Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi xarici ölkələrdə də geniş qeyd olunur

 

Paris

 

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə Fransa rəsmiləri, paytaxt ictimaiyyətinin, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Azərbaycan Mülki Aviasiya Administrasiyasının Parisdə işgüzar səfərdə olan rəhbərliyinin və diaspor təşkilatlarının rəhbərləri iştirak etmişlər.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin öz əməli fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxdığını, SSRİ-nin süqutundan sonra Azərbaycanın suverenliyinin qorunmasına və  siyasi sabitliyinə nail olunmasına xüsusi əmək sərf etdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın çətin və ağır günlərində ərazilərimizin bir hissəsinin - Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi bir vaxtda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını, 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə yeni Konstitusiyanın qəbul edildiyini, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin qarşısının alındığını xatırlatmışdır.

Səfir Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında  "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayələrin yatırıldığını qeyd etmiş, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirmişdir.

E.Əmirbəyov ulu öndərin strategiyasının və  siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın daha da inkişaf edəcəyini, Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın  azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdacağını xüsusi vurğulamışdır.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Mariani ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində xarici investorların ölkəmizə sərmayə yatırdıqlarını, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini, mövcud tolerantlığın qorunmasının ictimai-siyasi stabilliyin möhkəmlənməsinə təkan verdiyini bildirmişdir.

Xalq qarşısında xidmətlərinə görə Fransa Prezidenti Şarl de Qolla Heydər Əliyevi eyni bir səviyyədə xarakterizə edən T.Mariani ulu öndərin azərbaycanlıların azadlıq hərəkatını boğmaq üçün sovet rəhbərliyinin 1990-cı ildə Azərbaycana qoşun yeritməsinə və yüzlərlə günahsız insanı qətlə yetirmələrinə kəskin etiraz edərək Kommunist  Partiyasından  çıxdığını və 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını xatırlatmışdır.

Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Jan-Pyer Günyüt  Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş, ümummilli lideri dünyanın görkəmli siyasətçilərindən biri kimi dəyərləndirmiş və təcrübəli dövlət başçısı olduğunu vurğulamışlar.

Sonda "Muğam" mərkəzinin direktoru, xalq artisti, hazırda Fransada musiqi təhsilini davam etdirən Murad Hüseynov solo konserti vermişdir.

O, fortepianoda Azərbaycan və fransız bəstəkarlarının əsərlərini ifa etmişdir.

 

Pekin

 

Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransda Pekindəki diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, Çinin siyasi, elmi və ictimai dairələrinin nümayəndələri, həmçinin Pekində təhsil alan azərbaycanlı tələbələr və mətbuat nümayəndələri iştirak etmişlər.

Çin İctimai Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Vanq Ley konfransı giriş sözü ilə açaraq qeyd etmişdir ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri bu əlaqələrin inkişafında böyük rol oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə səfəri isə əlaqələrimizin inkişafına böyük töhfələr vermişdir.

Sonra məruzələr və çıxışlar olmuşdur.

Tacikistanın ÇXR-dəki səfiri Rəşid Alimov "Heydər Əliyevin insani və fəlsəfi portreti" mövzusunda məruzəsində qeyd etmişdir ki, 1980-ci illərdə - sovet dövründə iş vəzifələrini yerinə yetirərək Heydər Əliyev ilə görüşmək şərəfinə nail olmuşdur. Heydər Əliyev müdrik siyasi xadim, diplomat və mahir psixoloq idi. O, yaranmış vəziyyəti həmişə dəqiq qiymətləndirərək xalqının maraqları naminə düzgün qərarlar qəbul edirdi. Səfir demişdir ki, dahi Heydər Əliyev balanslı xarici siyasət apararaq Azərbaycanın nüfuzunu artırmışdır. Məhz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

R.Alimov Tacikistan-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin misilsiz rolu haqqında da bəhs etmişdir.

Heydər Əliyevin müdrik dövlət xadimi və dünya şöhrətli siyasətçi olduğunu qeyd edən Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin müşaviri Ganq Vey bildirmişdir ki, dahi rəhbər Azərbaycanın milli müstəqilliyi və inkişafı tarixinə silinməz töhfələr vermişdir. Heydər Əliyevin rəhbərliyi altında ölkədəki vəziyyət köklü şəkildə dəyişmiş, Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirmiş, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Çin XİN-in rəsmisi demişdir ki, Heydər Əliyev ölkəsinə və xalqına sadiq böyük vətənpərvər idi. O, ölkəsinin və xalqının naminə mümkün hər şeyi etdi və beləliklə, Azərbaycan xalqının böyük hörmətini qazandı. İndi xalq onu məhəbbətlə "Millətin atası" adlandırır.

Ganq Vey demişdir ki, Heydər Əliyev Çinə dostluq hissləri bəsləyirdi, Çin xalqı isə onu özünün böyük və layiqli dostu bilirdi.

Qazaxıstanın Çindəki səfiri Nurlan Yermekbayev ölkəsində Heydər Əliyevin xatirəsinin çox əziz tutulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün Heydər Əliyev böyük işlər görmüşdür. İki dövlət arasında dostluq əlaqələrinin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin rolu xüsusi vurğulanmışdır.

Natiq bir neçə il bundan əvvəl Azərbaycanın Qazaxıstandakı səfiri L.Qəndilov ilə Astanadakı L.N.Qumilyov adına Avrasiya Universitetində Heydər Əliyevin adını daşıyan auditoriyanın açılış mərasimində iştirak etdiyini məmnunluqla xatırlamışdır.

Çinin rəsmi "Sinhua" xəbər agentliyinin Moskva filialının keçmiş direktoru, hazırda agentliyin Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Van Çençay öz araşdırmaları və xatirələri əsasında hazırladığı "Azərbaycanın görkəmli lideri Heydər Əliyev" mövzusunda məruzəsində maraqlı faktları qeyd etmişdir. Natiq qeyd etmişdir ki, təxminən 50 il müddətində Sovet İttifaqını və sonradan MDB ölkələrini əhatə edən jurnalist və tədqiqat işi ilə məşğuldur. Bu baxımdan da Heydər Əliyev şəxsiyyəti ilə çoxdan tanışdır, onunla  vaxtilə Moskvada görüşmüşdür.

Van Çençay xatırlamışdır ki, 1994-cü ildə Cinin səfiri ilə birlikdə Heydər Əliyevin doğulduğu Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Bundan sonra da bir neçə dəfə Azərbaycana səfər etdiyini bildirən tədqiqatçı-jurnalist demişdir ki, səfərlər zamanı hazırladığı hesabat və tədqiqatlarından belə bir əhəmiyyətli qənaətə gəlmişdir ki, Heydər Əliyev Azərbaycanın görkəmli lideridir. Natiqin fikrincə, görkəmli liderlər nəinki dövlət quruculuğunun həlledici anlarında mühüm rol oynayırlar, onlar hadisələrin gedişinə böyük tarixi təsir edirlər.

O vurğulamışdır ki, müasir Çinin danılmaz liderləri Mao Tsedun və Den Siaopindir, Azərbaycan üçün isə bu şəxsiyyət Heydər Əliyevdir. Van Çençay qeyd etmişdir ki, azərbaycanlı dostlarının fikrincə, Heydər Əliyev Allahın Azərbaycan xalqına bəxş etdiyi istedadlı siyasət xadimi idi. Natiq belə bir qiymətləndirmə ilə tam razı olduğunu qeyd etmiş və bunu mühakimələri ilə əsaslandırmışdır.

Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun baş elmi işçisi, elmlər doktoru xanım Gao Xuygun "Çin-Azərbaycan münasibətlərinin banisi - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə" mövzusunda məruzəsində qeyd etmişdir ki, Heydər Əliyev dərin hörmətə malik siyasət xadimi və diplomat idi. Onun nəinki Azərbaycanın sabitləşməsi və firavanlığında əvəzsiz rolu, eləcə də Çin-Azərbaycan münasibətlərinin yaradılması və inkişafında böyük xidmətləri olmuşdur.

Xanım Gao Xuygun bildirmişdir ki, elmi işi ilə əlaqədar Azərbaycanda olmuş, ölkəni və Azərbaycan xalqını daha yaxından tanımışdır. Alimin fikrincə, müasir Azərbaycanın rifahı və firavanlığı, ölkənin beynəlxalq aləmdəki artan rolu və Çin-Azərbaycan münasibətlərinin uğurlu inkişafı görkəmli lider Heydər Əliyevin səylərinin bəhrəsidir. Vətənin firavanlığı naminə Heydər Əliyevin xidmətləri əvəzsizdir, O, bütün həyatını doğma Azərbaycana həsr etmişdir. Çin-Azərbaycan əlaqələrinin inkişafında isə Heydər Əliyevin rolu əsaslı olmuşdur.

Xanım Gao Xuygun ikitərəfli münasibətlərin tarixinə nəzər salaraq ümummilli liderin bu sahədə fəaliyyəti haqqında danışmışdır.

Tədbirdə Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun elmi işçisi, siyasi elmlər doktoru Siao Binin "Çin və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri", Çin Mərkəzi Millətlər Universitetinin professoru Xu Genxuanın "Uzun bir tarixə malik olan ənənəvi Çin-Azərbaycan dostluğu" mövzusunda məruzələri dinlənilmişdir.

1995-1998-ci illərdə Çin Xalq Respublikasının Bakıda səfiri işləmiş Ley Yin Çenq çıxışında Azərbaycanda işlədiyi dövrə tarixi nəzər salmışdır. O qeyd etmişdir ki, xaos vəziyyətində olan ölkənin ziyalıları və xalqı Heydər Əliyevi dövlətə rəhbərlik etməyə dəvət etdilər. Nəticədə Heydər Əliyev ölkədə sabitliyi bərqərar, iqtisadiyyatı bərpa etdi, neft strategiyası ilə bağlı böyük layihələri həyata keçirdi.

Ulu öndərin Çinə xüsusi münasibətindən bəhs edən səfir vurğulamışdır ki, Heydər Əliyev həmişə ÇXR-in səfirliyinin tədbirlərində iştirak və çıxış etmişdir. Heydər Əliyevin Çinin islahatlarının banisi Den Siaopinin vəfatı ilə əlaqədar səfirliyə gələrək şəxsən başsağlığı verməsi xüsusi qeyd edilmişdir.

Çinin Qazaxıstandakı keçmiş səfiri, hazırda Beynəlxalq Araşdırmalar Fondunun tədqiqatçısı Yao Peyşenq qeyd etmişdir ki, 1994-cü ildə Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri zamanı onu müşayiət etmişdir. Ümummilli liderin irsinə nəzər salan diplomat Çinin müdrik kəlamını xatırlayaraq demişdir ki, "bəzi insanlar sağdırlar, lakin onlar sanki yoxdurlar. Bəziləri isə vəfat etmişlər, lakin onlar yaşayırlar". Heydər Əliyev bu gün də yaşayır.

"Heydər Əliyev - müdrik insan və böyük siyasətçi" mövzusunda geniş məruzə ilə çıxış edən Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov ulu öndərin həyatını rəmzi olaraq üç mərhələyə bölmüşdür. Birinci mərhələ gənc zabitin dövlət təhlükəsizlik orqanlarında leytenant rütbəsindən general rütbəsinədək yüksəldiyi dövrdür. Növbəti dövr ulu öndərin sovet vaxtı Azərbaycana rəhbərlik etməsindən başlayaraq dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəldiyi, üçüncü mərhələ isə müstəqil Azərbaycanın qurucusu olduğu dövrdür.

Ulu öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir bir şəxsiyyət olduğunu vurğulayan L.Qəndilov demişdir ki, ümummilli lider xalqına və Vətəninə xidmət etmiş, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün əlindən gələni etmişdir. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 120 milyard dollar sərmayə qoyulmuş, görünməmiş uğurlar əldə olunmuşdur.

Səfir L.Qəndilov vurğulamışdır ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, eləcə də bütün bəşəriyyət qarşısında böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü ilə Böyük İpək yolunun bərpası istiqamətində işlərə başlanılmış, nəticədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa edilmiş, Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzərində işlər davam edir. Bütün bunlar dünya iqtisadiyyatının inteqrasiyasının dərinləşməsinə, təkcə regionda deyil, eləcə də Avrasiyada, dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən layihələrdir.

Ulu öndərin qurub-yaratdığı müstəqil Azərbaycanın hazırda regionda lider dövlətə çevrildiyini,  beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edən səfir L.Qəndilov, dahi rəhbərin Çin dövlətinə və xalqına olan dost münasibətindən danışmış, ümummilli liderin iki ölkə arasında münasibətlərin möhkəmlənməsindəki xidmətlərini vurğulamışdır.

Diplomat diqqətə çatdırmışdır ki, Çində ulu öndərin 90 illik yubiley tədbirləri çərçivəsində hazırda yazıçı Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı Çin dilinə tərcümə olunur.  

Sonra ulu öndərin yubileyi ilə bağlı AzərTAc-ın istehsalı olan film nümayiş etdirilmişdir.

Tədbir iştirakçılarına səfirliyin ümummilli liderin 90 illiyi münasibətilə hazırladığı buklet paylanılmışdır. Ulu öndərin geniş tərcümeyi-halının verildiyi nəşrdə tanınmış dövlət adamlarının Heydər Əliyev haqqında fikirləri, Heydər Əliyevin Çinə səfərinə aid fotolar əks olunmuşdur.

Bundan başqa, Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun binasında ulu öndərin 90 illiyi münasibətilə foto və rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə ulu öndərin həyatına, siyasi fəaliyyətinə, həmçinin Çinə səfərlərinə aid fotoşəkillər, habelə həvəskar rəssam Nailə Abbasovanın ümummilli liderə və Gül bayramına həsr olunmuş kompozisiyası maraqla qarşılanmışdır. 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 may.- S.10.