«Heydər Əliyev milli intibahımızın memarıdır» mövzusunda kitab sərgisi açılmışdır

 

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Heydər Əliyev milli intibahımızın memarıdır" mövzusunda kitab sərgisi açılmışdır .

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə açılmış sərgi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Əvvəlcə "Heydər Əliyev mədəniyyətimizin hamisidir" adlı film nümayiş etdirilmişdir.

Kitabxananın direktoru Kərim Tahirov ümummilli lider Heydər Əliyevin intibahımızın banisi olduğunu və bunun gəlişigözəl söz olmadığını söyləmişdir. O, ulu öndərin Azərbaycanın korifey sənətkarlarının üzə çıxarılması, onların dünyada tanıdılması, mədəniyyətimizin bütün sahələrinin inkişafı istiqamətində fəaliyyətindən danışmışdır.

Direktor ümummilli liderin dəfələrlə Milli Kitabxanada olmasından, bu bilik mənbəyinin inkişafı üçün gördüyü işlərdən söhbət açmışdır. Milli Kitabxananın dünyanın modern və zəngin kitabxanaları sırasına daxil olmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri xüsusi  vurğulanmışdır.

Nəzərə çatdırılmışdır ki, tədbirin əsas məramlarından biri də "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin kitabxana tərəfindən ulu öndərin 90 illik yubileyi münasibətilə tərtib etdiyi köməkçi göstəricisinin 3-cü cildinin təqdimatıdır. Qeyd edilmişdir ki, "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin nəşri layihəsi 1997-ci ildən başlayaraq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Azərnəşr" tərəfindən reallaşdırılır və artıq çoxcildliyin 45-ci cildi çapdan çıxmışdır.

Qeyd edilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası tərəfindən 2008-ci ildə çoxcildliyin köməkçi göstəricisinin 1-ci cildi, 2010-cu ildə isə 2-ci cildi nəşr olunmuşdur.

Tədbir çərçivəsində, həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Heydər Əliyev - mədəniyyətimizin hamisi" elektron məlumat bazasının təqdimatı olmuşdur. Bazanın ayrı-ayrı bölmələrində istifadəçilər ümummilli lider Heydər Əliyev haqqında məlumatlar və fotolarla tanış ola bilərlər.

Sonra sərgiyə baxış olmuşdur. Sərgidə Azərbaycan və digər xalqların dillərində ulu öndər haqqında kitablar nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 9 may.- S.9.