Heydər Əliyev
müasir Azərbaycan parlamentinin banisidir
1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin
qarşısında yeni tarixi vəzifələr
dayanırdı. Bu baxımdan 1993-cü il iyunun 15-də
Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr
seçilməsi respublikanın həyatında çox
mühüm hadisə oldu. Bu siyasi
qayıdış, sözün həqiqi mənasında Azərbaycanı
azərbaycanlılara, milləti özünə qaytardı.
Heydər
Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə
sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları,
mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa yayımla televiziya
ekranlarına verildi. Ölkədəki vəziyyət
olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan
qaldırılması üçün lazımi tədbirlər
görülməyə başlandı.
Heydər
Əliyevin 1993-cü il iyunun 15-dən
oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə
parlamentarizm ənənələri yeni nəfəs, yeni
qüvvə aldı. Ordu quruculuğu sahəsində
mühüm qərarlar qəbul edildi. "Şəhid
adının əbədiləşdirilməsi və şəhid
ailəsinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
olundu. Konstitusiyada və müxtəlif
hüquqi sənədlərdə dəyişikliklər edildi.
Heydər Əliyev ölkəyə rəhbərlik etməyə
başladığı ilk gündən dövlət
quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə,
iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə
əlaqələrin qurulmasına, müdafiə və hərbi
quruculuq məsələlərinə ciddi fikir verildi. Ali Sovetin sədri
mədəniyyətin, elmin və təhsilin inkişafına
da böyuk diqqət yetirir, alimlərlə, gənclərlə
görüşlər keçirir, onlarla ölkənin gələcəyi
barədə fikirlərini bölüşürdü.
Parlamentin
sədri vəzifəsində fəaliyyət göstərən
Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti
prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə
vurğulayırdı:
"Azərbaycan Respublikası demokratik yolla getməlidir,
Azərbaycanda həqiqi demokratiya prinsipləri
yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi
plüralizmə imkan yaradılmalıdır. Azərbaycan
çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır,
partiyaların fəaliyyətinə şərait
yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə,
sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi
partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət
əhval-ruhiyyəsi yaranmalıdır."
Hələ 1969-cu ildə respublika rəhbərliyinə
irəli çəkildiyi ilk gündən mövcud
nöqsanları açıq-aşkar ictimai müzakirəyə
çıxararaq onların həlli yollarını göstərən
Heydər Əliyev problemlərin tez bir zamanda aradan
qaldırılması üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, intibah prosesinə təkan
vermişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi
dövründə respublikanın qanunvericilik sisteminin möhkəmləndirilməsi,
bu prosesdə əsas ağırlığı üzərinə
götürən ali qanunverici orqanın fəaliyyətinin
təkmilləşdirilməsi işinə də xüsusi
qayğı ilə yanaşmışdır. Onun təşəbbüsü
ilə həmin dövrdə Azərbaycan SSR Ali Sovetində
milli-mənəvi dəyərlərin və mədəni irsin
qorunub saxlanılmasına, elmi-intellektual tərəqqiyə
xidmət edən mühüm qanunların, qərarların qəbulu
xalqda milli oyanışı və özünüdərk
hissini gücləndirmişdir.
1970-ci illərdə
Heydər Əliyev respublikanın birinci katibi olmaqla
yanaşı, SSRİ Ali Sovetinin (VIII-X
çağırışlar) deputatı, yuxarı
palatanın - İttifaq Sovetinin sədr müavini (IX
çağırış), habelə Azərbaycan SSR Ali
Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət
heyətinin üzvü olmuş, bu imkanlardan
xalqımızın mənafeyi naminə layiqincə istifadə
etmişdir. Qanunverici orqanla sıx təmasda fəaliyyət
göstərən Heydər Əliyev onun cəmiyyət və
dövlət həyatındakı müstəsna rolunu
düzgün dəyərləndirmişdir. IX, X və XI
beşilliklərin proqramlarının təsdiq olunmasında,
respublikanın illik büdcələrinin qəbulunda
yaxından iştirak etmiş ulu öndər milli mənafeyə
əsaslanan parlamentarizm ənənələrinin formalaşmasına
çalışmışdır. Azərbaycan SSR Ali Soveti və
SSRİ Ali Sovetinin tribunalarından məharətlə istifadə
edən Heydər Əliyev rəhbəri olduğu deputat
qrupunun Moskvadakı fəaliyyətini də respublikanın mənafeyi
baxımından düzgün istiqamətləndirmişdir.
Hələ
sovet dövründə Azərbaycan SSR Ali Soveti Heydər Əliyevin
rəhbərliyi ilə gerçəkləşdirilən
möhtəşəm quruculuq işlərinin mükəmməl
hüquqi bazasının formalaşdırılması prosesində
yaxından iştirak etmiş, dayanıqlı inkişafa zəmin
yaradan mühüm qərarlar qəbul etmişdir. Həmin
dövrdə eyni zamanda Mülki, Mülki-Prosessual və Cinayət-Prosessual
məcəllələrinə bir sıra mütərəqqi əlavə
və dəyişikliklər edilmiş, Azərbaycan SSR-in məhkəmə
quruluşu, Səhiyyə, Dövlət notariatı, Xalq təhsili,
Tarixi və Mədəni Abidələrin Qorunması, Xalq Deputatları
Sovetləri, Torpaq və Əmək haqqında qanunlar, ailə
və nikah haqqında məcəllələr qəbul
olunmuşdur. 1970-1980-ci illərdə icra orqanları ilə
parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi
üçün zəruri əsaslar
formalaşdırmış, Azərbaycanın gələcək
siyasi müstəqilliyinə möhkəm körpü
salmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan
Milli Məclisinin hazırkı binası da məhz Heydər Əliyevin
respublikaya birinci rəhbərliyi dövründə inşa
olunaraq istifadəyə verilmişdir.
Ulu
öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə uzaqgörən bir siyasətçi kimi
dövlət müstəqilliyinə zəmin yaradan bir sıra
tədbirləri uğurla həyata keçirmiş və bu
istiqamətdə ciddi nailiyyətlər əldə
etmişdir. Həmin illərdə Azərbaycanda aparılan
misli görünməmiş quruculuq işlərini də
dövlət müstəqilliyinə təminat yaradan
başlıca faktor kimi nəzərdən keçirmək
lazımdır. Keçmiş imperiya daxilində hansı
qlobal proseslərin getdiyini daha dərindən müşahidə
etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın
bir vaxt müstəqillik əldə edəcəyini öncədən
görərək bunun üçün iqtisadi-siyasi,
intellektual baza formalaşdırmışdır. Həmin
dövrün statistikasına əsasən, Azərbaycan Ukrayna
və Rusiya da daxil olmaqla, SSRİ büdcəsindən dotasiya
almadan öz problemlərini həll etməyə qadir
üç respublikadan biri olmuşdur.
Ölkəmizin
ağır günlər yaşadığı bir dövrdə
- 1993-cü il iyunun 9-da ümummilli liderin xalqın təkidli
istəyinə səs verərək Bakıya qayıtması
onun nə qədər qətiyyətli, prinsipial, heç bir
riskdən çəkinməyən, dövlətinin taleyinə
biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha
sübut etdi. Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri
seçilməsi isə bu siyasət nəhənginin sadəcə,
hakimiyyətə qayıdışı deyil, eyni zamanda
xalqın qurtuluş və özünəqayıdış
tarixidir.
1993-cü
ilin 15 iyununda Azərbaycan Ali Sovetinin sədri seçilmiş
ulu öndər Heydər Əliyev ölkədə
qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini
təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır. Həmin
iclasdakı dərin məzmunlu nitqində Heydər Əliyev
demişdir: "Bildirmək istəyirəm ki, Azərbaycan
Respublikasının bugünkü ağır, mürəkkəb
və gərgin vəziyyətini tam məsuliyyətlə dərk
edirəm. Bu vəzifəni üzərimə götürərək
öz məsuliyyətimi anlayıram və bunların
hamısını rəhbər tutaraq əlimdən gələni
edəcəyəm".
Ali sovetin
sədri kimi qısa müddətdə qurumun cəmiyyətdə
nüfuzunu qaldıran, onun cılız çəkişmə
və dartışma meydanına çevrilməsinin
qarşısını alan Heydər Əliyev, eyni zamanda ali
qanunverici orqana yeni ruh və müasirlik gətirmişdir. Ulu
öndərin fitri idarəçilik keyfiyyətləri, səlist,
rəvan və yüksək məntiqə söykənən
nitqi, qətiyyətli mövqeyi, ən çətin
situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti
bu gün böyük ehtiramla, rəğbətlə
anılır. Bir ictimai-iqtisadi quruluş formasından digərinə
keçid dövründə qanunların yeni dövrün tələblərinə
uyğun müasirləşdirilməsini və davamlı
inkişafa zəmin yaradan mükəmməl qanunvericilik sisteminin
formalaşdırılmasının zəruriliyini
düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə
parlamentin geniş imkanlarından düzgün bəhrələnmişdir.
Müharibə şəraiti ilə əlaqədar ulu öndər
ilk növbədə müdafiə sisteminin hüquqi
bazasının möhkəmləndirilməsinə diqqət
yetirmiş, nizami ordu quruculuğuna xidmət edən
qanunların hazırlanmasını və qəbulunu təmin
etmişdir.
Ali Sovetin
sədri vəzifəsində çalışdığı
qısa zaman kəsiyində Heydər Əliyev parlamentin ruhunu
kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət
gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması,
çıxışların məğzini tutmaq
bacarığı, qiymətli fikirləri ümumiləşdirmək
qabiliyyəti özlüyündə parlamentin üzvləri
üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi
idi.
Mübaliğəsiz
demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində
çalışdığı dövrdə Azərbaycanın
demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək
inkişafının təməli qoyuldu. Heç də təsadüfi
deyil ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində
seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək
ölkənin taleyini bu görkəmli dövlət xadiminə
həvalə etmək niyyətində olduqlarını
bütün dünyaya nümayiş etdirdilər. Bu
seçimlə müstəqillik yolunda Azərbaycan xalqı
keyfiyyətcə yeni bir dövrə qədəm qoydu.
1993-cü il oktyabrın 3-də Azərbaycan
Respublikasının Prezidenti seçilən ulu öndər
Heydər Əliyev qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə
tədbirlərin həyata keçirilməsini təmin etdi.
Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə
və hərbi sahənin inkişafına yönəlmiş
hüquqi sənədlər sırasında 1994-cü il 4
yanvar tarixli "Sərhəd qoşunları haqqında",
1994-cü il 8 fevral tarixli "Daxili qoşunların statusu
haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı
qüvvələrin intizam Nizamnaməsinin təsdiqi
haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi
qulluqçuların dövlətə vurduqları ziyana
görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi
haqqında" qanunlar xüsusi əhəmiyyət
daşımışdır.
Bu gün
böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil
Azərbaycanda sivil parlamentarizm ənənələrinin
formalaşması da məhz ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də
Konstitusiyanın ümumxalq referendumuna
çıxarılması ilə paralel şəkildə Azərbaycan
Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin
keçirilməsi təmin edildi. Müstəqil Azərbaycanın
tamamilə şəffaf şəraitdə
formalaşmış I çağırış Milli Məclisi
ilk gündən fəaliyyətini demokratiya,
çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri
üzərində qurmuş, çevik və məhsuldar fəaliyyətə
başlamış, milli qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması naminə gərgin
çalışmış, ictimai etimadı doğrultmağa
səy göstərmişdir. İnsan hüquq və
azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini
məqsədilə aparılan islahatların əsasında
inkişaf etmiş dövlətlərin hüquqi dövlət
quruculuğu təcrübəsi, ümumbəşəri
demokratik dəyərlər, Azərbaycan xalqının
dövlətçilik tarixi və ənənələri
dayanmışdır.
Qanun
yaradıcılığı prosesində dünyanın
aparıcı demokratik ölkələrinin ən qabaqcıl
qanunlarından bəhrələnən Milli Məclis Azərbaycanın
beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi,
ölkənin qanunvericilik sisteminin
formalaşdırılması üçün üzərinə
düşən vəzifələri uğurla yerinə
yetirmişdir. 1993-cü il oktyabrın 10-dan 2002-ci il
dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715
qanun və qərardan 975-nin məhz ümummilli lider Heydər Əliyevin
qanunvericilik təşəbbüsü əsasında parlamentə
təqdim olunması da ulu öndərin bu sahədəki fəaliyyətinə
əyani sübutdur.
Milli Məclis
qanunların təkmilləşdirilməsi mərhələsində
təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq
etməklə kifayətlənməmiş, eyni zamanda milli
maraqları əsas tutmaqla müxtəlif beynəlxalq konvensiya
və sazişləri ratifikasiya etmişdir.
Konstitusiyamızın 151-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ
hüquqi aktlar ilə (Azərbaycan Respublikasının
Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq
müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan
Konstitusiyasının liberallığını və
demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm
də son 15 ildə ölkədə milli qanunvericiliyin Avropa
standartlarına uyğunlaşdırılmasına
yaxşı imkanlar açmışdır. Əsas Qanunumuzda əksini
tapmış insan hüquq və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq
edilmişdir.
2000-ci ildə
keçirilmiş ikinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər də
ölkədə demokratiyanın inkişafı, hüquqi
dövlət quruculuğu yolunda irəliyə doğru
mühüm addım olmuşdur. Seçicilərin yüksək
fəallığı şəraitində ikinci
çağırış Milli Məclisə respublikamızda
fəaliyyət göstərən 9 siyasi partiyanın təmsilçiləri
seçilmiş, ölkəmizin aparıcı siyasi qüvvəsi
olan Yeni Azərbaycan Partiyası böyük qələbə
qazanaraq deputat mandatlarının əksəriyyətini əldə
etmişdir. Məhz ikinci çağırış Milli Məclisin
fəaliyyəti dövründə 2001-ci il yanvarın 17-də
respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq
təşkilata tamhüquqlu üzv qəbul edilmiş, beləliklə,
milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi
sahəsində yeni imkanlar yaranmışdır. Xüsusi
vurğulanmalıdır ki, 2000-2003-cü illərdə Azərbaycanın
AŞ PA-dakı parlament nümayəndə heyətinin rəhbəri
olmuş cənab İlham Əliyev təşkilat çərçivəsində
Azərbaycanın milli maraq və mənafeyini layiqincə təmsil
etmiş, Avropa məkanında nüfuzlu siyasətçi kimi
tanınmışdır.
Mükəmməl
milli qanunvericilik sisteminin formalaşdırılması istiqamətində
ölkə rəhbərliyinin fəaliyyəti, eyni zamanda Milli
Məclisin beynəlxalq əlaqələrinin genişlənməsinə,
onun tərəfdaşlarının sayının artmasına
şərait yaratmışdır. Ötən dövrdə
Milli Məclisdə dünyanın 70-dən çox ölkəsinin
parlamenti ilə əlaqələr üzrə işçi
qrupları yaradılmış, qanunverici orqanın beynəlxalq
əlaqələri genişlənmişdir. Azərbaycanın
parlament nümayəndə heyəti tez-tez xarici ölkələrdə
işgüzar səfərlərdə olur, habelə Milli Məclisdə
xarici ölkələrin siyasi və dövlət xadimləri,
parlament üzvləri ilə görüşlər təşkil
edilir. Milli Məclis bir sıra beynəlxalq qurumların
böyük və mühüm əhəmiyyətli tədbirlərinə
ev sahibliyi edir, belə tədbirlərdə bir sıra vacib sənədlər
müzakirə edilərək qəbul olunur. Bütün bunlar
həm də qanun yaradıcılığı sahəsində
təcrübə və informasiya mübadiləsi
baxımından əhəmiyyətlidir. Azərbaycan parlamenti
ölkənin beynəlxalq əlaqələrinin
inkişafına layiqli töhfəsini verməklə
yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində
də öz sözünü deyir.
2003-cü
ilin oktyabrından ulu öndərin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
də qanun yaradıcılığı prosesinə dövlət
quruculuğunun mühüm sahələrindən biri kimi
yanaşmış, Milli Məclisin müasirləşməsinə,
maddi-texniki bazasının yüksəlməsinə, iş
üslubunun daha da təkmilləşməsinə
çalışmışdır. 2005-ci il noyabrın 6-da
keçirilmiş üçüncü
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər Azərbaycan
xalqının Heydər Əliyevin siyasətinə
inamının, hörmət və ehtiramının əyani
göstəricisi olmuşdur.
Milli Məclis
daim dövlət başçısına dəstək olaraq
ölkənin yeni inkişaf modelinin hüquqi təminatının
yaradılmasında yaxından iştirak edir. Bu baxımdan
parlamentin fəaliyyətinə qiymət verən Prezident
İlham Əliyev belə demişdir: "Milli Məclis Azərbaycanın
inkişafında çox mühüm rol oynayır. Yeni
qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti
möhkəmlənir və deputatların seçicilərlə
görüşləri çox mütəmadi xarakter alır.
Bu, çox önəmlidir, çünki seçicilərin
qayğıları, onların arzuları ilk növbədə
yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin
fəaliyyətindən çox şey asılıdır.
Bütün görülən işlər, ölkədə
gedən inkişaf meyilləri bir məqsədə qulluq edir:
Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin,
qüdrətli dövlətə çevirmək, sosial ədalət
prinsiplərini tam şəkildə bərqərar etmək və
ölkəmizi müasirləşdirmək."
Bu gün fəxrlə deyə bilərik ki, Milli Məclis
qanun yaradıcılığı sahəsində üzərinə
düşən vəzifələri şərəflə
yerinə yetirir. Parlament insan hüquq və
azadlıqlarının qorunmasına, demokratik proseslərin dərinləşməsinə,
hüquqi dövlət quruculuğuna, ölkə
iqtisadiyyatının inkişafına, əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə xidmət edən
qanun və qərarların qəbul edilməsində mövcud
potensialdan səmərəli istifadə edir.
Hazırda müstəqil Azərbaycanın bütün
sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul
olunmuş Konstitusiya qanunları, məcəllələr,
qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət
və dövlət həyatında yaranan münasibətləri
tənzimləməyə xidmət edir. Milli
Məclis öz fəaliyyətində ulu öndərin dövlətçilik
formuluna sadiq qalaraq milli xüsusiyyətləri nəzərə
almaqla qabaqcıl dünya ölkələrinin təcrübəsindən,
o cümlədən Avropa parlamentarizmi ənənələrindən
bəhrələnməyə xüsusi əhəmiyyət
verir.
Qürurvericidir ki, cənab İlham Əliyev vaxtilə
Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətimizin rəhbəri olduğu dövrdə
formalaşmış parlament diplomatiyası ənənəsi
bu gün deputatlarımız tərəfindən nüfuzlu
beynəlxalq qurumlarda uğurla davam etdirilir.
Bu siyasətin
məntiqi nəticəsi kimi Avropa Şurası Parlament
Assambleyası, BMT-nin Baş Assambleyası, Avropa Parlamenti,
Almaniya Bundestaqı və İtaliya Senatı Dağlıq
Qarabağ problemi ilə əlaqədar qəbul etdikləri qətnamələrdə
ölkəmizin mövqeyini dəstəkləmələrini
misal göstərmək olar. Heydər Əliyev Fondunun həyata
keçirdiyi "Xocalıya ədalət" kampaniyası
çərçivəsində xarici ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatlarımız,
diplomatlarımız və xarici ölkələrə səfər
edən Milli Məclisin deputatları Xocalı
soyqırımının bütün dünyada
tanınması istiqamətində işlər aparır və
artıq Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya, Latviya,
Bosniya və Herseqovina parlamentlərində və ABŞ-ın
yeddi ştatında Xocalı soyqırımına siyasi qiymət
verilmişdir. İslam Konfransı Təşkilatının
üzvü olan 56 ölkənin parlament nümayəndə heyəti
də ötən il yanvarın 31-də
Xocalı faciəsini beynəlxalq səviyyədə
soyqırımı kimi tanımışdır.
Dövlət başçısının xüsusi
tapşırığı və qayğısı ilə Azərbaycan
Respublikası Milli Məclisinin inzibati binası ən
müasir tələblər səviyyəsində əsaslı
təmir olunmuş, onun yeni korpusu inşa edilmiş, eksteryeri və
interyeri əsaslı şəkildə müasirləşmiş,
ətraf ərazidə abadlıq-quruculuq işləri
aparılmışdır. Nəticədə ulu
öndərin yadigarı olan bu möhtəşəm kompleks
hazırda paytaxt Bakının ən modern və görkəmli
tikililərindən biri kimi şəhərimizin qonaqlarında
da xoş təəssürat yaradır. Xüsusi
vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyevin
dövlət və xalq qarşısında misilsiz xidmətlərinin
obyektiv dəyərləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Milli Məclisin foyesində onun
büstü qoyulmuş, parlamentdə "Heydər Əliyev
Muzeyi" yaradılmışdır.
Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi
prosesinə xüsusi qayğı ilə yanaşan dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
əsasında son 6 ildə ölkə həyatı
üçün mühüm əhəmiyyət kəsb edən
çoxlu sayda qanun və qərarlar qəbul edilmiş,
parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da
yüksəlmişdir. Bu gün parlamentdə həyata vəsiqə alan qanunlar hüquqi bazanı möhkəmləndirməklə
yanaşı, Azərbaycan hakimiyyətinin ölkənin
kompleks inkişafına dair həyata keçirdiyi siyasi kursa da
töhfələr verir.
Müstəqil Azərbaycanın sürətli
sosial-iqtisadi inkişaf mərhələsinə qədəm
qoyması və bütövlükdə beynəlxalq aləmə
inteqrasiyasının güclənməsi bir sıra yeni
qanunvericilik aktlarının qəbulunu, əvvəllər qəbul
olunmuş qanunlara əlavələrin və dəyişikliklərin
edilməsini zərurətə çevirir. Bu baxımdan
qətiyyətlə demək olar ki, Milli Məclisin ötən
dövrdəki fəaliyyəti müsbət və uğurlu
olmuşdur.
Azərbaycan
diplomatiyası fəaliyyətini gücləndirərək
BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq
Təşkilatı və digər beynəlxalq təşkilatlar
çərçivəsində ölkəmizin ərazi
bütövlüyünü dəstəkləyən və
Ermənistanın təcavüzkar siyasətini pisləyən
bir çox qətnamələr və qərarlar qəbul edilməsinə
nail olmuşdur. Hazırda ölkəmizin NATO-nun
assosiativ üzvü kimi bu təşkilatla sıx əlaqələrinin
mövcudluğu bu quruma tam hüquqlu üzv
olacağımız günlərin
yaxınlaşdığından xəbər verir. Bütün bu uğurların qazanılmasında
Milli Məclisin də özünəməxsus rolu olmuşdur.
2011-ci
ilin sonunda ölkəmizin BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə qəbul
edilməsi isə, sözün əsl mənasında, əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş çağdaş Azərbaycan
diplomatiyasının yeni qələbəsi, Prezident İlham Əliyevin
yürütdüyü müstəqil xarici siyasətin
dünya birliyi tərəfindən etirafı idi. Prezident
İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi münasibətilə bəyanatında
bu barədə deyilir: "... Biz 20 il ərzində
müstəqil ölkə kimi özümüzü dünyada
təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki,
Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan
dost ölkədir və dostların sayının artması
bizim siyasətimizin təntənəsidir. Bu səsvermə
müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir.
Bu, göstərir ki, 20 il ərzində Azərbaycan
müstəqil dövlət, dünyada böyük
şöhrətə malik olan ölkə kimi özünü
göstərib."
2006-cı
il oktyabrın 2-də Milli Məclisin
payız sessiyasının açılışında
iştirak edən Prezident İlham Əliyev ali qanunverici
orqanın hüquqi dövlət quruculuğu sahəsindəki
fəaliyyətini yüksək qiymətləndirdi. 2007-ci il noyabrın 3-də isə Milli Məclisin
tarixində yeni bir əlamətdar hadisə baş verdi -
parlamentin inzibati binasının 15 mərtəbədən ibarət
yeni korpusunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyevin göstərişi ilə
dünya standartları səviyyəsində inşa olunan bina
vaxtından əvvəl təhvil verildi. Parlamentin
yeni korpusunun istifadəyə verilməsi mərasimində
iştirak edən dövlət başçısı
görülən işləri yüksək dəyərləndirdi.
Bu gün ölkəmizdə aparılan nəhəng
quruculuq işlərindən, əldə edilən uğurlardan
danışarkən qadınların rolunu da xüsusi qeyd etmək
lazımdır. Məhz İlham Əliyevin prezidentliyi
dövründə müstəqillik tariximizdə ilk dəfə
olaraq milli dövlətçilik sistemində birinci xanım
institutu təşəkkül tapdı. Ölkəmizin
əldə etdiyi uğurlar sayəsində Azərbaycan
qadını cəmiyyətin fəal üzvü kimi
çıxış etmək imkanı qazandı. Onlar da dövlətçiliyimizin möhkəmləndirilməsi,
milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin
inkişaf etdirilməsi işinə öz layiqli töhfələrini
verirlər. Bugünkü Azərbaycan cəmiyyətində
birinci xanım institutunun formalaşması Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
adı ilə bağlıdır. Onun
üzərinə götürdüyü böyük missiya
ölkəmizdə qadın hüquqlarının yüksək
səviyyədə təmin edilməsinə əyani
sübutdur.
Mehriban xanım Əliyevanın fəaliyyəti Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasəti uğurla
tamamlayır.
Onun rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun həyata keçirdiyi çoxsaylı layihə və
proqramlar ölkənin birinci xanımına cəmiyyətin
böyük rəğbətini qazandırmışdır.
Onun təşəbbüsü ilə
reallaşan layihələr, yeni tikilən məktəblər,
mədəni irsimizin təbliği ilə bağlı həyata
keçirilən layihələr milli genofondun qorunub saxlanılmasına,
inkişafına, gənc nəslin fəal vətəndaş
kimi formalaşmasına xidmət edir.
Ölkəmizdə bütün sahələrdə gedən
inkişaf prosesindən danışarkən, 2010-cu ildə Azərbaycanda
Dövlət Bayrağı Meydanının tikilərək
istifadəyə verilməsini xüsusi qeyd etmək istərdim. Bu meydanda
ucaldılmış Azərbaycan bayrağı dünyanın ən
yüksək bayrağı olmaqla yanaşı, həm də
ölkəmizin inkişaf rəmzinə çevrilmişdir.
Bu gün Azərbaycanın qazandığı müsbət
imic sayəsində ölkəmizin paytaxtında
çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi
artıq adi hala çevrilmişdir. 2011-ci ildə
"Eurovision" mahnı müsabiqəsində gənclərimizin
parlaq qələbəsi isə Avropa ölkələrinin Azərbaycan
mədəniyyətinə verdiyi yüksək qiymətin təzahürü
olmaqla yanaşı, 2012-ci ildə bu möhtəşəm
yarışmanın ölkəmizdə keçirilməsi
şansını bizə nəsib etdi.
Avropa
Olimpiya Komitəsinin (AOK) Romada keçirilən iclasında
2015-ci il I Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi barədə qərarın qəbul
edilməsi isə ölkəmizin sürətli
inkişafının Avropada etirafı kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizin 2020-ci ilin Yay Olimpiadasının ev sahibliyinə iddia etməsi Azərbaycanda
idmanın inkişaf səviyyəsinin göstəricisidir.
Uğurlarımızdan
danışarkən bu il fevralın 8-də
Azərbaycanın "Azərspace-1" ilk telekommunikasiya
peykinin uğurla orbitə buraxılmasını xüsusi qeyd
etmək lazımdır. Bu, ölkəmizin tarixində ən əlamətdar
hadisələrdən biri olmaqla yanaşı, ölkəmizdə
telekommunikasiya sahəsinin və informasiya
texnologiyalarının sürətli inkişafından xəbər
verir. Bu peyk həm Azərbaycanın, həm də Şərqi
Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region
ölkələrini əhatə etməklə böyük
arealda insanların telekommunikasiyaya olan tələbatını
ödəyəcəkdir.
Müstəqil
dövlətimizin parlamentinin keçdiyi yola nəzər salarkən
qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan
dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin
böyük uzaqgörənliklə
formalaşdırdığı parlamentarizm ənənələri
illər keçdikcə daha da möhkəmlənir və zənginləşir.
Hüquqi, demokratik dövlət quruculuğu prosesındə
yaxından iştirak edən Milli Məclis ölkə həyatının
müxtəlif sahələrində ictimai münasibətləri
tənzimləyən müasir ruhlu qanunlar, qərarlar qəbul
edir, ölkəmizin taleyüklü məsələlərində
daim prinsipiallıq nümayiş etdirir. Parlamentimiz Heydər Əliyev
ideallarına sadiq qalaraq hər bir məsələdə məhz
ölkə vətəndaşlarının mənafeyini uca
tutur, yeni qanunların insanların rifahının yüksəlməsinə
və maraqlarının qorunmasına xidmət etməsi
üçün əlindən gələni əsirgəmir. Əminəm
ki, Milli Məclis bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə vüsət alan inkişaf prosesinin
qanunvericilik bazasının möhkəmləndirilməsi
üçün əzmlə çalışacaq, ölkəmizin
yeni-yeni uğurlara imza atmasına bundan sonra da öz dəyərli
töhfələrini verəcəkdir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.-2013.- 10 may.- S.5.