Azərbaycan faşizm
üzərində qələbədə mühüm
rol oynayıb
Artıq 68 ildir ki, keçmiş sovetlər birliyinin bütün millətləri ilə birlikdə Azərbaycan xalqı da Hitler faşizmi üzərində qələbənin ildönümünü təntənə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, "9 May təkcə keçmiş sovet ittifaqının tərkibində yaşayıb-yaradan millətlərin deyil, bütün bəşəriyyətin faşizm taunundan xilas günüdür. Azərbaycan xalqının II Dünya müharibəsi dövründə həm qanlı döyüş cəbhələrində, həm də arxa cəbhədə göstərdiyi misilsiz şücaət və əzmkarlıq tarixin yaddaşında əbədi yaşayacaqdır".
Adolf Hitler 1941-ci il iyunun 22-də SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında əmr verdi. Hitlerin "Oleburq" İqtisadi Qərargahı tərəfindən təsis edilmiş planında Qafqazın, xüsusilə neft və milyonlar səltənəti olan Bakının işğalı mühüm yer tuturdu. Faşistlər Bakını ələ keçirməklə həm neft müəssisələrimizi alman şirkətlərinin sərəncamına vermək, həm də paytaxtımızı özləri üçün hərbi poliqona çevirib, sovet hərbi texnikasını yanacaqdan məhrum etmək niyyətində idilər.
Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq".
Hitler Xəzər boyunca, Qroznı-Mahaçqala-Bakı istiqamətində hücuma keçib hərbi təyyarələrdən desant çıxarmaq haqqında tank və aviasiya komandirlərinə əmr vermişdi. Faşist orduları 1942-ci il avqust ayının sonlarında Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, sovet ordusunun güclü təzyiqi ilə üzləşib geri çəkilmək məcburiyyətində qaldılar.
O
vaxt Azərbaycan hərbi əməliyyat meydanına
çevrilməsə də, onun bütün maddi və mənəvi
sərvətləri, canlı insan qüvvəsi faşizmə
qarşı mübarizəyə yönəldilmişdi. Təkcə
1941-ci ilin iyunundan avqustunadək 123 min nəfər azərbaycanlı
artıq könüllü surətdə xalq qoşunu dəstələrinə
yazılmışdı. Həmin ilin sonunda artıq onların
sayı 187 minə çatmışdı ki, bunun da 30 min nəfərdən
çoxu qadınlar idi. 1941-1945-ci illər ərzində Azərbaycan
Respublikasının ərazisində 87 qırıcı
batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil
edilmiş, 640 min nəfər yurddaşımız səfərbərliyə
alınıb sovet ordusu sıralarında alman-faşist
işğalçılarına qarşı mübarizəyə
göndərilmişdi. İkinci Dünya müharibəsinin
başlanması ilə əlaqədar Stalinin 1941-ci il 18 oktyabr
tarixli əmrilə azərbaycanlılardan ibarət 77-ci
dağatıcı, 223, 396, 402 və 416-cı milli
atıcı diviziyaları yaradılmış və onlar
Zaqafqaziya dairəsində yerləşdirilmiş 44-45 və
46-cı orduların tərkibinə daxil edilmişdi. Onlar həm
SSRİ-nin, həm də işğala məruz
qalmış Polşa, Çexoslovakiya,
Yuqoslaviya kimi bir sıra Avropa ölkələrinin faşizm
taunundan xilasında əsl fədakarlıq nümunələri
göstərmişlər. Azərbaycanlı
döyüşçülər odlu-alovlu cəbhələrdə
Moskvanın, Leninqradın, Kiyevin, Stalinqradın, Ukrayna,
Belorusiya və Pribaltika respublikalarının alman faşist
işğalçılarından təmizlənməsi
uğrunda döyüşlərdə cəsarətlə
vuruşmuş, faşist ordularının önünə
polad sədd çəkərək onların
saysız-hesabsız canlı qüvvəsini və hərbi
texnikasını məhv etmiş, işğal olunmuş
ölkə ərazilərinin düşməndən xilasından
faşizmin yuvası Berlinin süqutunadək tarixə
qızıl hərflərlə yazılan şərəfli
bir yol keçmiş, bu yolda çoxları öz
ölümləri ilə ölümsüzlük və əbədiyaşarlıq
zirvəsinə qalxmışlar.
Azərbaycanda təşkil olunmuş Suvorov adına Qırmızı Bayraq Ordenli 416-cı atıcı Taqanroq diviziyası Ukrayna və Moldaviyanın azadlığı uğrunda döyüşlərdə misli görünməmiş qəhrəmanlıq nümunələri göstərmiş, mühasirə halqasında olan Yassk-Kişinyovun, həmçinin Dneprodzerjinskinin, Benderının, Konstansanın, Şumenin, Belqrad və Budapeştin alman-faşist işğalçılarından təmizlənməsində müstəsna hünər göstərmiş, Reyxstaq üzərinə ilk zəfər bayrağı sancanlardan biri olmuşdur. Moskva uğrunda döyüşlərin ən ağır günlərindən birində -1941-ci il dekabrın 8-də ölkə paytaxtının şimalındakı Novqorod vilayətinin Pustinda kəndi yaxınlığındakı döyüşlərdə İsrafil Məmmədov rəhbərlik etdiyi dəstənin cəmi 20 nəfər döyüşçüsü ilə 9 saat ərzində 400 nəfərdən çox düşmən qüvvəsinin aramsız hücumları qarşısında mətanətlə dayanmışdır. O öz misilsiz fədakarlığına görə həmin il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdür. İsrafil Məmmədov bu ada layiq görülmüş ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı Zenit Artilleriyası Alayı faşizmin Moskva ətrafında cövlan edən 40 qırıcı təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə ölkə paytaxtının səmalarından didərgin salmışlar. O vaxt Moskva uğrunda döyüşlərdə min nəfərdən artıq azərbaycanlı iştirak etmiş və əksəriyyəti "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdi. Onların arasında tank alayı komandiri Həzi Aslanov və snayper Ziba Qəniyeva da var idi. Azərbaycanın qəhrəman oğulları Leninqrad və Stalinqrad ətrafındakı döyüşlərdə də faşistlərin çoxsaylı canlı qüvvə və hərbi texnikasına qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmiş, onları böyük itkilərlə geri oturtmuşlar. Stalinqradın müdafiəsində Balaoğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusilə fərqlənmiş, göstərdikləri hünər və rəşadətə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşlər. Xalqımızın qəhrəman oğlu Həzi Aslanov Baqratyon əməliyyatında göstərdiyi şücaətə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanlı döyüşçülər Leninqradın müdafiəsi uğrunda mübarizədə də ölkə vətəndaşları ilə birgə faşist ordularına mətanətlə müqavimət göstərmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmiş, mühasirə halqasında olan şəhər əhalisinin təhlükəsizliyini qorumaq üçün bütün qüvvə və bacarıqlarını sərf etmişlər. Təyyarəçi Hüseynbala Əliyev Leninqradın müdafiəsində göstərdiyi şücaətə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Döyüş əməliyyatlarına Krımdan başlayıb, 11 min kilometr yol qət edərək müharibəni Berlində qurtarmış azərbaycanlılardan ibarət 77-ci dağatıcı milli diviziyamızın yüzlərlə əsgər və zabiti döyüş cəbhələrində göstərdikləri fədakarlığa görə ölkənin ali orden və medalları ilə təltif edilmiş, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Diviziyanın zabitlərindən Heybət Heybətov, Tərlan Əliyarbəyov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov və Hüseyn Məmmədov döyüşlərdə göstərdikləri böyük sərkərdəlik məharətinə görə general rütbəsinə qədər yüksəlmişlər.
İkinci cahan hərbi dövründə Azərbaycanın oğul və qızlarından ibarət partizan dəstələri də digər millərlərin nümayəndələri ilə birlikdə faşizmə qarşı müqavimət hərəkatında yaxından iştirak edirdilər. 1943-cü ildə faşistlərin Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı da var idi. Onlar ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, haqqında əsərlər yazılıb, film çəkilmiş Mehdi Hüseynzadə, həmçinin Mirdamət Seyidov, Cavad Həkimli, Ənvər Məmmədov, Tağı Əliyev kimi mərdanə oğullarımızın rəhbərliyi altında gizli antifaşist təşkilatı yaratmış, İtalyan-yuqoslav partizan diviziyasının tərkibində əlahiddə rota təşkil etmişdilər. Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, partizanların Yuqoslaviyadakı zərbə briqadalarında 600 nəfər, Ukrayna torpaqlarında 5000 nəfər, Belorusiyada 1000 nəfərə yaxın azərbaycanlı alman faşizminə qarşı mübarizədə yaxından iştirak etmiş, onlara sarsıdıcı zərbələr endirmişlər. 1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmiş, şəhər zəhmətkeşləri onların azadlığı uğrunda həlak olmuş qəhrəman soydaşlarımızın xatirəsini əziz tutaraq onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında torpağa tapşırmışlar. Dəfn mərasimində çıxış edən polkovnik Rişard demişdi: "Fransa bizi faşizm taunundan xilas etmiş azərbaycanlı partizanların qəhrəmanlığını tarix boyu unutmayacaq. Övladlarımız, nəvə və nəticələrimiz, hətta doğulmamış nəsillərimiz belə uzaq diyardan gəlib, onlara azadlıq bəxş etmiş öz azərbaycanlı qardaşlarının müqəddəs ruhuna daim dualar oxuyacaq, onları həmişə hörmət və minnətdarlıqla yad edəcəklər". Qardaşlıq məzarı üstə qoyulan baş daşına xalqımızın qəhrəman oğullarının adları da həkk edilmişdir. Uzun illər SSRİ-nin neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirərək demişdi: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. Həmin illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu təkcə Azərbaycanın payına düşürdü. SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi". Həqiqətən də Baltik dənizindən Qara dənizədək uzanan cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağının 90 faizini Azərbaycan təmin edirdi. Ümumilikdə SSRİ boyda nəhəng bir ölkə neftinin 70 faizini təkcə Bakı verirdi. Ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların mühərrik yağı və benzinlə təminatının dörddə üçü Azərbaycanın istehsalı idi. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton benzin göndərmişdi. Marşal Qreçko yazırdı ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi". Həqiqətən də müharibə illərində Bakıda 130 növ silah və döyüş sursatı istehsal edilirdi. Kolxoz və sovxozlarda, sənaye müəssisələrində işləyənlərin 70 faizdən çoxu ərləri və ataları döyüş cəbhələrində olan qadınlar və qızlar idi. Onlar müdafiə fondunun hesabına 15,5 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl pul köçürmüşdülər. Cəbhəyə 1,6 milyon tondan çox zəruri mallar və 125 vaqon isti köynək göndərmişdilər. Leninqradın mühasirəsi zamanı Azərbaycandan oraya 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat, pure və şirə, qara ciyər ekstratı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilmişdi. Müharibə illərində respublikamızın hospitallarında 440 min nəfər döyüşçü müalicə olunmuş, Azərbaycan donorları təkcə 1941-1943-cü illərdə yaralılara təxminən 28 min litr qan vermişdilər. 8-ci Ukrayna cəbhəsinin komandanı, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin "Bakinski Raboçi" qəzetinin 28 aprel 1945-ci il tarixli nömrəsində dərc olunmuş müsahibəsində deyirdi: "Hazırkı müharibə tarixdə heç bir dövlətin görmədiyi, yalnız neft və neft məhsulları ilə işləyən motorlar, texniki qurğular, tanklar və təyyarələr müharibəsidir. Sovet ordusu bu qanlı-qadalı müharibədə qazandığı qələbələrə görə Azərbaycan xalqına və qəhrəman Bakı neftçilərinə minnətdardır. Əgər onların köməyi, xüsusilə böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin qışın qarlı, çovğunlu günlərində buz qatları içində hərəkətsiz yatıb qalmış tank və təyyarələrimizi hərəkətə gətirən yüksək oktanlı benzini olmasaydı, bəlkə də biz bu müharibədə zəfər qazana bilməzdik. Bakıda A.Quliyevin rəhbərliyi altında hazırlanan yandırıcı ampulaların, butulkaların, yandırıcı partizan şaşkalarının düşmənə vurduğu sarsıdıcı zərbələri biz hər addımda hiss edirdik. Azərbaycan xalqı istər arxa cəbhədə, istərsə də döyüş cəbhələrində öz millətlərinə xas olan yüksək vətənpərvərlik, sarsılmaz rəşadət, hünər və qəhrəmanlq, düşmənə qəzəb və nifrət kimi ən ali keyfiyyətləri nümayiş etdirdi. Təkcə bizim cəbhədə vuruşan Azərbaycan döyüşçülərindən 400 nəfərinin Sovet İttifaqının orden və medalları ilə təltif olunması azərbaycanlıların necə mətin bir millət olduqlarının əyani sübutudur. Eşq olsun Azərbaycan xalqına! - Sovet İttifaqı qarşısındakı vətənpərvərlik borcunu şərəflə yerinə yetirdiyi üçün. Eşq olsun Bakı neftçilərinə! - bütün qüvvə və bacarıqlarını, zəngin təcrübələrini sərf edib, o ağır günlərdə vətəni yüksək keyfiyyətli yanacaqla təmin etdikləri üçün".
Marşal K.Rokossvski hələ müharibə illərində öz rəsmi çıxışlarında dəfələrlə bəyan etmişdi ki, "hər bir hərbi təyyarəmizin, tank ekipajımızın düşmənə zərbəsində Bakı neftçilərinin müstəsna payı vardır".
Ulu öndər Heydər Əliyev 2003-cü il fevral ayının 25-də Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda keçirilən beynəlxalq konftansdakı nitqində çox haqlı olaraq deyirdi: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı. Bu, o deməkdir ki, yüksək keyfiyyətli neft və neft məhsulları beynəlxalq təhlükəsizliyin ən etibarlı qarantıdır".
Azərbaycan xalqı ikinci cahan hərbi dövründə alman-faşist işğalçılarına qarşı mübarizədə 300 min nəfərdən artıq mərdanə övladını itirib. Döyüşçülərimizdən 176 mini müxtəlif orden və medallarla təltif olunub.
Azərbaycan dövləti faşizm üzərində qələbənin iştirakçısı olmuş igidlərimizi və onların ailə üzvlərini bir an belə unutmur, dünyasını dəyişənlərin xatirəsini əziz tutur, yaşayanlara daim maddi və mənəvi dəstək olur. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım üçün Prezidentin Ehtiyat Fondundan 9 milyon manat ayrılması barədə verdiyi sərəncam bu qayğının əyani nümayişidir.
O vaxtdan 68 il keçir. Lakin qədirbilən xalqımız öz hünərləri ilə ölkəmizin qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmış oğullarımızı bundan sonra da unutmayacaq. Əbədiyaşarlıq hüququ qazanmış o qəhrəman övladlarımızın ömrü ölkəmizin və xalqımızın ömrü qədərdir.
Zeynal VƏFA
Azərbaycan.-2013.- 9 may.- S.12.