Milli intibahı təmin edən modern idarəetmə strategiyasının banisi

 

Tarixi təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında duruş gətirərək milli inkişafın əsasına çevrilir. Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin episentrində məhz lider və şəxsiyyət amili dayanır. Xalqlarının milli inkişaf yolunun banisinə çevrilən belə liderlər həm də pozitiv rakursda siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Hələ ötən əsrin 60-cı illərinin sonunda  ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini üzə çıxarmaq, gələcək müstəqilliyinə etibarlı zəmin yaratmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın daşlaşmış milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır.

Tarixçilər etiraf edirlər ki, böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük rəhbərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Bu nöqteyi-nəzərdən, Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Böyük strateq respublikaya birinci rəhbərliyi dövründə bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadufi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir. Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan  350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Ulu öndər son dərəcə işgüzar olduğu qədər, həm də tələbkar rəhbər kimi xatırlanır. Ölkə rəhbəri həmin illərdə tez-tez bölgələrdə olur, sadə zəhmət adamları ilə görüşür, onlarla söhbətləşir, problemlərinin yerindəcə həlli üçün addımlar atır, ədalətsizliyə və məsuliyyətsizliyə yol verən məmurları sərt şəkildə cəzalandırırdı. Həmin illərdə yüksək ixtisaslı kadr kimi yetişərək bu gün də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar ulu öndərin ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması, qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsindəki qətiyyətli və prinsipial addımlarını yüksək ehtiramla xatırlayırlar. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi.

Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.

Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Heydər Əliyev sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Ümummilli lider yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir. Həmin çıxışda bir çox maraqlı məsələlərə toxunan Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan filosofu Bəhmənyarı və digər adları qadağan edilən insanları yada salmışdır. Bir faktı da qeyd edək ki, həmin dövrədək BDU-nun yalnız onillik yubileyi (1929-cu il) keçirilmişdi. Sonrakı illərdə belə əlamətdar hadisələrin qeyd olunmasına o qədər də əhəmiyyət verilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ildə ümummilli liderin təşəbbüsü ilə 50 illik yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin böyük və əlamətdar mərhələsini təşkil etmişdir. Təhsil ocağının fəaliyyətinin ən məhsuldar dövrü də Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci mərhələsinə təsadüf etmişdir. Ulu öndər universitetin 50, 60, 75, 80 illik yubiley komissiyalarının sədri olmuş, onun fəaliyyətini yüksək dəyərləndirmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtaran ümummilli lider BDU-da layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Böyük strateq universitetə hər zaman müqəddəs məbəd kimi baxmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması məqsədilə yeri gələndə, hətta sərt addımlardan belə çəkinməmişdir. 1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasının qarşısını almışdır.  Bununla da, təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara son qoyulmuşdur.

2000-ci ilin iyul ayında - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşən ümummilli lider Heydər Əliyev bu qərarını xatırladaraq demişdir: "Vaxtilə mən ali məktəblərə tələbə qəbulunda rüşvətxorluğa qarşı mübarizə aparırdım. Məsələn, 1970-ci illərdə nəyi gördüm? Bizim dövlət universitetinin hüquq fakültəsi var. O vaxt həmin fakültətəyə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs, o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt o cümlədən tarix və şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən, hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim".

Ulu öndər BDU-nun 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək geniş təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə təhsil ocağının beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndərin himayəsi və qayğısı sayəsində universitetin 40-dan çox müəllimi xarici ölkələrə pedaqoji işə göndərilmişdir. 300-dən çox müəllim və tələbə Asiya və Afrika ölkələrində tərcüməçi işləmiş, 30 müəllim və elmi işçi Avropa, ABŞ və Yaponiyada elmi ezamiyyətdə olmuşdur.

Həmin dövrdə ulu öndərin diqqət və qayğısı ilə universitetin maddi-texniki bazası, iş şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, yeni ixtisaslar üzrə fakültələr, kafedralar açılmış, kabinet və laboratoriyaların sayı 115-i keçmiş, 15 ixtisaslaşmış laboratoriya yaradılmış, təhsil ocağının ikinci korpusu tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, professor-müəllim heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, onların yeni mənzillərlə təminatına xüsusi diqqət yetirilmişdir.

Təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 15 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə müxtəlif ixtisaslara yiyələnmiş kadrlar bu gün Azərbaycanda müasir  dövlət quruculuğu prosesində yaxından iştirak edirlər.

1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi ulu öndərin böyüklüyünün və müdrikliyinin İttifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Beş il ərzində Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi və mədəni prosesləri Moskvadan müşahidə etsə də, ildə azı bir dəfə Vətənə gələrək insanlarla görüşmüş, respublikanın daxili həyatı haqqında daha səhih məlumatlar almağa çalışmışdır. Ulu öndər son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycan haqqında məlumatlarla daim maraqlanmışdır. İmkan taparaq Moskvada yaşayan azərbaycanlılarla, həmçinin vaxtilə özünün bu şəhərə ali təhsil almağa göndərdiyi azərbaycanlı gənclərlə görüşmüş, onların üzləşdikləri problemlərin həllinə kömək göstəmişdir.

Ümummili lider Moskvada işlədiyi illərdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Bu mövqeyinə görə 1987-ci ildə Kremldən uzaqlaşdırılan böyük öndər özünəməxsus təmkinlə Sov.İKP MK-nın üzvlərinə və M.Qorbaçova demişdi: "Siz Heydər Əliyevə nöqtə qoymağa qətiyyən tələsməyin. Mən hələ qayıdacağam və öz sözümü deyəcəyəm".

Sonrakı dövrdə ulu öndər Heydər Əliyevin Ermənistanın ərazi iddiaları ilə üzləşmiş Azərbaycanın haqlı mövqeyinin müdafiəsi sahəsində verdiyi bəyanatlar, nümayiş etdirdiyi əzmkar mövqe bir daha təsdiqlədi ki, bu böyük Azərbaycan oğlunu həqiqəti deməkdən çəkindirmək, susdurmaq mümkün deyildir. 1990-cı ilin 20 yanvarında - süqut ərəfəsində olan sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətə qarşı ilk reaksiya da məhz Heydər Əliyevdən gəlmişdir: Azərbaycanın ciddi informasiya blokadasına salındığı bir zamanda - faciənin ertəsi günü ailəsi ilə birgə respublikanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər imperiyanın ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra prinsipial addımlar atmışdır.

Tarixən böyük siyasi liderlər ən böhranlı, çətin anlarda məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti yəqin heç zaman xatirələrdən silinməyəcək. Tale 1993-cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəmişdir. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi lider kimi gücü və qüdrəti, ilk növbədə, onun elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Dahi rəhbər hakimiyyətə gəldiyi ilk gündən müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş dövlətimizi qısa müddətdə regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin prioritetləri hüquqi kontekstdə göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlülüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır. Əsas Qanunun 16-cı maddəsinin I hissəsində göstərilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında, həmçinin hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.

Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında vurğulandığı kimi, "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".

Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan elm və təhsil kimi strateji sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Böyük strateq yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında isə fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində elmin, ali təhsilin əsas mərkəzlərindən olan Bakı Dövlət Universitetini qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. 1994-cü ildə BDU-nun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Ümummilli liderin yubiley mərasiminə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyən ulu öndər Heydər Əliyev BDU-ya rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr də müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə universitetin 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da həmin diqqətin əyani təzahürü olmuşdur.

Ulu öndərin əsasını qoyduğu siyasəti ötən 10 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi siyasət inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Möhtərəm Prezident İlham Əliyevin dövlət başçısı olaraq bu və digər uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olmasıdır. Əgər yeni ictimai inkişaf mərhələsinə keçidin birinci fazası kommunist ideologiyasından imtina edilməsini və sosialist iqtisadi münasibətlərindən qarışıq bazar iqtisadiyyatına keçilməsini nəzərdə tuturdusa, ikinci faza həmin bu sinkretik ictimai-iqtisadi sistemin bazasında Qərb standartlarına uyğun islahatların davam etdirilməsini, vətəndaş cəmiyyətinə keçilməsini nəzərdə tutur. Yəni, birinci keçid dövründə sosializm cəmiyyətinin, dövlət iqtisadiyyatının, kommunist ideologiyasının xüsusiyyətlərini yaxşı bilmək, yeni iqtisadi münasibətlərə sosializm dönəmində əldə olunmuş nailiyyətlərin dağıdılmasına yol vermədən keçmək tələb olunurdusa, sonrakı mərhələdə bazar iqtisadiyyatının özünü yaxşı mənimsəmək, sahibkarlığın xüsusi çəkisini artırmaq, orta təbəqəni möhkəmləndirmək və vətəndaş cəmiyyətinə keçidi təmin etmək üçün sosial-iqtisadi baza yaratmaq, habelə bu irəliləyişi siyasi-hüquqi müstəvidə təsbit etmək, yeni imkanlardan maksimum səmərəli istifadə şəklində yararlanmaq tələb olunur. Prezident İlham Əliyev məhz belə bir missiyanı üzərinə götürmüşdür və ardıcıl surətdə yerinə yetirir.

Avropa dəyərləri, müasirlik dedikdə, həm də demokratikləşmə, plüralizm və s. ilə yanaşı, həm də peşəkarlığın ön plana çəkilməsi, işçilərin siyasi fəallıq görüntüsünə görə yox, məhz peşəkarlıq xüsusiyyətlərinə görə seçilməsi nəzərdə tutulur. Bu baxımdan Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, habelə ümumtəhsil məktəblərində kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsilə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti  yeridir və dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır. Son illər respublika iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha uğurlu islahatlar aparmağa imkan yaratmışdır. Bütün bunlar eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Dövlət başçısı milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirərək  özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bakı Dövlət Univevrsitetinin professor-müəllim, tələbə heyəti yaxşı bilir ki, demokratik, qüdrətli, modern Azərbaycanın qurulması üçün bizi Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

 akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 10 may.- S.8.