Dahi xilaskar, böyük qurucu

 

Bəşəriyyətə mənsub olan ən böyük nemətlər sırasında tarixi şəxsiyyətlər həlledici yer tutur. Xalqların və bütövlükdə dünyanın tarixi dahi insanların ideyaları və fəaliyyətinin məhsuludur desək, yəqin ki, həqiqəti əks etdirmiş olarıq. Bir növ, tarix özü dahilərin fikirləri və bəşəri əməllərinin təcəssümü kimi çıxış edir.

Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı - ayrı dövrlərin inkişaf meyillərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir.

Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının ümummilli lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub.

Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır. Azərbaycanın çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu ayrıca qeyd olunmalıdır.

Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahı müasirləri olduğumuz dövrə təsadüf edir. Ötən əsrin 70-ci illərindən başlayan unikal inkişaf və yüksəlişdən tutmuş müstəqil Azərbaycan dövlətinin yaranmasınadək mahiyyət etibarilə əzəmətli epoxa məhz Heydər Əliyevin qurtuluş və quruculuq missiyasının məhsulu sayıla bilər.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir. Bu nümunə həm də ona görə xüsusi əhəmiyyətə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolunu əks etdirən nəzəriyyə özünün təsdiqini tapmış olur.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, yeni inkişaf parametrləri kəsb edərək əslində, özünün yeni mərhələsinə qədəm qoymuşdur.  O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü ilin oktyabrında ölkədə keçirilən növbəti prezident seçkisinin nəticələri, Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir.

Azərbaycanın və Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsində deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasında tapır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da, öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, tam haqlı olaraq qədim və zəngin tariximizin müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi qiymətləndirilə bilər.

Bir qayda olaraq böyük tarixi şəxsiyyətlərin rolunu onların yerinə yetirdiyi missiyaya tam adekvat şəkildə qiymətləndirmək həmişə çətin olur. Dünya miqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradır. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.

Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü  müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsini özündə ehtiva edir. Azərbaycanın böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməsi ölkənin inkişafının sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü bürüzə verirdi. 1970-80-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da, artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır.

Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliliyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin quruculuq missiyasının təntənəsi kimi müasir Azərbaycanın yaradılması deməkdir.

Heydər Əliyev şəxsiyyətinin və onun tarixi xidmətlərinin əhatəli təhlili bir daha məlum sosioloji qanunauyğunluğu təsdiqləyir ki, xalqlar böyük zəka sahiblərinə həmişə ehtiyac duyur, çünki onlarsız tərəqqinin yeni-yeni mərhələlərini fəth etmək qeyri-mümkündür. Yalnız dahi insanların sayəsində tarixi inkişafa yeni nəfəs gətirilir, həyatın ayrı-ayrı sahələrində, müstəsna hallarda isə bütövlükdə milli yüksəlişin hərəkətverici qüvvəsi olan cəsarətli ideyalar meydana gəlir. Bəşəriyyətın tarixinə nəzər salınsa müşahidə etmək çətin deyildir ki, heç bir xalqın taleyində əzəmətli sıçrayışlar şəxsiyyət feqmenti kimi fundamental amilin iştirakından kənarda baş verməmişdir.

Azərbaycanın müstəqil dövlətçilik tarixini tam cəsarətlə xalqın taleyində şəxsiyyətin müstəsna roluna ibrətamiz nümunə olaraq göstərmək mümkündür. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan diqqətəlayiq uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Əksinə, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır.

Xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları əhəmiyyətli təkamül mərhələsi keçərək, XX əsrin son onilliklərində Heydər Əliyevin fəaliyyətində Azərbaycanın milli yüksəlişinin məfkurə əsası kimi özünü büruzə vermişdir. Bunun əyani misalını sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımlarda görmək o qədər çətin deyil. Heydər Əliyev ona xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Məhz bunun sayəsində xalqın özünə inamı arta bilər ki, bu da öz növbəsində, milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha  dərindən alovlandırmaq qüdrətinə malikdir. Bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində əvəzsiz rol oynadığını ayrıca vurğulamamaq ən azından ədalətsizlik olardı. Digər tərəfdən, unudulmamalıdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə deyilsə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir ki, bu da atılan addımların milli məfkurə məna tutumuna malik olduğuna heç bir şübhə yeri qoymur. İqtisadiyyatın inkişafının formalaşdırdığı milli özünəinam hissləri mədəni-mənəvi inkişafın yaratdığı milli özünüdərk və özünüifadə istəkləri ilə tamamlanaraq əslində, müstəqillik məfkurəsinin gündən-günə möhkəmlənən nüvəsini əmələ gətirirdi. 1977-ci ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi yuxarda irəli sürülən tezisi təsdiqləmək gücündə olan çoxsaylı dəlillərdən biri sayıla bilər.

Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi milli məhkurəvi rol oynamasını da, düşünürəm ki, diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Milli lider Heydər Əliyevin dünyanın iki super dövlətlərindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü-özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.

Sadalanan tezisləri cəm edərək tam əminliklə söyləmək mümkündür ki, bir yandan Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu. Məhz bunun sayəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdi. Azadlıq hərəkatının çox müxtəlif istər rəsmi, istər qeyri-rəsmi səviyyələrdə artıq o zaman istefada olan Heydər Əliyevin adı ilə əlaqələndirilməsi də öz növbəsində, irəli sürdüyümüz fikrin təsdiqinə xidmət edən parametrlərə sahib olduğunu göstərir. Onu da vurğulamağa dəyər ki, Heydər Əliyev fenomenini geniş vüsət almış azadlıq hərəkatından ayırmaq cəhdləri nəticə etibarı ilə bu təşəbbüs tərəfdarlarına təsəlli yaradacaq sonluğa gətirib çıxartmadı. Etiraf etmək lazımdır ki, Heydər Əliyevin adı və şəxsiyyəti azadlıq hərəkatını həvəsə gətirən və ona əlavə güc verən fenomen kimi qətiyyətlə qəbul olunurdu.

Heydər Əliyev fenomeninə, xüsusilə də, onun xilaskarlıq missiyasına tələbat Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan bu ideyanın təsiri altına düşür və dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhvələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə təminatı ola bilər. Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyə dönməzlik immunitetinə sahib çıxa bilər. Qətiyyətlə iddia etmək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi çağdaş tariximizə əslində, müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi, sözün həqiqi mənasında, Heydər Əliyevə qayıdış və əlbəttə, Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq  üçün Heydər Əliyevə qayıdışa, qazanılmış müstəqilliyi dönməz milli sərvətə çevirmək üçün isə Heydər Əliyevin qayıdışına möhtac idi. Beləliklə, Heydər Əliyevin xilaskarlıq missiyası meydana gəlmiş oldu.

Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi ideologiyasının əsas aparıcı qüvvəsinə çevrilmişdi.

Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan məfkurə prinsipindən daha populyar ideyası olaraq qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək lazımdır ki, haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyası əslində, ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqələrini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı.

Qeyd etməyi lazım bilirəm ki, Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, bu fenomen Heydər Əliyevin xilaskarlıq missiyasında özünün ifadəsini tapır. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı.

Azərbaycanın müasir tarixinin real təhlükələrin altında sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin.

Qeyd etməyə dəyər ki, Heydər Əliyev Azərbaycan xalqının ən təhlükəli anlarda öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərəfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Bütün bunların fonunda, Heydər Əliyevin tarixi qayıdışının yaratdığı ən mühüm  yenilik, fikrimizcə, insanların gələcəyə inamsızlığının tədricən və  inamla aradan qalxması sayılmalıdır. Məhz bunun sayəsində insanların Heydər Əliyevin xilaskarlıq missiyasının özünü bütünlüklə doğrultduğuna inamının formalaşdığını düşünmək üçün ciddi əsaslar mövcuddur.  Heydər Əliyevin xilaskarlıq missiyası ilk növbədə, xalqın ona inamına istinad etdiyindən, bu inamın formalaşması onun tarixi missiyasının təntənəsi hesab edilməlidir.

Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Heydər Əliyevin baxışlarına görə, onun tarixi missiyası heç də ölkəni titrədən təhlükələri dəf etməkdən ibarət deyildi. Əslində, Heydər Əliyev Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılmasında görürdü. Başqa sözlə, Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə, elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirərək Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu bəyan etmək mümkün olsun. Buna görə, müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsasların yaradılması demək idi.

Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Məhz onun sayəsində Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət yürütmək şansı qazana bilər, iqtisadiyyatını dirçəltmək, genişmiqyaslı sosial layihələri həyata keçirmək üçün güclü dəstək əldə edə bilərdi. Bu gün inamla deyə bilərik ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə qorunması, beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hiss olunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin  möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığını Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ, bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı."

Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin başının üstünü almış təhlükələr və total böhran separatçı meyillərlə müşayiət olunmaqla daha da dərinləşərək əslində, Azərbaycanı real parçalanmaq həddinə çatdırmışdı. Ölkə üçün üzləşdiyi təhdidlərin ən təhlükəlisi olan separatizmin dəf edilməsi ifrat dərəcədə zəifləmiş mərkəzi hakimiyyət şəraitində yalnız və yalnız ümumi birləşdirici ideya əsasında mümkün idi. Və təbiidir ki, belə bir ideya yalnız Heydər Əliyevin zəkasından qaynaqlana  bilərdi. Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin tarixi qayıdışının Azərbaycan gerçəkliyinə gətirdiyi ən dəyərli və gərəkli ideya olduğunu vurğulamaq, əslində, bir daha onun böyüklüyünü etiraf etməkdir. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik, sözün həqiqi mənasında, həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdarlıq hissi yaradır.

Beləliklə, Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Möhtəşəm xilaskarlıq, əzəmətli quruculuq missiyasının gözəl bəhrəsi meydana gəldi.

Sadalananların fonunda vurğulanması vacib sayılan həqiqətlərdən biri odur ki, Heydər Əliyevin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə - quruculuq missiyası ilə qoşa addımlamışdır. Əslində, bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin miqyasının ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcudluğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir.

Xilaskarlıq missiyası Heydər Əliyev şəxsiyyətinin gücünün və qətiyyətinin ifadəsi kimi özünü büruzə verir. Ulu öndərə xas olan gücün mənbəyi onun şəxsi keyfiyyətlərinə bağlı olduğu qədər də xalqdan qidalanırdı. Heydər Əliyevin xilaskarlıq missiyasının əsasında dayanan güc xalqın gücü, iradə isə xalqın iradəsi şəklində təzahür etməklə əzəmətli amilə çevrilirdi.

Heydər Əliyevin xilaskarlıq missiyası, eyni zamanda, onun quruculuq missiyasının gerçəklənməsinə əlverişli zəmin hazırlamaq vəzifəsinə xidmət edirdi. Bu mənada quruculuq missiyası xilaskarlıq missiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər.

Əgər Heydər Əliyevin xilaskarlıq missiyasında onun şəxsiyyətinin gücü və qətiyyəti üzə çıxırdısa, quruculuq missiyası müdrikliyi, uzaqgörənliyi və yaradıcı başlanğıcı əks etdirirdi. İstər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, istərsə də prezidentliyi dövründə həyatımızın çox müxtəlif sahələrində həyata keçirilən əzəmətli quruculuq layihələri ulu öndərin yaradıcı başlanğıcının əzəmətindən xəbər verir.

Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dar tarixi çərçivələrə sığan hadisə kimi qavranılmır. Azərbaycanın müasir tarixi, xüsusən, bu tarixin ulu öndərin vəfatından sonra keçən hissəsi təsdiq edir ki, həmin missiya və ya onun yaratdığı gerçəkliklər real siyasi amil olaraq qalmaqdadır.

Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına və onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinə bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı deyilənin əyani təsdiqi hesab oluna bilər.

Heydər Əliyev strategiyasının müasir inkişafın ideya əsası rolunda çıxış etməsi hər şeydən əvvəl, onun universal mahiyyətindən irəli gəlir söyləsək, yəqin ki, səhvə yol vermərik. İkinci bir tərəfdən, bu strategiya ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən böyük perspektiv üçün nəzərdə tutulub.

Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası onun xilaskarlıq və quruculuq missiyasının kökündə dayanan ideyaların  praktik fəaliyyətə transformasiya edərək bu gün insanların davranışını stimullaşdırdığını sübuta yetirir. Xilaskarlıq missiyasının ortaya qoyduğu real müstəvidə inkişaf, quruculuq məfkurəsi müasir Azərbaycanın yüksəliş fəlsəfəsində özünü büruzə verir.

Heydər Əliyevin formalaşdırdığı quruculuq məfkurəsi üç fundamental başlanğıca istinad edir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitə kimi çıxış edir.

Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial-siyasi və milli-mənəvi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir, bu da özü-özlüyündə güclü dövlət anlamını verir. Heydər Əliyevin qurduğu və onun layiqli davamçısı Prezident İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan dövləti məhz bu parametrlərlə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təxirəsalınmaz tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımların məntiqi bununla izah oluna bilər.

İnkişafa xidmət edən ideyalar sisteminin həyatın gerçəkliyinə çevrilməsi daha bir vacib faktordan bilavasitə asılıdır. Bu, heç şübhəsiz, lider faktorudur. Məhz yeni dövrün yetişdirdiyi lider ideyanın bütün əzəmətini dərk etmək və onu yeni şəraitə maksimum uyğun olaraq gerçəyə çevrilmək qüdrətinə sahib olur. Heydər Əliyevdən sonrakı dövrün belə bir fenomenal liderinin İlham Əliyev olduğu artıq özünü qəti şəkildə təsdiqləyə bilmişdir. İlham Əliyevin liderlik missiyasının nüvəsini Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasının məntiqi davamı kimi qavranılması hər şeydən əvvəl, bununla əlaqədardır. Eyni zamanda, o da qeyd olunmalıdır ki, İlham Əliyevin müasir Azərbaycan siyasətində bir qüdrətli fenomen olaraq meydana çıxması mahiyyət etibarı ilə Heydər Əliyev siyasətinin sadəcə davamı deyil, onun yeni keyfiyyət halında inkişaf etdirilməsidir. Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan xilaskarlıq və quruculuq missiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır.   

Zəngin və qüdrətli Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunmalıdır. Bu, özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdaifiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycan deməkdir. Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti siyasi və hərbi gücə transformasiya etməkdədir. Deməli, zəngin və qüdrətli Azərbaycanın qəti şəkildə formalaşmasının mühüm şərtlərindən olan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq siyasi nüfuz və hərbi güc amili özünü daha aydın şəkildə büruzə verməkdədir.

Adı Azərbaycanın tarixinə dahi xilaskar və böyük qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəklərində təzahür edir.

 

 

Əli ƏHMƏDOV,

Milli Məclisin deputatı, Yeni Azərbaycan

 Partiyası sədrinin müavini - icra katibi

 

Azərbaycan.-2013.- 10 may.- S.6.