İlham ƏLİYEV: Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik

 

Biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik

 

Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, çoxlu elmi əsərlər yazılıb, çoxlu fikirlər səslənib. Bir şeyi əlavə edə bilərəm ki, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıt-  dıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir.

Beş il bundan əvvəl deyilən sözlər bu gün də aktualdır və bugünkü həyat, Heydər Əliyevsiz keçdiyimiz bu yol onun əyani sübutudur. Əgər bu siyasət davam etdirilməsəydi, bilmək olmaz Azərbaycan hansı fəlakətlərlə üzləşə bilərdi, hansı vəziyyətə düşə bilərdi. Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir. Məhz o illərdə iqtisadi sahədə, energetika sahəsində böyük addımlar atılmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və bu gün bu strategiya uğurla davam etdirilir. Əgər biz bu mühüm amili götürsək, görərik ki, bu olmasaydı, Azərbaycanın daxili vəziyyəti bu gün necə olardı, xarici mövqeləri necə olardı və ümumiyyətlə, beynəlxalq nüfuzu nədən ibarət olardı. Bütün bugünkü uğurlara görə biz ulu öndərə borcluyuq. Onun uzaqgörənliyi, cəsarəti, fədakarlığı bugünkü günü mümkün etmişdir və biz - onun davamçıları onun siyasətini bundan sonra da davam etdirəcəyik, Azərbaycanı bundan sonra da onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan dövləti müstəqil dövlətdir, Azərbaycan dövləti öz milli və dini ənənələrinə sadiq dövlətdir. Eyni zamanda Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir və Azərbaycanın müasirləşməsi, modernləşməsi işində biz bundan sonra da öz səylərimizi qoyacağıq. Ölkəmizi inkişaf etmiş ölkələrin sırasına daxil edəcəyik. Ölkədə bu potensial var - həm insani potensial, həm siyasi iradə, həm iqtisadi potensial, bölgədəki mövqelərimizin möhkəmlənməsi, sürətli inteqrasiya prosesləri. Azərbaycanın qarşısında bütün yollar açıqdır, bütün üfüqlər açıqdır, aydındır və biz irəliyə gedirik. Biz inkişaf yolu ilə gedirik. Bu inkişaf yolunu Heydər Əliyev bizə göstərmişdir və onun Azərbaycan xalqına və onun davamçılarına ən böyük vəsiyyəti də məhz ondan ibarət idi ki, Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcəkdir.

Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, Azərbaycan dövləti daha da möhkəmlənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, təhlükəsizlik, sülh şəraitində, rifah içində yaşasın. Bizim son illər ərzində apardığımız bütün islahatlar bu məqsədi güdür.

Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən ilk növbədə onun kimi, Heydər Əliyev kimi öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı - azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesabına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur.

 

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının

 

86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasimdəki nitqindən

 

Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir

 

Bütün dövrlərdə onun bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi. Ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə, Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi.

Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır.

1982-ci ilin sonlarında Heydər Əliyev Moskvaya dəvət olundu. Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında yeni dövr başladı. Ancaq mən o günləri çox yaxşı xatırlayıram və bilirəm ki, o, Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi, tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet İttifaqının ən məsul, ən vacib vəzifələrindən birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda qalmışdı. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox iş görməliyəm. Ancaq eyni zamanda onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Beş il ərzində - 1982-1987-ci illərdə Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar, qətnamələr qəbul edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdır. O, bütün o illər ərzində çalışırdı ki, Azərbaycana kömək etsin ki, Azərbaycanda işlər daha da yaxşı getsin.

Ancaq buna baxmayaraq, Heydər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki inersiya davam edirdi və respublikada proseslər ümumiyyətlə müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu, əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi.

1987-ci ildə bütün vəzifələrdən istefa verəndən sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. O vaxta qədər onların fəaliyyəti məxfi xarakter daşıyırdı. Müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində həm xaricdə, həm Sovet İttifaqında müxtəlif yollarla ictimai rəy yaratmağa çalışırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan Respublikasında Dağlıq Qarabağın problemlərinə fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır.

Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən ovaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı.

Beləliklə, Azərbaycana qarşı müxtəlif yerlərdən təzyiqlər başladı və tədricən Azərbaycanda vəziyyət çox gərginləşdi. Azərbaycanı daha da çətin vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə Azərbaycan xalqına yad olan antimilli qüvvələr gətirilmişdi. Onların əli ilə xalqımıza qarşı cinayətlər törədildi. Azərbaycan xalqına qarşı cinayətlər eyni zamanda daxili milli xainlər tərəfindən törədilmişdir. Əlbəttə ki, Ermənistan tərəfi bu vəziyyətdən istifadə etdi və Azərbaycana qarşı açıq müharibəyə başladı. O illər, demək olar ki, bizim üçün həlledici illər idi.

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi.

O illərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın, demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verdilər və işğalçıları yerində oturtdular. Digər tərəfdən o vaxt Azərbaycandakı rəhbərlik bütün yollarla  çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın.

Ancaq xalq həm Naxçıvanda, həm bütövlükdə Azərbaycanda həlledici sözünü dedi. Azərbaycanda vətəndaş müharibəsi başlanandan sonra artıq Naxçıvana, Heydər Əliyevə kütləvi qaydada müraciətlər gəlməyə başlamışdı ki, təkcə ona ümid bəslənilir və təkcə o, Azərbaycanı bu ağır vəziyyətdən xilas edə bilər. O vaxt xalqımızın, müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini qazandı. Ancaq o müstəqillik çox çəkmədi. İki ildən sonra      müstəqillik xarici qüvvələrin, o cümlədən daxili antimilli qüvvələrin səyləri və antimilli hərəkətləri nəticəsində əlimizdən alındı.

1993-cü ildə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində, demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Biz müstəqil ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?! Bu suallar o vaxt havada idi, o suallar verilirdi.

Azərbaycan xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda düzgün seçim etmişdi. Öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərksilah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başlamışdır.

O vaxt Azərbaycan xarici investorlar üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək, - çox böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O, buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri - "Əsrin müqaviləsi"nin imzalanması 1994-cü ildə baş verdi. Ondan sonra Azərbaycana dünya birliyi tərəfindən inam artdı. Azərbaycana böyük sərmayələr qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə siyasi və iqtisadi islahatlar icra edilməyə başlanmışdır. Bütün sahələrdə inkişaf meyilləri güclənmişdir, tənəzzülün qarşısı alınmışdır və Azərbaycan uğurla inkişaf etməyə başlamışdır.

Biz o günləri, o illəri yaxşı xatırlayırıq. O yolda hələ 1996-cı ilə qədər Azərbaycanı sevməyən, Azərbaycan dövlətçiliyinə düşmənçilik mövqeyində dayanan dairələri yaxşı xatırlayırıq. Azərbaycanda vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq, hətta dövlət çevrilişlərinə cəhd etmək prosesləri də bizim yadımızdadır.

Ancaq Azərbaycan xalqı öz lideri ətrafında birləşərək bütün bu xoşagəlməz hadisələrin qarşısını aldı və bu gün Azərbaycan ən sürətli inkişaf edən ölkədir.

1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Çünki Azərbaycanın gələcəyi həll olunurdu. Xalqımız, nəhayət, uzun onilliklər, əsrlərdən sonra müstəqillik şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan xalqı başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır, bəzi dövrlərdə müstəmləkə kimi yaşamışdır. Ancaq öz milli mənliyini, milli ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz bu möhkəm əsas üzərində quruldu.

Bütün başqa sahələrdə gördüyü işlərlə bərabər, dövlət quruculuğu Heydər Əliyev tərəfindən görülən işlərin arasında ən yaddaqalanıdır. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan dövləti quruldu və bu gün də uğurla yaşayır, inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqı üçün yeni imkanlar açır.

Məhz həmin 10 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, Azərbaycan dünya birliyinə çox uğurla inteqrasiya edə bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanındı. O illərdə bütün sahələrdə inkişaf, canlanma və tərəqqi müşahidə olunurdu.

Bir də demək istəyirəm ki, o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən edilmişdir. Ən önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Mən yaxşı xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. Ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir.

Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur

Ölkəmizdə aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu gün rəqabətqabiliyyətliyinə görə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində MDB məkanında birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərinin sırasındadır. Bizim başqa şəhərlər də abadlaşır. Hara getsən, hansı tərəfə getsən, inkişaf, tərəqqi, abadlıq, gözəllik görürsən. Budur bugünkü Azərbaycan reallıqları. Bütün bu işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik. Azərbaycanı etibarlı şəkildə idarə edirik. Azərbaycanı uğurla inkişaf etdiririk və heç şübhə etmirəm ki, Azərbaycanın uğurlu və hərtərəfli inkişafı bundan sonra əbədi olacaqdır.

Biz müstəqilliyimizi möhkəmləndirəcəyik, müstəqil siyasətimizi gücləndirəcəyik. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək planlarımızın həyata keçirilməsi üçün Heydər Əliyev siyasəti davam etməlidir. Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.

 

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının

 

87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasimdəki nitqindən

 

Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir

 

Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük  töhfələr vermişdir.

Onun həyatında çox çətin anlar da olmuşdur, amma bütün sınaqlardan şərəflə çıxmışdır, daim öz xalqına xidmət etmişdir, bütün dövrlərdə cəsarətli siyasət aparmışdır və bu siyasət, bu cəsarət özünü müxtəlif mərhələlərdə göstərmişdir.

Azərbaycan xalqına qarşı törədilən təcavüz - 20 Yanvar faciəsi nəticəsində həlak olmuş şəhidlərimizin ruhu qarşısında o vaxt söz vermişdi ki, son damla qanına qədər Azərbaycana xidmət edəcəkdir. O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il qalmışdı. Buna baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında Sovet İttifaqının Kommunist Partiyasının rəhbərliyini çox kəskin tənqid etmiş və günahsız insanların həlak olmasında onları günahlandırmış, sonra isə onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdi.

Bütün bu addımlar böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz o addımlar nəticəsində bu gün Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyinin təməli məhz o vaxt qoyulmuşdur. Azərbaycanın milli üçrəngli bayrağı ilk dəfə olaraq rəsmi dövlət bayrağı kimi Naxçıvanda qaldırılmışdır. O vaxt hələ Sovet İttifaqı mövcud idi. Məhz o vaxt Sovet İttifaqının saxlanması üçün keçirilən referendumda Naxçıvan iştirak etmirdi. Biz bütün bu tarixi anları yaxşı xatırlayırıq və bir daha bu məsələyə diqqət verməklə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük.

Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı da zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi.

1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldı. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. Biz deyəndə ki Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur, tam haqlıyıq. Çünki dövlət müstəqilliyi əldə etdikdən sonra iki il ərzində ölkə idarəolunmaz vəziyyətdə idi. Dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulmuşdur. O vaxtdan bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. İqtisadi sahədə aparılan islahatlar öz nəticəsini verməyə başlamışdır. Siyasi sabitlik təmin olunandan sonra ölkəyə böyük həcmdə xarici sərmayələr gəlməyə başlamışdır. O vaxt xarici sərmayələri Azərbaycana cəlb etmək üçün böyük peşəkarlıq və siyasi səriştə tələb olunurdu. Çünki Azərbaycan dünyada çox riskli ölkə kimi tanınırdı. Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı çox az idi. Xarici investorları inandırmaq, onları Azərbaycana dəvət etmək və Azərbaycanın milli maraqlarına uyğun şəkildə böyük investisiya layihələrini icra etmək böyük siyasi bacarıq və siyasi bilik tələb edirdi.

Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir.

Biz bütün bu uğurları məhz ona görə əldə etmişik ki, 1993-cü ildə Azərbaycan xalqı müdriklik göstərib Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir. Uğurlarımızın təməli məhz o vaxt qoyulmuşdur. Uğurlarımızın əvvəli məhz 1993-cü ildir. Ona görə Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaqdır. Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.

Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir. Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik. Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.

 

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının

 

88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının

 

7 illiyi münasibətilə təntənəli mərasimdəki nitqindən

 

 Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir

 

Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir.

Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir. 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının siyasi rəhbərliyindən uzaqlaşdırılandan sonra Azərbaycanın problemləri başlamışdır. Ondan iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya qoyulmuşdur. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçı siyasətini başlamışdır. Heydər Əliyev amili, onun gücü imkan vermirdi ki, belə iddialar ortaya qoyulsun. Onun istefasından iki həftə sonra bu planlar reallaşmağa başlamışdır.

 

Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrdə Azərbaycan xalqının başına gör nə qədər bəlalar gətirilmişdir. Xoşbəxtlikdən Azərbaycan xalqı müdriklik göstərərək 1993-cü ildə vətəndaş müharibəsi gedə-gedə ulu öndərə müraciət etmiş, onu siyasi rəhbərliyə dəvət etmiş və imkan vermişdir ki, Azərbaycan bu ağır, çətin vəziyyətdən çıxa bilsin. Yalnız Heydər  Əliyev siyasəti, onun müdrikliyi, cəsarəti, xalqa olan münasibəti və xalq tərəfindən ona olan inamın nəticəsində biz o böhranlı vəziyyətdən çıxa bildik. Bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qırğınına son qoyuldu və ölkə inkişaf etməyə başladı.

Ona görə biz deyəndə ki Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir, - yanılmırıq. Həqiqətən də belədir. Çünki müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə aparılan iqtisadi islahatlar bazar iqtisadiyyatı prinsiplərinə söykənirdi. Bu da inqilabi bir dəyişiklik idi. Həm siyasi islahatlar, həm iqtisadi islahatlar bugünkü inkişafı şərtləndirir.

Bir sözlə, on il ərzində ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz - ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm. Son doqquz ilin təcrübəsi göstərir ki, biz bu siyasətə sadiqik. Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqik. Çünki 2003-cü ilin sonlarında o demişdi ki, mənim tərəfimdən başlanan işlərə mənim davamçılarım yekun vuracaqdır. Belə də oldu.

 

Prezident İlham Əliyevin

Heydər Əliyev Mərkəzinin

açılışı mərasimindəki nitqindən

 

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmişdir

 

 Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş  cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabətqabiliyyətliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.

Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.

Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti Milli Ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.

Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Heydər Əliyev Böyük İpək yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.

Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

 

 

Prezident İlham Əliyevin

Heydər Əliyevin 90 illik yubileyinin

 qeyd olunması haqqında sərəncamından

 

Azərbaycan.-2013.- 10 may.- S.1.