İspaniyanın nüfuzlu «DIPLOMACIA-Siglo XXI» jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunmuşdur

 

İspaniyanın nüfuzlu "DIPLOMACIA-Siglo XXI" jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunmuşdur.  AzərTAc xəbər verir ki, "Grupo İntereconomia" tərəfindən hər ay buraxılan jurnalın ölkəmizə həsr olunmuş nömrəsi mayın 10-da çapdan çıxacaqdır. Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə hazırlanan xüsusi buraxılış ümummilli lider Heydər Əliyevin 90  illik yubileyinə həsr olunmuşdur.

İspaniyanın dövlət və ictimai qurumları, xaricdəki  nümayəndəlikləri, aparıcı şirkətləri və bu ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən böyük rəğbət qazanmış 68 səhifəli jurnalın budəfəki nömrəsində ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın əldə etdiyi  nailiyyətləri, ulu öndərin uğurlu siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən davamı, ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti və s. barədə məlumatlar əksini tapmışdır.

Xüsusi buraxılışda Azərbaycanın İspaniyadakı səfirliyi, Xarici İşlər, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Gənclər və  İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət  Neft Fondu, Diplomatik Akademiya tərəfindən təqdim edilmiş materiallardan istifadə olunmuşdur. Bundan əlavə, jurnalın xüsusi buraxılışında Azərbaycanın xarici işlər nazirinin, ölkəmizin İspaniyadakı səfirinin, İspaniyanın Azərbaycandakı səfirinin və Madriddə yerləşən Ümumdünya Turizm  Təşkilatı baş katibinin müsahibələri də əksini tapmışdır.

 

 

Azərbaycan.-2013.- 9 may.- S.8.