Azərbaycan jurnalistlərinin yeni nəsilləri Heydər Əliyev
irsindən bəhrələnəcəklər
Bu fikir ulu öndərə həsr
olunmuş "Ruhun şad olsun, Ustad!" kitabının təqdimat
mərasimində səsləndi
Azərbaycan
Mətbuat Şurasında ümummilli lider Heydər Əliyevə
həsr olunmuş "Ruhun şad olsun, Ustad!"
kitabının təqdimat mərasimi keçirildi. Müəllifi
və tərtibçisi peşəkar jurnalist, əməkdar mədəniyyət
işçisi, Ali Media Mükafatı laureatı Məzahir
Süleymanzadə olan kitabda ulu öndər haqqında xatirələr,
Heydər Əliyevin jurnalistika dərslərindən bəhrələnən
tanınmış qələm sahiblərinin, mətbuat
işçilərinin ürək sözləri toplanıb.
Təsadüfi
deyil ki, ulu öndərin jurnalistlər, jurnalist sənəti
haqqında söylədiyi yüksək fikirlər kitaba epiqraf
kimi verilib: "Jurnalistika çətin sənətdir. Bunu
etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa
bir yerdə, başqa bir peşə sahibi gəlib öz
işində oturub işləyir, müəyyən saat
qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur.
Qəzetin redaksiyası
da jurnalistin iş yeri deyildir.
Çünki o, redaksiyada otursa,
elə ancaq yuxarıya baxsa, bir şey yaza
bilməyəcək, fəaliyyət
də göstərə
bilməyəcək. Demək, jurnalist
gərək daim cəmiyyətlə əlaqədə
olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi
məlumatı ala bilsin
və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz
əsərlərini yaza
bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə
də biz gərək
jurnalistlərə kömək
edək".
Kitabda məhz
həmin bu köməkdən bəhrələnən
jurnalistlərdən bir
qisminin məqaləsi toplanıb. Belə
ki, kitabda Bəxtiyar Sadıqovun, Aqşin Babayevin, Əhməd İsayevin,
Elmira Axundovanın, Flora Xəlilzadənin,
Knyaz Aslanın və başqalarının
Azərbaycan jurnalistikasının
inkişafında Heydər
Əliyevin böyük
rolu, eləcə də ulu öndərin
qələm əhlinin
böyük dostu olduğunu aydın göstərən, yaşanmış
hadisələrə əsaslanan
yazılarına yer verilib.
Yeni nəşrin
təqdimat mərasimində
çıxış edən
Mətbuat Şurasının
sədri Əflatun Amaşov ulu öndərin Azərbaycan
jurnalistikasına və
jurnalistlərinə qayğı
və köməyindən,
bu dəstəyin onun özünün həyatında oynadığı
roldan ətraflı bəhs etdi.
Tədbirdə Prezident Administrasiyası
İctimai-siyasi şöbəsinin
müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun kitaba giriş kimi verilmiş məqaləsindən bu sözlər bir daha xatırlandı:
"1993-cü ildə görkəmli
dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı
Azərbaycan dövlətinin
və xalqının həyatında mühüm
tarixi hadisəyə çevrildiyi kimi, milli mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcını qoydu...
Ötən illər ərzində
Azərbaycan mətbuatının
keçdiyi yola nəzər saldıqda bu sahədə böyük uğurlar əldə edilməsi, öz işinə məsuliyyətlə yanaşan,
zamanın nəbzini tutan mətbuat işçilərinin kontingentinin
formalaşdığının şahidi oluruq".
Kitabın redaktoru, əməkdar
jurnalist Yusif Kərimov qeyd etdi ki, ulu
öndər Heydər
Əliyev haqqında yazılan kitabların hər birinin özünəməxsus əhəmiyyəti
var. Sözügedən kitabı
fərqləndirən cəhət
odur ki, o, canlı epizodlardan, qələm sahiblərinin
şahidi olduğu və çoxlarının
bilmədiyi faktlardan yaranıb. M.Süleymanzadənin bütün müəlliflərin
yazılarını müəyyən
mətnlərlə bir-birinə
bağlayaraq xronoloji bir əsər yaratdığı kitabın
məziyyətlərindən biri kimi qeyd
olundu.
M.Süleymanzadə ümummilli lider Heydər Əliyevin jurnalistika dərslərinin
onun və qələm yoldaşlarının
həyatına necə
böyük təsir göstərdiyini vurğuladı. O, eləcə
də bir qrup həmkarı ilə 1992-ci ildə blokada şəraitində
yaşayan Naxçıvanda
işləyən, mübarizə
edən ulu öndərin yanında olduqlarını, onunla söhbət etdiklərini
bir daha xatırladı.
Tədbirdə çıxış edənlərin
hər biri Heydər Əliyev irsinin tükənməz olduğunu vurğuladı. Azərbaycan jurnalistlərinin
yeni-yeni nəsillərinin
Heydər Əliyevin jurnalistika dərslərindən
bəhrələnəcəyinə inam ifadə olundu.
Flora SADIQLI
Azərbaycan.-2013.- 9 may.- S.13.