Ən böyük azərbaycanlı

 

Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirən, onların əsərlərinin təkrar nəşrini təmin edən Heydər Əliyev milli ədəbi düşüncənin inkişafına da əsaslı təkan vermişdir.

Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratması da Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət olduğunu təsdiqləyir. Vaxtı ilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.

Bədnam qonşularımız görkəmli tarixçi alim Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını dövlət mükafatına layiq görən Heydər Əliyevin özünü də millətçilikdə ittiham edirdilər. Lakin ulu öndər belə ittihamlara qətiyyən fikir vermir, böyük siyasi ustalıqla milli yüksəlişə xidmət edən addımlarını davam etdirirdi. Xatırlatmaq yerinə düşər ki, 70-ci illərdə məşhur "Gülüstan" poemasını yazdığına görə DTK-nın təqiblərinə məruz qalmış şair Bəxtiyar Vahabzadə də məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində həbs olunmaqdan qurtulmuşdu. Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Xalqımızın milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası ötən əsrin 20-50-ci illərində onun öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə Qorqud kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir" - deyən Heydər Əliyevin göstərişi əsasında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, hətta bu mövzuda sanballı bədii film də çəkilmişdir.

Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında vurğulandığı kimi, "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Ölkə başçısı İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Xüsusi vurğulamaq lazımdır ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun də müstəsna payı var. Fondun prezidenti,  Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun, milli-mənəvi irsin qorunması məqsədidir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyasının kökündə  təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən qlobal layihələr, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlmişdir. Qurumun  uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsidir. Başqa sözlə, Fondun mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdəki əzmkar fəaliyyəti həm də dövlətin bu sahələrin inkişafı naminə həyata keçirdiyi uğurlu layihələrə ictimai birliklərin, qeyri-dövlət təsisatlarının, biznes strukturlarının, ayrılıqda hər bir fərdin əməli dəstəyini təmin etməkdir. Fond, bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzdir.

Prezident İlham Əliyev xalqın, dövlətin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan ölkə başçısıdır. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini göstərir, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirir.

 

 

Fərhad QƏRİBOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 9 may.- S.6.