Humanizm və insanpərvərliyə
söykənən məhkəmə-hüquq islahatları
İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun müasirləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı baxımından məhkəmələrin fəaliyyətində çevik mexanizmlərin tətbiqi mühüm şərtlərdən sayılır. Avratlantik məkana inteqrasiya kursunu prioritet seçməklə hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş müstəqil Azərbaycan Respublikasında da dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə gerçəkləşən bu islahatların qayəsində məhz vətəndaşların konstitusion hüquq və azadlıqlarının maksimal müdafiəsi məsələsi dayanmışdır.
Bu gün tam əminliklə demək olar ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Əsas Qanunda respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır.
Ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır.
Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.
Ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölkə rəhbərinin ölüm hökmünün ləğvi ilə bağlı humanist təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir.
Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 20 mindən çox məhkum azadlığa buraxılmışdır.
İnsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət son 10 ildə yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust
tarixli fərmanları məhkəmə və ədliyyə
orqanlarının inkişafına, məhkəmə-hüquq
sisteminin müasir dövrün tələblərinə
uyğun olaraq təkmilləşdirilməsinə, regionlarda hüquq infrastrukturunun
genişləndirilməsinə imkan yaratmışdır. Sonrakı
illərdə əhalinin məhkəmələrə
müraciət etmək imkanlarının
asanlaşdırılması məqsədilə regionlarda yeni
apelyasiya, inzibati-iqtisadi, ağır cinayətlər məhkəmələri
yaradılmışdır. Ötən illərdə hakimlərin
sayı 2 dəfə, o cümlədən 2010-cu ildə daha 25
faiz artırılaraq 600-ə
çatdırılmışdır.
Ədalət
mühakiməsinin səmərəliliyinin artırılması
üzrə tədbirlər çərçivəsində
Avropa Şurası ilə səmərəli əməkdaşlıq
şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr
və hakimlər haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət
kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun
olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin
özünüidarə orqanı olan Məhkəmə-Hüquq
Şurası yaradılmışdır. Yeni qanunvericiliklə
hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə
yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz
təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti
məsələləri şuranın səlahiyyətinə
aid edilmiş, hakim vəzifələrinə namizədlərin
seçilməsi üçün yeni qurum - Hakimlərin
Seçki Komitəsi yaradılmışdır. Bununla
yanaşı, Məhkəmə-Hüquq Şurası
yanında hakimlərin və dövlət
ittihamçılarının, o cümlədən hakimliyə
namizədlərin tədrisi ilə məşğul olan
ayrıca sektor fəaliyyətə başlamışdır.
Hakim
seçkilərinə dair yeni qaydalara əsasən, hakim olmaq
üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli
prosedurlarla, test üsulu ilə, habelə yazılı və
şifahi imtahanlar keçirilmişdir. Hakimliyə namizədlər
üçün uzunmüddətli tədris kursları təşkil
olunmuş, bu kurslara yüksək məhkəmə hakimləri,
görkəmli alimlər, zəngin biliyə və təcrübəyə
malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin,
o cümlədən Türkiyənin mütəxəssisləri,
Avropa Şurasının insan hüquqları üzrə
ekspertləri cəlb olunmuşlar. Ümumiyyətlə,
2007-2011-ci illəri əhatə edən 4 seçim prosesində
311 nəfər müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə
təyin olunmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyev son 10 ildə əfvetmə
institutunun da çevik və işlək mexanizmlər əsasında
fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin
ötən müddətdə ölkədə siyasi
barışığın, vətəndaş həmrəyliyi
və sülhünün təmin olunması, əksqütblü
qüvvələr arasında etimad mühitinin
formalaşdırılması istiqamətində
atdığı addımlar onun ədalətli rəhbər
obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulana bilər. Hər bir vətəndaşın
Prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Əliyev bu və digər səbəblərdən
cinayət əməlinə yol vermiş insanların da taleyinə
biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, qeyri-hökumət təşkilatlarının,
insan hüquqları üzrə müvəkkilin müraciətlərinə
əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini,
bu müddətdə davranışlarını nəzərə
alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini
önə çəkən Prezident İlham Əliyev
bir-birinin ardınca əfv fərmanı imzalayır. Ölkə
başçısı 10 il müddətində əfvlə
bağlı 22 fərman imzalamış, 4000-dək məhkumu
cəzasının çəkilməmiş hissəsindən
tam və yaxud qismən azad etmişdir.
Bu
prosesdə yaxından iştirak edən Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva insan
hüquq və azadlıqlarının müdafəsində
yaxından iştirak edir. Fond hələ 2007-ci və 2009-cu
illərdə nəcib təşəbbüslə
çıxış edərək minlərlə məhkumun
sağlam həyata - azad cəmiyyətə və ailəsinə
qovuşmasını təmin etmişdir.
Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın qanunvericilik
təşəbbüsü əsasında irəli
sürdüyü növbəti amnistiya aktı 2013-cü il
mayın 7-də Milli Məclisdə yekdilliklə qəbul
olunmuşdur. Milli Məclisin qəbul
etdiyi amnistiya aktına əsasən, böyük ictimai təhlükə
törətməyən və az ağır cinayətlərə
görə məhkum edilmiş qadınlar, cinayət törədərkən
18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər,
60 yaşına çatmış kişilər, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil
övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünün qorunmasında iştirak
etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində
öz doğma torpaqlarından məcburi
köçürülmüş və digər kateqoriyalardan
olan şəxslər azadlıqdan məhrumetmə cəzasından
azad ediləcəklər. Cəzasının çəkilməmiş
hissəsi bir ildən artıq olmayan, məntəqətipli cəzaçəkmə
məntəqələrində saxlanan, islah və ictimai
işlərə, cərimə cəzasına məhkum
edilmiş, cəzasının çəkilməsi təxirə
salınmış şəxslər də amnistiyaya
düşəcəklər.
Son
illər ərzində Azərbaycan parlamentarizmi tarixində ilk
dəfə Milli Məclisin deputatı tərəfindən irəli
sürülmüş və geniş ictimai dəstək
almış amnistiya aktları böyük mənəvi-əxlaqi,
siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun
prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş
növbəti amnistiya aktı isə onun fəaliyyətinin
yüksək humanizm və insanpərvərliyə əsaslandığını
bir daha təsdiqləyir.
Dövlət başçısı cənab İlham Əliyev ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini xüsusi vurğulayır. Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.
Əliəjdər
ƏLƏKBƏROV,
Cəlilabad rayon
məhkəməsinin sədri
Azərbaycan.-2013.- 9 may.- S.8.