İkinci Dünya
müharibəsində Azərbaycan övladlarının qəhrəmanlığı tarixdə əbədi
yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev
9 May - Qələbə bayramı münasibətilə
Bakıda keçirilən mərasimdə iştirak
etmişdir
İkinci
Dünya müharibəsində faşizm üzərində Qələbənin
68-ci ildönümü münasibətilə mayın 9-da
Bakıda təntənəli mərasim keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər.
Azərbaycan
xalqı faşizm üzərində tarixi Qələbəyə
böyük töhfə vermişdir. Bu Qələbənin əldə
olunmasında çox böyük payı olan xalqımız
özünün 640 mindən çox oğul və
qızını cəbhəyə yola salmışdı.
Onların təxminən yarısı döyüşlərdə
həlak olmuşdur. Həmin dəhşətli müharibə
zamanı göstərdikləri igidliyə görə Azərbaycanın
130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş, 170 mindən çox əsgər
və zabitimiz müxtəlif orden və medallarla təltif
edilmişdir. Azərbaycanlı
çağırışçı və
könüllülərdən
formalaşdırılmış 77-ci, 223-cü, 336-cı,
402-ci və 416-cı milli atıcı diviziyalar
döyüşlərdə misilsiz igidlik və şücaət
göstərərək, adlarını tarixin səhifələrinə
qızıl hərflərlə yazmışlar. Azərbaycan
diviziyaları Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz
isə partizan dəstələrinin tərkibində
vuruşmuşdur. Xalqımızın qəhrəman
övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və
yüzlərlə digər yaşayış məntəqələri
uğrunda cəsarətlə döyüşmüşlər.
Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və
digər ölkələrin azad olunmasında da yaxından
iştirak etmişlər. Partizan hərəkatında
iştirak edən soydaşlarımız da
saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər.
Faşizmə
qarşı mübarizədə xalqımız
döyüş meydanları ilə yanaşı, arxa cəbhədə
də qəhrəmanlıq göstərmişdir. Şanlı
Qələbəyə neft Bakısının töhfəsi də
əvəzsiz olmuşdur. Müharibə illərində Sovet
İttifaqında hasil olunan neftin dörddə üç hissəsi,
aviasiya benzini və yüksək keyfiyyətli mühərrik
yağlarının 85-90 faizi Azərbaycanın payına
düşürdü. İkinci Dünya müharibəsində
faşizm üzərində Qələbənin qazanılmasında
həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin
tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi
yanacaqla hərəkətə gətirilirdi. Xalqımız cəbhə
bölgələrinə 7 tondan çox donor qan göndərmiş,
əsgərlərin ərzaq və isti geyimlə təchizatında
da fəal rol oynamışdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə
olduğu bütün dövrlərdə müharibə
veteranlarının problemlərinə böyük diqqət və
qayğı ilə yanaşmışdır. Məhz ulu
öndərin diqqəti nəticəsində İkinci
Dünya müharibəsi iştirakçılarının mənəvi
haqları özlərinə qaytarılmış və
1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə
Günü qeyd olunur.
Ulu
öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən
də davam etdirilir. Ölkəmizdə müharibə
veteranlarına dövlət qayğısı sosial siyasətin
əsas istiqamətlərindən biridir. Qələbə
bayramı ərəfəsində dövlətimizin
başçısının sərəncamı ilə
müharibə iştirakçılarına, onların ailələrinə
birdəfəlik maddi yardımın edilməsi bu
qayğının bariz nümunəsidir.
İkinci
Dünya müharibəsində şərəfli
döyüş yolu keçmiş Azərbaycan
övladlarının tarixi şücaətləri, habelə
arxa cəbhədə fədakarlıqla
çalışanların xidmətləri heç vaxt
yaddaşlardan silinməyəcək, gənc nəslə əsl
vətənpərvərlik nümunəsi olacaqdır.
1941-1945-ci
illər müharibəsinin görkəmli sərkərdələrindən
biri, xalqımızın rəşadətli oğlu, tank
qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə
toplaşmış müharibə veteranları, ictimaiyyətin
nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi
və xanımı Mehriban Əliyevanı ehtiramla
qarşıladılar.
Burada
fəxri qarovul dəstəsi düzülmüşdü.
Silahlı
Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev
Respublika Veteranlar Şurasının sədri Əlövsət
Baxışova "Şöhrət" ordenini təqdim etdi.
Azərbaycan Prezidenti 2013-cü il martın 1-də ölkəmizin
ictimai həyatında fəal iştirakına və gənclərin
vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə
görə Əlövsət Baxışovun "Şöhrət"
ordeni ilə təltif edilməsi haqqında sərəncam
imzalamışdı.
Dövlət
başçısı müharibə veteranlarını səmimiyyətlə
salamladı, onların hər birini Qələbə bayramı
münasibətilə təbrik etdi.
Azərbaycan
Prezidenti 1941-1945-ci illərin ağır və çətin
sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq,
onların problemləri, qayğıları ilə
maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin
onlara göstərdiyi diqqət və qayğını
xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident
İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirdilər. Onlar ölkəmizin hərtərəfli
inkişaf etdirilməsi üçün çalışan
dövlət başçısını bundan sonra da dəstəkləyəcəklərini
vurğuladılar.
Ali
Baş Komandan, Prezident İlham Əliyev iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi
önünə əklil qoydu, İkinci Dünya müharibəsində
misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin,
xalqımızın igid oğullarının əziz xatirəsini
dərin ehtiramla yad etdi.
Dövlət
başçısı İkinci Dünya müharibəsi
veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında Ali Baş Komandanın qarşısından
keçdi.
Prezident
İlham Əliyev mərasimdə iştirak edən Rusiya
Dövlət Dumasından olan deputatlardan ibarət nümayəndə
heyəti ilə görüşdü.
Dövlət
başçısı tank qoşunları general-mayoru, iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə
üzvləri ilə də görüşdü, onları Qələbə
Günü münasibətilə təbrik etdi.
* * *
Mərasimdə
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
digər rəsmi şəxslər iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2013.- 10 may.- S.2.