yerli "Dofin" qəzetində Heydər Əliyev Fondu tərəfindən
Evianda təşkil olunan sərgi və konsertə dair reklam
xarakterli yazı verilmişdir.
Məlumatda
tədbirin Qafqazın inkişaf
edən ölkəsini fransızlara tanıtmaq, Fransa-Azərbaycan
əməkdaşlığını daha da inkişaf etdirmək
məqsədi daşıdığı diqqətə
çatdırılır.
Azərbaycan
ilə Fransa arasında mədəni əlaqələrdən
bəhs edən yazıda hər iki ölkənin mədəni
əməkdaşlığı ilə bağlı fransız
ictimaiyyətinə az məlum olan maraqlı məqamlara
toxunulur. Məşhur fransız yazıçısı
Aleksandr Düma (Ata) XlX əsrdə Qafqaza səyahəti
zamanı Azərbaycanda olarkən Qarabağ xanının
qızı Xurşudbanu Natəvanla görüşü,
yazıçı Jorj Sandın xalqımızın qəhrəmanlıq
eposu "Koroğlu"nu tərcümə etməsi, XX əsrin
əvvəllərində azərbaycanlı publisist Ceyhun
Hacıbəyli tərəfindən Fransada "Qafqaz" adlı jurnalın nəşr
olunduğu barədə məlumat verilir.
Fransada
Banin təxəllüsü ilə tanınan və fransız
dilində onlarla maraqlı əsərin müəllifi olan azərbaycanlı
Ümbülbanu Əsədullayeva, prezident Şarl de Qolla
İkinci Dünya müharibəsi zamanı Fransa Müqavimət
Hərəkatının fəal iştirakçısı
olmuş azərbaycanlı Əhmədiyyə Cəbrayılovun
görüşünə dair maraqlı faktlar da reklam məlumatında
yer almışdır.
Evianın Festivallar sarayının Sütunlar
zalında nümayiş etdirilən sərginin
açılışında çıxış edən
şəhər meri və eyni zamanda Milli Assambleyanın
deputatı Mark Francina və Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov xalqlarımızın bir-birini
yaxından tanımasında, ölkələrimiz arasında əlaqələrin
inkişaf etməsində mədəni tədbirlərin əhəmiyyətini
xüsusi vurğulamışlar.
Hər bir ölkənin tarixinin, mədəni dəyərlərinin xalq tərəfindən qorunub saxlandığını diqqətə çəkən Elçin Əmirbəyov Azərbaycanın neft və qazı kimi tarixinin və mədəni dəyərlərinin də zəngin olduğunu, xalqımıza məxsus bəzi tarixi abidələrin, eləcə də əsrlər boyu qorunub saxlanılan muğam musiqisinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən Ümumdünya İrs siyahısına daxil edildiyini bildirmişdir.
Səfir bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da caz musiqisinin geniş yayıldığını, istedadlı gənclərin beynəlxalq caz festivallarında ölkəmizi layiqincə təmsil etdiklərini və laureat adını qazandıqların qeyd etmişdir.
E.Əmirbəyov Evianın Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri"nin Fransada keçirildiyi 13-cü şəhər olduğunu xatırlatmışdır.
Sonda "Bakustik
jazz" qrupunun konserti
olmuşdur.
Konsertdə T.Hacıyevin, R.Hacıyevin,
S.Rüstəmovun, V.Mustafayevin
və S.Qəmbərovun
əsərləri səslənmişdir.
Evian sakini Pyer Jerar
sərgidən aldığı
təəssüratları AzərTAc-a
danışmışdır: "Azərbaycanda olmasam da, ölkəniz haqda müəyyən məlumatım var idi. Bildiyimə görə, Azərbaycan
Qafqazda yerləşən
varlı bir diyardır. Paytaxtı Xəzər dənizi
sahilində yerləşən
Bakı şəhəridir.
Ötən ilin may ayında keçirilən
"Eurovision-2012" mahnı müsabiqəsi zamanı televiziya vasitəsilə göstərilən Bakının
və digər regionların görməli
yerləri, tarixi abidələri və mənzərəsi məni
valeh etmişdir. Bu verilişdən sonra əldə etdiyim məlumatlarda gənc müstəqil Azərbaycanın çox
sürətlə inkişaf
etdiyi, iqtisadi cəhətdən qüdrətli
bir ölkə olduğu qənaətinə
gəldim.
Sərgidəki eksponatlar Azərbaycanın
qədim ölkə olmasından xəbər verir. Diqqətimi nəfis
şəkildə toxunmuş
xalçalar daha çox cəlb etdi. Onlara vurulan
ilmələrin müxtəlifliyinə və rənglərinə söz
ola bilməz. Bu cür tanışlıqdan
sonra mütləq ölkənizə səyahət
edəcəyəm".
Evianlılar "Azərbaycan günləri"
ilə bağlı təşkil olunan sərgidə nümayiş
etdirilən xalqımızın
zəngin mədəni
dəyərlərinə və
caz musiqisinə böyük maraq göstərmişlər. Sərgi mayın
10-dək davam edəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Evian
Azərbaycan.-2013.- 8 may.- S.15.