«Vətən xainləri»nin aqibəti
Faşıst
Almaniaysı üzərində qələbədən 68 il
keçir
Böyük müharibənin sərt qanunları vardı. Onlardan biri də düşmən tərəfindən əsir götürülmüş sovet adamlarına (əsgər və zabitlərə) öz vətənlərində olan münasibət idi. "Xalq düşməni" adı ilə damğalanan bu cür insanların geriyə (vətənə) yolu əbədi olaraq bağlanırdı. Əsirlikdə ölməsələr də, öz vətənlərində güllələyir, yaxud sürgünlərdə çürüdürdülər...
Ölkə rəhbəri Stalinin almanlar tərəfindən əsir götürülmüş doğma oğlunu Stalinqrad döyüşündə əsir alınan alman zabitinə dəyişdirməməsi bu qanunun sərtliyini bir daha sübut edir.
Keçmiş SSRİ məkanında "Böyük Vətən müharibəsi" adı ilə məşhurlaşan İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakı mövzusu bu gün də aktuallığını itirməyib. Müharibə tarixini araşdıran tədqiqatçılarımızın yazdıqlarına görə, bu müharibədə 600 mindən çox azərbaycanlı döyüşüb. Onların yarıdan çoxu həlak olub, bir qismi isə yarımcan halda vətənə qayıdıb. Bəs düşmənin əsir düşərgələrində həlak olan, yaxud müharibədən sonra vətənə qayıtmaqdan qorxaraq, qürbət ellərə səpələnən həmyerlilərimizin sayını bilən, taleyindən xəbəri olan varmı?
Faşist Almaniyası ilə döyüşlərdə şücaət göstərmiş həmyerlilərimiz haqqında kifayət qədər bilgi qalıb. Onları minnətdarlıq hissi ilə yad edir, faşizm taunu üzərində Qələbəni yaxınlaşdırdıqlarına görə xatirələrini əziz tuturuq.
Lakin adıçəkilən müharibədə "əsir düşən" (könüllü, yaxud yaralı-huşsuz vəziyyətdə) və dərhal "vətən xaini" adı ilə damğalanan azərbaycanlıların aqibəti lazımi səviyyədə öyrənilibmi? Bu sualı müsbət cavablandırmaq çətin ki, mümkün ola. Doğrudur, ədəbiyyatımız az da olsa bu sahədə müəyyən addımlar atıb. Faşist əsirliyindən qaçaraq, Müqavimət və partizan hərəkatına qoşulan həmvətənlərimizin əsl igidlik nümunəsi göstərmələrindən bəhs edən bir sıra əsərlər yaranıb. "Uzaq sahillərdə" (H.Seyidbəyli, İ.Qasımov), "Qafqaz qartalları" (Əfqan), "Tavridada şimşək çaxır" (Y.Kərimov) povestləri, bir sıra hekayələr bu qəbildəndir.
Bununla belə əsirlik həyatı yaşamış azərbaycanlıların taleyini araşdıran hər kəsin əməyi böyük hörmətə və geniş ictimaiyyətə təqdim olunmağa layiqdir. Belə "tədqiqatçılardan" biri ötən əsrin altmışıncı illərində ümumittifaq əməliyyat qrupu tərkibində müharibə canilərinin, o cümlədən azərbaycanlı "vətən xainlərinin" fəaliyyətini araşdıran Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin müstəntiqi, gənc hüquqşünas Eldar Qasımov olmuşdur.
* * *
Mövzuya bilavasitə aid olduğu üçün Azərbaycanın alman icması barədə məlumat verməyə dəyər. XVII əsrin ikinci yarısından etibarən Azərbaycana ilk alman missionerlərinin "dinc yürüşləri" başlamışdır. Əsasən tacirlərdən və digər iş adamlarından ibarət olan bu dəstələri çar Rusiyasının ucqar əyalətinə gətirən səbəb mis-qızıl yataqlarımız idi. Çar hökuməti bu yurdun mis yataqlarını (Gədəbəy-Şəmkir rayonları ərazisində) rəsmi olaraq, Almaniya şirkətlərinə satmışdı. Alman işbazları isə təkcə misimizi deyil, qızıl sərvətimizi də xammal şəklində Almaniyaya daşıyırdılar. Almaniyalı "messenatlar" işlərini görməklə yanaşı, tədricən bu yerlərdə məskunlaşırdılar. Təbii sərvətlərin həndəvərində, mənzərəli və münbit ərazilərdə yaraşıqlı qəsəbələr salırdılar. İş adamlarının əsabələri və almanların yeni "axını" bu qəsəbələrdə məskunlaşırdılar. Beləliklə, Azərbaycan torpaqlarında sürətlə alman icması formalaşırdı.
1818-ci ildə indiki Göygöl rayonu ərazisində almanların kompakt yaşadıqları qəsəbəyə "lüteranlıq statusu" verildi və həmin qəsəbə Yelenendorf adlandırıldı ("Lüteranlıq statusu" anlamı alman filosofu Martin Lüterin XVI əsrdə əsasını qoyduğu xristian təriqəti ilə bağlıdır). Bir qədər sonra isə Şəmkir rayonu ərazisində də bu cür "yenilik" baş verdi. Alman millətindən olan sakinlər çoxluq təşkil etdiyinə görə həmin yaşayış məskənini Ainenfeld adlandırdılar...
İkinci Dünya müharibəsi ərəfəsində SSRİ-dəki alman icmalarının həyatında köklü dəyişiklik baş verdi. Onları bir nəfər kimi SSRİ-nin sərhəd bölgələrindən (xüsusən Almaniyanın müttəfiqi olan Türkiyə ilə sərhədyanı bölgələrdən) kənarlaşdırdılar. Daha doğrusu, ölkənin "dərinliklərinə" - Sibirə və Qazaxıstan çöllərinə köçürdülər. Bu amansız tədbir o zaman alman-faşist təhlükəsinin yaxınlaşması ilə əlaqədar idi. Köçkün almanlar (o cümlədən azərbaycanlı almanlar) əsasən dədə-baba yurdlarına - Almaniya torpağına can atırdılar. Lakin "kommunist mənşəli" köçkünlərin dünyaya meydan oxuyan, "çörəkli ölkə" sayılan Hitler Almaniyasına yol tapması o qədər də asan deyildi. Bununla belə dədə-baba yurduna yol tapanlar da bilmirdilər ki, onları bu "cənnət-məkanda" hansı tale gözləyir.
Almaniyaya köç edən azərbaycanlı almanlar arasında sonralar adları müharibə tarixinə düşəcək iki gənc oğlan da vardı. Onların hər ikisi Azərbaycanın Yelenendorf qəsəbəsində doğulmuş, ilk təhsillərini burada almışdı. Hər ikisi Azərbaycan dilini və adət-ənənələrini yaxşı bilir, yeri gələndə azərbaycanlı olduqları ilə öyünürdülər. Hər ikisi Almaniyaya xoşbəxtlik dalınca getmişdi. Lakin tezliklə onların tale yolu haçalandı. Həmyerlilərdən biri qatı antifaşistə, digəri isə faşizmin sadiq nökərinə çevrildi. Biri kəşfiyyatçı jurnalist kimi faşizmlə vuruşaraq, ölümündən sonra qəhrəmanlıq zirvəsinə qalxdı, adı dillər əzbəri oldu. Digəri isə xəyanət yolunu seçdiyi üçün adı həmişəlik arxiv "məzarlığında" basdırıldı. Həmin gənclərdən biri hazırda Bakıda abidəsi ucalan Rixard Zorge, digəri isə Valter Kerer idi. Hər ikisi Azərbaycanın səfalı yaylaq yeri olan Hacıkəndin havasını udmuşdu, Göygölün şərbət suyundan içmişdi...
Müharibə illərində Yaponiyada Almaniyanin mərkəzi qəzetlərindən birinin xüsusi müxbiri kimi fəaliyyət göstərən, sovet kəşfiyyatına çox qiymətli məlumat ötürən, Böyük Qələbə ərəfəsində "ifşa edilərək" edam olunan əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında vaxtilə çox yazılıb, filmlər yaradılıb. Yazılanlara kiçik bir "düzəliş" etmək istəyirəm: Rixard Zorge Bakının Sabunçu qəsəbəsində deyil, bu yazıda göstərildiyi kimi, Yelenendorf qəsəbəsində (yəni indiki Göygöl rayonunda) doğulmuşdur...
* * *
"Naməlum"
Valter Kerer son dərəcə karyerist və xudbin idi. Onu
özünün mənafeyindən başqa heç nə
düşündürmürdü. Odur ki, faşist
ağalarının təklifini can-başla qəbul edərək,
onlara qulluq göstərməyə razılıq vermişdi.
Onun aldığı tapşırıq isə "sovet əsirlərindən
ibarət legionerlər qrupu təşkil edərək, onlardan
sovet adamlarının özlərinə qarşı cəza dəstəsi
kimi istifadə etmək" idi. Ağalarından
aldığı tapşırığı yerinə yetirmək
üçün Valter müharibənin ilk günlərindən
etibarən əsir düşərgələrinə ayaq
döyərək, "legioner" ovuna
çıxmışdı. Və təbii olaraq, ilk növbədə
"həmyerlilərini", yəni azərbaycanlı əsirləri
özünə şikar seçmişdi.
Valter
Kerer Azərbaycan dilində təmiz və bəlağətli
danışırdı. Adət-ənənələrimizi, necə
deyərlər, zəif-güclü yerimizi yaxşı bilirdi.
Odur ki, əsir götürülmüş azərbaycanlılarla
necə və nədən danışmağı, onlarla rəftar
qaydalarını müəyyənləşdirməkdə
çətinlik çəkmirdi.
Əksər
hallarda döyüş meydanlarında yaralı və
huşsuz vəziyyətdə əsir götürülən
azərbaycanlı əsgərlər düşmən lazaretində,
yaxud əsir düşərgəsində gözlərini açarkən
başları üzərində "mehriban çöhrəli",
doğma dillərində "şirin" danışan tünd mavi
gözlü tosqun adamı görürdülər. Bu, Valter
Kerer idi. Özünü "azərbaycanlı əsirlərin
yerlisi və xeyirxahı" kimi təqdim edərək, həmyerlilərinə kömək etmək istədiyini
bildirirdi. Və dediklərini əməllərində də
"sübuta yetirirdi". Onun tapşırığı ilə
yaralı və zəif durumlu əsirlər nəvazişlə
əhatə olunur, yaxşı
qidalandırılır, iztirablı dindirmələrdən
azad edilirdilər. Valter Kererin canfəşanllığı
faşist rəislərin planı əsasında
qurulduğundan lazaretdə, yaxud əsir düşərgəsində
onun "tələbləri" ilə hesablaşırdılar.
Canlarında faşist əsarətinin dəhşətli
xofunu yaşadan əsirlər isə
Kererin simasında öz xilaskarlarını görürdülər.
Məqamı
çatanda "xeyirxah missioner" əsas mətləbə
keçirdi. O, əsirlərə "yeganə düzgün
çıxış yolu olan Üçüncü reyxin
bayrağı altında birləşməyi", başqa
sözlə, "könüllülər dəstəsinə"
yazılıb, faşistlərə qulluq göstərməyi
"məsləhət
görürdü".
Bunun müqabilində "onları bol nemətli firavan həyat,
işgəncəli və alçaldıcı qul əməyi
əvəzinə ağayana amirlik həyatı" gözlədiyini
söyləyirdi. Bir qədər də dərinə gedərək,
Fürerin adından daha şirnikdirici vədlər verirdi:
"Yaxın vaxtlarda xilaskar reyx ordusu tərəfindən azad
ediləcək Azərbaycanda hər birinizi yüksək mənsəb,
çoxlu varidat gözləyir". Əlbəttə,
bütün bunların şirin eyforiyası
qarşısında tab gətirməyənlər,
Valter Kererin toruna düşənlər az da olsa
tapılırdı. Bu, bir də
ona görə baş verirdi ki, Kererin təklifini rədd edənləri
dərhal "konslagerə", oradan da "krematoriyaya"
(ölüm kamerasına) göndərirdilər...
V.Kererin təşkilatçılığı
ilə yarandığı və onun rəhbərliyi
altında fəaliyyət göstərdiyi üçün
"azərbaycanlı legionerlər" qrupunu sadəcə
"valterçilər" adlandırırdılar. Digər
"könüllü qruplaşmalar" kimi (faşistlər
müxtəlif millətlərə
mənsub olan əsirlərdən ibarət
"könüllü" cəza dəstələri yaratmışdılar), "valterçilər" də
faşist ağaların iradəsini
yerinə yetirirdilər. Onlardan cəza dəstəsi kimi istifadə olunurdu.
"Valterçilər" kommunistlərin, yəhudilərin,
qaraçıların, gizli
antifaşist və partizan qruplarının məhv edilməsində,
hətta əsir düşərgələrində itaət
göstərməyən həmvətənlərinə divan
tutulmasında iştirak edirdilər. Bu xidmətin
mükafatı isə Valter Kererə çatırdı...
Hər
şeyin sonu olduğu kimi, İkinci Dünya müharibəsi də
sona çatdı. Dünyanın aparıcı dövlətlərinin
həmrəyliyi sayəsində faşizm taunu yer üzündən
silindi. Müharibə canilərinin sağ qalanları beynəlxalq
məhkəmə qarşısında cavab verməli oldular...
Qələbə
günündən on səkkiz il sonra, 1964-cü ildə
müharibə caniləri ilə əlaqədar daha bir məhkəmə
işi başladı. İstintaq araşdırmalarının
mərkəzi Krasnodar vilayəti olduğundan iki il davam edən
bu əməliyyat tarixə "Krasnodar işi" adı ilə
düşdü. Həmin əməliyyat zamanı tərtib
olunan istintaq qovluqlarının sayı mindən çox idi.
Bu işlə bağlı məhkəmə prosesi isə
üç ay davam etdi. Mütəxəssislər miqyasına və mahiyyətinə
görə "Krasnodar işi"ni "əsrin məhkəməsi
olan" məşhur
"Nürnberq prosesi" ilə (Potsdam,1945) müqayisə
edirdilər. Yazının əvvəlində qeyd etdiyim kimi,
bu tarixi prosesin "araşdırıcılari" arasında
bizim həmyerlimiz, iyirmi beş yaşlı hüquqşünas
- müstəntiq Eldar Qasımov da var idi...
1962-ci ildə
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini
bitirən, elə həmin ildə Azərbaycan Dövlət Təhlükəsizliyi
Komitəsində istintaq şöbəsində işə
başlayan, fəaliyyətinin ilk illərində DTK polkovniki
Heydər Əliyevdən təcrübə dərsi alan, iyirmi
ildən çox müddət ərzində bu sahədə
çalışan, Əfqanıstan müharibəsinin qaynar
yerlərindən çıxan, DTK polkovniki rütbəsinə
yüksələn, bir çox orden və mükafatlarla təltif
olunan Eldar Qasımov "Krasnodar işi"ni belə xarakterizə
edirdi:
-
"Krasnodar işi" deyilən əməliyyat müharibə
tarixini işıqlandırmaqda mühüm rol oynadı.
Onlarca hüquq mütəxəssisinin iki ildən çox
davam edən gərgin zəhməti sayəsində uzun illər
maska arxasında gizlənən sovet faşistləri (legionerlər,
polisaylar) aşkar edilib layiqli cəzasına
çatdırıldı. Lakin onun daha əhəmiyyətli rolu ondan ibarət
idi ki, müharibə dövründə əsirlik həyatı
yaşamış yüzlərlə günahsız insanın
üzərindən basmaqəlib "vətən xaini"
damğası götürülmüş oldu.
"Valterçilər"lə bağlı təhqiqat
işi apararkən mən də məhz bu cür
yanaşmaya üstünlük
verirdim...
- Valterin
və onun cəza dəstəsinin aqibəti barədə nə
deyə bilərsiniz?
- Əsl
vətən xaini Valter Kererə, yəni zorən faşistlərin quluna
çevrilmiş dəstə üzvlərinin əksəriyyəti
elə Valterin ozü tərəfindən məhv edilib. Bu
tapşırığı o, müharibəni
uduzduqlarını hiss edən faşist ağalarından
almışdı. Canilər törətdikləri cinayətlər
barədə şahid saxlamaq istəmirdilər. Valter isə
varidatını götürüb Qərbə qaçıb,
daha doğrusu, müttəfiqlərin ordusuna təslim oldu.
Lakin onun haqqında belə bir məlumat var ki, yerli vətənpərvərlər
tərəfindən dar ağacından asılıb...
Polkovnik
Eldar Qasımov haqqında keçmiş zamanda
danışdıq. Çünki son dərəcə təvazökar
insan artıq beş ildir ki, dünyasını dəyişib.
Ruhu
şad olsun.
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Azərbaycan.-2013.- 9 may.- S.12.