Heydər Əliyev Mərkəzində Heydər
Əliyev Muzeyi yaradılmışdır
Prezident İlham Əliyev
Muzey ilə və Mərkəzdə görülmüş bir sıra işlərlə
tanış olmuşdur
Heydər Əliyev Mərkəzində
Heydər Əliyev Muzeyi yaradılmışdır.
Mayın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva Muzey ilə və Mərkəzdə
görülmüş bir sıra işlərlə
tanış olmuşlar.
Xalqımızın
ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin
90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində
ulu öndərin adını daşıyan Muzeyin istifadəyə
verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində atılan mühüm addımlardan biridir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin,
onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək
səviyyədə təqdim edildiyi Muzeydəki hər bir
eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi
insanların ideyalarının və əməllərinin
üzərində qərar tutur. Ulu öndərin də taleyi,
əslində, bir insanın ömür yolu deyildir. Bu, Azərbaycanın
tarixidir. O tarix ki, XX əsrin ikinci yarısında Azərbaycanın
ayrılmaz parçası olmuşdur. Ümummilli liderin
yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi
salnaməsinə çevrilmişdir. Muzeydə təqdim olunan
materiallardan da görünür ki, müstəqil Azərbaycan
dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin
titanik xidmətləri sayəsində dövlətçilik,
azərbaycançılıq, dünyəvilik, müasirlik
kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin
ayrılmaz hissəsinə çevrilmiş, müasir Azərbaycanın
mövcudluğunun və inkişafının ideya əsasını
təşkil etmişdir. Heydər Əliyev öz fəaliyyəti
ilə Azərbaycanda demokratik cəmiyyətə keçid
mexanizmini yaratmış, hüquqi dövlət və vətəndaş
cəmiyyəti formalaşdırmaq kimi tarixi missiyanın
öhdəsindən uğurla gəlmişdir. Bununla da ulu
öndər güclü dövlət, səmərəli
iqtisadiyyat və azad insan amillərinə əsaslanan
konsepsiyası ilə müstəqil
Azərbaycanın tarixində qızıl səhifələr
yazmışdır.
Heydər
Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinin
zənginliyini nümayiş etdirən bir neçə
ekspozisiya zalının istifadəyə verilməsi də bu Mərkəzin
fəaliyyətinə daha bir özəllik qatır. Bu
ekspozisiyalarda qədim insan məskəni olan Azərbaycanın
keçdiyi tarixi dövrlər haqqında geniş məlumat
verilir, qədim zamanlardan indiyədək qorunub saxlanılan
maddi-mədəniyyət nümunələri təqdim olunur.
Bundan başqa, Azərbaycan mədəniyyətinin müxtəlif
istiqamətlərindən bəhs edən ekspozisiya zalları,
heç şübhəsiz ki, buraya gələn hər kəsdə
ölkəmiz haqqında müfəssəl təəssüratın
və zəngin informasiyanın yaranmasına imkan verəcəkdir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə
1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
xidməti istifadəsində olan avtomobillərə
baxdılar.
Heydər
Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov
bildirdi ki, xalqımızın ümummilli liderinin xatirəsinin
əbədiləşdirildiyi Muzey təşkil olunarkən
burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinin
müxtəlif dövrlərinin əks olunmasına xüsusi
diqqət yetirilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə
interaktiv formada çatdırılır. Üç mərtəbədən
ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat
yolu, ulu öndər barədə maraqlı faktlar foto və
videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə
yanaşı, məzmun orijinallığı ilə də
seçilir. Burada materiallar iki paralel kontekstdə verilir.
Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən
2003-cü ilədək ömür yolu ilə yanaşı,
müxtəlif tarixi dövrlərdə Azərbaycanın
ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat,
idman sahələrində baş verən önəmli hadisələr
ziyarətçilərə çatdırılır. Muzeyin
"Şəkillərə həkk olunan ömür",
"Azərbaycanın ictimai-siyasi həyatı",
"Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz"
bölmələrində ulu öndərin həm sovet hakimiyyəti
dövründə, həm də müstəqillik illərində
həyata keçirdiyi fəaliyyət konsepsiyasının
müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da
öz növbəsində Muzeyin orijinallığını
daha da artırır. Hər bir mövzuya aid materiallar səsli
formada həm Azərbaycan, həm də ingilis dilində
verilir.
Dövlət
başçısına və xanımına məlumat verildi
ki, müasir texnologiyalar əsasında qurulan Muzeyin ən
maraqlı bölmələrindən biri də ulu öndərin
müxtəlif ölkələrin rəhbərləri ilə
görüşlərini əks etdirən multimedia
zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə
toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət
başçıları ilə görüşlərinin və
ulu öndərə bağışlanan hədiyyələrin
fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin
orijinalları da muzeyə gələn qonaqların diqqətinə
çatdırılır. Bundan əlavə, zalda ümummilli
liderin hərbi və mülki geyimləri, o cümlədən
onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin
müxtəlif illərdə təltif olunduğu orden və
medallar ekspozisiyanın ən qiymətli nümunələri
sırasındadır. Bir sözlə, dizaynı və tətbiq
edilən yeni texnologiyalarla fərqlənən Muzey Heydər Əliyev
Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil
edir.
Heydər
Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar
üçün Azərbaycan tarixini, adət-ənənələrini,
milli dəyərlər və mədəni irsimizi öyrənmək,
təbliğ etmək istiqamətində bir sıra layihələr
həyata keçirmişdir. Mərkəzdə müxtəlif
mövzuları əhatə edən sərgilər
açılmışdır. Mərkəzin sərgi
zalları bölməsinin birinci mərtəbəsində
"Azərbaycan inciləri" sərgisi təqdim edilir. Azərbaycan
tarixini və mədəniyyətini əks etdirən bu
ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri,
çoxəsrlik tarixi, mədəni irsinə dair nadir
eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və
mədəniyyətini öyrənmək üçün
interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb
edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən
biri tariximizin bütün dövrlərinin bir arada təqdim
olunması, mədəniyyətimizin müxtəlif sahələrinə
dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim
sənət növlərinin, xüsusilə də Azərbaycan
xalçaçılıq məktəbinin ən nadir
nümunələrinin əks olunduğu sərgidə misgərlik
məmulatının təqdimatı da xüsusi maraq
doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli
formada təqdim edilir.
Milli
geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu
sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda
müxtəlif dinlərə aid müqəddəs kitablar da
ziyarətçilərin diqqətinə
çatdırılır.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
"Mini Azərbaycan" sərgi zalında da oldular. Bildirildi
ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi
memarlıq abidələrinin tanıdılması
baxımından xüsusi önəm kəsb edir. Hazırda bu
layihə çərçivəsində 24 tarixi bina və
memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə
hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar,
maraqlı faktlar
çatdırılır. "Mini Azərbaycan" layihəsi
Azərbaycan tarixi, milli memarlıq sənəti barədə məlumat
əldə etmək baxımından sakinlər və qonaqlar
üçün qiymətli layihədir. Gələcəkdə
Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketləri
hazırlanacaqdır.
Diqqətə
çatdırıldı ki, Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində
ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar nəşrlər
hazırlamışdır.
Dövlət
başçısına və xanımına məlumat verildi
ki, "Azərbaycana xoş gəlmisiniz" ekspozisiya zalı
isə Mərkəzin Azərbaycanın tanıdılması
layihələri sırasında təqdim edilir. Bu layihə ilə
əslində, Azərbaycana virtual tur etmək
mümkündür. Azərbaycan tarixinin, mədəniyyətinin,
incəsənətinin və təbiətinin əks
olunduğu bu sərgi bir çox tərəfləri ilə
maraq doğurur, layihənin əhəmiyyətini daha da
artırır.
Digər
zalda "Azərbaycanın mətbəx sənəti"
fotoların dili ilə təqdim edilir. Bu, əslində, Heydər
Əliyev Mərkəzinin Azərbaycan ənənələrini
yaşadan, mədəniyyətimizi dünyaya tanıdan, eləcə
də dünya mədəniyyətinin Azərbaycanda təbliğinə
xidmət edən mühüm layihələrindən biridir.
Burada Fransada yaşayıb-yaradan məşhur amerikalı
fotoqraf Peter Lippmanın əsərləri vasitəsilə Azərbaycanın
zəngin adət-ənənələr dünyasına səyahət
etmək mümkündür.
Ekspozisiyada
Azərbaycanın adət-ənənələri, süfrə
mədəniyyəti ilə foto sənətinin sintezi sərgilənir.
Sonra
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Heydər Əliyev Mərkəzində yaradılmış
ikinci konfrans zalındakı şəraitlə tanış
oldular. Mərkəzin Auditorium bölməsindəki ikinci
konfrans zalının ümumi sahəsi 1811 kvadratmetr,
hündürlüyü 7,8 metrdir. Zal müxtəlif yerli və
beynəlxalq tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulmuşdur. Mərkəzdə
qonaqların asudə vaxtının təşkili
üçün kafe də yaradılmışdır. Binada təbii
dekorativ ağac və güllərdən landşaft ərazi
salınmışdır. Bundan əlavə, müxtəlif
interaktiv məlumat köşkləri qurulmuşdur. Bu məlumat
köşklərində qonaqlara Mərkəz və burada
keçirilən tədbirlər, müxtəlif layihələr
barədə informasiyalar çatdırılır.
Prezident
İlham Əliyev görülən işlərdən
razılığını bildirdi, kollektivə uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.-2013.- 10 may.- S.3.