«Qurtuluş dastanı»
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış "Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş silsilə tədbirlər davam edir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar növbəti tədbir mayın 7-də Akademik Milli Dram Teatrında təşkil olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin şair-dramaturq İftixar Piriyevin "Qurtuluş dastanı" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib. Xatırladaq ki, ikihissəli epik, tarixi dram olan "Qurtuluş dastanı" ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq tamaşaya hazırlanıb. Tamaşada dahi liderin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapıb. Ulu öndərin zəngin həyat yolunun müxtəlif məqamlarının, habelə böyük şəxsiyyətin ayrı-ayrı hadisələrə münasibətini ifadə edən müdrik kəlamlarının sürəkli alqışlarla qarşılanması Heydər Əliyevə dərin tamaşaçı sevgisinin, məhəbbətinin bariz ifadəsini bir daha təsdiq edib. Bütün ömrünü xalqına həsr etmiş, müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını yaratmış ulu öndər Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən tamaşanın ideya müəllifi və baş məsləhətçisi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, siyasi məsləhətçisi RİH başçısının müavini Vüsar İsmayılovdur.
Tamaşada Heydər Əliyevin Moskva dövrü, 20 Yanvar hadisələri, M.Qorbaçovla söhbəti çox maraqlı quruluşda hazırlanıb. Tamaşada 1993-cü il hadisələri, Heydər Əliyevin Azərbaycan mətbuatına verdiyi dəyər, mətbuat nümayəndələri ilə münasibəti və başqa maraqlı nüanslar əks olunub. Səhnədə baş verənləri izləyən tamaşaçı xəyalında ulu öndərin xalqın tələbi ilə hakimiyyətə gəldiyi 90-cı illərin əvvəllərinə qayıdır. Moskvada SSRİ rəhbərliyinin təqibi ilə üzləşən, təzyiqlər altında qalmasına baxmayaraq, qürurunu qoruyan Heydər Əliyevin heç nədən qorxmayaraq mübarizə apardığını xatırlayır. Ulu öndərin 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və xalqına göndərdiyi teleqramda 20 Yanvar hadisəsinin "SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası" kimi qiymətləndirməsi bir daha yada salınır. Keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun və onun havadarlarının istənilən an təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirməsi səhnələri tamaşaçıda həyəcan yaradır. Bütün gərgin əməyə, iş rejiminə baxmayaraq, dahi liderin Azərbaycan mətbuat nümayəndələrinə verdiyi dəyər də tamaşada səhnələşdirilib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 9 may.- S.9.