HƏMİŞƏYAŞAR LİDER
Möhtəşəm tarixi hadisənin - Azərbaycanın böyük oğlu ümummilli lider Heydər Əliyevin 90 illiyinin astanasındayıq. Bu münasibətlə yalnız Azərbaycanda deyil, bütün dünyada yazılı və elektron mətbuatda, televiziya kanallarında mütəmadi olaraq Heydər Əliyevin mənalı həyatı, möhtəşəm siyasi fəaliyyəti ilə bağlı sanballı yazılar, sənədli filmlər, canlı verilişlər verilir və onun əziz xatirəsi yad edilir. 40 ildən çox bir müddətdə rəhbərliyi altında işlədiyim, dahi şəxsiyyət, əvəzolunmaz lider kimi qəbul etdiyim bu böyük insan haqqında həmişə düşünürəm və daxili ehtiyac hiss etdikdə, düşüncələrimi oxucularla bölüşürəm. Bunların içində ümummilli liderin nəhəng dövlətçilik və idarəçilik fəaliyyətinə həsr olunmuş analitik məqalələr də var, təhlükəsizlik orqanları generalının fenomenal təcrübəsini öyrənməyə yönəlmiş dərslər də, bu böyük insanla bağlı sadə və şirin xatirələr də. Hazırkı qeydlərin məqsədi isə mümkün qədər Heydər Əliyev fenomeninə, onun dahi liderlik xüsusiyyətlərinə aydınlıq gətirmək, həmişəyaşarlığının səbəblərini müəyyənləşdirməkdir.
Hər bir xalqın dahi lider anlayışı haqqında özünəməxsus təsəvvürləri, faktiki olaraq, öz etalonu var. Doğrudur, dahiliyin bütün xalqlar tərəfindən qəbul edilmiş ümumi meyarları da olur. İstər Şərqdə, istərsə də Qərbdə dahi dedikdə, bir qayda olaraq, qeyri-adi qabiliyyətə malik, intellektual fəaliyyətin bir çox sahələrində uğur qazanmağa qadir ensiklopedik şəxsiyyətlər başa düşülür. Amma xalqların siyasi liderlərə olan tələbləri, gözləntiləri fərqlidir, özünəməxsusluğu ilə seçilir. Şərqdə əsasən şəxsi keyfiyyətlərə önəm verilir, "liderlik liderin şəxsi keyfiyyətlərindən başlayır" - deyilir. Yalnız o adamlar həqiqi mənada dahi lider hesab edilir ki, xalqın qəhrəmanı səviyyəsinə yüksəlsin, sözü ilə əməli düz gəlsin, cəsarətli və ədalətli olsun. Qərbdə isə şəxsiyyətin xarizmi və ictimai dəyəri ön plana çəkilir, siyasi fəaliyyətdə milli maraqların üstün tutulması və həyatın cəmiyyətə xidmətə həsr olunması liderliyin əsas şərtləri kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən birmənalı şəkildə demək olar ki, Heydər Əliyev həm Şərq, həm Qərb meyarlarına cavab verən, ümumbəşəri bir fenomen, dahi liderdir.
Heydər Əliyev hərtərəfli istedada, ensiklopedik savada malik bir şəxsiyyət idi, öz üzərində işləməyi sevirdi və bacarırdı, bir dəqiqəsini də boş keçirməməyə çalışırdı. Onun intellektual potensialı, faktiki olaraq, hüdudsuz idi, nəzəriyyənin və təcrübənin bütün sahələrinə nüfuz edə bilirdi. Görəcəyi hər bir işin layihəsi ən xırda detallarına qədər əvvəlcədən beynində hazır olurdu. Öz işi - dövlət rəhbərliyi ilə birbaşa bağlı olan siyasəti, iqtisadiyyatı, dövlət idarəçiliyini, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, ədəbiyyatı və mədəniyyəti də gözəl bilirdi. Dahi liderin müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə nümayiş etdirdiyi bilik hamını təəccübləndirir və heyrətləndirirdi. Bir-birindən çox uzaq olan müxtəlif bilik və fəaliyyət sahələrində mütəxəssislərlə eyni səviyyədə söhbət aparmaq qabiliyyəti də böyük intellektin, daxili zənginliyin bir təzahürü idi. Heydər Əliyevin dərin fəlsəfi təfəkkür sahibi olması, qeyri-adi uzaqgörənliyi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının ümummilli lider təsəvvürləri ilə uyğun gəlirdi. Heydər Əliyevə olan ümumxalq sevgisinin, inamının əsas səbəblərindən biri də bu idi.
Heydər Əliyev mahir natiq idi, ana dilini gözəl bilirdi, bəlağətli və aydın danışırdı. Fenomenal yaddaşı və dərin savadı mürəkkəb mətləbləri sadə dillə auditoriyaya çatdırmağa imkan verirdi. Gözəl psixoloq idi, insanların beyninə və qəlbinə asanlıqla yol tapa bilirdi. Qeyri-adi xarizmi ona istər həmsöhbətləri, istərsə də geniş xalq kütlələri ilə dərhal ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi. Öz gücünə əmin idi, fikirlərini, ideyalarını xalqa daha çox çıxışlarında, məruzələrində, birbaşa ünsiyyət vasitəsilə çatdırmağa üstünlük verirdi. Heydər Əliyev miqyaslı siyasətçi idi, yerli hadisələrə regional, regional hadisələrə beynəlxalq, beynəlxalq hadisələrə isə planetar maraqlar çərçivəsində baxmağı bacarırdı. O, xalqın siyasi cəhətdən maariflənməsinə, milli özünüdərkin geniş vüsət almasına, milli şüurun yüksəlməsinə böyük diqqət yetirirdi. Onun geniş ümumxalq auditoriyası üçün nəzərdə tutulan nitq və məruzələri bir növ açıq xalq məktəblərini xatırladırdı. Bu məktəbi bitirənlər əsl vətəndaş kimi yetişir, milli və siyasi özünüdərk səviyyəsinə yüksəlirdilər. Düşünürəm ki, onun məruzələri, nitqləri, ümumilikdə bütün siyasi fəaliyyəti, bir qayda olaraq iki səviyyədən, iki təbəqədən ibarət olurdu. Birincisini hamı görürdü, başa düşür, təqdir edirdi, buna görə də xalq onu sevirdi. İkincisini isə hamı görmürdü, xalqın ziyalısı görür, hiss edirdi və hamıya təlqin etməyə çalışırdı.
Heydər Əliyev fenomenini səciyyələndirən, ümummilli lider səviyyəsinə yüksəldən daha bir cəhət onun həmişə ədalət prinsipinə sədaqət nümayiş etdirməsi, obyektivliyi olmuşdur. Hələ gənclik illərində, təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə səmimiliyi, insanpərvərliyi ilə seçilən, öz xidməti fəaliyyətində həmişə həqiqət və ədalət prinsiplərini uca tutan bu böyük şəxsiyyət iş yoldaşlarının, həmkarlarının bütün problemlərinə diqqət və qayğı ilə yanaşır, köməyini əsirgəmirdi. Sonralar dövlət rəhbəri olarkən də, ən çətin və mürəkkəb anlarda belə ədalət hissini itirmədiyindən, qəbul etdiyi qərarlar həmişə ictimaiyyətin rəğbətini qazanırdı, ona böyük nüfuz gətirirdi. Özünün də dəfələrlə vurğuladığı "ədalətsizliklə ədaləti bərpa etmək olmaz" fikrini bütün fəaliyyəti boyu rəhbər tutan ümummilli lider daim dövlətçiliyin keşiyində, xalqın xidmətində durduğunu sübut etmişdir. Heydər Əliyev həmişə xalqdan güc alır, xalqa arxalanırdı. Ölkə üçün təhlükə yarananda, mühüm siyasi qərarlar qəbul etmək lazım olanda, o, əsl ümummilli lider kimi xalqa müraciət edir, xalqın rəyini öyrənir, onu səfərbər etməyi bacarırdı: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun Prezidenti kimi mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam".
Yuxarıda deyildiyi kimi, Şərqdə xalqlar öz mentalitetini özündə əks etdirməyən, onun tarixi qəhrəmanlarının keyfiyyətlərini özündə cəmləşdirməyən insanı lider kimi qəbul etmir. Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev də bütün bu keyfiyyətləri özündə cəmləşdirmişdi. O, cəsarətli və qətiyyətli adam idi, həqiqətə doğru gedən ən qısa - düz yolu seçmişdi, özü də düz adam idi - əsl lider olmağın 3 şərti bunlar idi. Bu nöqteyi-nəzərdən, Heydər Əliyev yalnız tarixin, taleyin seçimi deyildi, həm də xalqın seçimi idi. O, təhlükəsizlik orqanlarında çalışanda da haqqın-ədalətin, xalqın tərəfində idi, cəsarətlə milli ziyalıları müdafiə edir, onların vurulmasına, sıradan çıxarılmasına imkan vermirdi. Azərbaycana birinci rəhbərliyi dövründə isə, mövcud çərçivələrə baxmayaraq, cəsarətlə cəmiyyətdə saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Sovet İttifaqında rüşvətxorluğun, bürokratiyanın tüğyan etdiyi bir vaxtda, Azərbaycanda bu bəlaya qarşı mübarizə başlamışdı. Bütün ittifaq respublikaları bu barədə susmağa üstünlük versə də, kiçik Azərbaycanın böyük lideri susmaq istəmirdi. O, problemlərdən qaçmırdı, onları çəkinmədən qabartmağa, cəsarətlə mübarizə aparmağa və həllinə nail olmağa üstünlük verirdi.
Xalqımızın faciələrinin başlanğıcı olan 20 Yanvar qırğınını yada salaq. Xalqın faciəsində günahkar olanların qaçıb gizləndiyi bir vaxtda, ağır xəstəlikdən yenicə ayağa qalxmış Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gəldi və Qorbaçov siyasətinə öz kəskin etirazını bildirdi: "Çoxlu sayda insanın həlakına gətirib çıxarmış sovet qoşunlarının böyük kontingentinin Bakıya yeridilməsi ilə bağlı xalqımıza üz vermiş faciə barədə dərin ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günlərində həlak olanların ailələrinə və qohumlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu aksiyanı pisləyir, onu antihumanist, antidemokratik və hüquqa zidd sayıram. Bu ağır günlərdə sizləri ağıla, kamala, həmrəyliyə və birliyə çağırıram". Həmin zamanda, həmin məkanda bu çıxışı etmək, bu sözləri demək böyük cəsarət tələb edirdi, sovet cəza maşını hələ işləyirdi. Onu həmin çıxışına görə həbs və hətta məhv edə bilərdilər. O, təcrübəli siyasətçi kimi bunu bilirdi. Amma uzun müddət "ev dustağı" vəziyyətində yaşasa da, Heydər Əliyev bir azərbaycanlı kimi, böyük insan kimi öz borcunu yerinə yetirdi. Çünki o, Heydər Əliyev idi, çünki dedikləri xalqın, doğma Azərbaycanın problemləri idi. Həmin günü Heydər Əliyevin böyük siyasətə qayıdış günü hesab etmək olar.
Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə, milli maraqları üstün tutmasına, cəmiyyətə xidmət etməsinə, yəni qərbsayağı liderliyinə gəlincə, onun bütün mənalı ömrü və möhtəşəm siyasi fəaliyyəti bunun bariz nümunəsidir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi Heydər Əliyev öz Vətəninə və xalqına şərəf və ləyaqətlə xidmət etmiş, milli maraqlara daim sədaqət nümayiş etdirmiş, xalqın istək və arzularını reallığa çevirməyi öz məqsədi hesab etmiş və nəticədə ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bu məqamda onun respublikaya rəhbərlik etdiyi təqribən yarım əsrlik bir dövrün ilk mərhələsini xatırlamaq, 60-cı illərin sonlarına qayıtmaq lazım gəlir. Həmin illərdə Azərbaycan, sözün əsl mənasında, tənəzzül dövrü keçirirdi, böyük təbii ehtiyatları, zəngin insan resursları olan bir respublika gündən-günə geri gedirdi, faktiki olaraq, ittifaqın xammal əyalətinə çevrilirdi. İqtisadiyyatın inkişafı kimi, insanların rifahı da başqa sovet respublikalarından geri idi və bu gerilik getdikcə dərinləşirdi. Belə bir zamanda, nisbətən gənc olsa da, idarəçilik sahəsində təcrübəli, sarsılmaz iradəsi və siyasi uzaqgörənliyi ilə seçilən, ən əsası isə millət və vətən təəssübü çəkən Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi, sözün əsl mənasında, taleyin qisməti idi. Qısa müddətdə Azərbaycanı geri qalmış əyalətdən qabaqcıl sənaye mərkəzinə çevirmək asan məsələ deyildi, buna yalnız Heydər Əliyev dühası qadir ola bilərdi!
"İnkişaf və tərəqqi dövrü" kimi tarixə düşən 70-ci illərdə Azərbaycanın kənd və şəhərləri görünməmiş sürətlə abadlaşdı, əhalinin maddi vəziyyəti xeyli dərəcədə yaxşılaşdı, bütün sahələrdə, o cümlədən elm, mədəniyyət, təhsil sahəsində böyük nailiyyətlər əldə olundu. Azərbaycan Sovet İttifaqında ən tanınmış respublikalardan birinə çevrildi, azərbaycanlıların Rusiyada müsbət imici formalaşdı. Bugünkü müstəqilliyimizin iqtisadi bünövrəsi, mənəvi dayaqları da məhz ulu öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində hələ sovet dövründə yaranmağa başlamışdı. Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında da, Bakıda fəaliyyət göstərən ali hərbi məktəblərə azərbaycanlı kursantların qəbulu üçün çalışanda da, hər il yüzlərlə azərbaycanlı gənci Rusiyanın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərəndə də, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafına təkan verən yeni sənaye müəssisələrini, enerji müstəqilliyini təmin edən elektrik stansiyalarını inşa etdirəndə də, kənd təsərrüfatını yeni səviyyəyə qaldırmaq üçün yüzlərlə emal müəssisəsi, çox geniş meliorasiya şəbəkəsi yaradanda da, Azərbaycanın bütün ərazisində dəmir yolu və avtomobil nəqliyyatı şəbəkəsini quranda da yalnız Azərbaycanın gələcəyini, Azərbaycan xalqının səadətini və xoşbəxtliyini düşünürdü. Heydər Əliyev respublikanın neft sənayesinin inkişafı üçün də sovet dövrünün bütün imkanlarından istifadə edirdi, azərbaycanlı mütəxəssislər SSRİ neft sənayesində aparıcı mövqelər tutur, Bakı ittifaqın neft akademiyasına çevrilirdi. Yeri gəlmişkən, Heydər Əliyev Moskvada işlədiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu illərdə də Azərbaycana böyük himayədarlıq edir, respublikanın problemlərinin ölkə rəhbərliyi səviyyəsində baxılması və həll olunması üçün əlindən gələni əsirgəmirdi. Ulu öndər sonralar həmin dövrü qiymətləndirərkən deyirdi: "1970 - 1987-ci illər Azərbaycanın salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə həmin dövr Azərbaycan tarixində ən mühüm yerlərdən birini tutur".
Tale elə gətirmişdir ki, Azərbaycan hər dəfə müstəqillik əldə etdikdə onun dövlət rəmzi olan milli bayrağı öncə ölkənin ən iri şəhəri və mərkəzi olan Bakıda deyil, ucqar əyalət şəhərlərində qaldırılmışdır. Keçən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ucaltdığı üçrəngli bayrağı əsrin sonlarında ilk dəfə Naxçıvanda Heydər Əliyev qaldırdı. O, əsl peşəkar siyasətçi və böyük vətənpərvər kimi ağır blokada şəraitində "Taleyin ümidinə buraxılmış tənha bir ada"ya bənzəyən Naxçıvana rəhbərlik etməyin məsuliyyətini öz üzərinə götürdü və bu ağır işin öhdəsindən şərəflə gəldi. Bəli, ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü də başdan-başa müstəqil Azərbaycan dövlətinə, müstəqilliyimizin əbədiləşdirilməsinə xidmətdən ibarət olmuşdur. Bu dövr muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, nəhayət, Azərbaycandan ayrı salınmış Naxçıvanda, özü də amansız məhrumiyyətlər, hərbi və iqtisadi blokadalar şəraitində vətən torpağının düşməndən qorunub saxlanılması ilə yadda qaldı. Bu qısa dövr indi də xalqa xidmətin misilsiz nümunəsi kimi xarakterizə edilir.
Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra milli maraqlarımızın təmin edilməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər, möhtəşəm layihələr barədə söz açmazdan əvvəl bir-iki məqamı vurğulamaq yerinə düşərdi. Nə qədər kədərli olsa da, qeyd etmək lazımdır ki, əsrin sonlarında tarix Azərbaycanı ağır sınağa da çəkdi, yaxşını pisdən ayıra bilməyin qeyri-adi bir nümunəsini verdi. Bizə 1970 - 80-ci illərdə Heydər Əliyevli Azərbaycanın necə olduğunu - əmin-amanlığı, bolluğu göstərdiyi kimi, 90-cı illərdə də Heydər Əliyevsiz Azərbaycanın necə ola bilməsini, hansı məşəqqətlərə, məhrumiyyətlərə düçar olmasını da göstərdi. Azərbaycan xalqının qəlbində yaşatdığı və uğrunda mübarizə apardığı müstəqillik amalı, XX əsrin axırlarında yenidən real təsdiqini tapsa da, asan başa gəlmədi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşdi. Ölkə daxilində gedən hakimiyyət mübarizəsi və bu mübarizənin fonunda genişlənən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Dövlətə rəhbərlik edən və xalqın taleyini təyin etmək kimi ağır bir səlahiyyəti öz üzərinə götürən siyasətbazlar belə çətin bir zamanda məsuliyyətsiz qərarlar verir, öz hakimiyyətlərini qoruyub saxlamaq naminə milli maraqları qurban vermək, hətta ölkədə vətəndaş müharibəsi törətmək kimi xəyanətlərdən çəkinmirdilər. Hüquqi-demokratik dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi sabitliyin təmin olunması, demokratik islahatların aparılması, nizami ordunun yaradılması kimi strateji məsələlər taleyin öhdəsinə buraxılmışdı. Ölkədə qanunsuz silahlı dəstələr at oynadırdı, az qala hər imkanlı adamın bir silahlı dəstəsi vardı, hər silahlı dəstəsi olan böyük siyasi ambisiyalarla yaşayırdı. İnsanlar hava qaralandan sonra evdən bayıra çıxmağa qorxurdular. Nefti və taxılı ilə məşhur olan Azərbaycanda çörək və benzin problemləri yaşanırdı. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri ictimai-siyasi durumu daha da ağırlaşdırırdı. 1993-cü ilin yazında başlamış Gəncə hadisələri isə vətəndaş müharibəsi təhlükəsini reallaşdırmış, yeni yaranmış respublikanı "olum, ya ölüm?" dilemması qarşısında qoymuşdu.
Tarixə
baxsaq görərik ki, həmişə belə faciəli
zamanlarda xalqların qüdrətli oğulları vətənin
imdadına çatıb, milləti fəlakətdən xilas
ediblər. Xoşbəxtlikdən bu dəfə də belə
oldu. Azərbaycan xalqının iradəsi və təkidli tələbi
ilə təcrübəli dövlət xadimi, görkəmli
siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin
uçurum qarşısında qaldığı vaxtda yenidən
böyük siyasətə qayıtdı. 1993-cü ilin iyun
ayının 15-də Milli Məclisin sədri seçilən
Heydər Əliyev millət vəkilləri
qarşısında çıxış edərək,
mövcud dövlət böhranının aradan
qaldırılmasının yollarını, müstəqil Azərbaycan
dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini
müəyyənləşdirdi. Onun proqram xarakterli
çıxışında əsas diqqət daxili sabitliyin təmin
olunması, respublikanın parçalanmaq təhlükəsindən xilas edilməsi və Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
nail olunmasına yönəlmişdi. Xalqımız haqlı
olaraq həmin tarixi müstəqilliyimizin, dövlətçiliyimizin
"Qurtuluş günü" hesab edir və hər il bayram
edir. Həmin dövrdə isə millətimiz və dövlətimiz
bayram əhval-ruhiyyəsində deyildi. Gəncə hadisələrindən
sonra ölkənin cənubunda separatçılıq meyilləri,
1994 - 1995-ci illərdə
dövlət çevrilişinə cəhdlər, dövlət
başçısına qarşı sui-qəsd planları -
bütün bunlar öz müstəqilliyini elan etmiş gənc
Azərbaycan dövlətinə qarşı məlum xarici dairələrlə
daxili ünsürlərin birgə fəaliyyəti nəticəsində
meydana çıxmışdı. Azərbaycanın
silahlı qüvvələrinin böyük bir hissəsi
ayrı-ayrı cinayətkar əllərdə cəmləşərək,
ölkədaxili çəkişmələrə, hakimiyyət
uğrunda mübarizələrə cəlb edildiyi
üçün vətən torpağı müdafiəsiz
qalır, ərazilərimiz işğal olunurdu.
Heydər
Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən
vətəndaş yanğısı, özünəməxsus
tükənməz enerji və sarsılmaz iradə ilə
ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi
istiqamətində gərgin fəaliyyətə
başladı. Həmin dövrdə ümummilli liderin Azərbaycan
üçün gördüyü misilsiz işlər,
sözün əsl mənasında, heç bir
ölçüyə sığmır. Yaşına baxmayaraq
gənclik həvəsi ilə işləməsi, vaxtla, zamanla
hesablaşmadan fədakarcasına çalışması Heydər
Əliyevi yaxından müşahidə edən hər bir
insanı heyrətləndirirdi. Ölkənin
düşdüyü çətin vəziyyət, məlum
qüvvələrin pozuculuq fəaliyyəti, davam edən
ağır müharibə şəraiti, ölkə
iqtisadiyyatının tamamilə dağılması onu qeyri-adi
enerji ilə işləməyə, eyni zamanda, ətrafındakıları
da belə rejimdə çalışmağa vadar edirdi. Elə
günlər olurdu ki, Heydər Əliyev 3-4, bəzən 5-6
müşavirə və görüş keçirir, bu
görüşlər bəzən gecə yarısınadək
davam edirdi. Həmin illərdə Heydər Əliyevin yüksək
işgüzarlığını, yorulmazlığını
və fədakarlığını göstərən
saysız-hesabsız misallar göstərmək olar.
Respublikanın taxıl ehtiyatları ilə təchizatı onu
həddindən artıq narahat edir, bəzən bir neçə
günlük taxıl ehtiyatının qalması, hətta əhalinin
aclıq təhlükəsinin real olması onu fövqəladə
tədbirlər görməyə vadar edirdi. O zaman Xəzər
dənizinin şimal hissəsinin donması gəmilərlə
taxıl gətirilməsini son dərəcə çətinləşdirmişdi.
Şimali Qafqazda gedən müharibə isə dəmiryolundan
istifadəyə imkan vermirdi. Bütün bu çətinliklərə
baxmayaraq, Heydər Əliyev özünün şəxsi əlaqələrindən
və nüfuzundan istifadə edərək respublika əhalisinin
çörəklə təchizatında fasilələr
yaranmasına imkan vermirdi.
Respublikada
tez-tez baş verən pozuculuq hərəkətlərinin və
çevriliş cəhdlərinin qarşısını almaq
ölkə rəhbərindən son dərəcə
böyük enerji və qüvvə tələb edirdi. Heydər
Əliyev gecəni gündüzə qataraq xalqın dəstəyi
ilə bu çətin işlərin öhdəsindən
böyük məharətlə gəldi. Qısa bir zamanda
müxtəlif siyasi qurumların qeyri-qanuni silahlı dəstələri buraxıldı,
siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin
qarşısı məharətlə alındı. Uzun sürən
daxili çəkişmələrdən sonra, nəhayət,
respublikada, ilk dövrlərdə kövrək olsa da,
ictimai-siyasi sabitlik yarandı. Dövlət əhəmiyyətli
işlərinin həddindən artıq çox, iş
qrafikinin sıx olmasına
baxmayaraq, ulu öndər tez-tez respublikanın müxtəlif
rayonlarına səfərlər edir, Prezident sarayında
müşavirələr keçirir, ictimaiyyətin nümayəndələri
ilə görüşür, müzakirələr aparır,
lazımi tədbirlər görürdü. Bir sözlə,
müstəqillik haqqında Konstitusiya Aktı 1991-ci ilin
oktyabrında qəbul olunsa da, xalqımız müstəqilliyin
faydasını 1993-cü ilin iyunundan, millətimizin əvəzsiz
lideri Heydər Əliyevin tarixi qayıdışından sonra
görməyə başladı. Ümummilli lider sonralar bu barədə
deyirdi: "Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda
ictimai-siyasi sabitlik yaratdıq... Bu sabitlik Azərbaycanın hər
bir vətəndaşı üçün lazımdır. Bu
sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət
quruculuğu prosesinin təmin olunması üçün əsas
şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi
islahatların həyata keçirilməsi üçün
çox vacib bir şərtdir..."
Azərbaycanda
ictimai-siyasi sabitlik yaratmaq birinci addım idi, əsas məsələ
regionda sabitliyə nail olmaq, Dağlıq Qarabağ müharibəsinə
son qoymaq idi. Müharibə dayanmasaydı, xarici neft şirkətlərini
Azərbaycana cəlb etmək, yeni neft strategiyasını həyata
keçirmək, deməli, respublika iqtisadiyyatını
inkişaf etdirmək də mümkün olmayacaqdı. Heydər
Əliyev təcrübəli dövlət xadimi kimi bu
reallığı çox gözəl görürdü və
bu istiqamətdə yorulmaz fəaliyyət göstərirdi. Məlum
olduğu kimi, Ermənistan müstəqil dövlət deyil və
güclü dövlətlərin forpostudur. Bu, məsələni
daha da çətinləşdirirdi, amma Azərbaycan liderinin
diplomatik məharəti və gərgin səyləri öz nəticəsini
verdi. Həmin dövrdə Azərbaycan ordusunun əks-hücumlarından
qorxuya düşən Ermənistan tərəfi də
danışıqlara getdi. 1994-cü ilin mayında Ermənistan
- Azərbaycan müharibəsində atəşkəs elan
olundu, sentyabrında isə dünyanın aparıcı neft
şirkətləri ilə Azərbaycan Dövlət Neft
Şirkəti arasında "Əsrin müqaviləsi"
imzalandı. Azərbaycanda iqtisadi və siyasi islahatlar aparmaq,
ordu quruculuğu ilə məşğul olmaq üçün
vaxt və imkan yarandı.
"Əsrin
müqaviləsi"nin imzalanmasından ötən 18 ildə
Azərbaycanın qazandığı uğurlara diqqət
yetirsək, ulu öndər Heydər Əliyevin neft
strategiyasının reallıqda öz təsdiqini
tapdığını görərik. Xüsusilə
vurğulamaq lazımdır ki, Azərbaycan
iqtisadiyyatının dirçəlməsi birbaşa Heydər
Əliyevin neft strategiyasının həyata keçirilməsi
ilə bağlı olmuşdur. "Əsrin müqaviləsi"nin
bağlanması ilə başlanmış və 20-dən
çox sazişin imzalanması ilə müşayiət
olunmuş, beynəlxalq neft və qaz layihələrinin həyata
keçirilməsi ilə zirvəyə ucalmış yeni neft
strategiyası ilk dövrlərdən Azərbaycana
böyük uğurlar gətirmişdir. Əldə olunan mənfəətin
respublika iqtisadiyyatının şaxələndirilməsinə
yönəldilməsi, yeni istehsal sahələrinin
yaradılması, yeni iş yerlərinin açılması məhz
bu strategiyasının həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur. Beynəlxalq əhəmiyyətli
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin istifadəyə verilməsi ölkəmizin
uzunmüddətli iqtisadi inkişafının əsasını
qoymuşdur. "Neft siyasəti təkcə iqtisadi amil və
enerji amili deyil, bu, geosiyasi gündəliyin böyük tərkib
hissəsidir" - deyə qeyd edən Prezident İlham Əliyevin
vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələləri
nəinki enerji resurslarını istehlak edən, o cümlədən
onları hasil edən ölkələrdə ciddi müzakirə
mövzusudur. Azərbaycan isə, məhz Heydər Əliyevin
neft strategiyasının uğurla həyata keçirilməsi
nəticəsində artıq özünün enerji təhlükəsizliyini
tam təmin etmişdir və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayır.
Siyasi-iqtisadi
və sosial-mədəni sahələrdə olduğu kimi,
qanunvericilik məsələlərinin həllində də
zamanın nəbzini tutmağı bacaran Heydər Əliyev
Konstitusiyanın müstəqil dövlətin həyatında
oynadığı mühüm rolu uzaqgörənliklə qiymətləndirərək
səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası
yaratdı, gərgin işinə, vaxtının
azlığına baxmayaraq layihənin müzakirəsində
dəfələrlə iştirak etdi və konkret göstərişlərini
verdi. Beləliklə, ulu öndərin rəhbərliyi ilə
müstəqil Azərbaycanın əsas qanunu - ilk demokratik
Konstitusiyası hazırlandı və 1995-ci ilin noyabrında
referendum yolu ilə qəbul olundu. Sözün əsl mənasında,
"İnsan haqları manifesti" olan əsas qanunumuzda Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq; konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini
təmin etmək; ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq
və ən əsası, hakimiyyətin üç müstəqil
qola - qanunvericilik, icra və məhkəmə hakimiyyətinə
bölünməsi öz əksini tapmışdır.
Azərbaycanın yeni Konstitusiyası demokratik dövlət quruculuğunda, sözün əsl mənasında, bir kompas rolu oynadı. 1995-ci ilin noyabrında respublikada çoxpartiyalı əsasda parlament seçkiləri keçirildi və yeni seçilmiş Milli Məclis qanunvericilik bazasının hazırlanmasına başladı. Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkənin inkişafı üçün bazar iqtisadiyyatının yeganə yol olduğunu görür, amma yeni sistemə keçidin mənfi təsirlərinin azaldılmasına da xüsusi diqqət verilməsini vacib bilirdi. 1996-cı ildə postsovet məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarına başlandı və uğurla həyata keçirildi. 1997-ci ildə Milli Məclisdə Özəlləşdirmə Proqramı qəbul olundu və dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başladı. 1999-cu ildə ölkədə yerli özünüidarə orqanlarına seçkilər keçirildi və bələdiyyə institutu yaradıldı. Eyni zamanda sahibkarlığın inkişafı, bu sahədə maneələrin aradan qaldırılması, əlverişli sərmayə mühitinin, müasir bank sisteminin yaradılması üçün qanunvericiliyin təkmilləşdirilməsindən, sahibkarlara güzəştli kreditlərin verilməsindən tutmuş, lazım olan bütün tədbirlər görüldü. Ulu öndər həmin dövrdə hər il Azərbaycan sahibkarlarının nümayəndələrini qəbul edir, televiziya vasitəsilə bütün ölkəyə yayımlanan bu görüşlərdə mövcud problemlər açıq müzakirə edilir və onların həlli yolları araşdırılırdı.
Bu gün birmənalı olaraq demək olar ki, müstəqil Azərbaycanın sükanı arxasında olduğu 10 ildə Heydər Əliyevin dövlətimizin müstəqilliyini möhkəmləndirmək istiqamətində yorulmaz fəaliyyəti və gərgin səyləri öz bəhrəsini vermişdir. Ulu öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində demokratik dövlət quruculuğu təkamül yolu ilə, iqtisadi və siyasi islahatların genişlənməsi, dünyaya inteqrasiyanın güclənməsi fonunda həyata keçirilmişdir. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinin hərb müstəvisindən sülh müstəvisinə gətirilməsi, yeni neft strategiyasının həyata keçirilməsi, iqtisadi tərəqqinin və ordu quruculuğunun reallaşdırılması və daha yüksək mərhələyə çatdırılması, keçmiş rəhbərliyin siyasi səriştəsizliyi nəticəsində yaxın və uzaq dövlətlərlə pozulmuş əlaqələrin bərpa olunması və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə qaldırılması, Azərbaycan diasporunun təşkilatlanması və azərbaycançılıq ideyası ətrafında birləşməsi, respublika ətrafında yaranmış informasiya blokadasının dağıdılması kimi strateji məsələlər öz həllini tapmışdır. Artıq Azərbaycan dünya birliyində özünə layiqli yer tutmuşdur, BMT, MDB, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvüdür, Avropa Birliyi ilə fəal əməkdaşlıq edir. Beləliklə, XX əsrin 20-ci illərində böyük ziyalı vətənpərvərlərin bütöv bir dəstəsinin hamısının birlikdə görə bilmədiyi işi Heydər Əliyev həmin əsrin 90-cı illərində təkbaşına həyata keçirdi, müstəqilliyi qoruyub möhkəmləndirdi, dövlətçiliyi əbədiləşdirdi.
Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsinə yönəlmiş titanik siyasəti barədə danışarkən bu siyasi kursun davam etdirilməsinin alternativsizliyini qeyd etmək zərurəti yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi xalqın və ölkənin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçımızın həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri sırasındadır. Son 10 ildə ümumi daxili məhsul 300 faiz artmış, iqtisadiyyatın qeyri-neft sektoru 2,4 dəfə yüksəlmişdir. Ötən müddətdə Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulmuş, ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Respublikada milyon yarım yeni iş yeri açılmış, işsizlik probleminin həlli istiqamətində əsaslı addımlar atılmışdır. Yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin böyük uğurlarından biridir. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, sivil dünyaya inteqrasiya prosesi uğurla davam etdirilir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi daxili siyasətdə sosial ədalətin, xarici siyasətdə humanizmin tərəfdarı olsa da, milli maraqlar məsələsində kifayət qədər sərt mövqe və prinsipiallıq nümayiş etdirir, bir addım da geri çəkilmir! Möhtərəm Prezidentin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqe bunu bir daha sübut edir. Məlum xarici təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini dünyanın ən yüksək tribunalarından elan edir və birmənalı olaraq bəyan edir ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəkdir, münaqişə beynəlxalq normalar əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqınlar və məcburi köçkünlər öz tarixi torpaqlarına qayıtmalıdırlar! Azərbaycanın haqlı sözü artıq bütün dünyada eşidilir, ölkəmiz aparıcı beynəlxalq təşkilatlarda əsas söz sahiblərindən birinə çevrilir. Onu göstərmək kifayətdir ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və bu ali təşkilatın kürsüsündən öz sülhməramlı siyasi baxışlarını dünya ictimaiyyətinə çatdırır.
Biz
bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz
tarixinin ən şərəfli
və qüdrətli dövrünü yaşayır. Ulu
öndər Heydər Əliyevin ölməz ideyalarını
həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan
Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə
işıqlı gələcəyə doğru inamla
addımlayır. Azərbaycan artıq dünyada
sayılıb-seçilən ölkələrdən biridir,
respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli
musiqi, dünya səviyyəli idman tədbirləri
keçirilir. Azərbaycan Davos səviyyəli zirvə
toplantısına ev sahibliyi edir və ilk Avropa Olimpiya
oyunlarının ölkəmizdə keçirilməsi
gözlənilir. Ölkəmizə səfər edən
dövlət və hökumət
başçılarının, ictimai-siyasi xadimlərin bəyanatları
və çıxışları da göstərir ki, Azərbaycan
regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi
göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə
inkişaf etmiş dünya dövlətləri ilə bir
sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Heydər Əliyevin
həmişəyaşarlığı bir daha aydın olur,
bir daha inanırsan ki, Heydər Əliyev uzaqgörənliyi ilə
əsası qoyulmuş,
İlham Əliyev müdrikliyi ilə idarə olunan Azərbaycan
Respublikasının parlaq gələcəyi
qaçılmazdır.
Ziya YUSİF-ZADƏ,
MTN-in Heydər Əliyev adına
Akademiyasının rəisi,
general-leytenant
Azərbaycan.-2013.-
9 may.- S.7.