«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 44-cü cildi
çapdan çıxmışdır
"Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter
daşımır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi
Qafqazda, Türkiyədə təhlükəsizliyi və
sabitliyi təmin etmək üçün əsas vasitələrdən
biridir. Təəssüflər olsun ki, bizim regionda hələ
tam sabitlikdən danışmaq mümkün deyildir.
Çünki münaqişələr var: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, yaxud
gürcü-abxaz münaqişəsi, yaxud bizdən şimalda
- Çeçenistanda gedən hadisələr. Bunlar
hamısı Qafqazda çox mürəkkəb siyasi-iqtisadi vəziyyət
yaradıbdır. Ona görə də biz Azərbaycanda yeni
neft strategiyasını həyata keçirərək, bu
nailiyyətləri əldə edərək, iqtisadiyyatı
inkişaf etdirərək çalışırıq ki,
ölkəmizdə sabitliyi möhkəmləndirək və
eləcə də münaqişənin aradan
qaldırılmasına müəyyən imkanlar yaradaq...
...Azərbaycanın
yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər,
Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi,
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil
inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi
- bunlar hamısı bizim əsas prinsiplərimizdir. Həmin
prinsiplərimizdən biz istifadə edərək ölkəmizin
inkişafı ilə məşğuluq. Bu layihələrdə
də biz həm Amerika Birləşmiş Ştatları ilə
çox sıx əməkdaşlıq edirik, həm də
Avropanın bir çox ölkələri və onların neft
şirkətləri ilə əməkdaşlıq edirik və
bunu gələcəkdə də davam etdirəcəyik".
AzərTAc
xəbər verir ki, bu sətirlər
ulu öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin "Azərnəşr" tərəfindən
yenicə çapdan buraxılmış 44-cü cildindən -
ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın
25-də ABŞ-ın paytaxtı Vaşinqtonda
keçirilmiş "Şərq-Qərb enerji dəhlizi
reallıqdır" mövzusunda beynəlxalq konfransdakı
nitqindən götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu cildində ulu öndərin Azərbaycanın
ölkədaxili siyasətinə, beynəlxalq əlaqələrinə
və münasibətlərinə dair
çıxışları, nitqləri, eləcə də
ölkəmizə səfər etmiş Rusiya, ABŞ,
Yunanıstan, Çin və İranın nüfuzlu dairələrinin
nümayəndələri ilə apardığı
danışıqları dərc olunmuşdur.
Kitabda
həmçinin ulu öndərin ABŞ-a işgüzar səfəri
zamanı prezident Corc Buş və digər yüksək vəzifəli
şəxslərlə görüşlərdə ölkələrimiz
arasında ikitərəfli münasibətlər, beynəlxalq
terrorizmə qarşı birgə mübarizə, Xəzərin
karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli
ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli və digər məsələlərə dair
materiallar, ABŞ-ın paytaxtı Vaşinqtonda
keçirilmiş "Şərq-Qərb enerji dəhlizi
reallıqdır" mövzusunda beynəlxalq konfransdakı
nitqi, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri
toplanmışdır.
Kitabda
əks olunan rəsmi sənədlər,
çıxışlar, müsahibələr, fərmanlar,
müraciətlər, bəyanatlar, məktublar, məruzələr
2003-cü ilin fevralından mayınadək olan dövrü əhatə
edir.
"Azərnəşr"
tərəfindən çap olunan çoxcildliyin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə
edilmişdir.
Azərbaycan.-2013.- 9 may.- S.1.