Azərbaycan tibb elmi və
təhsilinin böyük hamisi
Azərbaycan
səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili
sisteminin dərin köklərinin, möhkəm
dayaqlarının olması XX əsrin ikinci yarısında
özünü daha bariz şəkildə göstərməyə
başlamışdır. Onların kökləri əsrlərin,
qərinələrin, illərin köksündə məskən
salaraq görkəmli şəxsiyyətlərin, müdrik
insanların uzaqgörən düha sahiblərinin
dayağına arxalanıb.
Belə
dayaqlar içərisində uzunmüddətli bir dövr
üçün bütün sahələrdə olduğu
kimi, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və
tibb təhsili sisteminin də bütün
ağırlıqlarını öz çiyinləri üzərinə
götürərək onu inkişaf etdirən və onun gələcək
perspektivlərini müəyyənləşdirən dahi Heydər
Əliyev dəst-xətti, Heydər Əliyev qüdrəti
öz möhtəşəmliyi ilə kəskin surətdə
seçilir və bənzərsizliyi ilə fərqlənir.
Ona görə də müasir Azərbaycan
Respublikasının memarı olan Heydər Əliyev
ideyalarının dəyərli nəticələri Azərbaycan
tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin
də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu
öndərin dünyəvi ideyalarına söykənən
siyasət əbədidir, həmişəyaşardır,
qaranlıqlara nur çiləyən sönməz mayakdır.
1969-cu il
iyul ayının 14-də ulu öndər Heydər Əliyevin
ilk dəfə Azərbaycan SSR KP MK-nın birinci katibi
seçildiyi dövrdə respublikamızda əhali arasında
xoş əhval-ruhiyyəli canlanma, gələcəyə
nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm
sürməkdə idi. Azərbaycan xalqının bütün
zümrələrindən olan insanların bu seçimə
ürəkdən sevinməsinin əsas səbəbi
onların Azərbaycana rəhbərliyə gəlmiş bu
fövqəladə insana sözün həqiqi mənasında
inanması, ona ümid çırağı kimi baxması
idi. Çox keçmədi ki, milli lider zirvəsinə
yüksələrək dünya siyasətçiləri
sırasında öncül mövqeyə çıxan dahi
Heydər Əliyev fenomeni ona bəslənən ümidləri
doğruldaraq əsl xariqələr yaratmağa başladı.
Xalqın öz liderinə, onun möhtəşəm
ideyalarına olan inamının geniş vüsət alması
ulu öndər tərəfindən yerinə yetirilən əməli
tədbirlərə, onun gərgin fəaliyyətinin əyani
nəticələrinə əsaslanırdı.
Ümummilli
lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda
xalq təsərrüfatının bütün sahələrinin
inkişafını həmahəng surətdə
ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə
sədd yaradan keçmişdən miras qalmış maneələri,
lüzumsuz stereotipləri inamla aradan qaldırırdı. Onun
düşünən beyni sanki istirahət bilmədən daim
fəaliyyət göstərərək Azərbaycanın gələcəyi
naminə yeni-yeni ideyaların, yeni-yeni layihələrin plan və
proqramlarını hazırlayır və dərhal da
onların zəruriliyini hiss edib həyata keçirilmələrinə
şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi
müasir islahatların tətbiqi və həyata keçirilməsi
meydanına çevrilmişdi.
O vaxtlar
Azərbaycan Respublikasının SSRİ-nin tərkibində
olmasına baxmayaraq ulu öndər çəkinmədən,
heç nədən və heç kimdən ehtiyat etmədən
müstəqil addımlar atıb, Azərbaycanın demokratik
islahatlar texnologiyasının mühərrikini özünəməxsus
bacarıqla işə salır, böyük məharətlə
idarə edirdi. O, bütün bunları diplomatik prinsiplər əsasında
yerinə yetirərkən Moskva da onun ideyalarının məhsulu
olan yenilikləri, Azərbaycanın rifahına yönəlmiş
islahatları, Azərbaycanın inkişaf ritmini
alqışlamaq məcburiyyətində qalırdı. O
dövrdə Moskvada çıxan "Literaturnaya qazeta"da
çap olunmuş "Qoy ədalət zəfər
çalsın" məqaləsi nəinki keçmiş
Sovetlər İttifaqı miqyasında, eləcə də
bütün dünyada böyük rezonans doğurmuşdu.
Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan və
Heydər Əliyev ifadələri birlikdə daha tez-tez səslənirdi.
Moskvanın tibb təhsili müəssislərində
mühazirə oxuyan professor Metelitsa kimi filosof-pedaqoqlar,
alim-professorlar öz çıxışlarında Heydər Əliyevdən
sitatlar gətirir, onun təcrübəsinin geniş
yayılmasını tövsiyə edirdilər.
Ulu
öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın
səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən
olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim
diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə
tibb üzrə xarici mütəxəssislərin diqqətini
Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər
arasında əlaqə yaratmağa
çalışırdı. Bununla o, respublikamızın səhiyyə
sahəsində mövcud olan özünə qapanıb qalma
durğunluğunun aradan götürülməsinə səy
göstərirdi və böyük müvəffəqiyyətlə
buna nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu,
70-ci illərinin əvvəllərindən etibarən tibb
üzrə beynəlxalq qurultay, simpozium, konqres və
konfransların Bakıda keçirilməsini təşkil edən
Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o
cümlədən tibb elmi və tibb təhsili sahələrinin
beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə
olduğu kimi, bu sahələrin də dayanıqlı və
sabit inkişafının təmininə əlverişli şərait
yaradırdı.
XX əsrin
70-ci illərinin əvəllərindən etibarən ulu
öndərin təşəbbüsü ilə hər il
yüzlərlə gənc keçmiş Sovetlər
İttifaqının ən mötəbər ali məktəblərində
müxtəlif peşələr və müxtəlif ixtisaslar
üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin
kadr hazırlığının təmininə istiqamətlənmiş
uzaqgörən siyasətin həyata keçirilməsi demək
idi. O, gənclərin təhsilinə, işlə təmininə,
hərtərəfli inkişafına, onların
dünyagörüşünün, beynəlxalq əlaqələrinin
artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə
inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə,
fiziki və əqli cəhətdən sağlam böyümələrinə
xüsusi diqqət yetirirdi. O, "Gənclər bizim gələcəyimizdir"
- dedikdə Azərbaycanın gələcəyinin
ağıllı, savadlı, bacarıqlı gənclərin əlində
olmasını arzulayırdı. O bilirdi ki, gənclər cəmiyyətin
gələcəyidir. Hər bir ölkədəki cəmiyyətin
səviyyəsini müəyyənləşdirən gənclərdir.
Heydər Əliyev deyirdi ki, "Dövlətimizin gələcəyi
bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən
asılıdır". Hər bir ölkənin istər
intellektual, istər mədəni, istər elmi, istər siyasi,
istərsə də idarəçilik, dövlətçilik
səviyyəsi onun gənclərinin səviyyəsi ilə
ölçülür. Bütün bunları incəliklərinə
qədər bilən, hətta onların görünməyən
tərəflərini belə görə bilən ulu öndər
gənclərin təhsilinə, tərbiyəsinə,
ictimai-siyasi baxışlarına diqqət yetirərək,
onların inkişafına geniş şərait
yaradırdı. Bununla o, XXI əsrin yüksək səviyyəli
insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin,
azərbaycançılıq, vətənpərvərlik
duyğularımızın saflığına,
ucalığına, səmimiliyinə
çalışırdı. Atalar deyir ki, "Dostunu mənə
göstər, sənin kim olduğunu deyim", müdrik atalar
məsəlinə bu kontekstdən və müdrik Heydər Əliyev
baxışından yanaşaraq deyə bilərik ki, "Gənclərini
mənə göstər, sənin hansı səviyyəli cəmiyyətə
mənsub olduğunu deyim". Bu baxımdan Heydər Əliyev
Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura
bilən, onu müasir tələbatların bütün
atributları ilə beynəlxalq miqyasda təmsil etməyə
qadir olan, vətəni, milləti göz-bəbəyi kimi
qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən
üstün tutmağa hazır olan gənclər ordusunun təməlini
qoydu. Ölkəmizin hər yerində, hər sahəsində
olduğu kimi, səkkiz minə yaxın tələbə-gənci,
dinləyicisi olan Azərbaycan Tibb Universitetində də bu təməl
indi son dərəcə möhkəm və əzəmətli
görünür. Bu təməl öz möhkəmliyini,
öz əzəmətini gələcəkdə daha da
artıracaq, Azərbaycanın başını daim ucalara
qaldıracaq, ona ləyaqətlə xidmət edəcəkdir.
Ulu
öndər gənclər haqqında düşündüklərini
ardıcıllıqla həyata keçirə bildi. Onun ölkəmizdə
yaratdığı müxtəlif növ gənclər təşkilatı
öz miqyasını genişləndirmiş və hazırda
yüzlərlə belə təşkilatlar
yaradılmışdır. Heydər Əliyev
dühasının uzaqgörən siyasətinin süzgəcindən
süzülən ideyaların ən möhtəşəm
uğurlarından biri də ondan ibarət oldu ki, o, Azərbaycana
İlham Əliyev kimi gənc Prezident bəxş etdi. Ulu
öndərin xalqımız tərəfindən bəyənilən
və dəstəklənən iqtisadi-siyasi kursu hazırda
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə davam etdirilir.
Heydər
Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər
indi Azərbaycanda aparıcı mütəxəssislərə
çevriliblər. Onun qoyduğu xoşniyyətli təməllərin
bəhrəsi Azərbaycan Tibb Universitetinin həyatında da
özünü göstərir. Bu ali təhsil ocağı
yarandığı gündən həmişə milli kadr
qıtlığından əziyyət çəkib. Lakin indi
tam əminliklə demək olar ki, Azərbaycanda tibb sahəsinin,
səhiyyənin bütün sahələri üzrə
çox sanballı, yüksək səviyyəli milli kadrlar
yetişib və onlar da öz məktəblərini yarada biliblər.
Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis
məktəbləri yaratmaq o qədər də asan məsələ
deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində
yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində,
tibb elmi sahəsində bu cür fundamental məktəblər
yaranıbsa, demək Heydər Əliyev ideyalarının
çiçəklənməsi barədə
danışmağa haqqımız var.
İndi
Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə,
hətta dünyanın bir sıra inkişaf etmiş xarici
ölkələrinin məşhur tibb müəssisələrində
də böyük müvəffəqiyyətlə fəaliyyət
göstərirlər. Tibb mütəxəssislərimizin xaricə
ixrac olunması dünya azərbaycanlılarının maddi və
mənəvi dayağının artmasına, Azərbaycan
diasporunun möhkəmlənməsinə zəmin
yaradır.
Azərbaycan
səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili
sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində
35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin
himayəsində olub, onun rəhbərliyi altında inkişaf
edib, onun sayəsində indiki yüksək səviyyəyə
çatıb. O, keçən əsrin 70-80-ci illərində
Azərbaycanın tibb təhsili sistemində ölçüyəgəlməz
islahatlar aparmış və o zamankı Azərbaycan Dövlət
Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında
yenidən tanınmağa, öz sözünü deməyə
başlamışdır.
XX əsrin
70-ci illərində tibbi fənlərin diplomaqədərki və
diplomdansonrakı tədrisinin, tələbələrin və
məzunların peşə hazırlığının, eləcə
də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə Azərbaycan
Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq
şöbəsi, istehsalat təcrübəsi
dekanlığı və digər köməkçi
şöbələr yaradılmışdır. Ulu öndər
digər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyə
sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun da
maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət
mərkəzində saxlayırdı. Bir-birinin ardınca yeni tədris
binaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə
verilirdi. Keçən əsrin 70-ci illərinin sonu və 80-ci
illərinin əvvəllərində artıq Azərbaycanın
tibb ixtisaslı alimlərinin beynəlxalq əlaqələri
xeyli genişlənməyə başlamışdı. 1980-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı
ilə keçirilmişdir və o, bu münasibətlə
institutun əməkdaşlarının bir qrupunu fəxri
adlara layiq görmüşdür. Akademik Mustafa bəy
Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək
təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülməsi ulu öndərin səyi nəticəsində
mümkün olmuşdur. Belə alimlərin əvvəl
SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda
tanıdılması Azərbaycan səhiyyəsinin, Azərbaycan
tibb elminin tanıdılması demək idi.
Ümummilli
lider Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan
səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili
sisteminə olan nəzarətini, diqqətini nəinki
azaltmamış, əksinə daha da artırmışdı.
O, Moskvada çalışdığı illərdə
SSRİ-nin səhiyyə sahəsinə də nəzarət
edirdi və Sovetlər İttifaqının yüksək
rütbəli tibb alimləri səhiyyə işçiləri
ilə tez-tez görüşlər keçirir, səhiyyədə
olan problemlərin müzakirəsini aparır, bu problemlərdən
irəli gələn məsələlərin
çıxış yollarını peşəkarcasına
göstərirdi.
O vaxtlar
SSRİ səhiyyə sisteminin və dünya tibb elminin
görkəmli nümayəndələrindən olan akademik
N.N. Bloxin həm də mənim
çalışdığım SSRİ Tibb Elmləri
Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
direktoru idi. O, hər dəfə Heydər Əliyevin SSRİ səhiyyə
idarələri başçılarının iştirakı
ilə keçirilən toplantılardakı
çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin
işçilərinin müşavirəsini keçirərək
onun tapşırıqlarını əməkdaşlara
çatdırırdı. Akademik N.N. Bloxin, adətən,
ünsiyyətdə olduğu adamlar haqqında xoş sözlər
deməkdə bir qədər "xəsislik" edərdi.
Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən
gələn ən xoş sözləri söyləməkdən
yorulmazdı. Ulu öndərin çıxışları
akademikdə sözün həqiqi mənasında böyük
təəssürat oyatmışdı. Akademik N.N. Bloxin deyirdi
ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan
çıxış yollarını ən titullu səhiyyə
mütəxəssislərindən də gözəl bilir və
buna görə də mən ona böyük hörmət və
ehtiramla yanaşıram.
Akademik
N.N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının
Onkoloji Elmi Mərkəzinin direktoru olmuş akademik
N.N.Trapeznikov Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra bir neçə dəfə Bakıda
olmuşdur və hər dəfə ulu öndər onu qəbul
etmiş, onunla səhiyyənin problemləri, onkologiya elminin
müasir səviyyəsi haqqında söhbət etmiş,
müzakirələr aparmışdı. Heydər Əliyev səhiyyənin,
tibb elminin başqa sahələrində fəaliyyət
göstərən digər aparıcı mütəxəssislərlə
də sıx əlaqə saxlayır, onların diqqətini Azərbaycana
cəlb edir, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan
tibb elmi və tibb təhsili sisteminin inkişafına
güclü təkan verirdi.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də
yenidən Azərbaycana rəhbərliyə
qayıdışından sonra Azərbaycan səhiyyəsinin,
Azərbaycan tibb elmi və tibb təhsili sisteminin
inkişafının yeni mərhələsi başlandı. XX
əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində
ermənilər Azərbaycan torpaqlarının 20 faizini
işğal etdikdən sonra bütün sahələrdə
olduğu kimi, ölkəmizin səhiyyə sistemində, tibb
elmi və tibb təhsili sahələrində də tənəzzül
yaranmışdı. İllərlə ulu öndər tərəfindən
çətinliklə yaradılanlar, baxımsızlıq
üzündən asanlıqla dağıdılırdı.
Xoşbəxtlikdən bu, uzun sürmədi və ulu öndərin
yenidən hakimiyyətə gəlişi pərakəndəliyin,
dağıntıların qarşısını aldı. Azərbaycanın
özü ilə birlikdə onun səhiyyə sistemi də
xilas edildi. Səhiyyə sistemini yenidən canlandırmaq
üçün Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə
böyük ehtiyac yaranmışdı. Heydər Əliyevin o
vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti
yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz
xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə
həkk olundu. 1994-cü il mayın 14-də imzalanan atəşkəs
rejimi və həmin ilin sentyabr ayının 20-də imzalanan
Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri müqaviləsi "Əsrin
müqaviləsi" kimi tarixə düşdü. Bundan sonra
müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm
də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə
başladı. Bu, dərhal ölkəmizin bütün digər
sahələrində olduğu kimi, səhiyyənin, tibb elmi və
tibb təhsili sistemi sahələrinin tərəqqisində də
özünü biruzə verdi. Tezliklə Azərbaycan Tibb
Universitetinin beynəlxalq əlaqələri genişləndi və
ölkəmizin bu ali tibb ocağı 1996-cı ildə Londonda
çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq
reyestrinə daxil edildi. O vaxtlar MDB ölkələrindən
yalnız Rusiya Federasiyasının və Ukraynanın bir
neçə ali Məktəbi bu şərəfə nail
olmuşdu. Onu da qeyd etmək lazımdır ki, ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycan Tibb
Universitetinin tədris bazalarının
çatışmaması dərslərin gedişinə mənfi
təsir göstərirdi. Bundan xəbər tutan ulu öndər
bünövrəsi SSRİ dövründə onun tərəfindən
qoyulmuş tədris binasının tikintisinin bərpa
olunması üçün vəsait ayırdı və onu
öz nəzarətində saxladı. 1998-ci il sentyabr
ayının 28-də ATU-nun yeni tədris binasının
açılışında şəxsən iştirak edən
ulu öndər Heydər Əliyev Azərbaycanın tibb
işçilərinə, tibb alimlərinə, Tibb Universiteti
tələbələrinə sanki qol-qanad verdi. Əksər nəzəri
kafedralar, ATU-nun kitabxanası, informatika mərkəzi, hərbi
kafedra, internet mərkəzi yeni tədris binasında yerləşdirildi.
Bu, XX əsrin sonu, XXI əsrin başlanğıcı ərəfəsində
ATU-da çalışan və təhsil alan müəllimlərə,
həkimlərə, tələbələrə verilən ən
böyük hədiyyə idi. Ulu öndər 2000-ci ildə
yenidən Azərbaycan Tibb Universitetinə gəldi və burada
500 yerlik akt zalının açılışında, eləcə
də ATU-nun yaradılmasının 70 illik yubileyinə həsr
edilmiş təntənəli mərasimdə iştirak etdi.
Yenicə istifadəyə verilmiş unikal akt zalının
tribunasından birinci olaraq ulu öndər Heydər Əliyevin
nitqi səsləndi. Ümummilli liderin nitqi bizim
üçün proqram sənədinə çevrildi və
biz gələcək planlarımızı dahi Heydər Əliyev
ideyalarının müddəaları əsasında qurduq. Azərbaycan
Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri
elmi və pedaqoji fəaliyyətlərində əldə
etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq
qurumlara üzv seçildilər.
Ulu
öndərin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində
strateji əhəmiyyət kəsb edən hərbi-tibb
fakültəsi yaradıldı. Onun ATU-ya göstərdiyi
dövlət qayğısı sayəsində Azərbaycan
Tibb Universiteti Qara dəniz hövzəsiətrafı Ölkələrin
Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər
Assosiasiyasının, Avropa Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü seçildi.
Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində
2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun
tarixində ilk klinika olan stomatoloji klinika təşkil edildi və
bununla da ATU-nun öz klinikalarının
yaradılmasının bünövrəsi qoyuldu.
Dahi Heydər
Əliyevin qurduğu bünövrəyə söykənərək
ATU öz müzəffər yürüşünü
hazırda da müvəffəqiyyətlə davam etdirir.
Çünki Azərbaycana rəhbərlik edən cənab
İlham Əliyev ulu öndərin yolunun uğurlu davamına
yeni çalarlar gətirərək onu gündən-günə
genişləndirir, bütün zamanların dayağına,
istinad nöqtəsinə çevirir. Təkcə onu demək
kifayətdir ki, 2006-cı ildə ATU-nun onkoloji
klinikasının təşkilinə başlanıldı və
bu proses 2007-ci ilin iyun ayında başa
çatdırıldı. 2007-ci ilin avqust ayında isə biz
cənab İlham Əliyevə müraciət edərək
terapevtik kafedraların qarşısında yaranan problemin həlli
üçün kömək istəmişdik. Ulu öndər
Heydər Əliyev ideyalarına sadiq qalan cənab Prezident bizim
xahişimizi bir an belə ləngitmədən ona adekvat cavab
verdi. Qısa bir müddətdə o, həmin ilin sentyabr
ayının 11-də ATU-nun terapevtik klinikasının
yaradılması və tikintisinə başlanılması
haqqında sərəncam imzaladı. Bu tikintiyə sərf
olunacaq vəsaitin ilin əvvəlində büdcədə nəzərdə
tutulmamasına baxmayaraq, cənab İlham Əliyev Prezidentin
Ehtiyat Fondundan tikinti üçün vəsait
ayrılmasını da həmin sərəncama saldı və
2007-ci il sentyabrın 18-də tikintinin təməlqoyma mərasimi
keçirildi. Təməlqoyma mərasimində cənab
İlham Əliyevlə birlikdə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. 2010-cu
il oktyabrın 1-də isə cənab Prezident İlham Əliyevin
və onun xanımı Mehriban xanım Əliyevanın
iştirakı ilə Tədris-Terapevtik Klinikanın
açılış mərasimi keçirildi. Hazırda ulu
öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli
tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü
və qayğısı sayəsində inşa edilən 14 mərtəbəli
Tədris-Terapevtik Klinika yanaşı dayanır. Cənab
İlham Əliyev 2008-ci il mart ayının 13-də daha bir sərəncam
imzalamışdır. Bu sərəncamla Tədris-Cərrahiyyə
Klinikasının yaradılması və tikintisinə
başlanılmışdır. İndi artıq ATU-nun Tədris-Cərrahiyyə
Klinikasının tikintisi başa çatdırılıb və
yaxın vaxtlarda onun da istifadəyə veriləcəyi
gözlənilir.
Hamımız
ürəkdən şadıq ki, dahi Heydər Əliyev
ideyalarından güc alan müasir Azərbaycan diplomatiyası
cənab İlham Əliyevin sayəsində beynəlxalq
miqyasda misli görünməmiş uğur
qazanmışdır. Belə ki, Azərbaycan Respublikası
2011-ci il oktyabrın 24-də 155 ölkə nümayəndələrinin
dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilmişdir.
Ümummilli
liderin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan
tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və
sabit inkişafının təminatına işıq salan
ideyaları heç vaxt sönməyən və tükənməz
enerji mənbəyimiz, zəngin xəzinəmizdir.
Azərbaycan
milli dövlətçilik ənənəsinin
formalaşması və həyatın bütün sahələrini,
o cümlədən tibb təhsili, tibb elmi və səhiyyə
sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət,
əldə olunan parlaq uğurlar, milli-mənəvi dəyərlərin
təşəkkül tapması, tarixi soy kökə
qayıdış, azərbaycançılıq dəyərləri,
dünya görüşünün formalaşması məhz
ulu öndərin ideyalarının reallığa çevrilməsinin
məntiqi nəticələridir.
Biz
ulu öndər haqqında keçmiş zamanda
danışmağı özümüzə rəva
görmürük, çünki 90 illik şərəfli
yubileyini qeyd etdiyimiz yenilməz böyük Heydər Əliyev
dühası bu gün də yaşayır, gələcəkdə
də əbədi olaraq yaşayacaqdır.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 10 may.- S.9.