Ümummilli lider Heydər Əliyev
müasir vergi xidmətinin yaradıcısıdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin dövlətçilik tarixində müstəsna yeri vardır. O öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında böyük rol oynamışdır.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Müstəqil Azərbaycan dövlətinin yaşaması, inkişaf edərək dünya dövlətləri arasında layiqli yer tutması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün biz ulu öndər Heydər Əliyevə borcluyuq. Ümummilli lider bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, ölkəmizin tərəqqisinə həsr etmişdir.
Azərbaycanı iri addımlarla yeni əsrə və yeni ideoloji üfüqlərə aparan bu müdrik insanın yaratdığı böyük potensialdan Azərbaycan xalqı bu gün də faydalanır. Müasir tariximizin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatının təməli və sahəvi strukturu formalaşmışdır. Həmin illər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda bir çox yeni istehsalat sahələri yaradılmış, 200-dən artıq iri sənaye müəssisəsi işə salınmışdır. O zaman bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu.
Bu gün Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesi, digər sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, yollar məhz Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir və müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz həmin təməl üzərində inkişaf edir.
Azərbaycanda müasir vergi xidmətinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində, onun bilavasitə rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında formalaşması üçün mühüm tədbirlər həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin konsepsiyası, vergi sistemində aparılan islahatların fəlsəfəsi, strategiyası müəyyən olunmuşdur.
Bu gün vergi sisteminin yenidən qurulması prosesinə nəzər saldıqda nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi ola bilərik. Məlum olduğu kimi, Azərbaycanda vergi xidmətinin modernləşdirilməsi prosesinə təxminən 14-15 il bundan əvvəl başlanıb. Həmin dövrdə ümummilli liderin rəhbərliyi altında aparılan irimiqyaslı islahatlara yönələn yeni siyasət ölkənin iqtisadi sistemində əhəmiyyətli canlanma yaratmışdı. Belə bir şəraitdə ölkənin vergi siyasətini yenidən qiymətləndirmək və yeni iqtisadi siyasətə uyğunlaşdırmaq zərurəti meydana gəlmişdi. Ölkənin iqtisadi inkişaf perspektivləri və işgüzarlığın fəal şəkildə artması qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Ona görə də Heydər Əliyev bu məsələni öz nəzarətinə götürmüş və Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı onun göstərişləri qısa müddət ərzində icra olunmuşdu. Vergi Məcəlləsinin layihəsi hazırlanarkən ulu öndər xalqımızın milli xüsusiyyətlərini, mentalitetini və sosial vəziyyətini nəzərə almağı mühüm bir məsələ kimi qarşıya qoymuşdu. Bu məqsədlə Məcəllənin hazırlanması zamanı qanunvericiliyin uzun müddət sabit qalması, güzəşt və imtiyaz sisteminin ünvanlı olması, eləcə də vərəsəlik əsasında keçən mirasın vergilərdən azad edilməsi kimi məsələlər nəzərə alınmışdı.
Vergi Məcəlləsinin qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması ölkəmizin həyatında tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım idi. Bu sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynayaraq ölkədə investisiya və vergi mühitinin əhəmiyyətli şəkildə yaxşılaşmasına gətirib çıxardı. Vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladı.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, islahatların elə ilk mərhələsində ümummilli lider Heydər Əliyev 2000-ci il 11 fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının - Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi.
Heydər Əliyevin Vergilər Nazirliyinin yaradılması ilə bağlı imzaladığı fərman dövlət başçısının vergi xidmətinin nüfuzunun qaldırılması istiqamətində atdığı çox mühüm addımlardan biri idi. Ulu öndər "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" deməklə, vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etmişdi.
Həmin dövrdə Heydər Əliyevin siyasi dəstəyinin, birbaşa tapşırıq və tövsiyələrinin əsasında vergi xidmətində əsaslı struktur islahatlarına start verildi. 2002-2004-cü illər ərzində Azərbaycanın vergi xidmətinin müasir strukturu yaradıldı və bu struktur sistemlilik, funksionallıq, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi.
Sonrakı dövrdə vergi islahatları xidmətin modernləşdirilməsinə yönəldildi. Ümumiyyətlə, Azərbaycan son 10 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi, vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atmışdır. Ümummilli liderin müəyyən etdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında vergi xidmətinin təkmilləşdirilməsi prosesi böyük sürətlə davam edir. Vergi xidmətində səmərəli nəzarət mexanizmlərinin yaradılmasına, iqtisadiyyatın dəyişən və sürətlə artan həcminə adekvat çevik vergi sisteminin qurulmasına nail olunmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir və bu, Azərbaycanın vergi xidmətinin regionda ən böyük iqtisadi sistemə xidmət etdiyi deməkdir.
Prezident İlham Əliyevin müasir vergi sisteminin qurulması istiqamətində müəyyən etdiyi mühüm tapşırıqlardan biri də budur ki, vergi ödəyiciləri ilə münasibətlər dövlət və biznesin qarşılıqlı maraqlarına söykənməklə kütləvi nəzarətdən partnyorluq əlaqələrinə çevrilsin. Məhz bu baxımdan vergi sistemində son illər ərzində aparılan islahatların əsas xətti xidmətin texnoloji inkişafına nail olmaqdır.
Vergilər Nazirliyi elektron hökumətin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlamış və vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirilmişdir. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunmuşdur. Nəticədə vergi sisteminin mobil, geniş diapazonlu texniki imkanları özündə cəmləşdirə bilən texnoloji bazası yaradılmışdır.
2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "Bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılmışdır ki, bu da ölkədə biznes mühitin sağlamlaşdırılması istiqamətində aparılan islahatların tərkib hissəsi kimi beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Son illər ərzində həmçinin vergi ödəyicilərinə elektron vergi bəyannamələrindən və elektron vergi hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən "On-line kargüzarlıq" sistemindən faydalanmaq imkanı yaradılmışdır.
Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesabı tətbiq edilmişdir. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır.
Bunlardan əlavə, 2011-ci ildən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin, 2012-ci ildən isə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçirilmişdir. İndi fərdi sahibkar olmaq istəyən istənilən şəxs bir neçə dəqiqə ərzində biznesə başlamaq üçün rəsmi qeydiyyat prosesini tamamlaya bilir.
Artıq danılmaz faktdır ki, biznes strukturlarına və vətəndaş cəmiyyətinə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi işlərinin davamlı və ardıcıl olaraq həyata keçirilməsi müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. Dövlət orqanlarının göstərdikləri elektron xidmətlər arasında vergi sistemi üzrə 57 elektron xidmətin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, hazırda onların 49-u artıq tətbiq olunur. Bu, vətəndaş və biznes cəmiyyətinin vergi sisteminə olan inamını artırır.
Ümumiyyətlə, Azərbaycanda vergi ödəyicilərinə xidmət sahəsi daim diqqət mərkəzindədir. Vergi ödəyicilərinin məlumatlandırılması, onlara hüquqi yardım, qarşılaşdıqları problemlərin həllində yardımçı olmaq işi bu sahədə həyata keçirilən siyasətin əsas prinsipləridir.
Vergi ödəyicilərinə xidmətin keyfiyyətcə yeni bir mərhələyə qaldırılması üçün son illər vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılmışdır. Sayı 40-a çatan bu mərkəzlər sahibkarların, kiçik bizneslə məşğul olan vətəndaşların əsl köməkçisinə çevrilmiş, xüsusilə regionlarda vergi bəyannamələrinin təqdim olunması, vergi ödəyicilərinin məlumatlandırılması prosesinə müsbət təsir etmiş, nəticə etibarilə könüllü bəyanetmə səviyyəsinin artmasına səbəb olmuşdur.
Vergi ödəyicilərinin məlumatlandırılması prosesində Vergilər Nazirliyinin telefon məlumat xidmətinin də böyük rolu vardır. Təkcə 2012-ci il ərzində 195 "Çağrı mərkəzi" vasitəsilə vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 273 mindən yuxarı müraciət cavablandırılmış, vergi ödəyicilərinə 600 minədək müxtəlif səpkili məlumat mesajları göndərilmişdir. Vergilər Nazirliyinin rəsmi internet saytı olan www.taxes.gov.az iş adamları arasında böyük populyarlığa malikdir. Təkcə 2012-ci ildə rəsmi veb səhifəyə 3 milyondan çox daxilolma qeydə alınmışdır.
Vətəndaş müraciətlərinə baxılması da daim diqqətdə saxlanılır. Yalnız 2012-ci il ərzində dövlət vergi orqanlarına 52 mindən yuxarı müraciət daxil olmuşdur. Müraciətlərin 77,9 faizi müsbət həll edilmiş, 12 faizi barədə müvafiq izahatlar verilmişdir. Vətəndaş müraciətlərinə baxılması ilə yanaşı, onların vergi orqanlarında səlahiyyətli şəxslər tərəfindən qəbul edilməsi, qaldırdıqları problemlərin araşdırılaraq müvafiq tədbirlərin görülməsi də daim diqqət mərkəzindədir. Ötən il vergi orqanlarında 26 mindən yuxarı vətəndaş nazirliyin vəzifəli şəxsləri tərəfindən qəbul olunmuşdur.
Vergi xidmətinin müasirləşdirilməsi istiqamətindəki islahatlar vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi ödəyicilərinə xidmətin təşkili, vergi nəzarətinin gücləndirilməsi, kadr potensialının bilik və bacarığının artırılmasına öz töhfəsini vermişdir.
Elektron hökumətin qurulması sahəsində görülən işlərin davamı olaraq bu günlərdə Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzi istifadəyə verilmişdir. Bu mərkəz elektron xidmətlərin elektron imzadan istifadə etməklə həyata keçirilməsi, eləcə də onların mobil qurğular vasitəsilə təqdim olunmasını nəzərdə tutur. Həyata keçirilən bu layihə ölkəmizdə internet-mobil bankçılığın inkişafına, nağdsız hesablaşmaların genişlənməsinə təkan verməklə yanaşı, Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi də dəyərləndirilə bilər.
Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın vergi xidməti texnoloji baxımdan təkmilləşdirilmiş, vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqələrin inkişafına, müasir kompyuter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulmasına söykənən bir strukturdur. Bütovlükdə tətbiq edilmiş informasiya texnologiyaları istər vergi ödəyiciləri, istərsə də vergi xidməti tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin əhəmiyyətli şəkildə azalmasına imkan vermişdir. Bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə əsasən (0,35 faiz), Azərbaycan vergi xidməti Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik ölkələrdən biridir.
Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, vergi sisteminin texnoloji cəhətdən modernləşdirilməsi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi daxilolmalarına da öz müsbət təsirini göstərmişdir. 2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artmışdır ki (2000-ci ildə 510 milyon manata qarşı, 2012-ci ildə 6 milyard manatdan yuxarı), bu da Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir. Qeyd etmək yerinə düşərdi ki, qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi 2012-ci ildə 3,3 milyard manat təşkil etmişdir.
Əlverişli investisiya mühitinin yaradılması və ölkədə iqtisadi fəallığın artması nəticəsində həmin dövrdə vergi ödəyicilərinin sayı da 3 dəfədən çox artmışdır. Təkcə 2012-ci ildə vergi ödəyicilərinin sayı əvvəlki ilə nisbətən 72 min nəfər artmışdır.
Vergilər Nazirliyinin vergi sistemində islahatlar aparılmasına olan istək və marağı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlara bu cür yanaşma həm beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın yaradılmasında, həm də vergi sisteminin müasirləşdirilməsində özünü göstərir.
Vergi xidmətinin modernləşdirilməsi məqsədilə aparılan islahatlarda inkişaf etmiş Avropa ölkələrinin təcrübəsindən istifadə olunur. Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), OECD-nin Vergi İnzibatçılığı Mərkəzi ilə işgüzar əlaqələr qurmuşdur. Dünya Bankı və Avropa İttifaqı ilə birgə müxtəlif layihələrdə aparılan əməkdaşlıq Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi prosesinə öz töhfəsini verir. Artıq 2 ildir ki, beynəlxalq və yerli ekspertləri, habelə vergi sahəsində tanınmış mütəxəssisləri cəlb etməklə ölkəmizdə geniş formatlı vergi forumları təşkil edilir.
Həmçinin aparıcı dövlətlərin, xüsusilə Avropa ölkələrinin vergi administrasiyaları ilə ikitərəfli qaydada sıx əməkdaşlıq qurulur. Artıq dünyanın 45 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması və eləcə də bir sıra ölkələrlə qarşılıqlı yardım haqqında sazişlər imzalanmışdır. Vergilər Nazirliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş fəaliyyət planını uğurla həyata keçirir və vergi qanunvericiliyini Avropa standartlarına uyğun təkmilləşdirir.
Hazırda Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının Fəaliyyət Planından irəli gələn vəzifələr çərçivəsində Avropa İttifaqının texniki dəstəyi ilə "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı tvinninq layihəsi həyata keçirilir. Avropa İttifaqının dəstəyi ilə MDB məkanında ilk dəfə tətbiq olunacaq bu layihənin reallaşması vergi yoxlamalarında insan faktoru ilə bağlı səhvlərin aradan qaldırılmasına, auditor yoxlamaları ilə bağlı vaxt sərfiyyatının azaldılmasına öz töhfəsini verəcək. Xüsusən riskli iri vergi ödəyicilərinin bütün sahələr üzrə auditi mümkün olacaq, vergidən yayınan vergi ödəyicilərinə qarşı güclü maneə qoyulacaq və vergidən yayınma halları tam aşkar olunacaq. Bu da nazirliyin audit resurslarının tam və optimal şəkildə istifadə olunmasına imkan verəcək.
Bu gün digər sahələrdə olduğu kimi, vergi xidmətinin də qarşısında yeni, qlobal çağırışlar durur. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyən etmişdir. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir. Vergilər Nazirliyi bu çağırışlara hazırdır və artıq 2013-2020-ci illər üçün vergi sisteminin strateji inkişaf planı təsdiq olunmuşdur. Bu plan çərçivəsində 22 istiqamət üzrə 86 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulur. Onlar əsasən vergi sistemində müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatlardan ibarət olacaq.
Perspektiv vergi islahatları informasiya texnologiyaları təməlli və bilik menecmentinə əsaslanan müasir vergi inzibatçılığının inkişaf etdirilməsi, onun şəffaflığının və yüksək səmərəliliyinin təmin edilməsini nəzərdə tutur. Bilik menecmenti sistemi insanları, təşkilatçılıq mədəniyyətini, strukturu və texnologiyaları bir-bir ilə birləşdirən və bunun əsasında yüksək nəticələr əldə olunmasını təmin edən sistemdir. Belə sistem inkişaf etmiş ölkələrin mühüm dövlət təşkilatlarında, o cümlədən vergi administrasiyalarında son 10 il ərzində tətbiq olunur və artıq öz səmərəliliyini göstərir.
Bu baxımdan, gələcəkdə vergi inzibatçılığının ən qabaqcıl beynəxalq praktikaya və texnologiyalara uyğunlaşdırılması, vergilərin proqnozlaşdırılması sahəsində dərin analitik təhlillərin aparılması və potensial vergiyayınma risklərini tam aşkar etmək üçün ən müasir proqram təminatlarının əldə olunması, yeni analitik platformaların qurulması həyata keçiriləcək. Bu texnologiyanın tətbiqi nazirliyin hesabat-təhlil sisteminin təkmilləşdirilməsinə, hesabatların hazırlanmasına sərf olunan vaxtın azaldılmasına zəmin yaradacaq.
Son illər ərzində Azərbaycanın hərtərəfli yüksəlişi sahəsində əldə edilən nailiyyətlər Heydər Əliyevin dövlətçilik irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yaşadığımız dövrün ən mürəkkəb çağırışlarına adekvat olan müasir idarəetmə təcrübəsi sayəsində mümkün olmuşdur. Cənab İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını nəinki qoruyub saxlamış, həm də həyata keçirdiyi praqmatik, məqsədyönlü islahatları sürətləndirməklə iqtisadi sahədə keçid dövrünün tez bir zamanda başa çatdırılmasına nail olmuş və ölkə iqtisadiyyatında yeni bir inkişaf mərhələsinin başlandığını bəyan etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması istiqamətlərində əhəmiyyətli nailiyyətlər qazanılmışdır.
Bu
gün həyatımızın bütün sahələrində
əldə edilmiş uğurlar ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında başlanan və onun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən islahatların nəticələri
və bəhrələridir. Ona görə də Heydər Əliyevin
adı müstəqil Azərbaycan dövlətinin, onun iqtisadi
yüksəlişinin memarı kimi tarixdə əbədi
yaşayacaqdır.
Fazil MƏMMƏDOV,
vergilər naziri, 2-ci dərəcəli
dövlət
vergi xidməti müşaviri
Azərbaycan.-2013.- 9 may.- S.4.